22.10.2020 09:57
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağdakı gərginliyin arxasında nə dayanır?
 
21.10.2020
Əl-Cəzirə, Qətər
 

  MÜSAHİBƏ| Hikmət Hacıyev: “Azərbaycanın yeganə məqsədi sülhü bərqərar etməkdir”
 
21.10.2020
La Repubblica, İtaliya
 

  FOTOREPORTAJ| Yaşayış evlərinə raket zərbəsi: 12 ölü, 40-dan çox yaralı
 
20.10.2020
Daily Mail, Böyük Britaniya
 

  Misli görünməmiş riyakarlıq!
 
20.10.2020
Yeni Şafak, Türkiyə
 

  MÜSAHİBƏ| Dağlıq Qarabağ müharibəsi nəyə aparıb çıxara bilər?
 
20.10.2020
Pravda.ru, Rusiya
 

 
 
VİDEO| Azərbaycan-Türkiyə yaxınlaşmasından narahat olan Rusiya Ermənistanı müharibəyə hazırlayır!

 
 



HABER GLOBAL, Türkiyə
02.09.2020


Ermənistanın hücumları ilə başlamış döyüşlər dayanıb. Gərginlik davam edir. Çünki Rusiya Ermənistanı silahlandırır. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələ ilə bağlı narahatlığını rusiyalı həmkarı Putinə çatdırıb. Rusiyanın müdafiə naziri isə Bakıda olduqca soyuq qarşılanıb. Bütün bunlara baxmayaraq, Rusiyadan Ermənistana silah tədarükü dayandırılmır. Haber Global bu silah nəqlinin marşrutunu üzə çıxarıb.

Hazırda Cənubi Qafqazda səssizlik hökm sürür. Lakin regiondan gələn məlumatlar Rusiyanın Ermənistandan istifadə etməklə daha böyük oyunlara hazırlaşdığını göstərir. Rusiya az qala Azərbaycanı müharibə ilə təhdid edir. Regionda geosiyasi gərginlik artır.

Mütəxəssislərin fikrincə, Rusiyanın bu mövqeyi heç də sürpriz deyil. Beynəlxalq güclərin Cənubi Qafqazda müəyyən maraqları var və onlar bu maraqlardan imtina etmək fikrində deyil. Məhz regionun geosiyasi əhəmiyyəti Cənubi Qafqazı dünyanın ən qaynar nöqtələrindən birinə çevrilmək təhlükəsilə üz-üzə qoyub.

Ermənistanın son hərbi təxribatı regionun gələcəyi baxımından yeni prosesin başlanğıcı olub. Türkiyə Azərbaycana tam dəstəyini ifadə etməklə, regionda hərbi mövcudluğunu artırıb. NATO üzvü olan Türkiyənin Cənubi Qafqazda Rusiya ilə qarşı-qarşıya gəlməsi bu bölgədə qüvvələr nisbətini əhəmiyyətli dərəcədə dəyişib.

Yaranmış yeni vəziyyət isə Rusiyanın işinə yaramır. Bu, Rusiya və Ermənistanın geosiyasi mövqelərinin zəifləməsi kimi qiymətləndirilir. İddialara görə, son hadisələrdən sonra Rusiyanın regiona təsir gücünün zəiflədiyini Kreml də görür və məhz bu üzdən o, vəziyyəti dəyişmək üçün yeni üsullara əl atmağa hazırlaşır. İndi, yaranmış vəziyyətin qarşıda başqa regional gərginliklərə səbəb ola biləcəyi deyilir.

Rusiya bir tərəfdən Ermənistanı silahlandırmağa və gücləndirməyə çalışır, digər yandan Azərbaycanla münasibəti əvvəlki vəziyyətə qaytarmaq istəyir. Regiondakı prosseləri yaxından izləyən bir strateq deyir ki, “Rusiya köhnə vərdişlərinə sadiq qalaraq, yenə ikibaşlı oyun oynayır”.

