22.10.2020 10:43
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan indi də bu oyunu oynayır!
 
22.10.2020
HABERTÜRK, Türkiyə
 

  Dağlıq Qarabağdakı gərginliyin arxasında nə dayanır?
 
21.10.2020
Əl-Cəzirə, Qətər
 

  MÜSAHİBƏ| Hikmət Hacıyev: “Azərbaycanın yeganə məqsədi sülhü bərqərar etməkdir”
 
21.10.2020
La Repubblica, İtaliya
 

  FOTOREPORTAJ| Yaşayış evlərinə raket zərbəsi: 12 ölü, 40-dan çox yaralı
 
20.10.2020
Daily Mail, Böyük Britaniya
 

  Misli görünməmiş riyakarlıq!
 
20.10.2020
Yeni Şafak, Türkiyə
 

 
 
Ermənistan-Azərbaycan münaqişəsi Avropanın enerji təhlükəsizliyinə təhdiddir

 
 



OILPRICE.com, Böyük Britaniya
09.09.2020


Müəllif: Ceyms Dyurso

Bu il iyulun 12-də Ermənistan hərbçiləri Azərbaycanın şimal-qərbdə yerləşən Tovuz rayonunun Ağdam kəndini atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri buna cavab olaraq Ermənistanın hərbi obyektlərinə zərbələr endirib. Nəticədə iyulun 14-də tərəflər arasında miqyaslı qarşıdurma başlayıb. Bakı döyüşlər nəticəsində 12 nəfərin həyatını itirdiyi, 4 hərbçisinin isə yaralandığı haqda məlumat yayıb. Yerevan isə cəmi 5 hərbçisinin həlak olduğu, 36-nın isə yaralandığını iddia edib.

Bu, tərəflər arasında 2016-ci ilin aprel döyüşlərdən sonra baş vermiş ən miqyaslı hərbi qarşıdurma idi. Amma aprel döyüşlərindən fərqli olaraq, bu dəfə döyüşlər Dağlıq Qarabağdakı təmas xəttindən təxminən 300 kilometr uzaqda – Tovuz rayonu istiqamətində baş verib. Maraqlıdır ki, Avropanı enerji resusrları ilə təmin edən vacib neft-qaz kəmərləri, Trans-Asiya-Avropa fiberoptik kabel magistralı, Azərbaycanla Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanla Gürcüstan arasındakı M2 avtomagistralı və Əfqanıstandan Türkiyəyə qədər uzanan, çoxşaxəli ticarət marşrutu olan “Lapis Lazuli” dəhlizi son hərbi toqquşmanın baş verdiyi ərazinin yaxınlığından keçir.

Döyüşlər niyə məhz indi baş verib?

Bu ilin yanvarında ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında görüş təşkil edib. Xatırladaq ki, 2019-ci ildə Dağlıq Qarabağın münaqişəsinin həlli istəqamətində heç bir irəliləyiş olunmamışdı. Odur ki, yanvar görüşü də böyük ümidlər vəd etmirdi. Üstəlik, 2019-cu ildə Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı ilə iki ölkə arasında gərginliyi daha da artırmışdı. Nəticədə Azərbaycan prezidenti İlham Əliyev 2019-cu ili münaqişənin həlli baxımından itirilmiş il adlandırmışdı.

Məlum olduğu kimi, 2020-ci il bütün dünyada koronavirus pandemiyasının yayılması ilə başlayıb. Pandemiya Ermənistan iqtisadiyyatına böyük zərbə vurub və nəticədə Paşiyan hökumətinə daxili təzyiqlər artıb. Bundan başqa, Ermənistanla İran arasında ticarət dövriyyəsi də aşağı düşüb. 2015-ci ildə İranın nüvə proqamı ilə bağlı “Birgə Hərtərəfli Fəaliyyət Planı” imzalandıqdan sonra Yerevanla Tehran arasında ticarət əlaqələrinin artacağı gözlənilirdi. Amma ABŞ-ın 2018-ci ildə bu müqavilədən çıxması İrana qarşı sanksiyaların gücləndirilməsi ilə nəticəlib. Bu isə Ermənistanın İranla bağlı planlarına da zərbə vurub.

