23.11.2020 19:41
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakı: Dağlıq Qarabağdan məcburi köçkünlərin qayıdış arzuları
 
23.11.2020
Le Monde, Fransa
 

  Qarabağda atəşkəs: Zəngilan-Naxçıvan dəhlizinin reallıqları
 
23.11.2020
IRNA, İran
 

  Dağlıq Qarabağ problemi dini münaqişə deyil
 
23.11.2020
FarodiRoma, İtaliya
 

  İkinci Qarabağ müharibəsi Ermənistanla Azərbaycanı necə dəyişdi?
 
20.11.2020
EURACTIV, Aİ
 

  Dağlıq Qarabağda nə var, nə yox...
 
20.11.2020
Yeni Akit, Türkiyə
 

 
 
“Humanitar yardım” yerinə silah: Yerevan hərbi yükləri qaçaqmalçılıq yolu ilə alır

 
 



NEWS.ru, Rusiya
17.10.2020


Müəllif: Renat Abdullin

Ermənistanla Azərbaycan arasında Moskvanın vasitəçiliyilə əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, Dağlıq Qarabağda hərbi əməliyyatlar davam edir. Azərbaycan Prezidenti İlham Əliyev atəşkəsi ötən həftə məhz Yerevanın istədiyini bildirib. Bundan sonra isə Ermənistanın baş naziri Nikol Paşinyan böyük itkilərinin olduğunu, cənub və şimal istiqamətlərində geri çəkildiklərini rəsmən etiraf edib.

Lakin böyük ehtimalla Yerevan bundan qoşunların yerdəyişməsini həyata keçirmək, onları silahlandırmıq üçün istifadə etməyə çalışırdı. Yeri gəlmişkən, erməni tərəfi bunu rəsmi hərbi-texniki kanallarla deyil, qaçaqmalçılıq yolu ilə əldə etdiyi silahlarla edir.

Yerevan “humanitar yardım” adı altında silah almağa davam edir. Bunu Azərbaycandakı mənbələr bildirir. Məsələn, oktyabrın əvvəlində “Atlantis Armenian Airlines” və “Elite Avia” aviaşirkətləri mülki təyyarələrlə bu ölkəyə müxtəlif silahlar, “Kornet” tankəleyhinə komplekslər və yaylım atəşli raket sistemləri üçün sursat, “D-20” və “D-30” haubitsaları üçün 152 mm və 122 mm-lik mərmilər gətirib. Bu təchizat ilk növbədə Avropadakı erməni diasporu tərəfindən həyata keçirilir.

Yerevanda enmiş “Boeing-757” təyyarəsi Belçikanın Lyej, “Hayastan” beynəlxalq ümumerməni fondunun icarəyə götürdüyü ABŞ təyyarəsi isə Parisin Şarl De Qol hava limanından gəlib.

Maraqlıdır ki, hərbi təyinatlı yüklərin tranziti Moskvada Azərbaycanla Ermənistan arasında rəsmi atəşkəsin elan olunmasından sonra da qeydə alınır. Bakıda xatırladırlar ki, mülki təyyarələrdən hərbi məqsədlərlə istifadə Beynəlxalq Mülki Aviasiya haqqında 1944-cü il tarixli Çikaqo Konvensiyasının kobud şəkildə pozulmasıdır: heç bir üzv dövlət mülki aviasiyadan Konvensiyanın tələblərinə zidd olan məqsədlərdə istifadə edə bilməz. Sənədin 44-cü maddəsinə görə Beynəlxalq Mülki Aviasiya Təşkilatının əsas məqsədlərindən biri bütün dünyada təhlükəsiz və tənzimlənə bilən mülki aviasiyanın inkişaf etdirilməsi, hava gəmilərinin dinc məqsədlərlə istifadəsinə dəstək verilməsindən ibarətdir.

Buna baxmayaraq, Ermənistan tərəfindən mülki təyyarələrlə hərbi yüklərin daşınması barədə məlumatların sayı artmaqdadır. Bu barədə, məsələn, oktyabrın 10-da özünün “Twitter” hesabında Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev də yazıb. ““Atlantis Armenian Airlines” aviaşirkəti mülki təyyarələrdə humanitar yardım adı altında Ermənistana raket və raket sistemləri daşıyır. Bu, Çikaqo Konvensiyası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarına ziddir”, - deyə o, bildirib.

