22.10.2020 10:57
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan indi də bu oyunu oynayır!
 
22.10.2020
HABERTÜRK, Türkiyə
 

  Dağlıq Qarabağdakı gərginliyin arxasında nə dayanır?
 
21.10.2020
Əl-Cəzirə, Qətər
 

  MÜSAHİBƏ| Hikmət Hacıyev: “Azərbaycanın yeganə məqsədi sülhü bərqərar etməkdir”
 
21.10.2020
La Repubblica, İtaliya
 

  FOTOREPORTAJ| Yaşayış evlərinə raket zərbəsi: 12 ölü, 40-dan çox yaralı
 
20.10.2020
Daily Mail, Böyük Britaniya
 

  Misli görünməmiş riyakarlıq!
 
20.10.2020
Yeni Şafak, Türkiyə
 

 
 
Suriya və Livandan qaçan ermənilərin Azərbaycanın Qarabağ regionunda məskunlaşdırılması (2-ci hissə)

 
 



Əl-Muraqib əl-İraqi, İraq
11.09.2020


Müəllif: Dr. Mutəzz Muhy Əbdülhəmid

Ermənistan ordusunda könüllülər

Britaniyanın “The Economist” nəşri yazır ki, Suriya ordusunda döyüşmüş suriyalı gənclərin bəziləri Qarabağda dislokasiya olunmuş Ermənistan ordusunun ön xətt bölmələrində könüllü xidmətə cəlb olunurlar. Lakin onlardan bəziləri sərhədə yaxın kəndlərdə qalmağı seçsə də, hərbi xidmət keçməmək üçün Ermənistan vətəndaşlığı üçün müraciətlərini təxirə salırlar.

Məskunlaşdırılmışlardan biri, vaxtilə Dəməşqdə tikinti şirkətinin rəhbəri olmuş Oskanyan bildirir ki, Suriyadan buraya qaçqın axını hələ də davam edir. Lakin əvvəlkindən fərqli olaraq, indi gələnlər o qədər də çox deyil. Oskanyanın sözlərinə görə, bəzi qaçqınlar, xüsusilə mülk sahibləri mülklərini satmaq üçün Suriyaya qayıdıblar.

Ermənistan Təhlükəsizlik Şurası və məskunlaşdırmanın coğrafiyası

Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan jurnalistlərə müsahibəsində bildirib ki, ölkəsi Türkiyənin keçirdiyi hərbi əməliyyat və İŞİD ilə hələ də davam edən müharibə səbəbindən Suriyanı tərk etmək istəyən erməniləri qəbul etməyə hazırdır.

“Biz resurslar axtarmağa hazırıq. Lakin bunun üçün, Ermənistana köçmək istəyini ifadə edəcək Suriya ermənilərinin sayını bilməliyik. İstək olacaqsa, düşünürəm ki, bizim tərəfimizdən buna heç bir məhdudiyyət qoyulmayacaq”, - deyə o, vurğulayıb. Qriqoryanın sözlərinə görə, ermənilər, əsasən, hərbi əməliyyat regionunu tərk edir. Ermənilərin tərk etmədikləri yeganə şəhər Qamışlıdır. Lakin Yerevan oradakı erməni diasporu və onların dini liderlərilə də təmasdadır.

Qeyd edilməlidir ki, Suriyadakı erməni diasporu ölkənin üzləşdiyi münaqişəyədək ən böyük diasporlardan sayılırdı. Onun nümayəndələrinin ümumi sayı 110 min nəfərə çatırdı. Onlar Hələbdə, Dəməşqdə, Laziqiyyədə, eləcə də Kesabda və Qamışlıda yaşayırdılar. Lakin müxtəlif hesablamalara görə, münaqişədən sonra 90 mindən çox Suriya ermənisi ölkəni tərk edib.

Yeni torpaqlar ələ keçirmək üçün yeni müharibə

Ermənistan iyulun 12-16-da Azərbaycanın həmsərhəd Tovuz rayonundakı hərbi mövqelərinə hücum edib. Bu cəhd uğursuzluqla nəticələnsə də, Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribatçı addımlarını, təhrikedici bəyanatlarını dayandırmır.

“Ermənistan “yeni ərazilər üçün yeni müharibə” məqsədli təcavüzkar hərbi strategiyasını həyata keçirmək məqsədilə 12-16 iyul tarixlərində Azərbaycanın Tovuz rayonu istiqamətində hücuma cəhd edib. Bu cəhd iflasa uğrayıb. İndi, Ermənistanın hərbi-siyasi rəhbərliyi son hərbi avantüranın uğursuzluğunu digər müstəvilərdə kompensasiya etmək, diqqəti ölkədə getdikcə kəskinləşən sosial-iqtisadi və siyasi böhrandan yayındırmaq məqsədilə təhrikedici addımlarını, təxribat xarakterli bəyanatlarını davam etdirməkdədir. Bütün bunlar göstərir ki, Ermənistanın məqsədi özünün səbəb olduğu münaqişənin nəticələrini aradan qaldırmaq yox, qanunsuz güc tətbiqi ilə yaratdığı işğal vəziyyətini möhkəmləndirməkdir”.

Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni bombalayacağı ilə bağlı təhdidinə cavabında qeyd olunur. Nazirliyin bəyanatında deyilir ki, “Ermənistanın hərbi-siyasi dairələrinin Azərbaycanın iri yaşayış məntəqələrinin və Mingəçevir SES kimi strateji əhəmiyyətli mülki obyektlərinin “hərbi hədəf” kimi nəzərdən keçirildiyinə dair bəyanatlarının ardınca, Ermənistan tərəfi Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qanunsuz rejimin qondarma “başçısı” vasitəsilə Azərbaycanın Gəncə şəhərinə hərbi zərbə təhdidi səsləndirib”.

Açıqlamada daha sonra deyilir ki, bütün bunlar təcavüzkar siyasətindən əl çəkməyən Ermənistanın terrorçu mahiyyətini ifşa edir. Hərbi təxribatlarının Azərbaycan Ordusunun qüdrəti və yüksək peşəkarlığı ilə qətiyyətlə dəf edilməsilə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə aciz vəziyyətə düşmüş Ermənistan, növbəti dəfə ənənəvi metoduna əl ataraq, mülki obyekt və əhalini hədəf almaq, bununla da terror təşkilatlarına xas şəkildə mülki əhali arasında qorxu yaratmaq istəyir.

Ermənistan tərəfi Yaxın Şərq ölkələrində yaşanan humanitar məşəqqətlərdən özünün mənfur siyasi məqsədləri üçün sui-istifadə etməkdən növbəti dəfə çəkinməyərək, Livanın Beyrut şəhərində baş vermiş dəhşətli partlayışdan sonra bu ölkədən olan etnik ermənilərin qanunsuz olaraq Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yerləşdirmək planını bəyan edib. O, Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qanunsuz rejim vasitəsilə bəzi qondarma “rəsmi qurumlar”ı Şuşa şəhərinə köçürmək niyyətini də açıqlayıb. Özünün mədəni, tarixi və mənəvi xüsusiyyətləri baxımından Azərbaycan xalqı üçün müstəsna əhəmiyyətə malik Şuşa şəhəri ilə bağlı bu mənfur niyyət Azərbaycanın işğal edilmiş ərazilərində aparılmış etnik təmizləmə siyasətinin möhkəmlənməsinə yönəlmiş növbəti cəhddir.

Öz doğma yaşayış yerlərindən qovulmuş Azərbaycan əhalisinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi, o cümlədən Şuşa şəhəri olmaqla, bütün işğal edilmiş ərazilərimizdəki daimi yaşayış yerlərinə təhlükəsiz və ləyaqətlə geri qayıtmaq hüququnun bərpası Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində qırmızı xətdir. Ermənistanın bu xəttin keçilməsi kimi qiymətləndirdiyimiz sözügedən niyyətindən birdəfəlik imtina etməməsi ciddi fəsadlara yol aça bilər.

Azərbaycanın təbii sərvətlərinin talanı

Ermənistan, Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirdiyi qanunsuz iqtisadi və digər fəaliyyətlər kontekstində Sərsəng su anbarının infrastrukturunu dəyişdirməyə də çalışır. Ermənilərin bu su anbarı ilə bağlı addımları Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının, dövlət və xüsusi mülkiyyət hüquqlarının növbəti pozuntusu olmaqla, qanunsuz mahiyyət daşıyır. Azərbaycan ərazilərini işğal etdikdən bəri Ermənistan Sərsəng su anbarından ekoloji terror aləti kimi istifadə etməklə, işğal edilmiş ərazilərimizə yaxın məskunlaşmış Azərbaycan vətəndaşlarını su resurslarından məhrum edir, nəticədə həmin ərazilərdə ekoloji vəziyyətə ciddi ziyan vurur, bio-müxtəlifliyə xələl gətirir. Qeyd edilənlər birmənalı olaraq, Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində təsbit edilib. Su anbarının infrastrukturunun dəyişdirilməsi istiqamətində cəhdləri Ermənistanın qeyd edilən ekoloji terror siyasətinin növbəti addımı kimi nəzərdən keçirilməlidir.

Bundan başqa, işğal edilmiş ərazilərdə həyata keçirilən bütün infrastruktur dəyişiklikləri, o cümlədən Ermənistanla Azərbaycanın işğal edilmiş ərazilərini birləşdirən yolların çəkilişi kimi, Sərsəng su anbarı ilə əlaqəli addımlar da Ermənistanın həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasətinə xidmət edir, işğal olunmuş ərazilərə daha çox etnik erməninin cəlbi məqsədini güdür. (Ardı var)

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Muraqib əl-İraqi

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az