22.10.2020 11:06
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan indi də bu oyunu oynayır!
 
22.10.2020
HABERTÜRK, Türkiyə
 

  Dağlıq Qarabağdakı gərginliyin arxasında nə dayanır?
 
21.10.2020
Əl-Cəzirə, Qətər
 

  MÜSAHİBƏ| Hikmət Hacıyev: “Azərbaycanın yeganə məqsədi sülhü bərqərar etməkdir”
 
21.10.2020
La Repubblica, İtaliya
 

  FOTOREPORTAJ| Yaşayış evlərinə raket zərbəsi: 12 ölü, 40-dan çox yaralı
 
20.10.2020
Daily Mail, Böyük Britaniya
 

  Misli görünməmiş riyakarlıq!
 
20.10.2020
Yeni Şafak, Türkiyə
 

 
 
Ermənistanın atəşi altında həyata davam edən Azərbaycan kəndi: Əlibəyli

 
 



TRT Avaz, Türkiyə
26.09.2020


Azərbaycanın Ermənistanla sərhəddə yerləşən kəndlərində yaşayan azərbaycanlılar erməni ordusunun hücumlarına, davamlı atəşinə rəğmən, evlərini tərk etmirlər.

Azərbaycana hücumu, təcavüzü davam etdirən Ermənistan ordusu yalnız əsgərləri deyil, mülki şəxsləri də hədəfə alır. Azərbaycanın iki ölkənin sərhədində yerləşən Tovuz rayonunun Əlibəyli kəndi erməni qüvvələrinin mütəmadi atəşə tutduğu yaşayış məntəqələrindən biridir.

Təmas xəttinə çox yaxın yerləşən Əlibəyli kəndinin bir çox hissəsini düşmənin mövqelərindən cəmi bir neçə yüz metr ayırır. Kəndin bəzi evlərindən isə bu mövqelərə cəmi 100 metr məsafə var. Buradan Ermənistan silahlı qüvvələrin mövqeləri adi gözlə görünür.

Lakin Əlibəyli sakinləri mütəmadi atəş altında olmalarına baxmayaraq, torpaqlarını tərk etmir, silah səslərinə fikir vermədən gündəlik həyat tərzlərini davam etdirirlər. 870 evin olduğu, təxminən 4300 insanın yaşadığı Əlibəylidə uşaqdan böyüyə hər kəs vətənin müdafiəsi, ermənilərə müqavimət məsələsində son dərəcə qətiyyətlidir.

Kənd sakinlərindən 87 yaşlı Paşa Həsənov “Anadolu Agentliyi”nə açıqlamasında bildirib ki, onlar 1990-cı illərdə də ermənilərin hücumlarına qəhrəmanlıqla müqavimət göstəriblər. O zaman da kəndi boşaltmayan sakinlər düşmənə bu gün də eyni müqaviməti göstərir.

Qarabağ müharibəsində bir oğlunun könüllü olaraq cəbhəyə getdiyini və şəhid olduğunu bildirən Həsənov deyir: “Sabah müharibə yenidən başlayarsa, şəhid olsaq da, ölsək də, qalsaq da kəndimizi tərk etməyəcəyik”.

Evi döyüş mövqələrinə lap yaxın yerləşən 32 yaşlı Rahib Həsənov da eyni fikirdədir. O da bütün çətinliklərə, təhlükələrə baxmayaraq, kəndi əsla tərk etməyəcəyini deyir. Böyük qardaşının 1993-cü ildə şəhid olduğunu bildirən R.Həsənov, lazım gələrsə, özünün də şəhid olmağa hazır olduğunu söyləyir.

Hüseyn Həsənov (52 yaş) isə ermənilərin atəşkəsi demək olar ki, hər gün pozduğunu, bu zaman mülki vətəndaşların yaşadığı evlərin də hədəfə alındığını deyir. Azərbaycan Silahlı Qüvvələrinə tam güvənən Həsənovun sözlərinə görə, 1990-cı illərdə düşmənə qarşı onun özü də döyüşüb, hətta yaralanaraq qazi olub. O, əmindir ki, Azərbaycan Ordusu nəinki torpaqları qoruyacaq, həm də işğal altındakı Dağlıq Qarabağı azad edəcək.

“Ərdoğana və Türkiyə xalqına təşəkkür edirik”

Kənd sakinlərindən Valeh Rzayev (68 yaş) deyir ki, “Əlibəylidə doğulmuşam, burada yaşayıram, burada da öləcəyəm”.

Erməni qüvvələrinin kəndi gecə-gündüz atəşə tutduğunu, bu vəziyyətin təxminən 30 ildir davam etdiyini söyləyən Rzayev də Azərbaycan Ordusuna tam inandıqlarını, odur ki, heç nədən qorxmadıqlarını deyir.

Valeh Rzayev Azərbaycanın haqlı mübarizədə yalnız olmadığını da düşünür: “Çətin günlərimizdə yanımızda olduqları üçün qardaş Türkiyəyə, başda prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, bütün Türkiyə xalqına təşəkkür edirik”.

Ermənistan son aylarda Azərbaycanın Tovuz rayonuna davamlı hücum edir. Qeyd edək ki, Türkiyə ilə Azərbaycan müştərək həyata keçirdikləri Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, TANAP-ın başlanğıcı olan Cənubu Qafqaz Boru Xətti kimi layihələr məhz bu ərazidən keçir. İyılun 12-də Ermənistan Azərbaycanın Tovuz rayonu istiqamətindəki mövqelərinə toplardan da istifadə etməklə hücuma keçmişdi. Lakin o, Azərbaycan Ordusunun cavabı nəticəsində itkilər verərək geri çəkilmək məcburiyyətində qalmışdı.

Həmin toqquşmalar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 1 general-mayoru və 11 əsgəri şəhid olub.

Sentyabrın 21-də Tovuzda qarşıdurma yenidən alovlanıb, nəticədə Azərbaycan Ordusundan bir əsgər şəhid olub, daha bir hərbçisi yaralanıb.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TRT Avaz

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az