22.10.2020 09:52
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağdakı gərginliyin arxasında nə dayanır?
 
21.10.2020
Əl-Cəzirə, Qətər
 

  MÜSAHİBƏ| Hikmət Hacıyev: “Azərbaycanın yeganə məqsədi sülhü bərqərar etməkdir”
 
21.10.2020
La Repubblica, İtaliya
 

  FOTOREPORTAJ| Yaşayış evlərinə raket zərbəsi: 12 ölü, 40-dan çox yaralı
 
20.10.2020
Daily Mail, Böyük Britaniya
 

  Misli görünməmiş riyakarlıq!
 
20.10.2020
Yeni Şafak, Türkiyə
 

  MÜSAHİBƏ| Dağlıq Qarabağ müharibəsi nəyə aparıb çıxara bilər?
 
20.10.2020
Pravda.ru, Rusiya
 

 
 
Möcüzə mümkündür

 
 



JEWISH JOURNAL, ABŞ
25.09.2020


Müəllif: Milix Yevdayev

Roş-Ha-Şana bayramını bu il – misli görünməmiş, qeyri-müəyyənliklərlə dolu 2020-ci ildə də qeyd edirik. Amma bu il həm də ümidlərimiz üçün misli görünməmiş dövrdür. İsrail BƏƏ və Bəhreynlə münasibətlərin normallaşdırılması üçün sənəd imzalayıb və bu, Yaxın Şərqdə sülhün bərqərar olması baxımından mühüm hadisədir.

Əhalisinin əksəriyyəti müsəlman olan ölkədə sülh, rifah, bərabərlik şəraitində yaşayan yəhudi kimi, mən bu tarixi hadisəyə böyük ümidlər bəsləyirəm. Biz həmin sazişin imzalanmasını bayram edirik. Bu tarixi hadisənin sadəcə bir neçə günlük sevincdən daha böyük anlam kəsb edəcəyinə ümidvaram. Bundan sonra İsrail ətrafında qlobal gərginliyin azalacağına və müsəlman ölkələrinin İsrailə münasibətinin dəyişəcəyinə inanıram.

BƏƏ ilə Bəhreyn bu əlaqələrdən ancaq udacaq. Onlar bununla istər öz vətəndaşlarına, istərsə də dünyaya mesaj verir: dövlətlərin bir-birinə hörmətlə yanaşması təkcə gərginliyin azaldılmasına yol açmır, həm də hər bir dövlətin cəmiyyətinə böyük töhfələr verir.

Ən azı mən buna əminəm. Çünki Azərbaycanda illərdir çoxkonfessiyalı harmoniyanın bəhrəsini görürəm. Burada əsrlərdir konfessiyalararası və xalqlararası münasibətlərdən, belə müxtəliflikdən qürur duyulur. Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yəhudilər, xristianlar, krişnaitlər və bəhailər daxil olmaqla, demək olar ki bütün konfessiyalar üçün sığınacaqdır, doğma vətəndir. Müxtəliflik hər zaman Azərbaycana faydalı olub. Bizim alimlərimiz, liderlərimiz, rəssamlarımız, məşhur idmançılarımız və siyasətçilərimiz müxtəlifliyin olduğu cəmiyyətin üzvləridirlər. Başqa sözlə, texnologiya və elm, qadın hüquqları və qlobal diplomatiya ilə bağlı əldə etdiyimiz uğurları müxtəlif insanların birgə səyləri və dəstəyi sayəsində qazanmışıq. 

