22.10.2020 09:41
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağdakı gərginliyin arxasında nə dayanır?
 
21.10.2020
Əl-Cəzirə, Qətər
 

  MÜSAHİBƏ| Hikmət Hacıyev: “Azərbaycanın yeganə məqsədi sülhü bərqərar etməkdir”
 
21.10.2020
La Repubblica, İtaliya
 

  FOTOREPORTAJ| Yaşayış evlərinə raket zərbəsi: 12 ölü, 40-dan çox yaralı
 
20.10.2020
Daily Mail, Böyük Britaniya
 

  Misli görünməmiş riyakarlıq!
 
20.10.2020
Yeni Şafak, Türkiyə
 

  MÜSAHİBƏ| Dağlıq Qarabağ müharibəsi nəyə aparıb çıxara bilər?
 
20.10.2020
Pravda.ru, Rusiya
 

 
 
Ermənistan-Azərbaycan münaqişəsi və İsrail

 
 



Jns.org, ABŞ
18.10.2020


Müəllif: Şon Seviç

Ermənistanla Azərbaycan arasında uzun illərdir davam edən münaqişə son həftələr yenidən qızışıb. Bu iki dövlət uzun illərdir Dağlıq Qarabağ regionu uğrunda mübarizə aparır. Region beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Amma iki ölkə arasında 1990-cı illərin əvvəlində baş vermiş müharibə nəticəsində o, Ermənistan tərəfindən işğal edilib. 

Münaqişə Cənubi Qafqazın iki balaca ölkəsi arasında getsə də, görunən odur ki, onun ciddi regional, hətta qlobal nəticələri olacaq. Doğrudur, Qafqaz regionundakı bu münaqişə İsrailin təhlükəsizliyinə birbaşa təhdid yaratmır. Amma İsrailin uzun illərdir Azərbaycanla sıx əlaqələri var. Üstəlik, yəhudi dövləti Ermənistanla da əlaqələri inkişaf etdirmək niyyətindədir. Türkiyə, İran, Rusiya kimi böyük dövlətlərin yerləşdiyi regionun geosiyasi landşaftını də nəzərə alsaq, İsrail hər şeyə hazır olmalıdır.

“İsraillə Azərbaycan strateji müttəfiqlərdir. Söhbət təkcə neft və silah tədarükündən deyil, həm də dərin strateji əməkdaşlıqdan gedir”, - deyə Atlantik Şurasının Qlobal Enerji Mərkəzinin böyük elmi işçisi Brenda Şaffer bildirir. Onun fikrincə, Azərbaycanın İsraillə açıq-aşkar dostluğu əslində, əhalisinin əksəriyyəti müsəlman olan digər ölkələrin yəhudi dövlətilə əlaqə qurulmasına yardım göstərib: “Nəticədə İsrailin BƏƏ kimi əhalisinin əskəriyyəti müsəlman olan bir neçə dövlətlə əlaqələri inkişaf edir”.

Brenda Şaffer bir məqama xüsusi diqqət çəkir: Azərbaycan İranla həmsərhəd olmasına rəğmən, uzun illərdir İsraillə açıq-aşkar əməkdaşlıq etməkdən çəkinmir: “Bu, əhalisinin əksəriyyəti müsəlman olan digər dövlətlərə nümunədir. Onlar görürlər ki, İran və ya digər ölkələrin reaksiyasından çəkinməyərək İsraillə əlaqələri yaxşılaşdırmaq olar”.

Ermənistan tərəfinin məlumatına görə, Azərbaycanla sentyabrın 27-də başlamış hərbi əməliyyatlar nəticəsində artıq 532 erməni hərbçi və 42 mülki şəxs həlak olub.

Doğrudur, Ermənistanla Azərbaycan Rusiyanın vasitəçiliyi ilə oktyabrın 10-da humanitar atəşkəslə bağlı razılığa gəlmişdi. Bu, münaqişənin sülh yolu həllinə töhfə verməli idi. Amma az sonra döyüşlər yenidən başlayıb. Tərəflər bir-birini atəşkəsi pozmaqda və hücumları davam etdirməkdə günahlandırır.

ABŞ dövlət katibi Mayk Pompeo da tərəfləri atəşkəs razılaşmasına əməl etməyə çağırıb: “Biz insan itkilərinə görə məyusuq və münaqişənin sülh yolu ilə həllinə sadiqik”.

İctimai fikrə təsir göstərmək cəhdləri

Ermənistanla Azərbaycan arasında döyüşlərin daha da şiddətləndiyi dövrdə, İsrailin Bakı ilə hərbi sahədə əməkdaşlığı tənqid olunmağa başlayıb. Oktyabrın əvvəllərində sosial şəbəkələrdə yayılmış videoda Azərbaycan Silahlı Qüvvələrinin Ermənistana məxsus hərbi hədəfləri İsrail istehsalı olan qısamənzilli balistik “LORA” raketlərilə vurduğu görünür. Bundan başqa, azərbaycanlı rəsmilər hərbi əməliyyatlarda İsrail istehsalı olan dronlardan istifadə etdiklərini təsdiqləyir.

