26.11.2020 08:56
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri
 
25.11.2020
The National Interest, ABŞ
 

  Ermənistan 120-dən artıq yaşayış məntəqəsini Azərbaycana təhvil verib
 
25.11.2020
DER SPIEGEL, Almaniya
 

  FOTOREPORTAJ| Müharibə köçkünləri evlərinə qayıtmaq istəyir - ev qalıbsa...
 
24.11.2020
The Associated Press, ABŞ
 

  Qarabağda idarəçilik sistemi – səfərbərlik başladı
 
24.11.2020
Milliyet, Türkiyə
 

  Azərbaycan azad etdiyi ərazilərin bərpasına başlayır
 
24.11.2020
Eurasianet.org, ABŞ
 

 
 
MÜSAHİBƏ| Səfir: “Ermənistan Suriya və digər ölkələrdən muzdlu əsgərlər cəlb edib”

 
 



Avadiplomatic, İran
27.10.2020


Ermənistanla Azərbaycan arasında humanitar atəşkəs haqda razılığın imzalanmasına baxmayaraq, əldə olunan məlumatlar Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda genişmiqyaslı hərbi toqquşmaların davam etdiyini göstərir. “Avadiplomatic” Ermənistan-Azərbaycan münaqişəsində Türkiyə, İsrail və Rusiyanın rolunu, onun Tehran-Bakı münasibətlərinə mümkün təsirlərini öyrənmək üçün Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynovdan müsahibə alıb.

- Ermənistanın İrandakı səfiri Türkiyənin hərbi mütəxəssislərinin Azərbaycanla çiyin-çiyinə vuruşduğunu deyir. Səfir bildirir ki, Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarını, raketlər sistemlərini, digər silah-sursat və hərbi texnikanı onlar idarə edir. Bu haqda nə deyə bilərsiniz?

- Əslində, təkcə Ermənistan səfiri deyil, bütün erməni rəsmilər əl-ayağa düşüb. Azərbaycan Ordusunun sülhə məcburetmə əməliyyatı, ölkənin işğal olunmuş ərazilərinin geri qaytarılması məqsədilə apardığı əks-hücumla bağlı hər yanda yalan təbliğat aparılır, şayiələr yayılır.

Şübhəsiz ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər strateji xarakter daşıyır və ümummilli liderimiz Heydər Əliyevin təbirincə desək, biz bir millət, iki dövlətik. Bölgədə həyata keçirilən bütün strateji iqtisadi layihələr ya Azərbaycandan başlayır, ya da Azərbaycandan keçib Türkiyədə başa çatır. Bizim Türkiyə ilə strateji əlaqələrimiz konkret olaraq hərbi əlaqələri də əhatə edir.

Azərbaycanla Türkiyə arasında hərbi münasibətlərin olduğu da gizli deyil. Mediada da qeyd olunduğu kimi, biz bu yaxınlarda birgə hərbi təlimlər də keçirmişik.

Əvvəlcə Ermənistan Türkiyənin Azərbaycanda hərbə baza yaratmaq istədiyi barədə şayiələr yayırdı. Siz virtual məkanın imkanlarından istifadə edərək Azərbaycan Konstitusiyasını oxuya bilərsiniz. Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Respublikasının ərazisində xarici hərbi bazanın yaradılması qadağandır.

İkincisi, bu gün Azərbaycan Ordusu müstəqilliyin ilk illərindəki ordudan fərqlidir. Bir sıra erməni ekspertlərin özləri etiraf edir ki, Azərbaycan Ordusu MDB məkanında ikinci güclü ordudur. Üstəlik, Azərbaycan Ordusunun hansı silahlara malik olduğu da heç kimə sirr deyil. Biz əməkdaşlıq etdiyimiz  ölkələrdən, o cümlədən Türkiyədən silah almışıq.

Həmçinin, adının mediada hallanmasını istəməyən başqa bir ölkə də var ki, torpaqlarımızın azad edilməsi və işğalın yaratdığı problemlərin aradan qaldırılmasında bizimlə çox fəal əməkdaşlıq edir. Azərbaycan dövləti və xalqı bu əməkdaşlığı yüksək qiymətləndirir və heç vaxt unutmayacaq.

Bu günlərdə Azərbaycan Ordusu xalqımızın həyatını və təhlükəsizliyini qorumaq, ərazilərimizi azad etmək üçün pilotsuz uçuş aparatları, raketlər daxil olmaqla, bütün imkanlarımdan istifadə edir.

- Bütün bu hərbi texnika həqiqətən Azərbaycan Silahlı Qüvvələri tərəfindən idarə olunur?

- Bəli, bütün hərbi texnikaya nəzarət Azərbaycan Ordusunun əlindədir. Məsələyə aydınlıq gətirmək üçün sizə sadə statistika ilə izah edirəm. Sovet İttifaqı dağılarkən Ermənistan əhalisi 3,6 milyon nəfər idi. Ermənistanda yaşayan 230 min azərbaycanlı, o cümlədən mən özüm də köçkün düşdük. Müharibənin başlanması və işğalçılıq siyasəti ilə Ermənistan hakimiyyəti öz ölkəsini çıxılmaz vəziyyətə saldı. Ermənistanın iqtisadi vəziyyəti də məlumdur. Bölgədəki bütün mühüm iqtisadi layihələr Ermənistandan yan keçir. Erməni xalqı da bu işğal siyasətinin qurbanı olub və başqa ölkələrə köçmək məcburiyyətində qalıb. İndi Yerevan Livandan, Suriyadan və ya İraqdan erməniləri Ermənistana köçməyə təşviq edir. Bununla o, yeni bir hərbi cinayət törədir.