Odur ki, Paşinyan hökumətinin qəflətən Azərbaycanla qarşıdurmaya getməklə, erməni cəmiyyətinin diqqətini iqtisadi problemlərdən yayındırmağa çalışdığı istisna deyil. Üstəlik, Yerevan bu addımı neftin ucuzlaşması fonunda Azərbaycan qazının “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropa tədarükünə 3 ay qalmış atıb.

Amma bu hərbi əməliyyatın təşəbbüskarı Rusiya ola bilər. Ola bilsin ki, Moskva bundan Azərbaycanın müttəfiqi olan Türkiyəyə təsir rıçaqı kimi istifadə etmək istəyib. Məlum olduğu kimi, bu iki ölkə Liviya və Suriyada nüfuz mübarizəsi aparır. Üstəlik, Rusiya üçün iqtisadi motiv də var: “Cənub Qaz Dəhlizi” “Qazprom”un həyata keçirdiyi “Türk axını” kəmərinə rəqibdir.

Toqquşmalar başlar-başlamaz, BMT və Avropa İttifaqı (Aİ) tərəfləri atəşi dayandırmağa çağırıb.

Rusiya, Türkiyə və İranla həmsərhəd olan müasir Azərbaycan müstəqilliyini ərazilərini Dağlıq Qarabağdakı separatçılardan qorumaqla məşğul olduğu bir dövrdə əldə edib. Amma o, Sovet İttifaqının tərkibinə daxil edilməzdən əvvəl də müstəqil respublika olub. Sonradan Azərbaycan Sovet Sosialist Respublikası kimi SSRİ-nin tərkibi daxil edilib.

Hələ 1918-ci ildə, yəni Rusiya imperiyasının süqutundan sonra yaranmış Azərbaycan Xalq Cümhuriyyəti parlamentli respublika idi. O, müstəqilliyini 1920-ci ildə Qırmızı ordunun işğalı nəticəsində itirmişdi. Məhz həmin dövrdə Sovet İttifaqının milli azlıqlar üzrə xalq komissarı İosif Stalinin əmri ilə Azərbaycan SSR-nin tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb.

1988-ci ildə bütün Sovet məkanı boyu millətçilik ab-havası artmışdı. Ermənistanın paytaxtı Yerevanda etirazçılar Dağlıq Qarabağın bu ölkəyə birləşdirilməsini tələb edirdi. Nəticədə bir müddət sonra ermənilərlə azərbaycanlılar arasında müharibə başlayıb. 1990-cı ildə isə Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni liderləri regionun Ermənistana birləşdirilməsinə səs verib. 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Dağlıq Qarabağ özünü müstəqil elan edib. Bu, Ermənistanla Azərbaycan arasında tam miqyaslı müharibəyə yol açıb. Nəticədə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, 20 mindən çox insan həyatını itirib. Genişmiqyaslı müharibə 1994-cü ildə başa çatıb. Münaqişə isə davam edir.

Həmin dövrdən Ermənistanla Azərbaycan arasında ATƏT-in Minsk qrupunun vasitəçiliyilə danışıqlar aparılır. Doğrudur, bu müddət ərzində zaman-zaman hərbi qarşıdurmalar da baş verir. 2016-ci ilin aprelində baş vermiş “4 günlük müharibə” və 2020-ci ilin iyul döyüşləri buna misaldır.

Beləlilklə, Azərbaycanın qısa müstəqillik tarixində qeyri-sabit dövrlər olub. Üstəlik, onun əraziləri də işğal edilib. Bu gün Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında ölkənin suverenliyi, ərazi bütövlüyü və separatçılıqla bağlı problemlərinin olduğu vurğulanır.

Azərbaycan nə etməlidir?

Bakı Qarabağ probeminin həllində ABŞ-la Avropaya çox ümid bəsləməməlidir. Çünki onların diqqəti İraq, İran, Əfqanıstan, Liviya, Suriya, Belarus, Ukrayna və Cənubi Çin dənizindəki problemlərə yönəlib. Bundan başqa, ABŞ-da qarşıdan prezident seçkisi gəlir və demək, 2021-ci ilin yanvarınadək amerikalıların başı qarışıq olacaq.

