22.10.2020 10:37
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyan indi də bu oyunu oynayır!
 
22.10.2020
HABERTÜRK, Türkiyə
 

  Dağlıq Qarabağdakı gərginliyin arxasında nə dayanır?
 
21.10.2020
Əl-Cəzirə, Qətər
 

  MÜSAHİBƏ| Hikmət Hacıyev: “Azərbaycanın yeganə məqsədi sülhü bərqərar etməkdir”
 
21.10.2020
La Repubblica, İtaliya
 

  FOTOREPORTAJ| Yaşayış evlərinə raket zərbəsi: 12 ölü, 40-dan çox yaralı
 
20.10.2020
Daily Mail, Böyük Britaniya
 

  Misli görünməmiş riyakarlıq!
 
20.10.2020
Yeni Şafak, Türkiyə
 

 
 
Dağlıq Qarabağ: gərginliyi dayandırmaq üçün daha bir “humanitar atəşkəs”

 
 



Le Point, Fransa
18.10.2020


Ermənistanla Azərbaycan arasında əldə edilmiş, lakin əməl olunmayan ilk humanitar atəşkəs razılaşmasından bir həftə sonra – ötən gecə saat 00:00-dan yeni “humanitar atəşkəs” qüvvəyə minib. Məqsəd tərəfləri arasında çoxsaylı insan ölümünə səbəb olan münaqişənin daha da şiddətlənməsinin qarşısının almasına cəhddir.

“Ermənistan Respublikası ilə Azərbaycan Respublikası oktyabrın 18-i saat 00:00-dan etibarən humanitar atəşkəs barədə razılığa gəliblər”, - deyə Ermənistanın xarici işlər naziri şənbə günü axşam bildirib.

Azərbaycanın Xarici İşlər Nazirliyi də öz növbəsində, oxşar açıqlama yayıb.

Tərəflər arasında təxminən 3 həftə əvvəl yenidən başlamış döyüşlər yüzlərlə insanın həyatına son qoyub. Bir həftə əvvəl Moskvanın təşəbbüsü ilə atəşkəs razılaşmasə əldə edilsə də, o, uğursuz olmuş və şənbə günü döyüşlər yenidən alovlanmışdı.

Bu arada, Azərbaycan elə dünən gecə ölkənin ikinci böyük şəhəri olan Gəncənin raket hücumuna məruz qaldığını, nəticədə uşaqlar da daxil olmaqla, 13 mülki şəxsin həlak olduğunu açıqlayıb. Bakı bunun “intiqamını alacağına” söz verib.

Azərbaycanıb baş prokuroru bildirib ki, şəhərə raket zərbələri yerli vaxtla təxminən gecə saat 03:00 radələrində endirilib. Nəticədə çox sayda ev dağıdılıb, 45-dən çox mülki şəxs yaralanıb.

Yeni atəşkəs razılaşmasına gəlincə, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, razılıq Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ermənistanlı və azərbaycanlı həmkarları ilə telefon danışığından sonra əldə edilib. Lavrov hələ bir neçə gün əvvəl Moskvada imzalanmış atəşkəs sazişinə ciddi riayət olunmasının zəruriliyini bildirib.

Tərəflər arasında humanitar atəşkəs razılaşmasını Fransa prezident Emmanuel Makron da alqışlayıb. Onun sözlərinə görə, razılaşma son günlər, o cümlədən son saatlar ərzində Minsk qrupunun həmsədrləri (ABŞ, Fransa, Rusiya) ilə əməkdaşlıq çərçivəsində aparılmış müzakirələr nəticəsində əldə olunub.

Müharibə cinayətləri

AFP xəbər verir ki, gecə saatlarında Gəncə sakinlərin göz yaşları içərisində, pijamada küçələrə tökülübmüş. Bütün gecə ərzində onlarla xilasedici texnikadan istifadə etmədən sağ qalanları axtarıb: “Parçalanmış insan qalıqlarını qara torbalara yığırdılar”.

“Cəsədləri tanıya bilmirik. Onların morqda tanınıb-tanınmayacağı da bəlli deyil. Tikə-tikə olublar”, - deyə hadisədən dəhşətə gələn 36 yaşlı Mayıl Şahnəzərov bildirib.

Hadisənin ardınca xalqa müraciət edən Azərbaycan prezidenti İlham Əliyev deyib: “Biz qisasımızı döyüş meydanında alacağıq”. Əliyev separatçı düşməni və ona himayədarlıq edən Ermənistanı “itlər” və “faşistlər” adlandırıb.

Türkiyə öz növbəsində, Ermənistanı müharibə cinayətləri törətməkdə ittiham edib. Gəncədə baş verənlərə Avropa İttifaqı da münasibət bildirib. Brüssel şəhərə raket zərbələri endirilməsindən təəssüfləndiyini qeyd edib, tərəfləri mülki şəxsləri hədəfə almaqdan çəkinməyə çağırıb.

Qeyd edək ki, təxminən 300 min nəfər əhalisi olan Gəncə şəhəri döyüşlərin başlamasından bu yana bir neçə dəfə raket hücumuna məruz qalıb. Ötən həftə baş vermiş raket hücumu 10 mülki şəxsin həyatına son qoymuşdu.

Erməni separatçıları öz növbələrində, Gəncədə aviabaza, motoatıcı briqadanın qərargahı, xüsusi təyinatlılar, müdafiə əməliyyatları mərkəzi, yanacaq anbarları və silah-sursat zavodları kimi “legitim hədəflər”in yerləşdiyini bildirir. Onlar Azərbaycanı gecə saatlarında Qarabağdakı mülki infrastruktura hücumda günahlandıraraq, buna cavab verməyin zəruriliyini deyirlər.

Separatçıların iddiasına görə, Gəncəyə zərbələrin endirilməsindən bir neçə saat əvvəl onların “paytaxt”ı (dırnaq işarəsi bizə aiddir - WM) Stepanakert (Xankəndi - WM) atəşə tutulub.

3 həftədir davam edən döyüşlərdə Azərbaycan yeni ərazilər ələ keçirib. Bakı bu günədək hərbi və maddi itkilərilə bağlı məlumat verməyib.

Separatçılar isə minlərlə insan öldürdüklərini iddia edir, lakin geri çəkildiklərini də etiraf edirlər. Bununla yanaşı, onlar “vəziyyətin nəzarətdə olduğunu” bildirirlər. Erməni tərəfi döyüşlərdə 700 nəfərədək hərbçi itirdiyini rəsmən açıqlayıb. Məlumatda Qarabağda yaşayan 140 min sakininin yarısının başqa yerlərə köçürüldüyü də deyilir.

Beynəlxalq ictimaiyyət potensial humanitar böhranla yanaşı, münaqişənin beynəlmiləlləşə biləcəyindən də narahatdır. Çünki Türkiyə bu məsələdə birmənalı olaraq Azərbaycanı dəstəkləyirsə, separatçılara hərbi-maliyyə dəstəyi göstərən Ermənistan Rusiya ilə hərbi ittifaqdadır.

Əhalisinin əksəriyyəti xristian ermənilərdən ibarət Dağlıq Qarabağ 1991-ci ildə SSRİ-nin dağılmasından az sonra əhalisinin böyük hissəsini türkdilli şiə müsəlmanları təşkil edən Azərbaycandan ayrıldığını bəyan edib. Bu, tərəflər arasında 30 min insanın həlak olduğu müharibəyə səbəb olub.

Tərəflər arasında 1994-cü ildə atəşkəs sazişi imzalansa da, zaman-zaman insan təlafatı ilə müşayiət olunan toqquşmalar baş verirdi.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Le Point

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az