Məlum olduğu kimi, Yerevanla yəhudi dövləti arasında diplomatik əlaqələr var. Lakin müharibədə Azərbaycanın İsrail istehsalı olan silahlardan istifadə etməsi Yerevanla Təl-Əviv arasında diplomatik qalmaqala yol açıb. Ermənistan hətta İsraildəki səfirini geri çağırıb.

Bu azmış kimi, Ermənistan dövləti tərəfindən dəstəklənən qondarma “Dağlıq Qarabağ Respublikası” İsrailin Azərbaycanın həyata keçirdiyi “soyqırım müharibəsi”ndə iştirak etdiyini bildirir. Yeri gəlmişkən, bu günlərdə İsrail Ali Məhkəməsi Azərbaycana silah satışına qadağanın qoyulması vəsatətini dəlil çatışmazlığı səbəbilə rədd edib. İddiaya görə, guya İsrail istehsalı olan silahlar Ermənistana qarşı hərbi cinayətlərdə istifadə olunur.

“İsrailin erməni xalqı ilə dostluq əlaqələri var. Bundan başqa, yəhudi dövləti fəal erməni icmasının da vətənidir. Amma strateji nöqteyi-nəzərdən Ermənistanla İsrail fərqli mövqeləri bölüşür. Yerevan Tehranla sıx əməkdaşlıq edir. Bununla yanaşı, hazırda Ermənistana tədarük edilən silahların əksəriyyəti İran vasitəsilə nəql olunur”, - deyə Brenda Şaffer qeyd edib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov isə Ermənistanın Türkiyə, Rusiya və İsrail kimi beynəlxalq oyunçuları münaqişəyə cəlb etmək istədiyini düşünür. Onun sözlərinə görə, Yerevan bununla münaqişəni daha da genişləndirməyə çalışır: “Azərbaycanla İsrail arasında dərin əlaqələr var. İki ölkə arasında hərtərəfli münasibətlər mövcuddur. Buraya təkcə hərbi əməkdaşlıq daxil deyil. Doğrudur, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq bu əlaqələrdə əsas amildir”.

“Azərbaycan hücuma məruz qalan ölkədir. Onun ərazisi işğal altındadır. Odur ki, ölkəmizin özünü müdafiə etməsi üçün hərbi avadanlıqlar alması təbiidir. Biz Rusiya, Türkiyə, İsrail daxil olmaqla, bir çox dövlətdən silah tədarük edirik. Ermənistan isə məhz İsrail məsələsini şişirtməklə, diqqəti məhz ona cəlb etməyə çalışır. Yerevan bununla İsraildəki ictimai rəyə təsir göstərmək istəyir”, - deyə azərbaycanlı səfir vurğulayıb.

Süleymanov xatırladır ki, Azərbaycan elə öz ərazisindən hücuma məruz qalır: “Ümumiyyətlə, bir məsələni başa düşmək mühüm əhəmiyyət kəsb edir: bu gün hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərində aparılır. Ermənistan ordusunun Azərbaycan torpaqlarında mövcudluğu qeyri-qanunidir. Onlar mülki şəxsləri bombalayır və qətlə yetirir”.

Avropanın qaz bazarına təhdid

Postsovet ölkələri olan Ermənistanla Azərbaycan müstəqilliklərini Sovet İttifaqı dağıldıqdan sonra, 1990-cı illərin əvvəllərində qazanıblar. Onlar həmin vaxtdan münaqişə məngənəsində sıxılıllar. Qeyd etdiyimiz kimi, beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınan region etnik ermənilərin işğalı və nəzarəti altındadır.

Bu iki ölkə arasında hazırda davam edən hərbi əməliyyatlar əslində, hələ iyulda baş vermiş döyüşlərin ikinci mərhələsidir. Yayda Ermənistan silahlı qüvvələri Azərbaycana bu gün  döyüşlərin baş verdiyi bölgədən 300 kilometr uzaqda hücum etmişdi. Həmin vaxt Yerevanın məqsədi həm də Avropanın enerji təhlükəsizliyinə zərbə vurmaq idi. Məsələ ondadır ki, iyul toqquşmaları Xəzərdən Qara dənizə və Aralıq dənizinə qədər uzanan neft-qaz kəmərlərinin keçdiyi bölgənin yaxınlığında baş vermişdi. İsrailə neft tədarükünün 40%-i məhz bu kəmərlər vasitəsilə həyata keçirilir. Bundan başqa, “Cənub Qaz Dəhlizi” layihəsinə daxil olan qaz kəmərləri də həmin bölgədən keçir. Azərbaycan qazı Avropaya məhz bu layihə vasitəsilə nəql ediləcək.