SSRİ dağılarkən Azərbaycan əhalisi 6,5 milyon nəfər idi və indi bu rəqəm 10 milyona çatıb. Biz əhalisin əksəriyyəti gənc və təhsilli olan ölkəyik. Bizim başqa yerdən ölkəyə kimlərinsə gətirilməsinə ehtiyacımız yoxdur. Azərbaycanın təxminən 100 minlik ordusu var. Azərbaycan Ordusunun zabitləri və əsgərləri kifayət qədər təcrübəyə, imkana və texnikaya malikdirlər. Keçirilən hərbi təlimlərlə bu bacarıq daha da artırılır.

- Azərbaycan müvəqqəti atəşkəs üçün Rusiyanın vasitəçi rolunu hansı səbəblərdən qəbul etdi?

- Azərbaycanla Rusiya arasında yaxşı münasibətlər var. Yalnız ötən il Rusiya və Azərbaycan prezidentləri altı dəfə görüşüblər. Rusiyada iki milyona yaxın azərbaycanlı yaşayır. Ölkələrimiz arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və İran dövlət başçılarının sammiti keçirilib və bu formatda görüşlər davam edir. Hesab edirik ki, bu formatda əməkdaşlıq çox vacibdir. O, “Şimal-Cənub” dəhlizi layihəsinin ən qısa vaxtda tamamlanmasına kömək edəcək.

İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələri tezliklə sinxronlaşdırılacaq. Bu cür üçtərəfli əməkdaşlıq bölgədə sülh, sabitlik, təhlükəsizlik və davamlı inkişafın təminində olduqca əhəmiyyətlidir.

Konkret sualınıza gəlincə, Azərbaycan və Ermənistanın XİN başçılarının Moskva görüşü Rusiya prezidentinin təşəbbüsü, Rusiya və Azərbaycan prezidentləri və Ermənistan baş naziri arasında əldə olunmuş razılığa əsasən keçirilib. Bir neçə saat davam edən görüşün nəticəsi olaraq Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirləri tərəfindən dörd bənddən ibarət birgə bəyanat yayılıb. Bəyanatın birinci və ikinci bəndləri ümumi xarakter daşıyır. Bildiyiniz kimi, Ermənistanın baş naziri münaqişənin həllinin baza prinsiplərindən və həmçinin sülhün əldə edilməsinə yönəlmiş substantiv danışıqlardan imtina etmişdi.

Birgə bəyanatın üçüncü bəndində Ermənistan öz təxribatçı mövqeyindən geri çəkilib və münaqişənin həllinin baza prinsiplərinə, eləcə də sülhün əldə edilməsi məqsədilə substantiv danışıqların aparılmasına razılıq verib. Həmçinin bilirsiniz ki, Ermənistanın baş naziri Dağlıq Qarabağ separatçılarının da danışıqlarda tərəf olmasında israr edirdi. Moskva bəyanatının 4-cü bəndində Ermənistan tərəfi danışıqlar formatının dəyişilməz olduğunu qəbul edib.

- İran rəsmiləri separatçı təşkilatların (Cənubi Azərbaycanın millətçi, müstəqillik tələb edən təşkilatları - red.) Ermənistan-Azərbaycan müharibəsindən necə yararlanmağa çalışdıqlarını yaxından izləyirlər. Azərbaycanın təhlükəsizlik xidmətləri İran rəsmilərinin bu narahatlığını aradan qaldırmaq üçün onlarla müzakirələr aparıbmı?

- Birincisi, Azərbaycan özü separatçılığın qurbanıdır və Dağlıq Qarabağ müharibəsi məhz separatçılıq üzündən başlayıb. Azərbaycan dövlətinin prinsipial siyasəti ondan ibarətdir ki, separatçılıq dünyanın hər yerində pislənilməlidir. İran və Azərbaycanın müvafiq orqanları arasında ən azı burada işlədiyim dörd il yarım ərzində möhkəm təmaslar olub, qarşılıqlı görüşlər və səfərlər baş tutub. Bütün bunlar onu göstərir ki, biz bütün sahələrdə əlaqədəyik. Mən İranın virtual məkanında bir neçə dəfə təhrikçiliyə şahid olmuşam. Belə məsələləri Ermənistan və İranda yaşayan erməni diasporu qızışdırır. Belə cəhdlərin səbəbinə gəlincə, İranla Azərbaycan arasındakı münasibətləri, əməkdaşlığı ermənilərin gözü götürmür. Onlar Bakı-Tehran münasibətlərində problem yaratmağa çalışırlar.

Bu yaxınlarda qondarma “DQR”nin başçısı da Azərbaycan icmasına müraciət etmişdi. Lakin Azərbaycan xalqı birdir və Azərbaycan Ordusunda hər kəs işğal olunmuş ərazilərin azad edilməsini öz mənəvi borcu hesab edir.

