26.11.2020 08:27
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri
 
25.11.2020
The National Interest, ABŞ
 

  Ermənistan 120-dən artıq yaşayış məntəqəsini Azərbaycana təhvil verib
 
25.11.2020
DER SPIEGEL, Almaniya
 

  FOTOREPORTAJ| Müharibə köçkünləri evlərinə qayıtmaq istəyir - ev qalıbsa...
 
24.11.2020
The Associated Press, ABŞ
 

  Qarabağda idarəçilik sistemi – səfərbərlik başladı
 
24.11.2020
Milliyet, Türkiyə
 

  Azərbaycan azad etdiyi ərazilərin bərpasına başlayır
 
24.11.2020
Eurasianet.org, ABŞ
 

 
 
FOTOREPORTAJ| Yaşayış evlərinə raket zərbəsi: 12 ölü, 40-dan çox yaralı

 
 



Daily Mail, Böyük Britaniya
20.10.2020


Müəllif: Şarlota Mitçel

Dağlıq Qarabağ münaqişəsində gərginlik ciddi şəkildə artıb. Ötən şənbə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədəki yaşayış evlərinə raket zərbələrinin endirilməsi nəticəsində 12 mülki şəxs həyatını itirib, 40-dan çox insan yaralanıb. Raketlərin düşdüyü evlər yerlə-yeksan olub.

Azərbaycan Silahlı Qüvvələrinin etnik erməni separatçılarının “paytaxt”ı (dırnaq işarəsi bizə aiddir - WM) Stepanakertə (Xankəndi - WM) raket zərbələrindən bir neçə saat sonra Gəncə və Azərbaycanın digər strateji şəhəri olan Mingəçevir atəşə tutulub.

Görünən odur ki, tərəflərin qarşılıqlı hücumları hərbi əməliyyatların dayandırılması ilə bağlı beynəlxalq səylərə zərbə vurur. Bu, Türkiyə və Rusiya kimi regional güclərin münaqişəyə cəlb edilməsi riskini də artırır.

Hər halda, Gəncə ilə bağlı son fotolardan şəhərdəki evlərin bombalandığı aydın görünür. Yerlə-yeksan edilmiş evlərin qalıqları ətrafa səpələnib, xilasedicilər dağıntılar altında axtarışlar aparır.

Raket zərbələri nəticəsində binaların divarları dağılıb, damları uçub. Bəzi evlər sadəcə, daş parçalarına çevrilib... İnsanlar göz yaşları ilə küçələrə axışıb. Onlar yaşananlardan şok keçirib. Gecə saatlarında insanlar küçələrə ayaqyalın qaçışıblar. Bəziləri xalatda, bəziləri və pijamada...

Xatırladaq ki, bundan təxminən 1 həftə əvvəl Gəncənin digər yaşayış məntəqəsinə də hücum edilmişdi. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə təxminən 300 min nəfər yaşayır. 1 həftə əvvəlki raket zərbəsi nəticəsində 10 mülki şəxs həyatını itirmiş, onlarla insan yaralanmışdı.

Son hücumdan sonra xilasedicilər sağ qalmış insanların axtarışına xüsusi itləri də cəlb etmişdilər.

“Yatırdıq. Uşaqlarsa televizora baxırdı”, - deyə darmadağın olmuş evinin yanında dayanmış 65 yaşlı Rübabə Cəfərova bildirir: “Buradakı bütün evlər dağılıb. Çox sayda insan dağıntılar altındadır”.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter”də yazıb ki, “ilkin məlumata əsasən şənbə günü 20 ev dağılıb”.

Azərbaycan bu hücumda Ermənistanı günahlandırır. Ermənistan hökumətisə buna Dağlıq Qarabağdakı hərbçilərin bəyanatı ilə cavab verib. Onlar bu əməliyyatın düşmən atəşinə cavab olduğunu deyiblər. Deyilənə görə, Azərbaycan Silahlı Qüvvələri oktyabrın 16-da Stepanakerti (Xankəndi - WM) və Şuşanı atəşə tutubmuş.

Gəncədə xilasedicilər dağıntılar altında qalmış insanların səsini eşidə bilmək üçün hər kəsi sakitliyə çağırırdı. Xilasetmə işlər zamanı dağıntıların altından şəxsiyyət vəsiqələri, açarlar, qolbağlar, müxtəlif geyimlər də çıxırdı...

“Bir qadın ayaqlarını itirmişdi. Digərinin isə əlləri yox idi”, - deyə hadisədən şokda olan 26 yaşlı Elmir Şirinzadə bildirirdi.

Xilasedicilər var güclərilə ağır daş parçalarını qaldırır, dağıntılar altında qalmış insanları axtarırdı. Onlar zaman-zaman zərər çəkmiş insanları sakitləşdirməyə də çalışırdılar.

“Mənim həyat yoldaşım oradadır”, - deyə bir kişi qışqırırdı. Feldşersə onu tibbi yardım maşınına tərəf aparmağa çalışırdı.