Bu arada, ötən il paytaxt Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə abidə ucaldılıb. O, təcrübəli və cəsarətli tank komandiri kimi tanınıb. Albert Aqarunov 1990-ci ilin əvvəllərində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən qəhrəman əsgərlərdən olub. Dağ yəhudisi olan Albert bizim icmamızın qürurlu üzvlərindən biri idi. Budur, əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın yüksək mükafatına layiq görülmüş, şərəfinə abidə ucaldılmış və hətta küçəyə adı verilmiş ən məşhur qəhrəmanlardan biri yəhudidir. O, cəbhəyə könüllü yollanmışdı. O, həyatını öz vətənini müdafiə edərkən itirib.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Albert Aqarunovun adını daşıyan məktəbin yeni binasının açılışında iştirak edib. Albert məhz bu məktəbdə təhsil almışdı. Bu gün həmin məktəb onun adını daşıyır.

Amma bu, Azərbaycan hökumətinin yəhudi icmasına ilk qayğısı deyil. Azərbaycan Respublikası uzun zamandır yəhudi icmasına dəstək verir. Bu gün Azərbaycanda bizim gözəl sinaqoqlarımız, yeşivalarımız, məktəblərimiz, bağçalarımız, mədəniyyət mərkəzlərimiz və müxtəlif ictimai təşkilatlarımız var. Bizim inklüzivliyə və qarşılıqlı hörmətə bağlılığımız sayəsində Azərbaycan yəhudilərin ən təhlükəsiz şəraitdə yaşadığı ölkələrdən birinə çevrilib. O, əbəs yerə “sülh oazisi” kimi tanınmır.

Yeri gəlmişkən, bizim dəyərlərimizə hər zaman yüksək qiymət verən Azərbaycan Prezidenti İlham Əliyev Roş-Ha-Şana bayramı münasibətilə yəhudi icmasını təbrik edib. Təbrik məktubunda xalqımız üçün mühüm əhəmiyyət kəsb edən dəyərlərdən bəhs olunur:

“Hörmətli həmvətənlər!

Yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Zəngin tarixi-mədəni irsə və çoxəsrlik tolerantlıq ənənələrinə malik Azərbaycanda tarix boyu yəhudilər digər xalqların və dinlərin nümayəndələri ilə sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayıblar. Azərbaycan etnik-dini dözümsüzlüyün, ksenofobiyanın və antisemitizmin mövcud olmadığı nadir məkanlardan biridir.

Cəmiyyətdə demokratik, hüquqi prinsiplərə əsaslanan birgəyaşayışa, yüksək dözümlülük mühitinin, multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verən Azərbaycan dövləti bütün etnik azlıqların, o cümlədən yəhudi icmasının mədəni-mənəvi dəyərlərinin qorunub-saxlanılmasına, dil və mədəniyyətinin inkişafına böyük diqqət və qayğıyla yanaşır.

Təqdirəlayiq haldır ki, ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında fəal iştirak edən yəhudi əsilli həmvətənlərimiz, harada yaşamalarından asılı olmayaraq, Azərbaycana sevgi və sədaqətlərini daim nümayiş etdirir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə əhəmiyyətli töhfələr verirlər.

Əziz dostlar!

Xeyirxahlığı, mənəvi dirçəlişi və yeni həyatı təcəssüm etdirən Roş-Ha-Şana münasibətilə bir daha hamınıza səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 sentyabr 2020-ci il”.

Hər halda, yəhudi təqvimilə 5780-ci ilinin böyük hissəsi qeyri-müəyyənliklər və faciələrlə dolu olub. COVID-19 pandemiyası bu gün də davam edir. Amma yaxşı hadisələr çoxaldıqca dünyamızın insanlar üçün daha gözəl məkan olacağına, bu gün üzləşdiyimiz çətinlikləri dəf edəcəyimizə inanırıq. Bir sözlə, bu müqəddəs günlərdə prezidentimizin təbrikini sizinlə bölüşməkdən, yəhudi icmasındakı bacı və qardaşlarıma xoş arzularımı çatdırmaqdan çox məmnunam. Şana Tova Umetuka (xoş və şirin illər arzulayıram - WM). Qoy qarşıdan gələn il bizə ancaq xeyir gətirsin.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: JEWISH JOURNAL

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az