30.10.2020 11:32
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ: Azərbaycan Ermənistanı mülki şəxslərin qətlində günahlandırır
 
30.10.2020
Le Monde, Fransa
 

  FOTOREPORTAJ| Azərbaycanda silsilə partlayışlar, qışqırtılar və... qan
 
29.10.2020
The New York Times, ABŞ
 

  Yerevanın “ölüm ticarəti”... Erməni uşaqlar əsgərə və tabuta necə çevrilir?
 
29.10.2020
Əl-Hərir, Əlcəzair
 

  Azərbaycan şəhərinə raket zərbəsi nəticəsində 21 mülki şəxs ölüb
 
29.10.2020
BBC, Böyük Britaniya
 

  Dağlıq Qarabağ: Beynəlxalq Qızıl Xaç Komitəsinin könüllüsü qətlə yetirilib
 
29.10.2020
Le Figaro, Fransa
 

 
 
MÜSAHİBƏ| Azərbaycanlı səfir: “ABŞ Ermənistanın təcavüzkar siyasətini dayandırmalıdır”

 
 



The Washington Times, ABŞ
08.10.2020


Müəllif: Loren Toms

Ermənistanla Azərbaycan arasında atəşkəs bitib və şiddətli müharibə başlayıb. İki ölkənin Dağlıq Qarabağ regionu uğrunda hərbi savaşı ötən həftə bərpa olunub. Dağlıq Qarabağ regionu etnik ermənilərin yaşadığı Azərbaycan ərazisidir. Bölgə 1990-cı illərin əvvəlindən, Sovet İttifaqı dağılar-dağılmaz, yeni formalaşmış iki dövlət arasında gərginliyə səbəb olub...

Son döyüşlər nəticəsində artıq hər iki tərəfdən yüzlərlə insan həyatını itirib. Bu gün münaqişəyə Türkiyə, Rusiya və İran kimi regional güclərin cəlb olunacağı ilə bağlı da narahatlıqlar var. Odur ki, amerikalı və avropalı diplomatlar tərəfləri atəşi dayandırmağa, danışıqları bərpa etməyə səsləyir.

“The Washington Times” nəşrinin əməkdaşı Loren Toms Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla söhbətləşib. Bu həftənin cümə günü isə o, Ermənistan səfiri ilə görüşəcək. Cənab Süleymanovla müsahibə qısa və aydın olması üçün redaktə edilib...

- Tərəflər arasındakı gərginliyə nə səbəb olub?

- 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri iri çaplı silahlardan, minaatanlardan, artilleriyadan istifadə edərək Azərbaycan mövqelərinə hücuma keçib. Nəticədə azərbaycanlı mülki şəxslər arasında həyatını itirənlər var. Bununla da gərginlik təhlükəli səviyəyə çatıb. Amma hadisələrin belə cərəyan edəcəyi gözlənilirdi. Çünki Ermənistan hələ iyulun 12-14-də Azərbaycana iki ölkənin sərhəd bölgəsindən, yəni Tovuz rayonu istiqamətindən hücuma keçmişdi.

Qeyd edim ki, Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən neft-qaz kəmərləri, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat infrastrukturu və hava dəhlizi məhz bu regionun yaxınlığından keçir. NATO Əfqanıstandakı kontingentini də bu tranzit bölgə vasitəsilə təchiz edir.

Ermənistanın son hücumları nəticəsində xəstəxanalar, tibbi mərkəzlər daxil olmaqla, mülki obyektlərə, evlərə ciddi ziyan dəyib. Amma mülki əhaliyə hücum heç də təsadüf deyil. Ermənistan silahlı qüvvələri 1990-cı ilin əvvəllərində də total etnik təmizləmə həyata keçirmək məqsədilə məhz bu üsuldan istifadə etmişdi. Sadəcə, bu dəfə ermənilər terroçuluq siyasətini ikiqat artırıb. O zaman bu terrorçuluq siyasəti nəticəsində çox sayda azərbaycanlı məcburi köçkünə çevrilmişdi və hələ də bu vəziyyətdə qalır. Bu gün də mülki obyektlərə zərbələrin endirilməsi əmri birbaşa Ermənistan təhbərliyindən gəlir.

- Yaxın gələcəkdə münaqişə bölgəsində hadisələr necə cərəyan edə bilər?

- Bir məsələni başa düşmək lazımdır ki, bu gün hərbi əməliyyatlar Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində həyata keçirilir. Ermənistan bu əraziləri işğal edib və regionda etnik təmizləmə aparıb. Bu azmış kimi, Ermənistanın müdafiə naziri bir müddət əvvəl “yeni ərazilər uğrunda yeni müharibə” strategiyasından danışmağa başlayıb.

Biz münaqişənin tezliklə həll olunacağına ümid edirik. Beynəlxalq hüquqa əsaslanan həll yolu dayanıqlı sülhün bərqərar olması ilə nəticələnəcək. Bu, Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmalarının sülh və təhlükəsiz şəraitdə birgə yaşamasına imkan yaradacaq. Bundan başqa, dayanıqlı sülh regionun bütün potensialından istifadə olunmasına kömək edəcək. Nəhayət, Ermənistan xarici asılılıqdan, SSRİ-nin qalığı olmaqdan qurtulacaq və qonşuları ilə inteqrasiya edəcək.

Hər halda, Ermənistan rəhbərliyinin, nəhayət, XXI əsrdə yaşadığımızı anlayacağına ümid bəsləyirik. Bu ölkənin rəhbərliyi erməni xalqının və regionda yaşayan digər xalqların gələcəyini öz siyasi iddialarından, məhdud etnik maraqlarından üstün tutmalıdır.