Ermənistanın Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini İran üçün təhlükə hesab etməsi də gülünc idi. Çünki İran-Azərbaycan və ya İran-Türkiyə əlaqələri bu söz-söhbətlərlə korlana bilməz. Bu münasibətlər çox möhkəmdir. Ermənilər bu cür iddialarla yalnız özlərini gülünc vəziyyətə qoyur. Azərbaycan Respublikası üçün İranın şimal-qərb vilayətləri onun mərkəzi və ya cənub əyalətlərindən fərqlənmir. Biz bütün bu vilayətləri vahid İran kimi qəbul edirik.

Azərbaycan İranın təhlükəsizliyini və sabitliyini öz təhlükəsizliyi və sabitliyi, İranın inkişafı və tərəqqisini isə öz inkişafı və tərəqqisi sayır. Burada olduğum dörd il yarımda Azərbaycanla İranın həyata keçirdikləri birgə layihələr də bundan xəbər verir. Mən indiyədək İran rəsmilərindən sizin soruşduğunuz məsələlərlə bağlı hər hansı bir şübhə və ya narahatlıq eşitməmişəm.

- Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatlarından birində Azərbaycanın döyüş meydanında heç bir uğur əldə etmədiyi deyilirdi. Bu açıqlamaya münasibətiniz necədir?

- Bilmirəm Ermənistan Xarici İşlər Nazirliyinin bu açıqlamasına gülüm, ya necə... İnformasiya əsrində yaşayırıq. Azərbaycan xalqının sevincini, Ordumuzun uğurlarını, işğalçı ordudan əldə etdiyimiz hərbi qənimətləri göstərən çox sayda videolar, digər faktlar var. İnsan nə qədər ağılsız olmalıdır ki, bütün bunları görə-görə, belə bəyanat versin.

Biz hər gün Azərbaycan xalqının işğal olunmuş ərazilərə, öz yurdlarına qayıtmaq istəyini, həvəsini görürük. Mən həmin bəyanatı gördüm. Yeri gəlmişkən, o, fars dilində dərc olunmuşdu. Bu çox gülməli idi.

- Onda zəhmət olmasa döyüş meydanındakı vəziyyətlə bağlı məlumat verərdini.

- İndiyə qədər Ermənistanın təxminən 230 tankı, təxminən 250 raket sistemi, Dağlıq Qarabağ bölgəsində yerləşən S-300 hava hücumundan müdafiə sistemlərini, 130 müxtəlif hərbi texnika və avtomobilini, 10 komanda mərkəzini məhv etmişik (müsahibə bir neçə gün əvvəl götürülüb - WM).

- Ermənistan təyyarəsi Azərbaycan qırıcısı tərəfindən vurulub?

- Ermənilər iddia edirdilər ki, Azərbaycan “F-16” qırıcısı ilə onların döyüş təyyarəsini məhv edib. Halbuki, Azərbaycan Ordusunun arsenalında “F-16” təyyarəsi yoxdur. Biz heç bir ölkədən belə təyyarə almamışıq.

Məlum deyil ki, onların qırıcıları bir-birinə dəyib, yoxsa dağa çırpılıb. Bu barədə heç nə demək istəmirəm, bu onların problemidir. Nəzərə almaq lazımdır ki, döyüşlər Azərbaycan ərazisində gedir. Azərbaycan Ordusu işğal olunmuş ərazilərini azad edir. Əsgərlərimiz bu yolda şəhid olur. Onlar vətənlərinin azadlığı uğrunda döyüşürdülər. Bəs erməni əsgərləri Azərbaycanda nə itiriblər?

Bu azmış kimi, Ermənistan münaqişəyə üçüncü ölkələri də cəlb etmək istəyir. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə raket hücumlarına məruz qalır, orada yaşayış evləri dağılır, mülki şəxslərimiz həlak olur.

Hücuma məruz qalan daha bir mülki şəhər – Mingəçevir şəhərində Cənubi Qafqazın ən böyük su anbarı və hidroelektrik stansiyası yerləşir. Oraya da uzaqmənzilli raketlər atılır. Lakin onlar Azərbaycan Ordusunun Hava Hücumundan Müdafiə sistemi tərəfindən məhv edilir.

Bu da son deyil. Ermənistan Bakı şəhərinə yaxın yerləşən Xızı rayonunu da hədəfə alıb. Üstəlik, bütün bu raketlər Ermənistan ərazisindən atılıb.

Bildiyiniz kimi, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Odur ki, Yerevan bu addımları ilə təşkilatın üzvlərini münaqişəyə cəlb etmək istəyir. Ancaq Azərbaycan Ermənistanın bu təxribatlarına cavab vermir. Azərbaycan Ordusunun məqsədi işğal olunmuş ərazilərini azad etməkdir.

- Savaşın coğrafiyasının genişlənməsi ermənilərin Dağlıq Qarabağdan geri çəkilməsinə səbəb ola bilərmi?

- Azərbaycanın Ermənistan ərazisində gözü yoxdur. Bu vəziyyətin səbəbini sizə izah etmək istəyirəm ki, qarşıdurmanın niyə bu həddə çatdığını anlayasınız. Bilirsiniz ki, Paşinyan baş nazir seçildiyi ilk vaxtlarda populist şüarlar səsləndirir, populist addımları atırdı. Bunlardan biri də oğlunu Azərbaycanın işğal olunmuş ərazisinə hərbi xidmətə yollaması idi.