“Moskva güman ki, Ermənistanın Azərbaycana iyulda etdiyi hücuma dəstək vermişdi. O vaxt döyüşlər enerji dəhlizi yaxınlığında gedirdi. Moskva sanki, Azərbaycana onun Avropa qaz bazarlarındakı payına təhlükə yaratmaması ilə bağlı xəbərdarlıq edirdi”, - deyə Şaffer vurğulayır.

Maraqlıdır ki, Ermənistanın müdafiə naziri David Tonoyanın təşviq etdiyi yeni hərbi doktrinada Azərbaycanın işğal altındakı ərazilərinə nəzarətin daha da gücləndirilməsi nəzərdə tutulur. O, xeyli vaxt idi “yeni ərazilər uğrunda yeni müharibə” strategiyasında da danışırdı. Ermənistanın müdafiə naziri bununla sanki Azərbaycana xəbərdarlıq edir, bildirirdi ki, Bakı işğal altındakı ərazilərini azad etməyə çalışarsa, yeni torpaqlar da itirəcək.

“Bugünkü əməliyyatlar əslində, iyul döyüşlərinə bağlıdır. Bakı Yerevana göstərir ki, Azərbaycana hücum çox ağır nəticələr verir və Ermənistan üçün böyük risklər yaradır”, - deyə Şaffer bildirir.

Beləliklə, iki ölkə arasında mübahisənin əsasını Ermənistanın işğalı altındakı Dağlıq Qarabağ regionu təşkil edir. Brenda Şafferin sözlərinə görə, hərbi əməliyyatların böyük hissəsi əslində, Ermənistanın 1990-cı illərin əvvəllərində işğal etdiyi Dağlıq Qarabağ ətrafındakı 7 rayonda davam edir: “Əksər xarici media bu məqamı gözdən qaçırır. Ermənistanın işğal etdiyi ərazilərin böyük hissəsi Dağlıq Qarabağın ətrafında yerləşir”.

Onun sözlərinə görə, Yerevan həmin ətraf rayonlarda qanunsuz məskunlaşdırma siyasəti aparır və bu əraziləri tərk etmək təklifinə qarşı çıxır.

Tehran üçün çağırış

İsrail çətin ki, bu münaqişəyə cəlb olunsun. Lakin onun Azərbaycana dəstəyi Kipr və Yunanıstan kimi müttəfiqlərilə münasibətlərinə xələl gətirə bilər.

“İsrailin Azərbaycana satdığı dronlardan Ermənistan hədəflərinin məhvi üçün istifadə edilir. Məhz buna görə Qərb dövlətləri və Ellin ölkələri yəhudi dövlətini tənqid edə bilər”, - deyə “Middle East Truth” fondunun direktoru Bencamin Veyl nəşrimizə bildirib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında münaqişə nə qədər çox davam edərsə, İsraillə digər ölkələr arasında fikir ayrılığının yaranması ehtimalı o qədər çox olacaq.

Cənubi Qafqaz regionunda gərginliyin davam etməsi nəticəsində İsraillə İran arasında da yeni cəbhə yarana bilər. Azərbaycanla həmsərhəd olan İranın Ermənistanla güclü əlaqələri var. Lakin orada çox sayda etnik azərbaycanlı yaşayır.

“Ermənistanın baş naziri Nikol Paşinyan ötən il Tehrana səfəri zamanı İran qazının Avropaya nəqlində ölkəsinin tranzit rolu oynaya biləcəyini demişdi. Bu gün Suriyada Ermənistanın hərbi birləşmələri var. O, Rusiya ordusunun tərkibində fəaliyyət göstərir”, - deyə Brenda Şaffer qeyd edir.

Yeri gəlmişkən, Ermənistanla sərhədi olmayan Rusiya bu ölkəyə silah tədarükünü məhz İran vasitəsilə həyata keçirir.

“Tehranın Ermənistanı və onun Azərbaycana qarşı işğalçı siyasətini dəstəkləməsi İranda yaşayan çox sayda azərbaycanlını qıcıqlandırır. Bu, İran üçün problemlər yarada bilər”, - deyə Şaffer vurğulayır.

İran əhalisi 82 milyon nəfərdir. Onun ən azı 15 milyonu azərbaycanlıdır. Onlar İranın Ermənistanı dəstəkləməsinə qarşı nümayişlər keçirir. İran azərbaycanlıları bu nümayişlərdə Azərbaycanla həmrəy olduqlarını göstərir, “Ermənistana ölüm” şüarı səsləndirirlər.

“Görünən odur ki, yəhudi dövlətilə Azərbaycan arasında sıx əlaqələr əslində, İran daxilində İsrailin nüfuzunun artması ilə nəticələnir. Sosial şəbəkələrdə çox sayda etnik azərbaycanlı İsrailin Azərbaycana dəstəyilə bağlı müsbət rəylər yazır”, - deyə Şaffer sonda qeyd edib.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Jns.org

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az