Əslində, Azərbaycanın xarici siyasətinə rəhbərlik edən rəsmilər vəziyyətin belə olduğunu 2010-cu illərdə anlayıb. Onlar Türkiyənin siyasətinin dəyişkən olduğunu, İranın gücləndiyini də o dövrdə başa düşüblər. Bundan başqa, Bakı Ukrayna və Suriyada maraqlarını qoruya bilməyən Qərbin addımlarını da lazımınca qiymətləndirib. Odur ki, Bakı Qərbin Azərbaycanın təhlükəsizliyinə zəmanət verə bilməyəcəyinin fərqindədir.

Bəs alternativ nədir? Məsələn, Rusiya seçimi taktiki həll variantı idi. Yəni Bakı bir vaxtlar bu variantı daxili sabitliyin qorunması, həmçinin əlverişsiz geosiyasi, iqtisadi və sosial vəziyyətdən yaxa qurtarması üçün seçmişdi. Yeri gəlmişkən, Azərbaycanın ən böyük silah tədarükçüsü məhz Rusiyadır. Lakin digər tərəfdən Moskva Ermənistana himayədarlıq edir. Son döyüşlərin baş verdiyi iyulda da Rusiyana Yerevana təcili şəkildə hərbi avadanlıqlar tədarük etdiyi məlum olub. Maraqlıdır ki, Moskva daşınanın inşaat materialları olduğunu iddia edir.

Bundan başqa, iyul döyüşlərindən az sonra Rusiya ölkənin cənub-qərbində genişmiqyaslı hərbi təlimlərə də başlayıb. Amma o, Yerevanla Bakı arasında vasitəçiliyə də iddialıdır.

“Dəyişkən siyasət” yürüdən Türkiyəyə gəlincə, o, Tovuz rayonu istiqamətindəki döyüşlər başlayandan bu yana Bakıya tam dəstəyini ifadə edir. Bu məqamda Ankara bir tərəfdən özünü digər türk dövlətinin, yəni Azərbaycanın böyük qardaşı hesab edir, digər yandan isə regiondan keçən nəqliyyat dəhlizinin təhlükəsizliyindən narahat olur. Yeri gəlmişkən, bu nəqliyyat dəhlizi Türkiyəni (və Avropanı) Qafqaz, Mərkəzi Asiya və Çinlə birləşdirən, İran və Rusiyanın nəzarətində olmayan yeganə quru yoludur.

Məlum olduğu kimi, Vaşinqton Türkiyə və Avropaya qaz kəmərləri çəkən şirkətləri sanksiyalarla hədələyir. Odur ki, Ankara bu sanksiyaların tətbiqinədək Rusiya qazından asılılığı azaltmağa çalışır. Hər halda, bu il Rusiyadan Türkiyəyə qaz nəqlinin həcmi ötən illə müqayisədə 70% az olub.

Bir məqamı da qeyd edək ki, Rusiyanın Ermənistanla iyul döyüşlərindən sonra birgə hərbi təlimlər keçirdiyi vaxtda Azərbaycanla Türkiyə də eyni addımı atıb.

Görünın odur ki, Rusiyaya da çox bel bağlamaq olmaz. Görəsən Moskva Bakının onun qəflətən Ermənistana hava yolu ilə “inşaat materialı” daşımağa başladığına inanacağını düşünürmüşmü? Yoxsa əksinə, Moskvada Azərbaycanın onsuz da deyilənlərə inanmayacağını düşünüblər və bu üzdən hesab ediblər ki, müzakirələr zamanı hansı bəhanənin gətirilməsinin fərqi yoxdur? Üstəlik, artıq qeyd etdiyimiz kimi, həmin dövrdə Rusiya Ermənistanla birgə hərbi təlimlərdə keçirirdi...