Paşinyan ritorikasını məhz oğlunun hərbi xidməti başa vurmasından sonra ciddi şəkildə kəskinləşdirmişdi. Bu azmış kimi, baş nazirin həyat yoldaşı da işğal olunmuş ərazilərə gələrək erməni qadınları üçün hərbi təlimlər keçirdi. Həmin hərbi təlimlərdə əllərində silah tutmuş erməni qadınlar indi xəstəxanaların qarşısında ağlayaraq video çəkir, kömək istəyirlər.

- Paşinyan oğlu münaqişə bölgəsində əsgər olan zaman Dağlıq Qarabağ haqda danışmırdı?

- Onun oğlu hərbi xidməti iyulun əvvəlində başa vurub və həmin ayın ortalarında Ermənistan öz ərazisindən Azərbaycanın Tovuz şəhərinə hücuma keçib. Tovuz şəhəri Azərbaycanın tranzit və nəqliyyat arteriyasıdır. Müxtəlif nəqliyyat layihələri, o cümlədən dəmir yolu, neft-qaz kəmərləri oradan keçir. Həmin ərazilərin mühafizəsinə Azərbaycan Sərhəd Xidməti cavabdehdir və bildiyiniz kimi, sərhəd qüvvələri top, tank kimi ağır silahlardan istifadə etmir. Ermənistan məhz bu bölgəyə, Dağlıq Qarabağdan çox uzaqda yerləşən Tovuza hücum etmişdi. Lakin elə o vaxt da Azərbaycan Ordusu əks-hücuma keçərək, düşmənin hücum nöqtələrini dağıtdı. Biz sərhəd bütövlüyümüzü qoruduq və ərazimizin bir qarışının da işğal olunmasına imkan vermədik. Bu, iyulda baş verib. Avqustun ortalarında isə ermənilər Azərbaycana təxribatçı qruplar göndərməyə başlamışdı. Belə dəstələrdən birinin komandiri Azərbaycan Ordusu tərəfindən ələ keçirilib.

Bundan başqa, Ermənistan Livan, Suriya və İraqdan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürürdü. Bu təxribat olmaqla yanaşı, həm də cinayətdir.

Bu da son deyil. Onlar qondarma “DQR” “prezidenti”nin “andiçmə mərasimi”ni Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşa şəhərində keçirmişdilər. Qondarma başçılarına orada administrasiya da tikmək istəyirdilər.

Məhz bu təxribatçı addımlar sonda müharibənin başlamasına səbəb olub. İndi onlar on minlərlə sıravi vətəndaşı səfərbər edir.

Bir sözlə, tərəflər arasında illərdir davam edən danışıqlar prosesini Ermənistan baş nazirinin açıqlamaları və addımları mənasız etdi. Dialoq və atəşkəs ermənilər üçün mənasızdırsa, bizim üçün dünəndən mənasızdır.

Bütün sadalanan təxribat xarakterli hərəkətlərin, mülki ərazilərin hədəf alınmasının nəticəsində Azərbaycan rəhbərliyi düşməni sülhə məcbur etmək, işğal olunmuş əraziləri geri qaytarmaq üçün 27 sentyabr səhər saatlarından əks-hücum əməliyyatına başlamaq haqda qərar qəbul edib.

İndi Ermənistanın baş naziri dünyanın bütün ölkələrinə, bütün beynəlxalq təşkilatlara zəng edir, Azərbaycanın atəşkəsi pozduğunu, onlara hücuma keçdiyini deyir. Halbuki, günahkar məhz onun özüdür. İndi də yalan təbliğat aparır ki, guya Azərbaycana Suriyadan və digər yerlərdən döyüşçülər gətirilir. Mən düşünürəm ki, Ermənistanın baş naziri özünü itirib. Fakt odur ki, erməni əsgərlər xidmət yerlərini tərk edib qaçır. Artıq Ermənistanın hərbi polisi də onların qarşısını kəsə bilmir. Nəticədə ermənilər əsgərlərini səngərlərə, maşınlara zəncirləməyə məcbur olurlar. Virtual məkanda bununla bağlı videolar var.

Yeri gəlmişkən, Suriyadan və digər ölkələrdən muzdlular gətirən məhz Ermənistandır. Hazırda Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi terrorçulardan təmizləyir.

- Yəni, erməni xalqı döyüşlərdə dözüm göstərmir?

- Bəli, Ermənistanın sadə xalqı hakim rejimin əsirinə çevrilib. İşğal siyasəti, onun ağır nəticələri erməni xalqını bezdirib.

- Siz açıqlamalarınızdan birində Ermənistanın əməkdaşlıq üçün İsrailə yalvardığını, ondan imtiyaz istədiyini demisiniz. Bu iddianı sübut edəcək faktlarınız varmı?