Bu haqda Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) də məlumat yayıb. Nazirliyin məlumatına görə, “silahlar Ermənistanın Fövqəladə Hallar Nazirliyi tərəfindən humanitar yardım adı altında qaçaqmalçılıq yolu ilə daşınır”. Artıq Azərbaycan XİN-i bununla bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına müraciət edib, qurumdan Ermənistana mülki təyyarələrdə silah daşınması ilə bağlı araşdırmaya başlamasını istəyib. Bakı xatırladıb ki, bu, ilk belə hal deyil.

Hələ 2008-ci ilin sonunda Vaşinqtona məlum olmuşdu ki, 2003-cü ildə Ermənistandan İrana göndərilmiş silah partiyası sonradan İraqa ötürülüb. “Der Spiegel”in məlumatına görə, Ermənistanın əldə etdiyi və təkrar ixrac yolu ilə İraq üsyançılarınan əlinə keçmiş bu silahlar 31 yanvar 2008-ci ildə Amerika ordusunun serjantının ölümü və ən azı 10 əsgərin yaralanmasına səbəb olub. O zaman ABŞ-ın dövlət katibi Con Neqroponte Ermənistanın o vaxkı prezidenti Serj Sarqsyana məktub ünvanlamışdı. “Ermənistanın İrana silah ötürməsi nəticəsində İraqda ABŞ əsgərlərinin ölməsi və yaralanmasından dərin narahatlıq keçiririk”, - deyə məktubda bildirilirdi. Sonradan həmin məktubun mətni “Wikileaks”də dərc olunmuşdu.

Silah qaçaqmalçılığında adı hallanan digər tanınmış sima isə qondarma “Dağlıq Qarabağ Respublikası ordusu”nun keçmiş komandanı Samvel Babayandır. O, öz mövqeyindən sui-istifadə edərək İrana və onun hüdudlarından kənara silah təchizatı marşrutları hazırlayıbmış. 2017-ci il martın sonunda o, Gürcüstan ərazisindən Ermənistana qaçaqmalçılıq yolu ilə “İqla” zenit-raket kompleksi keçirməkdə günahlandırılaraq həbsə atılmışdı. Elə həmin il noyabrın 28-də Babayan barəsində 6 il müddətinə həbs qərarı çıxarılıb.

Maraqlıdır ki, Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra, 2018-ci ilin iyununda Samvel Babayan Ermənistan parlamenti deputatlarının zaminliyilə azadlığa çıxıb. Üstəlik, 2020-ci il mayın sonunda o, “DQR təhlükəsizlik şurası”nın “katib”i təyin edilib. Görünür, Yerevan Babayanın əlaqələrini çox yüksək qiymətləndirir və istisna deyil ki, indi o, həmin əlaqələrindən silah qaçaqmalçılığı üçün istifadə edir.

Ermənistanın transmilli silah qaçaqmalçılığı şəbəkəsinə Amerika türməsində cəza çəkən Viktor But da cəlb edilibmiş. İstintaq sənədlərinə görə, But izlənildiyini öyrəndikdən sonra “təhlükəsiz” hesab etdiyi ölkələrdən başqa heç yerdə görüşə razılıq verməyib. Onun üçün “təhlükəsiz” ölkələr sırasında Ermənistan da olub. Qaçaqmalçının xanımı Alla But “Der Spiegel”ə müsahibəsində etiraf edib ki, Viktor öz təhlükəsizliyindən ehtiyat atdiyi üçün çox yerə uçmasa da, Ermənistana problemsiz gedib-gəlirmiş.

2020-ci ilin yayında isə yeni silah alveri qalmaqalında Ermənistanın baş naziri Nikol Paşinyanın öz adı hallanmağa başlayıb. Onu silah alverində günahlandıran ölkənin Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarqsyanın kürəkəni Mikayıl Minasyan idi. Diplomat baş naziri müttəfiq Rusiyadan endirimli qiymətlərlə aldıqları silahları satmaqda günahlandırır.

İrişmiqyaslı silah qaçaqmalçılığında Ermənistanda ad çıxarmış “kölgə iş adamı” David Qalstyanın da adı hallanır. Onun adı münaqişə zonalarına qanunsuz silah daşınması və satışı haqda məlumatlarda çoxdan keçirdi. Versiyalardan birinə görə, Rusiyanın endirimlərindən istifadə edən Qalstyan hərbi təyinatlı məhsulları Paşinyanın himayədarlığı ilə üçüncü ölkələrə satıb. 

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: NEWS.ru

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az