Yenə də qayıdaq Qərbə. “Əsrin müqaviləsi”nin imzalanmasından təxminən 30 il keçdiyini, neft-qaz kəmərləri tikintisinin artıq başa çatdığını nəzərə alsaq, Qərbin bu regiona marağı azala bilər. Odur ki, gələcəkdə ABŞ ilə Aİ daha çox Azərbaycanda “idarəçilik məsələləri”, “demokratiya” kimi məsələləri gündəmə gətirə bilər. Regionda belə problemlər yox deyil.

Bütün deyilənlər göstərir ki, regiondakı yerli hakimiyyətlər problemlərini özləri həll etməlidir.

Bu gün Qarabağ probleminin həllinə beynəlxalq vasitəçiliyi ATƏT-in Minsk qrupu edir. Bəlkə başqa formata ehtiyac var? Məsələn, “Astana prosesi”nin yenidən gündəmə gətirilməsi problemin həlli yollarından biri ola bilməzmi? Hər halda, Türkiyə, Rusiya və İran regional sülhə ATƏT-ə üzv olan ölkələrin əksəriyyətindən daha çox çalışır. Lakin Yerevanın Ankaranın iştirak etdiyi formatlardan imtina edəcəyinə şübhə yoxdur. O, yəqin ki, dostluq əlaqələrinin olduğu İranın belə formatlarda iştirakına qarşı çıxmaz.

Yeri gəlmişkən, Azərbaycan 2018-ci ildən ABŞ-ın sanksiyaları üzündən İranla neft-qaz ticarətini dayandırıb. Bakının İsraillə münasibətləri də Tehranla münasibətlərinə müəyyən qədər ziyan vurur. Amma ümumilikdə Azərbaycanla İran arasında uzunmüddətli əlaqələr mövcuddur və Tehran onsuz da problemlərinin çox olduğu bu dövrdə şimal sərhədində münaqişənin alovlanmasında maraqlı deyil. Bakı istənilən halda bu üç regional güclə münasibətlərini balanslaşdırmalıdır.

Bundan başqa, Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan arasında 2018-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı imzalanmış razılaşma əslində, münaqişənin regional səviyyədə həllinin potensialının olduğunu göstərir. Odur ki, Mərkəzi Asiya ölkələrindən da vasitəçi olması istənə bilər. Məsələn, Özbəkistan. 2016-cı ildə hakimiyyətə gəlmiş Özbəkistan prezidenti Şavkat Mirziyoyev fəal diplomatiya həyata keçirir. Üstəlik, Qarabağ probleminin həllində Mərkəzi Asiya ölkələrinin özü də maraqlı ola bilər. Çünki onlar üçün İran və ya Pakistanın nəzarət etdiyi cənub marşrutlarından əlavə, Qafqazdan keçən təhlükəsiz quru yolu da mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın ata biləcəyi addımlar

- O, silah tədarük etdiyi mənbələri şaxələndirə bilər. Doğrudur, ABŞ-ın qəbul etdiyi 907-ci il düzəlişlə bu ölkə ilə Azərbaycan arasında silah ticarəti qəlizləşib. Vaşinqton Bakı ilə bu sahədə uzunmüddətli əməkdaşlığa müvəqqəti olaraq qadağa qoyub. Odur ki, Azərbaycan hərbi avadanlıqlarının əksəriyyətini Rusiyadan alır. Amma 2019-cu ildə Bakı ilə Ankara hərbi sənayedə əməkdaşlıqla bağlı saziş imzalayıb. Bu, Türkiyənin Azərbaycana silah tədarükçüsü rolunu artıra bilər. Bundan başqa, Bakı İsrail, həmçinin Yaponiya, Ukrayna və Cənubi Koreyadan daha çox yüksək keyfiyyətli hərbi avadanlıqlar almaq imkanını araşdırmalıdır.

- Azərbaycan regional problemin məhz regional səviyyədə həlli yollarını tapmalıdır. Rusiya, Türkiyə, İran (və Çin) Qafqaz və Mərkəzi Asiya dövlətləri ilə ayrı-ayrılıqda əməkdaşlığa etməyə can atırlar. Odur ki, bu kiçik ölkələr regional güclərlə qrup halında əməkdaşlıq imkanını qaçırmamalıdır.