- Xəbərlərə diqqətlə baxsanız görərsiniz ki, Ermənistanın İsraildəki yeni səfirinin açıqlamalarının özü bu iddiaya sübutdur. Ermənilər Azərbaycan-İsrail əməkdaşlığını da durmadan qabardırlar. İcazə verin məsələni belə izah edim; Azərbaycan ərazisinin 20%-i Ermənistan tərəfindən işğal edilib. Bakı işğal olunmuş ərazilərini azad etmək üçün dünyanın bütün ölkələrilə müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıq edir. Azərbaycan Ermənistandan fərqli imkanlara malik güclü bir ölkədir. Yəni pul verib silah alır.

Bir də var silah almağa pulu olmayan və son 28 ildə İsraildə səfirlik açmayan Ermənistan. Nə baş verdi ki, onlar qəflətən İsraildə səfirlik açmaq qərarına gəldilər? Yerevan bunu özü üçün diplomatik uğur hesab edirdi...

- İsrail Diplomatiya Mərkəzinin analitiki Raçel Avraham “Israel Hume” qəzetində hələ iyulda yazmışdı ki, Təl-Əviv bu münaqişədə Bakının yanında olmalıdır, çünki Azərbaycan İsrailin İrana qarşı gözü və qulağıdır...

- Daha əvvəl də qeyd etdiyim kimi, İranla Azərbaycan arasındakı münasibətlərdə anlaşılmazlıqlar yaratmağa çalışan müxtəlif ölkələr və mərkəzlər var. Siz Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin bu yaxınlarda İsrail televiziyasına verdiyi iki müsahibəsinə baxa bilərsiniz. Orada Azərbaycanın İranla münasibətlərinə dair suallara da cavab var. Prezidentin köməkçisi çox açıq şəkildə bildirir ki, Azərbaycanla İran müştərək tarixə, mədəniyyətə, ədəbiyyata və şəxsiyyətlərə malik ölkələrdirdir. O, iki ölkənin qədim zamanlardan birlikdə sülh və əmin-amanlıq içərisində yaşadıqlarını xatırladır.

Biz bu ümumi cəhətlərlə fəxr edir, bunu əməkdaşlığımız üçün sərvət sayırıq. Hesab edirik ki, İranla müxtəlif sahələrdəki əməkdaşlığımız ölkəmiz və xalqımızın maraqlarına xidmət edir.

Adını çəkdiyiniz qurum kimi mərkəzlərin Azərbaycan-İran əlaqələrilə bağlı belə təbliğatına mən də çox rast gəlirəm. Bu işdə həm İsrailin araşdırma mərkəzləri, həm də İrandakı erməni kilsəsi fəaldır. Məqsəd iki ölkə arasındakı münasibətlərə xələl gətirməkdir.

Azərbaycanda atalar sözü var, “qaşınmayan yerdən qan çıxarmaq”. Bu qüvvələr də guya nəyəsə nail olmaq istəyirlər. Əminəm ki, İran və Azərbaycan rəsmilərinin müdrikliyi bu səylərin nəticəsiz qalmasına səbəbdir.

- Azərbaycanın Naxçıvanla birləşdirilməsi mümkündürmü?

- Xeyr, artıq qeyd etdiyim kimi, bizim Ermənistan torpaqlarında gözümüz yoxdur.

- Bəs döyüş meydanının miqyası genişlənərsə? Bu məsələ gündəmə gələ bilərmi?

- Bizim Ermənistan ərazilərinə iddiamız yoxdur. Söz Naxçıvandan düşübsə, İran hökumətinə və xalqına təşəkkür etmək istərdim. Bildiyiniz kimi, Azərbaycan ərazilərinin işğalı üzündən Naxçıvan faktiki olaraq Ermənistanın mühasirəsində qalıb. Naxçıvanın çətin günlərində İran dövləti və xalqı bizə kömək edib, bu yardım indi də davam edir. Müharibənin yaratdığı problemlərin azaldılmasına İranın köməyini nə Azərbaycan xalqı, nə də dövləti unudur.

Biz bunu çox açıq şəkildə bildirmişik ki, Ermənistan ərazisində gözümüz yoxdur. Yerevanın işğalçı siyasəti Azərbaycanla yanaşı, Ermənistanın özünə də az ziyan vurmayıb. Amma bu işğalın İrana da böyük ziyanı olub. Bildiyiniz kimi, Culfa dəmir yolu xətti İranın əsas tranzit marşrutlarından biri idi. Onun bağlanmasından sonra İranın şimal-qərbindəki bir neçə vilayət çətin vəziyyətə düşdü. Əvvəllər oradan bir neçə milyon ton əmtəə mübadiləsi həyata keçirilirdi. Maraqlıdır ki, həm İranın, həm də Naxçıvanın Culfa şəhərləri var. Amma bu şəhərlərin heç birində qəbiristanlıq yoxdur. Çünki orada heç kim yerli deyil. İnsanlar oraya işlə əlaqədar gəlmişdi.

- Türkiyə bu yaxınlarda Naxçıvanda hərbi təlimlər keçirib. Azərbaycan dövləti hələ müharibə başlamazdan əvvəl Ermənistanın Naxçıvana mümkün hücumlarından narahat idimi?