Ermənistanın Azərbaycana son hücumlarından sonra Rusiya hava yolu ilə Yerevana silah daşımağa başlayıb. Bu isə təbii ki, Azərbaycanda narahatlıq yaradıb. Prezident İlham Əliyev bu narahatlığını telefon danışığı zamanı rusiyalı həmkarı Putinə də çatdırıb, məsələyə aydınlıq gətirilməsini istəyib. Bakıda hesab edirlər ki, Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədri olan Moskvanın Ermənistanı silahlandırması qəbuledilməzdir. Çünki bu, Rusiyanı Dağlıq Qarabağ münaqişəsində birbaşa tərəfə çevirir.

Beləliklə, Prezident Əliyevin prinsipial mövqeyi, baş verənlərin Azərbaycanla Türkiyə arasında tərəfdaşlığı daha da gücləndirməsi Kremli hərəkətə gətirib. Moskva gərginliyi azaltmaq üçün müdafiə naziri Sergey Şoyqunu Bakıya göndərib. Səfər zamanı o, ölkəsinin Azərbaycana qarşı heç bir addım atmadığını deyib. Nazir Ermənistana silah göndərdiklərinə dair iddiaları da rədd edib, ortaya çox maraqlı iddia atıb. Sən demə, Ermənistana hər gün uçan hərbi təyyarələr Rusiyanın oradakı hərbi bazasına inşaat materialları daşıyırmış. Bu, Şoyqunun iddiasıdır.

“Haber Global” isə Rusiyadan Ermənistana silah nəqli marşrutunu əldə edib. Məlum olub ki, Rusiyaya məxsus “İL-76” hərbi-nəqliyyat təyyarələri avqustun 25-dən etibarən hər gün Mozdok-Aktau-Türkmənbaşı-Nevşəhr-Rəşt-Meğri-Yerevan marşrutu ilə uçuşlar həyata keçirir.

Uçuş marşrutunun bu cür qarışıq olması təyyarələrdə inşaat materiallarının daşındığı iddiasını puç edir. Üstəlik, uçuşlardan biri olduqca maraqlıdır. Suriyadan havaya qalxmış Rusiya hərbi-nəqliyyat təyyarəsi avqustun 25-də Yerevana enib.

Rusiyanın “tikinti materialları” açıqlaması Bakını da qane etməyib. Bu səbəbdən də Şoyqu Bakıda olduqca soyuq qarşılanıb. Bu soyuqluq Şoyqunun Prezident Əliyevlə görüşündə açıq-aydın hiss olunub. Əliyev bu dəfə belə görüşlərdə tez-tez vurğulanan “Rusiya-Azərbaycan strateji tərəfdaşlığı”ndan danışmayıb. O, münasibətlərini yalnız iki qonşu dövlət arasındakı əməkdaşlıq kimi təqdim edib.

Beləliklə, Rusiya təyyarələrinin uçuş marşrutunun ortaya çıxması Moskvanın Yerevana dəstəyinin ört-basdır edilməsinə imkan verməyib. “Haber Global”ın əldə etdiyi məlumata görə, Rusiya təyyarələri son 25 gündə Ermənistana 500 tondan çox silah-sursat daşıyıb. Müşahidəçilər bunu Rusiyanın Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə hazırlaması kimi qiymətləndirir.

Artıq vəziyyətdən Azərbaycan xalqı da xəbərdardır. Baş verənlər fonunda Türkiyənin Bakıdakı səfirliyi qarşısına toplaşmış azərbaycanlılar Türkiyə Ordusunun Azərbaycanda qalması tələbini səsləndirib.

Beləliklə, “İL-76”lar silah daşıyır, yoxsa tikinti materialları? Strateqlər hazırkı vəziyyətdə bunun o qədər də əhəmiyyətli olmadığını düşünürlər. Çünki bu gün Azərbaycan əvvəlkindən qat-qat güclüdür. O, regionda bütün həmlələri geri oturdacaq gücə malikdir. Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir. Müşahidəçilər deyir ki, Türkiyənin də hərbi-siyasi mənada Azərbaycanın yanında olması regionda qüvvələr balansını dəyişib.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: HABER GLOBAL

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az