Həmin vaxt Gəncədən şimalda, bir saatlıq məsafədə yerləşən Mingəçevir şəhərində də partlayış eşidilib. Sakinlər deyir ki, partlayışın səsindən evlər silkələnirmiş. Amma Mingəçevir Hava Hücumundan Müdafiə sistemilə qorunur. Çünki şəhərdə strateji əhəmiyyətli su anbarı var. Mingəçevirə atılmış raketin havada vurulduğu məlum olub. Şəhərin atəşə tutulduğunu Azərbaycan Müdafiə Nazirliyi də təsdiqləyib. Lakin nazirlik hadisənin detallarını açıqlamayıb.

Bundan başqa, azərbaycanlı rəsmilər Gəncənin sənaye bölgəsinə də raket atıldığını desələr də, bununla bağlı da detallı məlumat verilməyib.

Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatlar sentyabrın 27-də başlayıb. İki ölkə arasında Dağlıq Qarabağ münaqişəsi 30 ildir davam edir. Son döyüşlər nəticəsində 80 mülki şəxs daxil olmaqla, 700-dən çox hərbçi həyatını itirib.

Azərbaycanın qərbində yerləşən dağlıq region tərəflər arasında 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən sonra etnik erməni separatçılarının nəzarətində qalıb. Tərəflər arasında 1990-cı illərin əvvəllərində baş vermiş amansız müharibə nəticəsində 30 min insan həyatını itirib.

Ermənistan həmin bölgədə yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası”nı dəstəkləsə də, onun müstəqilliyini tanımır.

Son həftələr davam etməkdə olan döyüşlər fonunda Yerevan Azərbaycan Silahlı Qüvvələrinin vacib nailiyyətlər qazandığını etiraf edir.

Yeri gəlmişkən, azərbaycanlı hərbçilər bu günlərdə AFP jurnalistlərini İranla sərhədə yaxın ərazidə yerləşən cənub istiqamətindəki yaşayış məntəqəsinə aparıb. Ərazi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə bu yaxınlarda keçib. Söhbət Cəbrayıl rayonundan gedir. Burada münbit ərazilərə çıxışı olan strateji yüksəkliklər yerləşir.

Davam etməkdə olan hərbi əməliyyatlar tərəflər arasında son 6 ilin ən miqyaslı döyüşləridir. Azərbaycanın iki böyük şəhərinin və Stepanakertin (Xankəndi - WM) atəşə tutulmasından sonra Rusiya prezidenti Vladimir Putin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfləri amasız döyüşləri dayandırmağa səsləyib.

Dağlıq Qarabağ harada yerləşir?

Azərbaycan ərazisi olan Qarabağ regionu tərəflər arasında 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən sonra etnik ermənilərin nəzarəti altındadır. Tərəflər arasında 1990-cı illərin əvvəllərində baş vermiş amansız müharibə nəticəsində 30 min insan həyatını itirib, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Dağlıq Qarabağın ərazisi 1700 kvadrat mildir. Amma erməni hərbi birləşmələri bu regionun ətrafındakı digər rayonları da işğal edib.

Münaqişə necə başlayıb?

Sovet İttifaqının dağıldığı vaxt xristian ermənilərlə müsəlman azərbaycanlılar arasında gərginlik artmağa başlamışdı. Nəhayət, 1991-ci ildə Sovet İttifaqının dağılması ilə Ermənistanla Azərbaycan müstəqil dövlətlərə çevrilib və dərhal onların arasında müharibə başlayıb. Doğrudur, qeyd etdiyimiz kimi tərəflər 1994-cü ildə atəşkəs müqaviləsi imzalayıb. Amma onlar arasında zaman-zaman toqquşmalar olub.

Hadisələr necə cərəyan edib?

Beynəlxalq vasitəçilərin Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı səyləri indiyədək müsbət nəticə verməyib. Münaqişə Qafqaz regionunun iqtisadiyyatına da zərbə vurub. Çünki o, region ölkələri arasında ticarət əlaqələrin dayanması, Ermənistanla Türkiyə arasında sərhədin bağlanması ilə nəticələnib.

Bölgədə son ciddi toqquşmalar 2016-cı ilin aprelində və bu ilin iyulunda baş vermişdi.

Ermənistanla Azərbaycan arasında sentyabrın 27-də başlamış döyüşlər nəticəsində isə onlarla mülki şəxs həyatını itirib və yaralanıb. Tərəflər döyüşlərin başlamasına görə bir-birini ittiham edir.

Münaqişə region ölkələrinə necə təsir göstərə bilər?

Kiçik regionda davam edən müharibə mülki şəxslər arasında da itkilərə səbəb olur, mülki obyektlər də zərər görür. Digər tərəfdən, regional ölkələrin bu münaqişəyə cəlbi istisna deyil. Bu, artıq ciddi narahatlıq yaradır.

Yerevanın əsas iqtisadi tərəfdaşı olan Rusiya Ermənistanda hərbi bazaya malikdir. Türkiyə isə müsəlman, etnik türk qardaşları olan Azərbaycanı dəstəkləyir. İrana gəlincə, həm Ermənistan, həm də Azərbaycanla həmsərhəd olan bu ölkə tərəfləri atəşi dayandırmağa çağırmaqla kifayətlənir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ATƏT-in Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi Minsk qrupu vasitəçilik edir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Daily Mail

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az