- Bəli, biz Naxçıvanda Türkiyə ilə birgə hərbi təlim keçirmişik. Keçmişə baxsaq görərik ki, 1990-cı illərdə imzalanmış atəşkəs razılaşmasınadək Ermənistan Naxçıvanı da hədəf alırdı. Yalnız ötən il Azərbaycan Ordusu Naxçıvanda 11 min hektar ərazini düşməndən geri alıb. Ermənistanın müdafiə naziri həmin torpaqların neytral ərazi olduğunu iddia edir. Axı dünyanın harasında görünüb ki, 11 min hektar sahibsiz ərazi olsun?

Konkret sualınıza gəlincə, Ermənistan Azərbaycan Ordusunun Naxçıvandakı hərbi imkanlarından xəbərdardır və ümid edirəm ki, boş xəyallara qapılmaz.

- Yəni, Ermənistan Naxçıvana qarşı hərbi əməliyyata əl atmayacaq?

- Əl atacaqsa, cavabını alacaq.

- İsraildən danışarkən deyirsiniz ki, bu ölkədən pulunu ödəyərək silah alırsınız. İstənilən halda, Ermənistan-Azərbaycan müharibəsi İsrailin regionda oyunçu rolunu ortaya çıxarır. İsrailin Azərbaycana silah tədarükünün miqyası niyə bu qədər fərqlidir? Məsələn, Avrasiya məkanında heç bir ölkənin İsraillə Azərbaycan qədər yaxın münasibətləri yoxdur.

- Azərbaycanın çoxmədəniyyətli cəmiyyəti var. Bizdə tamamilə yəhudilərin yaşadığı kənd mövcuddur. Onların dili fars dilinə çox yaxındır və onlar da Azərbaycan cəmiyyətinin üzvüdür.

Ticarət sahəsində isə Təl-Əviv digər ölkələrdə də çox fəal əməkdaşlıq edir. Bilirsiniz, Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, dünyanın bütün ölkələrilə yaxşı əlaqələrə malikdir. Biz bütün ölkələrlə mümkün qədər geniş əməkdaşlıq edirik və qarşılıqlı faydalı əməkdaşlıqlarımız hər iki ölkənin maraqlarına cavab verir.

- Yaxşı, sizin qazancınız satın aldığınız silahdır. Bəs, israillilərin qazancı nədir?

- Silah müqabilində bizdən aldıqları pul.

- Azərbaycanla İsrail arasında ticarət dövriyyəsinin həcmi Rusiya ilə İsrail arasındakı bu göstəricidən böyükdür.

- Bu, neftin satışı ilə əlaqədardır. İndi neftin qiyməti ucuzlaşıb və İsrailin bizimlə ticarət həcmi azalıb. Demək istəyirəm ki, bu cür təbliğata istinad edilməməlidir.

İran Azərbaycanın birgə avtomobil zavodu var. Orada istehsal olunan avtomobillər üçüncü ölkə bazarlarına da çıxarılır. Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakı və Tehranda keçirdikləri görüşlərdə də məqsəd cəbhədə atəşkəs yaratmaq deyildi. Onlar bölgəni inkişaf etdirmək və müxtəlif sahələrdə imkanları artırmaq, tranzit həcmini genişləndirmək haqda danışırdılar.

Rusiya, Azərbaycan və İranın elektrik enerjisi sistemlərinin sinxronlaşdırılması kiminsə uydurduğu fikirlər deyil. Mən İran mətbuatında xüsusən Azərbaycana qarşı yazmağı özlərinə borc hesab edən mediada çox fikirlərə rast gəlirəm. Lakin önəmli olan, sadaladığım əməkdaşlıq sahələridir.

- Amma israillilər silah satışında da o qədər də dürüst deyillər. Məsələn, onlar öz ordularında istifadə etdikləri ilk “Lora” raketini Azərbaycana satır və bu gün müharibədə həmin raketlərdən istifadə olunur. Maraqlıdır, necə olur ki, onlar ən yaxşı silahlarını sizə verir? Aydındır ki, burada söhbət sadəcə puldan gedə bilməz.

- Bu, Azərbaycanın alıcısı kimi bacarığını göstərir.

- Yeri gəlmişkən, İranda “Lora” raket sisteminin o qədər də effektli olmadığını göstərən videolar yayılıb.

- Onların nə qədər effektiv olub-olmadığını ermənilərdən soruşun. Çünki onlar bunu hiss ediblər.

- Müharibədə “Extra” raket sistemindən də istifadə edirsiniz?

- Mən texniki məsələləri və detallarını bilmirəm. Mənim üçün önəmli olan hər gecə Azərbaycanın möhtərəm prezidenti tərəfindən elan edilən, işğaldan azad olunmuş ərazilərin adıdır. Bu əraziləri hansı üsulla, hansı vasitələrlə azad edildiyi haqda təfərrüatları bilmirəm.

- Azərbaycan Prezidenti müharibənin başa çatdırılması ilə bağlı müddət müəyyənləşdiribmi?

- Azərbaycan Prezidenti yerli və xarici KİV-ə müsahibələrində, eləcə də Azərbaycan xalqına müraciətlərində deyir ki, son məqsəd işğal altındakı torpaqların azad olunmasıdır.

- Bəs Azərbaycan hansısa mərhələdə azad edilmiş ərazilərlə kifayətlənərək atəşkəsə razılıq verə bilərmi?

