30.10.2020 11:59
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Azərbaycan Ermənistanı mülki şəxslərin qətlində günahlandırır
 
30.10.2020
Le Monde, Fransa
 

  FOTOREPORTAJ| Azərbaycanda silsilə partlayışlar, qışqırtılar və... qan
 
29.10.2020
The New York Times, ABŞ
 

  Yerevanın “ölüm ticarəti”... Erməni uşaqlar əsgərə və tabuta necə çevrilir?
 
29.10.2020
Əl-Hərir, Əlcəzair
 

  Azərbaycan şəhərinə raket zərbəsi nəticəsində 21 mülki şəxs ölüb
 
29.10.2020
BBC, Böyük Britaniya
 

  Dağlıq Qarabağ: Beynəlxalq Qızıl Xaç Komitəsinin könüllüsü qətlə yetirilib
 
29.10.2020
Le Figaro, Fransa
 

 
 
MÜSAHİBƏ| “İndi Ermənistan atəşkəs üçün yalvarır”

 
 



Euronews, Aİ
08.10.2020


Ermənistanla Azərbaycan arasında döyüşlər şiddətlənib. Tərəflər əməliyyatlara kimin başladığı ilə bağlı mübahisə edir... Hər iki tərəfdən mülki şəxslər və əsgərlər həyatını itirir.

Halbuki, ötən il Ermənistan və Azərbaycan xalqlarını sülhə hazırlamaq üçün konkret addımların atılacağı deyilirdi. Amma bu günlərdə tərəflər arasında son 30 ilin ən miqyaslı döyüşləri başlayıb. Bundan başqa, bu dəfə münaqişəyə digər ölkələr də fəal şəkildə cəlb edilir. Demək, problemin region dövlətlərinə yayılması təhlükəsi artır.

Beləliklə, növbəti addım nə olacaq? Ermənistanla Azərbaycan hərbi əməliyyatlarda nə qədər uzağa edəcək, döyüşlər nə qədər uzanacaq? Beynəlxalq ictimaiyyət tərəfləri atəşi dayandırmağa çağırır. Bəs sülhün bərqərar olması üçün nə edilməlidir? İndiki dövrdə bu, mümkündürmü?

- Beynəlxaq ictimaiyyət atəşkəsə riayət olunması, gərginliyin aradan qaldırılması üçün tərəflərə güclü və davamlı təzyiq göstərir. Lakin döyüşlər nəinki davam edir, getdikcə daha da qızışır. Məqsədiniz nədir?

- Birtərəfli atəşkəs olmur. Bu, ikitərəfli qərar olmalıdır və həm də yerində həyata keçirilməlidir. Bildiyiniz kimi, sentyabrın 27-də Ermənistan bizə hücum edib, bizim hərbi mövqelərimizə hücum olub, infrastrukturumuza ziyan vurulub, mülki şəxslərə belə, hücumlar olub. İndiyədək demək olar ki, 30 mülki şəxsimiz Ermənistanın hücumu, o cümlədən ballistik mərmi və kasetli bombalarla törədilmiş hücum nəticəsində həlak olub.

Bizim əks-hücumumuz uğurlu oldu. Biz işğal olunmuş ərazilərimizin bir hissəsini azad etməyə müvəffəq olduq. Bizim əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir. Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı bizə vaxt cədvəli verməlidir və bu cədvəl vasitəçi ölkələr olan Minsk qrupunun həmsədrləri tərəfindən təsdiqlənməlidir. Düşünürəm ki, bundan sonra atəşkəsin əldə olunmasına cəhd göstərilməlidir.

- Qeyd etdiyiniz ölkələr dəfələrlə atəşkəsə çağırış edib. Bəs bu, niyə baş vermir? Buna niyə çalışmırsınız?

