22.10.2020 11:05
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan indi də bu oyunu oynayır!
 
22.10.2020
HABERTÜRK, Türkiyə
 

  Dağlıq Qarabağdakı gərginliyin arxasında nə dayanır?
 
21.10.2020
Əl-Cəzirə, Qətər
 

  MÜSAHİBƏ| Hikmət Hacıyev: “Azərbaycanın yeganə məqsədi sülhü bərqərar etməkdir”
 
21.10.2020
La Repubblica, İtaliya
 

  FOTOREPORTAJ| Yaşayış evlərinə raket zərbəsi: 12 ölü, 40-dan çox yaralı
 
20.10.2020
Daily Mail, Böyük Britaniya
 

  Misli görünməmiş riyakarlıq!
 
20.10.2020
Yeni Şafak, Türkiyə
 

 
 
Azərbaycan qazı Türkiyə bazarında: əməkdaşlıq perspektivləri

 
 



EURACTIV, Aİ
26.08.2020


Müəllif: Esmira Cəfərova

Azərbaycan müstəqilliyini bərpa edər-etməz, Türkiyə ilə strateji tərəfdaşa çevrilib. Bununla yanaşı, onların arasında sıx mədəni, etnik, hətta qohumluq əlaqələri var. Bu gün Bakı ilə Ankara arasında qarşılıqlı faydalı əməkdaşlıq enerji sektoru da daxil olmaqla, bir çox sahəni əhatə edir.

Azərbaycan beynəlxalq tərəfdaşları ilə birlikdə Xəzər dənizinin karbohidrogen resurslarının istismarına 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə başlayıb. Bununla o, enerji tədarükçüsünə çevrilib. O vaxtdan Bakı-Tbilisi-Ceyhan neft (2005) və Bakı-Tbilisi-Ərzurum (2006) qaz kəmərləri kimi miqyaslı regional layihələr həyata keçirən Azərbaycanın ötən illər ərzində enerji hasilatçısı və tədarükçüsü rolu davamlı olaraq artıb. Bu gün Azərbaycanın 2,6 trilyon kubmetr qaz ehtiyatı var. Bakı-Tbilisi-Ərzurum boru xətti bu həcmdə qazın nəqlinə imkan vermədiyindən, 2013-cü ildə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması qərara alınıb.

Ümumi uzunluğu 3500 kilometr olan “Cənub Qaz Dəhlizi” 4 seqmentdən ibarətdir: “Şahdəniz” yatağının işlənməsinin 2-ci fazası, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP. “Cənub Qaz Dəhlizi” Azərbaycanı Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniyadan keçməklə, İtaliya ilə birləşdirir. Layihənin rəsmi açılış mərasimi 2018-ci il mayın 29-da keçirilib. Bundan başqa, TANAP-ın Faza-0 və Faza-1 hissələrinin açılış mərasimi müvafiq olaraq, 2018-ci il iyunun 12-də Eskişəhərdə və 2019-cu il noyabrın 30-da Türkiyənin İpsala qəsəbəsində baş tutub. Yeri gəlmişkən, Azərbaycan artıq TANAP vasitəsilə Türkiyəyə qaz nəql edir. 2018-ci il iyunun 30-dan 2020-ci il avqustun 1-dək Türkiyəyə bu kəmərlə 6,3 milyard kubmetr qaz tədarük olunub.

Avropaya gəlincə, oraya ildə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır. Bu il mayın sonunda ilk Azərbaycan qazı Albaniya ərazisinə çatıb.

“Cənub Qaz Dəhlizi” layihəsinin 2020-ci ilin payızında tam həcmdə işə düşəcəyi bildirilir. Artıq layihənin son seqmenti olan TAP-ın inşasının 97%-i tamamlanıb. Görünən odur ki, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla icrasına koronavirus pandemiyası belə, mane ola bilməyəcək.

Azərbaycan qazının Türkiyə bazarına tədarükünün artması ilə Rusiya bu bazardakı payının böyük hissəsini itirib. Bu ilin martında Türkiyəyə 924,28 kubmetr qaz nəql edilib. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 19,63% çoxdur. 2020-ci ilin birinci rübündə Azərbaycan qazının Türkiyə bazarındakı payı 18% olub (2,7 milyard kubmetr). Eyni dövrdə bu bazarda Rusiya qazının payı 24,5%-dək (3,7 milyard kubmetr) azalıb. Halbuki, 2019-cu ilin eyni dövründə rus qazının Türkiyə bazarındakı payı 31% idi.

Bütün bunlarla yanaşı, Azərbaycan qazı daha ucuzdur. O, həm də bu üzdən digər enerji mənbələrinə yaxşı alternativdir. TANAP-ın işə düşməsilə Azərbaycan qazının Türkiyəyə nəqli asanlaşıb, nəticədə nəql olunan həcm artıb.

Beləliklə, Türkiyə 2020-ci ilin yanvar-iyul aylarında Azərbaycandan 6,3 milyard kubmetr qaz alıb (bunun 2,4 milyard mubmetri TANAP vasitəsilə nəql olunub). Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur.

Türkiyənin qaz bazarındakı dəyişikliyin daha bir səbəi isə ölkəyə ABŞ-dan ixrac edilən mayeləşdirilmiş qazın həcminin artmasıdır. Bütün bunların nəticəsində 2020-ci ilin birinci rübündə “Qazprom”un Türkiyənin qaz bazarındakı payı 10%-dən də aşağı düşüb. Halbuki, 2019-cu ilin martında bu, 33% idi. Bu dövrdə ABŞ-dan Türkiyəyə nəql olunan mayeləşdirilmiş qazın həcmi 3 dəfə artaraq, təxminən 1 milyon tona çatıb.

