22.10.2020 10:52
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan indi də bu oyunu oynayır!
 
22.10.2020
HABERTÜRK, Türkiyə
 

  Dağlıq Qarabağdakı gərginliyin arxasında nə dayanır?
 
21.10.2020
Əl-Cəzirə, Qətər
 

  MÜSAHİBƏ| Hikmət Hacıyev: “Azərbaycanın yeganə məqsədi sülhü bərqərar etməkdir”
 
21.10.2020
La Repubblica, İtaliya
 

  FOTOREPORTAJ| Yaşayış evlərinə raket zərbəsi: 12 ölü, 40-dan çox yaralı
 
20.10.2020
Daily Mail, Böyük Britaniya
 

  Misli görünməmiş riyakarlıq!
 
20.10.2020
Yeni Şafak, Türkiyə
 

 
 
Azərbaycanı dəyişən saziş – “Əsrin müqaviləsi”

 
 



Style International, İspaniya
25.09.2020


Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 20 sentyabr 1994-cü ildə dünyanın 11 aparıcı neft şirkətilə müqavilə imzalayıb. Məqsəd “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun birgə işlənməsi, neft hasilatının pay bölgüsü idi. Sənəd “Əsrin müqaviləsi” adlanır.

Bir müddət sonra Azərbaycan tərəfi 19 ölkəni təmsil edən 41 neft şirkətilə 26 müqavilə də imzalayıb. Bu, Avrasiyanın yeni geoiqtisadi xəritəsini müəyyənləşdirməklə yanaşı, Azərbaycanın gələcək inkişafı üçün həlledici amil olub.

Texnoloji resurslar

“Əsrin müqaviləsi” yeni müstəqillik qazanmış Azərbaycana xarici ölkələrin maliyyə və texnologiyalarından geniş istifadə imkanı yaratmışdı. Zamanla məhz bu müqavilə çərçivəsində həyata keçirilən transmilli layihələr Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini artırıb. O, Bakının xarici ölkələrlə münasibətlərini inkişaf etdirməsinə, dərinləşdirməsinə də mühüm təsir göstərib.

Bir sözlə, Azərbaycanın həm siyasi, həm də iqtisadi qüdrətini artıran “Əsrin müqaviləsi” çoxsaylı transmilli enerji və nəqliyyat layihələrinin icrasına yol açıb, bölgə ilə yanaşı, həm də Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib.

Yeri gəlmişkən, 2010-cu ildə Azərbaycanın “Ümid” və “Babək” yataqlarında, 2011-ci ildə isə “Abşeron” yatağında böyük qaz ehtiyatı aşkarlanıb. Nəhəng “Şahdəniz” qaz yatağını da nəzərə alsaq, bu gün Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetr qiymətləndirilir.

“21-ci əsrin müqaviləsi”

Nəhayət, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti ilə Avropa Komissiyasının sədri “Cənub Qaz Dəhlizi” layihəsilə bağlı birgə bəyannamə imzalayıblar. Daha sonra, 2012-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında TANAP layihəsinin (Transanadolu qaz kəməri) icrasına dair razılaşma əldə edilib. 2013-cü ilin fevralında isə Albaniya, İtaliya və Yunanıstan arasında TAP (Transadriatik qaz kəməri) layihəsinə dair dövlətlərarası saziş imzalanıb. Elə həmin ilin dekabrında, Bakıda “Şahdəniz” yatağının işlənməsinin ikinci fazası ilə bağlı yekun investisiya qərarı qəbul olunub. O, “21-ci əsrin müqaviləsi” adlanır.

Beləliklə, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi 4 seqmentdən ibarətdir. “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP. İlk 3 seqmentdə işlər tam başa çatdırılıb, TAP-ın reallaşdırılması isə son mərhələdədir.

Bir sözlə, yaxın gələcəkdə “Cənub Qaz Dəhlizi” də Azərbaycan iqtisadiyyatının inkişafında, onun istər bölgədə, istərsə də Avropada geoiqtisadi əhəmiyyətinin artmasında, eyni zamanda, Avropaya enerji tədarükünün şaxələndirilməsində, qitənin enerji təhlükəsizliyinin təminində vacib amilə çevriləcək.

Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, “Azərbaycan tərəfdaşları ilə birlikdə yalnız bölgənin deyil, Avrasiyanın da enerji xəritəsinin dəyişməsinə nail olub”.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Style International

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az