- Atəşin dayandırılması ilə bağlı çağırışlar artır. Bununçün nə lazımdır? Nəhayət, tərəflər atəşkəsə riayət edəcəkmi?

- Əlbəttə, atəşkəsə nail olunması çox vacibdir. Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən əsas qurumun – ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa liderlərinin mülki əhalinin qorunması ilə bağlı çağırışlarını yüksək qiymətləndiririk. Amma Ermənistanla Azərbaycan arasında atəşkəs 1994-cü ilin mayında imzalanıb. Bu 26 ildə dayanıqlı sülh və təhlükəsizliyə nail olunmayıb.

Bunun səbəbi çox sadədir: Ermənistanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi... Odur ki, tərəflər arasında dayanıqlı atəşkəsin yaranması üçün – ümid edirəm ki, həm də sülhün – Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin tələblərinə əməl etməlidir. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal altındakı ərazilərdən çıxarılması, Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsi tələb olunur. Bu, ATƏT-in Minsk qrupunun həmsədrlərinin hazırladığı, lakin Ermənistanın açıq-aşkar imtina etdiyi prinsiplərin də əsasını təşkil edir.

Beləliklə, Ermənistan Azərbaycana qarşı hücumu nə qədər tez dayandırarsa – bir daha təkrarlamaq istərdim ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindədir, biz onların ərazisində deyilik – və işğal altındakı əraziləri tərk etməklə bağlı cədvəli nə qədər tez razılaşdırarsa, atəşkəslə bağlı razılaşma o qədər tez əldə olunacaq. Bununla da Ermənistanın heç bir şeyə fərq qoymadan həyata keçirdiyi hücumları başa çatacaq.

Həmsədrlər Yerevana başa salmalıdır ki, atəşin dayandırılması gələcək hərbi əməliyyatlar arasında fasilə olmalı deyil. Bu, münaqişənin həllilə nəticələnməlidir.

- Rusiya ilə Türkiyənin bu bölgədə unikal maraqları var. Azərbaycanı dəstəkləyən Türkiyədən hansı addımlar gözləyirsiniz?

- Rusiya vacib regional oyunçudur və Azərbaycanın qonşusudur. Biz Moskva ilə Yerevanın hərbi sahədə yaxın müttəfiq olduğunu bilirik. Rusiyanın Ermənistanda hərbi bazası da var. Bununla yanaşı, Bakı Rusiyadan Ermənistana son aylarda kütləvi silah tədarükündən narahatlığını ifadə etmişdi. Bu daşımalar digər qonşumuz İranın hava və quru yolu vasitəsilə həyata keçirilib. Əlbəttə ki, belə hallar Bakının haqlı narazılığına səbəb olur.

Bütün bunların fonunda bu gün Ermənistanın liderləri Azərbaycanı təxribata çəkməyə, ölkəmizi onların ərazisini hədəfə almağa təhrik etməyə çalışır. Çünki bu halda onlar Rusiyanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində öhdəlikləri yerinə yetirməyə çağıracaqlar. Bu, Yerevanın Moskvanı qarşıdurmaya cəlb etmək yolu ilə münaqişənin miqyasını genişləndirmək istədiyini göstərir. Bütün bunlar Ermənistan rəhbərliyinin öz əhalisinin təhlükəsizliyinə də etinasızlıqla yanaşdığını nümayiş etdirir. Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda verdiyi müsahibədə Rusiya sülhməramlılarının regiona dəvət olunmasının, Rusiyaya hərbi müdaxilə ilə bağlı çağırış edilməsinin mümkün olduğunu deyib.

Türkiyəyə gəlincə, Azərbaycan Ankaranın mənəvi, diplomatik dəstəyini, həmçinin Ermənistanı işğala dərhal son qoymağa çağırmasını yüksək qiymətləndirir... Lakin Türkiyə bu müharibədə birbaşa iştirak etmir. O, Ermənistan-Azərbaycan münaqişəsində tərəf deyil. Türkiyə hərbçiləri bu əməliyyatlara qatılmır. Azərbaycanın XXI əsrin tələblərinə cavab verən, nizami, yaxşı hazırlıqlı və intizamlı ordusu var. Odur ki, bizim xarici qüvvələrə ehtiyacımız yoxdur.

- Sizcə ABŞ bu gün proseslərdə daha fəal rol oynamalıdırmı? Vaşinqtonun baş verənlərə reaksiyası sizi qane edirmi?

- ABŞ Rusiya ilə birgə ATƏT-in Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Demək, Vaşinqton hər iki beynəlxalq təşkilatın qərarlarının icra edilməsində, sülh planının həyata keçirilməsində maraqlı olmalıdır.

Azərbaycanla ABŞ arasında hər iki dövlətin və regionun maraqlarına əsaslanan güclü, çoxtərəfli, strateji əməkdaşlıq mövcuddur. Odur ki, Vaşinqtonun bundan sonra da ədalətli və obyektiv vasitəçi rolunu qoruyub saxlayacağına ümid bəsləyirik. Bu, sülh danışıqlarının uğurlu olması üçün çox vacibdir.

Bundan başqa, Minsk qrupunda faktiki olaraq nüfuzunu qoruyub-saxlayan ABŞ-ın münaqişədə tərəf tutmaması, bu mövqeyinə zərbə vurmaması çox əhəmiyyətlidir.

Bu gün ABŞ atəşin dayadırılmasına, mülki əhalinin qorunmasına israrlı çağırışlar edir. Lakin sülhün bərqərar olması üçün onun daha fəal addımlarına ehtiyac duyulur. ABŞ ilk növbədə Ermənistanı Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində hərbi əməliyyatların dayandırılmasının, silahlı qüvvələrini işğal altındakı ərazilərdən çıxarmasının vacibliyinə inandırmalıdır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The Washington Times

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az