22.10.2020 11:06
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan indi də bu oyunu oynayır!
 
22.10.2020
HABERTÜRK, Türkiyə
 

  Dağlıq Qarabağdakı gərginliyin arxasında nə dayanır?
 
21.10.2020
Əl-Cəzirə, Qətər
 

  MÜSAHİBƏ| Hikmət Hacıyev: “Azərbaycanın yeganə məqsədi sülhü bərqərar etməkdir”
 
21.10.2020
La Repubblica, İtaliya
 

  FOTOREPORTAJ| Yaşayış evlərinə raket zərbəsi: 12 ölü, 40-dan çox yaralı
 
20.10.2020
Daily Mail, Böyük Britaniya
 

  Misli görünməmiş riyakarlıq!
 
20.10.2020
Yeni Şafak, Türkiyə
 

 
 
Atəşkəs? Ermənistan dinc Gəncə şəhərini atəşə tutur

 
 



Moskovskiy komsomolets, Rusiya
14.10.2020


Yerevanda baş nazir Nikol Paşinyanın siyasətindən narazılıq artdıqca, Azərbaycan şəhərləri Ermənistan tərəfindən şiddətli raket atəşinə tutulur.

Ermənistanla Azərbaycan arasında Rusiya rəhbərliyinin vasitəçiliyi ilə oktyabrın 9-10-da aparılmış və saatlarla davam etmiş danışıqlar nəticəsində əldə olunmuş atəşkəsi erməni tərəfi pozub. Bu haqda “News.ru” informasiya portalı yazır.

Xatırladaq ki, iki dövlət arasında tanınmamış “Dağlıq Qarabağ Respublikası” uğrundakı münaqişə sentyabrın sonundan yenidən qızışıb.

Lakin əldə edilmiş atəşkəs razılaşması demək olar ki, dərhal pozulub. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Azərbaycanın Mingəçevir şəhəri elə anlaşmanın ilk günü, oktyabrın 10-da atəşə tutulub.

Oktyabrın 11-də Azərbaycan hökuməti ölkənin ikinci böyük şəhəri olan Gəncənin də raket atəşinə tutulduğunu bəyan edib. Rəsmi məlumata görə, “Toçka-U” operativ taktiki raketinin yaşayış binasına düşməsi nəticəsində ən azı 9 nəfər həlak olub, qadın və uşaqlar da daxil olmaqla, 30-dan çox sakin yaralanıb.

Raket zərbəsinin dağıntılarını göstərən video və fotoları gizlətmək mümkün deyil. Hücum nəticəsində 1941-1945 Qələbə Parkı da dağılıb. Bu, Nikol Paşinyanın bəslədiyi Qərbyönümlü erməni elitasının Rusiyaya qarşı yönəlməsi fonunda xüsusilə səciyyəvi görünür.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin verdiyi məlumata görə, ölkənin hava hücumundan müdafiə qüvvələri “S-300” zenit-raket sistemləri vasitəsilə erməni təhlükəsini neytrallaşdıra bilib.

Lakin ermənilərin özləri Gəncənin atəşə tutulduğunu ümumiyyətlə inkar etməyə çalışır. Onları anlamaq olar, çünki dinc şəhərə raket zərbəsinin endirilməsi müharibənin elan edilməsinə bərabər addımdır.

Görünən odur ki, son günlərin hadisələri beynəlxalq hüququn əsas müddəalarına qəti şəkildə ziddir. Onlara görə, Qarabağ Azərbaycanın tərkib hissəsidir və onun öz ərazisində apardığı istənilən döyüş hərəkəti qanuni antiterror əməliyyatıdır. “DQR”dən kənar yaşayış məntəqəsinə endirilən zərbə isə bir dövlətin digərinə təcavüzüdür.

“News.ru” yazır ki, Ermənistan silahlı qüvvələrinin bu davranışı həm də tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın “prezident”i Araik Arutunyanın yaxın dostu Aleksandr Arutunyanın münaqişə zonasında ölməsilə bağlı ola bilər. Dostunun öldürülməsi barədə xəbəri Araik Arutunyan özü şəxsən yayıb. O, birinci Qarabağ müharibəsi zamanı (1988-1994) döyüş yoldaşı olmuş həmin şəxsin birinci dərəcəli “Döyüş xaçı” ordenilə təltif edildiyini də açıqlayıb.

Azərbaycan 1992-ci ilin fevralında baş vermiş Xocalı hadisələrinin günahkarı kimi məhz Arutunyanı göstərir. O vaxt Dağıq Qarabağda yerləşən Xocalı şəhərinə hücum nəticəsində 600-dən çox dinc azərbaycanlı həlak olmuşdu. Lakin həmin qətliama görə hələ də heç kim hüquqi məsuliyyətə cəlb olunmayıb. Həmin hadisə indiyədək Yerevanla Bakı arasında qarşıdurma mövzusudur.

Gəncəyə zərbənin endirilməsi Ermənistan hərbi rəhbərliyinin bilavasitə təmas xəttindəki uğursuzluqlarının nəticəsi də ola bilər. Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın sonundan həyata keçirdiyi uğurlu əks-hücum nəticəsində Paşinyan və onun “DQR”dən olan həmfikirəri öz səhvlərinə görə məsuliyyəti üçüncü tərəflərin üzərinə atmağa, həmçinin döyüş itkilərini və fərarilik hallarını gizlətməyə məcburdur.

Yerevan hər şey qaydasında olduğunu sübut etməyə çalışır. Lakin ölkənin baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinə mütəmadi zəngləri və digər hərəkətləri bunun əksini göstərir.

Atəşkəsin Yerevan tərəfindən pozulmasının motivi nə olursa olsun, bir şey aydındır ki, Paşinyan danışıqlar prosesini davam etdirmək niyyətində deyil. Bu isə yalnız yeni gərginliyə gətirə və Yerevanı yeni torpaqlar qaytarmasına səbəb ola bilər. İstənilən halda, baş verənlər Ermənistanın yenidən danışıqlar masası arxasına əyləşməsinə aparıb çıxarmalıdır.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Moskovskiy komsomolets

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az