- Bakı İsrail və BƏƏ ilə əməkdaşlığı genişləndirməlidir. Enerji resurları ilə zəngin olan hər üç dövlət qəliz qonşularla əhatələnib. Odur ki, onlar  texnologiya sahəsində birgə layihələr həyata keçirə, enerji resusrlarının birgə kəşfiyyatı ilə məşğul ola bilər. Bundan başqa, bu üç ölkənin prioritet sahələrə xarici investisiyanın yatırılması məqsədilə birgə səy göstərməsi mümkündür.

- Bakı hər zaman Avropaya xatırlatmalıdır ki, Qafqazda sülh və buradan keçən enerji kəmərlərinin təhlükəsizliyi Avropaya birbaşa təhlükəsiz enerji tədarükündə mühüm əhəmiyyət kəsb edir. Həqiqətən, Azərbaycanın Tovuz rayonuna edilmiş hücum əslində, Avropanın enerji təhlükəsizliyinə hücum idi. Bu məsələni avropalı rəsmilərə başa salmaq lazımdır. Azərbaycan Gürcüstan və Mərkəzi Asiyadakı qonşu ölkələrlə birləşə bilər.

Bu arada, əgər bir dövlət regionda pulsuz tranzitə, hər hansı ölkənin hansısa layihədə iştirakına veto qoyar, həyati əhəmiyyət kəsb edən enerji infrastrukturuna müstəsna nəzarətə malik olarsa, regionun neft-qaz sahəsi blokadaya düşə bilər. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri belə riskin olduğunu vurğulamalıdır. Bakının Çin şirkətlərilə əlaqələrə münasibəti bu mənada nümunə ola bilər: xoş qarşılanır, amma müəyyən həddə.

- Azərbaycan ABŞ və Avropadan tamamilə imtina etməli deyil. Bu günlərdə Tramp administrasiyası İsrail ilə BƏƏ, Serbiya ilə Kosovo arasında uğurlu razılaşmanın imzalanmasına vasitəçilik edib. Odur ki, tərəflər arasında sülh sazişinin imzalanmasına təkan lazım olarsa, ABŞ rəsmiləri Ağ Evi görüş yeri kimi təklif edə bilər. Donald Tramp ABŞ-ın Liviya, İraq və Əfqanıstadakı səylərinin cəmiyyət tərəfindən necə qəbul edildiyini gördükdən sonra bu siyasi düzəni dəyişmək istəmir.

Avropaya gəlincə, çox vaxt elə görünür ki, Almaniya digər ölkələrin addımlarından narazıdır. Amma kansler Angela Merkel status-kvonu qoruyan siyasətçidir. O, alman biznesi üçün mühüm olan layihələrdən imtina etmir. Məsələn, Angela Merkel “Şimal axını-2” layihəsinin həyata keçirilməsinin rusiyalı siyasi fəal Aleksey Navalnının mümkün zəhərləndirilməsilə əlaqələndirilməsinin əleyhinədir. Digər misal: 2019-cu ildə Almaniya hökuməti Türkiyənin Suriyanın şimalındakı kürdlərə hücumuna cavab olaraq bu ölkəyə silah tədarükünü dayandırmışdı. Amma sonradan məlum olub ki, bu qadağa yeni ixrac lisenziyalarına aiddir. Yəni iki ölkə arasında hərbi sahədə bundan əvvəl imzalanmış müqavilələr qüvvədə qalır.

Hər halda, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinə nail ola bilmir. Odur ki, Ermənistanın Azərbaycanın Tovuz rayonuna hücumu Bakı üçün Minsk qrupu formatından uzaqlaşmaq, yeni danışıqlar formatını nəzərdən keçirmək, bölgədəki dövlətlərin, həmçinin regional problemləri son dönəmdə fəallaşmış Mərkəzi Asiya ölkələrinin hakimiyyətlərilə müzakirə etmək, bu regionun Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət kəsb etdiyini avropalılara daha yaxşı anlatmaq üçün yaxşı imkan yaradıb.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: OILPRICE.com

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az