- Çünki biz dəfələrlə hücuma məruz qalmışıq. Son üç ayda Azərbaycana üç hücum edilib. Biri iyulda Ermənistan-Azərbaycan sərhədində, Dağlıq Qarabağ regionundan uzaqda olub və Ermənistanın məqsədi Azərbaycanın yeni ərazilərini işğal etmək idi. Onlar bunu etməyə müvəffəq olmadılar. Ordumuz onları məğlub etdi. Sonra avqustun 23-də onlar bizim mülki şəxslərimiz və hərbçilərimizə qarşı terror aktları törətmək üçün diversiya qrupu göndərdilər. Bu da onlar üçün uğursuz oldu. Çünki diversiya qrupunun başçısı saxlanıldı və o, eynilə mənim indi dediklərimə dair ifadələr verir. Sentyabrın sonunda onlar bizim kəndlərimizə və şəhərlərimizə qarşı genişmiqyaslı hücuma keçdilər. Bu günə qədər 900 ev tamamilə dağılıb və ya zərər çəkib, mülki şəxslər arasında çox sayda tələfat və yaralı insanlar var. İndi Ermənistan çox acı məğlubiyyətlə üzləşəndə onlar atəşkəs üçün yalvarırlar. Atəşkəsi onlar özləri pozdular, Ermənistan qoşunlarının tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymurlar. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Minsk qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransa, onların prezidentləri dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Ermənistan buna məhəl qoymadı, indi isə Azərbaycan özü status-kvonu dəyişir və düşünürəm ki, bu, münaqişənin ən tez zamanda həlli istiqamətində mühüm addım olacaq.

- Cənab Prezident, hər iki tərəfdə mülki şəxslər ölür. Bunu öz məqsədlərinizlə necə uyğunlaşdırırsınız?

- Əlbəttə, biz təəssüflənirik ki, mülki şəxslər qətlə yetirilir. Sözsüz ki, bu hücumu biz törətməmişik, hücumun mənbəyi olmamışıq. Çünki bu, sentyabrın 27-də səhər onların etdiyi ilk iş oldu. Onlar bizim şəhər və kəndlərimizə hücum etdilər və biz cavab verməli olduq. Lakin bizim cavabımız əsasən və başlıca olaraq onların hərbi mövqelərinə, tanklarına və silahlarına oldu. Bizim döyüş meydanında etdiklərimiz internetdə var. Bizim dronlarımız və digər avadanlıqlarımız yalnız işğal olunmuş ərazilərdə hərbi hədəfləri məhv edir. Əfsuslar ki, Ermənistan yerlərdə daha çox adamın olması üçün mülki şəxslərdən istifadə edir. Çünki onların demoqrafik vəziyyəti çox pisdir və bizdə, sadəcə, silahların yanında mülki şəxslərin olması ilə bağlı videolar var və əlbəttə ki, əgər şəxs oradadırsa...

- Sözünüzü kəsdiyim üçün üzr istəyirəm, Ermənistan deyə bilər ki, bu döyüşdə onlar tərəfdən mülki şəxslər qətlə yetirilib və onlar bu zorakılığın niyə yenidən sentyabrın 27-də alovlandığını mübahisə edərlər. İcazə verin, Xarici İşlər nazirinizin ötən il verdiyi vədi qeyd edim. Deyilmişdi ki, xalqları sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsi vacibdir. Bizim hazırda gördüklərimiz bunun əksidir. Siz mülki şəxslərin əzablarını necə məhdudlaşdırmağa çalışırsınız?

- Bilirsiniz, biz müharibənin başlanmasına görə məsul deyilik. Dediyim kimi, biz Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Ermənistan ordusunun fiziki hücumuna məruz qalmışdıq. Bundan əlavə, Ermənistandakı indiki rejim danışıqlar prosesini məhv etmək üçün hər bir şeyi etmişdir. Düz bir il bundan əvvəl Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş ərazisində keçirilən aksiyada “Qarabağ Ermənistandır” bəyan etmişdir. Bu bəyanat faktiki olaraq danışıqlar prosesini məhv etdi. Çünki danışıqlar masasında olan və münaqişənin həlli üçün əsas təşkil edən prinsiplər işğal altındakı ərazilərin Azərbaycana qaytarılmasını tələb edir. Ermənistanın baş naziri Azərbaycana bir santimetr torpağın belə qaytarılmayacağını, “Qarabağ Ermənistandır” deyəndə, onlar Cenevrə Konvensiyasının kobud pozuntusu sayılan əcnəbi şəxslərin işğal olunmuş ərazilərdə məskunlaşmasını təşkil edəndə danışıqlar prosesini məhv edirlər. Bundan sonra bizi buna görə günahlandırmaq üçün onlar bizə üç dəfə - iyul, avqust və sentyabr aylarında hücum edirlər. Biz onları döyüş meydanında məğlub etdikdə onlar Azərbaycanı dayandırmaq üçün hər kəsə zəng edir və hər kəsə yalvarırlar. Biz dayanmaq istəyirik, lakin biz işğalın dayanmasını istəyirik. Buna görə Ermənistanın ünvanına əsas mesaj ondan ibarət olmalıdır ki, biz Ermənistanın torpağında deyilik, biz öz torpağımızdayıq. Bizim torpağımız 27 il ərzində...