- Əvvəlcə onu deyim ki, Azərbaycan Prezidenti heç bir ölkə liderilə əlaqə saxlayaraq nəsə istəmir. Durmadan ayrı-ayrı ölkə başçılarına zəng edən Ermənistanın baş naziridir. Azərbaycana zəng edərək sülh, anlaşma təklif edən ölkələrə isə bir sualımız var: Xocalıda cinayət törədilən zaman, günahsız Azərbaycan xalqı kütləvi şəkildə qətlə yetirilən vaxt onlar harada idilər?

İndi Ermənistan Gəncə, Mingəçevir, Tovuz, Xızı və sair bölgələrimizi atəşə tutur, biz şəhid veririk. Erməni tərəfisə mülki insanlarının öldüyünü iddia edə bilməz. Azərbaycan Ordusunun hədəfi Azərbaycana hücumun edildiyi nöqtələrdir.

Bu arada, İran mediasında İran İslam Respublikası ərazilərinə də raket mərmilərinin düşdüyü barədə məlumatlar yer alır. Mən xəritədə bunu sizə çox aydın şəkildə göstərə bilərəm. Azərbaycan Ordusunun hədəfi işğalçı Ermənistan qüvvələrinin atəş mövqeləridir. İran ərazisində mərmi və ya raketlərin düşdüyü nöqtələr isə Azərbaycanın hərbi birləşmələrinin arxasında və ya solunda qalır. Bildiyiniz kimi, müharibənin getdiyi bölgədə Azərbaycan və İran Xudafərin və Qız qalası su bəndi və hidroelektrik stansiyası inşa ediblər. Düşmən o bölgələrə də raket atır, bunu Azərbaycan Silahlı Qüvvələrinin etdiyini bildirirdi.

- İran rəsmiləri sizinlə bu haqda danışıblarmı?

- Bəli, bununla bağlı danışmışıq və məsələni izah etmişik.

- İranın bəzi vilayətinin cümə imamları müsəlman torpaqlarının geri alınmasının Azərbaycanın qanuni hüququ olduğunu bəyan ediblər. Bu açıqlamalara Azərbaycanda reaksiya necə olub?

- Azərbaycan xalqı və rəsmiləri İranın şimal-qərb vilayətlərinin cümə imamlarının haqlı mövqeyindən çox məmnundur. Bu açıqlamalar İranda Azərbaycan dilinə tərcümə də olunub və bu, səfirliyin işini asanlaşdırıb.

İran parlamentinin hörmətli millət vəkilləri də ədalətli mövqe nümayiş etdirir, hökumət sözçüsü müsbət açıqlamalar verir. İran Xarici İşlər Nazirliyi sözçüsünün Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini müdafiə etməsi ümumilikdə bizim üçün dəyərlidir və Azərbaycan xalqı bu mövqedən tam xəbərdardır.

Görürük ki, erməni mediası Azərbaycan kiminsə İran-Azərbaycan münasibətlərinin əleyhinə danışmasını qabartmağa çalışır. Belə insanlar nizim hökumətimizə qarşı olanlardır. Bakı İranla əməkdaşlıqdan məmnundur. Biz İran-Azərbaycan sərhədini əlverişli imkan hesab edirik və İran tərəfdən təhlükəsizliklə bağlı heç bir narahatlığımız yoxdur. İctimai əlaqələrin çox yaxşı olması, sərhədlərimizin 24 saat işləməsi kimi amillər bütövlükdə qaneedicidir.

- Əlbətdə ki, bunlar sizin və Azərbaycan Respublikasının İrandakı səfirliyinin qazandığı uğurlardır.

- Xeyr, belə deyil. Əslində mən sadəcə bir icraçıyam. İki ölkə prezidentlərinin siyasi iradəsi olmasaydı, bu, baş verməzdi.

İranda olduğum dörd il yarımda burada keçirdiyim hər görüşdə özümə, mövqeyimə və ölkəmə hörmət görmüşəm. İran-Azərbaycan münasibətlərinin inkişaf etməsi hər kəsi sevindirir. Pandemiya dövründə və İranda ilk yoluxma halı qeydə alınarkən, İranla sərhədini bağlayan ilk ölkə Ermənistan olub. Əslində, Ermənistanın keçmiş prezidentləri İranla sərhədi özləri üçün oksigen yolu adlandırırdılar. Daha əvvəl səfirlikdə keçirilən bir tədbirdə həmin sərhəd-keçid məntəqisinin bağlanması üçün dua etdiyimi demişdim və belə də oldu.

Məlumat üçün deyim ki, pandemiya dövründə İran-Azərbaycan sərhədi tranzit və ticarət üçün bir saatlıq da olsa, bağlanmayıb. Yəni heç bir yük maşını sərhəddə qalmayıb. Pandemiya səbəbindən İranla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi azalsa da, tranzit və nəqliyyat daşımaları üç dəfə artıb. Bu, qarşılıqlı əməkdaşlığın nəticəsidir. Azərbaycan Prezidentinin dediyi kimi, biz koronavirusu özümüzə tabe etdirməliyik, özümüz ona tabe olmamalıyıq.

- Bakının Fars körfəzi ölkələrilə İsrail arasında gərginliyin azaldılması ilə bağlı mövqeyi nədən ibarətdir?