Bütün bunların fonunda Bakı ilə Moskva arasında bu sahədə rəqabət müşahidə olunmur. Bu iki ölkə enerji bazarında hər zaman rəqibdən daha çox tərəfdaş olub. Məsələn, hələ “Əsrin müqaviləsi”nin imzalanması, beynəlxalq tərəfdaşların Azərbaycanın karbohidrogen resurslarının istismarına cəlbi zamanı beynəlxalq tərəfdaşlar sırasında Rusiyanın “Lukoyl” şirkəti də var idi. 1990-cı illərdə istismara verilmiş Bakı-Novorossiysk neft kəməri isə qarşılıqlı faydalı əməkdaşlığın növbəti təzahürü sayıla bilər.

Başqa sözlə, Azərbaycanın müstəqillik qazanması ilə enerji sahəsini inkişaf etdirməyə başladığı, beynəlxalq bazara çıxış əldə etdiyi ilk illərdə Bakı ilə Moskva arasında potensial “rəqabət ruhu” yarana bilərdi. Əvəzində, “əməkdaşlıq və tərəfdaşlıq ruhu” ön plana çıxıb. Bu münasibət hazırda da davam edir. İki ölkənin həyata keçirdiyi qaz layihələri də bunun göstəricisidir.

Lakin istənilən halda, bu gün Azərbaycan alternativ qaz mənbəyidir. Bu isə avropalı tərəfdaşlara qaz mənbələrini və nəql marşrutlarını şaxələndirmək imkanı verir. Məlum olduğu kimi, Avropa bir mənbədən asılılığın azaldılmasını çoxdan özü üzün prioritet elan edib. Bu, onun enerji təhlükəsizliyinin vacib elementidir.

Beləliklə, Azərbaycan beynəlxalq tərəfdaşları ilə birgə “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropanın qaz bazarına çıxır. Bununla da o, istər güclü tərəfdaşlıq əlaqələrinə, istərsə də Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir. Nəticədə Bakı davamlı siyasi və maddi dəstək alır.

Bütün bunlarla yanaşı, Türkiyənin Rusiyadan qaz tədarükünü azaltmasında bir siyasi mesaj da olmamış deyil. Odur ki, Ankaranın Azərbaycandan daha çox qaz almaq qərarını təhlil edərkən müxtəlif siyasi, daxili, xarici və maddi amillər nəzərə alınmalıdır.

Bu mənada, Türkiyənin Qara dənizdə və Aralıq dənizinin şərqində qaz mənbələrinin kəşfiyyatına başlaması da diqqətdən qaçmamalıdır. Türkiyə potensial enerji mənbələrinin axtarışı məqsədilə “Oruc Rəis” tədqiqat gəmisini Aralıq dənizinin şərqinə bu il iyulun ortalarında göndərib. Bunun ardınca o, kəşfiyyat işlərinin aparılması üçün mübahisəli əraziyə belə, gəmi göndərib. Doğrudur, bu, Ankaranın Yunanıstan daxil olmaqla, Avropa İttifaqının (Aİ) bəzi üzvlərilə münasibətlərini gərginləşdirib. Lakin Türkiyə bu ərazidə qaz ehtiyatları axtarışına davam edəcəyinə bildirib. Halbuki, Türkiyənin kəşfiyyat işləri apardığı ərazilərə Afina da iddialıdır.

Nəhayət, Aralıq dənizinin şərqində kəşfiyyyat işləri aparan Türkiyə bu günlərdə Qara dənizdə qaz yataqlarının tapıldığını elan edib. Məlumata görə, “Fatih-1” qazma gəmisi Qara dənizinin iki fərqli hissəsində qaz yatağı aşkarlayıb. Ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 21-də verdiyi açıqlamada 320 milyard kubmetr ehtiyata malik qaz yatağının tapıldığını bildirib. Üstəlik, o, bu yatağın böyük qaz ehtiyatının üzərində yerləşdiyini, aşkarlanan yatağın onun yalnız kiçik bir hissəsi olduğunu bəyan edib. Ərdoğanın sözlərinə görə, tezliklə yatağın istismarına start veriləcəyini və artıq 2023-cü ildə Türkiyə xalqı bundan gəlir götürməyə başlayacaq. Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu, Türkiyənin enerji idxalından asılılığının aradan qaldırılmasında ilk adım olacaq. Onun sözlərinə görə, Ankara gələcəkdə enerji tədarükçüsü olmağa belə, can atır.

Hər halda, hadisələrin bu cür inkişafı və Ankaranın yeni qaz mənbələrinin tapılmasındakı qətiyyəti Türkiyənin qaz bazarında yeni səhifə açacaq. Artıq qeyd etdiyimiz kimi, Türkiyə ilə Azərbaycan strateji tərəfdaşlardır və onlar arasında sıx mədəni, etnik və qohumluq əlaqələri var. TANAP-ın işə düşməsi və “Cənub Qaz Dəhlizi” layihəsində işlərin tamamlanması ilə Azərbaycan Türkiyənin enerji bazarında aparıcı tədarükçüyə çevriləcək. Başqa sözlə, iki ölkə arasında enerji sahəsində əməkdaşlığın güclənməsi əslində, digər sahələrdə də əlaqələrin inkişaf edəcəyindən xəbər verir. Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyev bu günlərdə Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı o, deyib: “Bildiyiniz kimi, həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün örnəkdir. Siz bilirsiniz, mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir”.

Türkiyənin bu yaxınlarda aşkar etdiyi qaz yataqlarının istismarına uğurla başlayacağı təqdirdə, gələcəkdə enerji idxalından asılılığını azalda bilər. Lakin iqtisadi-siyasi amilləri nəzərə alsaq, Azərbaycan qazı Türkiyənin enerji bazarı üçün hər zaman ən sərfəli variant olaraq qalacaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: EURACTIV

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az