- Ermənistan Türkiyənin burada ciddi təsir göstərdiyini, o cümlədən hərbi yardım kimi məsələlərdə sizi təchizatla təmin etdiyini deyəcək. Siz Türkiyənin bu münaqişədə ölkənizə nə dərəcə təsir göstərdiyini və hərəkətlərinizi sürətləndirdiyini deyə bilərsiniz?

- Bu, tamamilə yanlış informasiyadır. Türkiyə bizim üçün güclü müttəfiq, tərəfdaş və qardaş ölkədir. Əlbəttə ki, onların verdiyi bəyanatlar onların mövqeyini ifadə edir və biz bu dəstəyə görə Türkiyə hökumətinə, Türkiyə Prezidentinə və Türkiyə xalqına minnətdarıq. Lakin Türkiyə heç bir digər şəkildə bu münaqişəyə cəlb olunmayıb. Ermənistan mediaya belə feyk xəbərlər yaymaqla Azərbaycan Ordusunun bacarığını azaltmaq istəyir. Biz özümüz savaşırıq. Bəli, biz Türkiyədən silahlar alırıq, lakin biz təkcə onlardan almırıq. Bizim əsas silah təchizatçımız Türkiyə deyil. Yəqin bu barədə hər kəs bilir. Beləliklə, bizim müasir türk avadanlığını, o cümlədən döyüş dronlarını almağımız faktı heç kim üçün problem olmamalıdır. Çünki Ermənistan silahları pulsuz əldə edir. Biz onlara görə pul ödəyirik, Ermənistan pulsuz alır. Türkiyə heç bir digər şəkildə münaqişəyə cəlb olunmayıb.

- Biz burada silahlar və döyüş barədə danışmağa davam edirik. Diplomatiya Sizin üçün hələ də bir seçim yoludurmu? Bu münaqişədən fərqli çıxış yolunu tapmaq üçün Siz Ermənistanın baş naziri ilə bir araya gəlib danışıqları apararsınızmı?

- Sizə deyə bilərəm ki, prezidentlik müddətimdə Ermənistanın iki sabiq prezidenti və indiki baş naziri ilə bəlkə də onlarca danışıq aparmışam. Əvvəlki debatlar ərzində biz danışıqlar masasında əsaslı irəliləyişə nail olmuşduq. Biz bugünkü münaqişənin həlli üçün prinsipləri işləyib hazırlamışdıq. Biz konstruktiv idik. Danışıqlar 1992-ci ildən bəri davam edirdi. Təsəvvür edirsiniz? Demək olar ki, 30 il müddətində biz ümidlərlə yaşayırdıq. Vasitəçilər bizə “bir az gözləyin, Ermənistan tərəfindən daha konstruktiv yanaşma olmalıdır” deyirdilər. Lakin iki il bundan əvvəl dövlət çevrilişi nəticəsində bu baş nazir hakimiyyətə gələndən sonra danışıqlar prosesini tamamilə məhv etdi. Mənim onunla dəfələrlə görüşlərim olmuşdur, lakin bu görüşlər tamamilə mənasız idi. O, mənə əraziləri geri qaytarmayacaqlarını dedi, onlar Dağlıq Qarabağın Ermənistana birləşməli olduğunu deyirdi. Beləliklə, bunlar mənim üçün tamamilə qəbuledilməz tələblər idi və onlar vasitəçilər üçün də qəbuledilməz idi. Ermənistan hökuməti mövqeyini dəyişməlidir, maksimalist mövqeyindən çəkinməlidir, “Qarabağ Ermənistandır” deməyi dayandırmalıdır. Çünki bu, həqiqət deyil, danışıqlar prosesini məhv edir və əlbəttə ki, biz geriləyirik. Yeri gəlmişkən, sabah bizim Xarici İşlər nazirimiz Minsk qrupunun səfirləri ilə görüşmək üçün Cenevrədə olacaq. Mən bildiyim qədər, Ermənistanın xarici işlər naziri oraya ayın əvvəlində getməli idi, lakin o, buna məhəl qoymadı. O, orada deyil. Bizim Xarici İşlər nazirimiz oradadır. Bu, kimin danışıqlar aparmaq istədiyini, kiminsə, sadəcə, Azərbaycanı günahlandırmaq istədiyini nümayiş etdirir.

- Prezident İlham Əliyev, “Euronews”un xüsusi buraxılışında bizə qoşulduğunuz üçün Sizə təşəkkür edirəm. Bizə vaxt ayırdığınız üçün çox sağ olun.

- Təşəkkür edirəm.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Euronews

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az