- Azərbaycan dövlətinin Fələstin problemilə bağlı mövqeyi çox aydındır: paytaxtı Şərqi Qüds olan Fələstin dövləti qurulmalıdır. Bakıda Fələstinin səfirliyi də var və Azərbaycan hökuməti onların fəaliyyətinə hər cür dəstək verir.

Hazırda Azərbaycanın başı işğal olunmuş ərazilərinin azad edilməsinə qarışıb. Bir milyon qaçqın və köçkünümüz var və heç bir dövlət bizə kömək etmir. Məsələn, hazırda 600 min miqrantın sığınmaq istədiyi Avropa ölkələrinin hamısı təcili iclaslar çağırır, bundan narahatlıqlarını bildirirr. Ancaq yeni qurulmuş Azərbaycan dövləti bir milyon qaçqın və köçkünlə ayaq üstə durmağı bacarmışdı. O vaxt bizim vəziyyətimiz iməkləməyi yenicə öyrənmiş, lakin üzərində ağır yük qoyulmuş uşağın durumunu xatırladırdı. Ancaq biz problemlərin öhdəsindən gəldik.

Demək istəyirəm ki, bizim üçün öz problemlərimiz daha əhəmiyyətlidir. Xarici siyasətdə isə prioritetimiz hər zaman müsəlman ölkələrilə əməkdaşlıq, onların dəstəklənməsi olub.

- Necə düşünürsünüz, müsəlman ölkələri İsraillə siyasi əlaqələr qurmaqla fələstinlilərə kömək etmiş olurlarmı?

- Mən yalnız Azərbaycandan və öz problemlərimizdən bəhs etdim.

- Bəs, Azərbaycanın Fars körfəzi ölkələrilə İsrail arasında gərginliyin azaldılmasına münasibəti?

- Bu, yeni məsələdir. Bu günlərdə başımız o qədər qarışıqdır ki, məsələ ilə dərindən maraqlana bilmirik. İyuldan bu tərəfə başımız müharibəyə qarışıb. Bu işlər vaxt tələb edir.

- Yəni deyirsiz ki, Azərbaycanı dövlətini narahat edən əsas məsələ Dağlıq Qarabağ problemidir, bu üzdən də İsrailin Fars körfəzinin ərəb ölkələrilə münasibətləri Bakının diqqətindən kənarda qalıb...

- Bəli, bizim üçün bir nömrəli məsələ Dağlıq Qarabağın işğaldan azad olunmasıdır. Yeri gəlmişkən, bir məsələ məndə hər zaman sual doğurub: nə üçün İranda Qüds qünü qeyd olunur, Qarabağ günü isə yox? Axı Dağlıq Qarabağ da işğal olunmuş ərazidir. Bir neçə gün əvvəl bir jurnalist mənimlə söhbətində “mübahisəli Qarabağ” dedi. Soruşdum ki, Dağlıq Qarabağın mübahisəli ərazi olduğunu ona kim söyləyib? Cavab verdi ki, “Ermənistanın səfiri”. Səfir ona deyib ki, “Dağlıq Qarabağ xalqı öz müqəddəratını təyinetmə hüququndan istifadə edib”. Müxbirə dedim ki, bu fikri təkrarlamayın və bu zəhərin ölkənizdə yayılmasına imkan verməyin. Dağlıq Qarabağ işğal edilmiş Azərbaycan ərazisidir. Hər kəs hər yerdə öz müqəddəratını təyin etməyə başlayarsa, dünyada düş üstə daş qalmaz.

- İctimai rəyə mənfi təsir göstərdiyini müşahidə etdiyim digər bir məsələ Şimali Azərbaycan və Cənubi Azərbaycan termininin işlədilməsi, İranın bir hissəsinə Cənubi Azərbaycan deyilməsidir. Əslində, “pantürk” və ya başqa ad altında müəyyən qruplar bundan separatçılıq üçün bəhanə kimi istifadə edirlər. Buna münasibətiniz necədir?

- Hər hansı bir ölkədə “pan” prefiksli istənilən cərəyanın olması həmin ölkənin zərərinədir. Qeyd etdiyiniz məsələdən mənim də xəbərim var. İranda da bəziləri Azərbaycan Respublikasına Şimali Azərbaycan deyir. Mən bunu ölkələrimizin və xalqlarımızın marağına xidmət etdiyini düşünmürəm.

Biz iqtisadi layihələr üzərində çalışmalıyıq ki, hər iki ölkəyə fayda verək. Tarixdə olanlar tarixçilərin işidir. Bir diplomat kimi mənim bu günkü və sabahkı işim gələcəyi planlaşdırmaqdır.

Bir daha qeyd edirəm ki, bu kimi söz və şüarların ölkələrimizin xeyrinə olduğunu düşünmürəm. Biz kimlərinsə hansısa vəziyyətdən sui-istifadə etməsinə imkan verməməli, başqalarının Azərbaycanda İranın, İranda Azərbaycanın yerini doldurmasına mane olmalıyıq. Allaha şükür ki, bir-birimizin dilini başa düşürük və bizim ortaq dinimiz, ortaq məzhəbimiz və ortaq ədəbiyyatımız var. Mən bunları dəyərli sərvət hesab edirəm.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Avadiplomatic

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az