26.11.2020 08:29
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri
 
25.11.2020
The National Interest, ABŞ
 

  Ermənistan 120-dən artıq yaşayış məntəqəsini Azərbaycana təhvil verib
 
25.11.2020
DER SPIEGEL, Almaniya
 

  FOTOREPORTAJ| Müharibə köçkünləri evlərinə qayıtmaq istəyir - ev qalıbsa...
 
24.11.2020
The Associated Press, ABŞ
 

  Qarabağda idarəçilik sistemi – səfərbərlik başladı
 
24.11.2020
Milliyet, Türkiyə
 

  Azərbaycan azad etdiyi ərazilərin bərpasına başlayır
 
24.11.2020
Eurasianet.org, ABŞ
 

 
 
FOTOREPORTAJ| Azərbaycanlılar dağıntılar arasında yas tutur

 
 



Əl-Cəzirə, Qətər
27.10.2020


Müəllif: Seymur Kazımov

Bazar günü günortadır. Günəş parlayır. 41 yaşlı Rövşən Əsgərov dağıntıların arasında dayanaraq, yox olmuş evinin qalıqlarına baxır. Ətrafa kərpiclər, naqillər, ağac və metal qalıqlar səpələnib. Bir zaman burada onun evi var idi...

Tozla örtülmüş boz fonda çəhrayı ləkə görünür. Bu, balaca oyuncaq maşındır. Bir zamanlar balaca uşağa hədsiz sevinc bəxş etmiş maşın. O uşağa ki, oktyabrın 17-i gecə saat 01:00 radələrində yaşadığı məhəlləyə artilleriya zərbəsi endirilib. Söhbət Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədən gedir.

“Mən və ailəm dağıntılar altında – tələdə qalmışdıq. Bəlkə kiminsə səsimi eşidəcəyi ümidilə var gücümlə qışqırırdım. Sonda kömək etdilər, dağıntıların altından çıxdım”, - deyə Rövşən Əsgərov bildirir.

Həmin vaxt Əsgərovun evində 8 qohumu var imiş. Onlardan beşi həyatını itirib: atası Süliddin, gənc qardaşı Bəxtiyar, bacısı Sevil, 10 aylıq qızı Narin və böyük bacısının qızı Nigar.

Xoşbəxtlikdən, həyat yoldaşı və balaca oğlu həmin gün evdə olmayıblar. 15 yaşlı böyük oğlu Amin isə evdə imiş.

“Hələ də oğlumun səsini eşidirəm: “Ata kömək elə”. Oğlum yaralı idi. Hazırda xəstəxanadadır”, - deyə Rövşən Əsgərov xatırlayır: “Anam Silduz artıq xəstəxanadan evə buraxılıb. Anam və oğluma hələ də itkilərimiz haqda məlumat verməmişik. Anamın səhəti yaxşı deyil. Odur ki, pis xəbəri ona necə deyəcəyimizi bilmirik”.

Gəncəli siyasətçi Müşfiq Cəfərov deyir ki, şəhərə hücum nəticəsində 15 nəfər ölüb, 50-dən çox mülki şəxs yaralanıb. Azərbaycan bu hücumda Ermənistanın dəstəklədiyi qüvvələri ittiham edir.

Əsgərovun ailə üzvləri islam adət-ənənəsinə uyğun olaraq, həyatlarını itirdikləri gün dəfn ediliblər.

Həyatını itirmiş 10 aylıq Narin dəfn edilməmişdən qabaq Rövşənin qardaşı Teymur onu bərk qucaqlayıbmış. Ağ kəfənə bürünmüş körpəni sonuncu dəfə qucaqlayan Teymur hönkürtüsünü saxlaya bilmirmiş. O anın fotosu hər yanda yayılıb. Əslində, həmin foto müharibədə nə qədər günahsız insanın öldüyünün rəmzinə çevrilib.

“Ana ilə uşağı eyni məzarda dəfn etdik. Hadisə nəticəsində böyük bacımın qızı Nigar da həyatını itirib. Okytabrın 18-də 15 yaşı tamam olmalı idi. Onu həmin gün dəfn etdik”, - deyə Teymur “Əl-Cəzirə”yə bildirib.

Teymur ailəsi ilə birlikdə Gəncənin digər hissəsində yaşayır: “Biz raket zərbəsinin endirildiyi bölgədən uzaqda yaşayırıq. Buna rəğmən, 6-cı sinifdə oxuyan oğlum raketin səsindən şoka düşüb və onun danışığında qüsur yaranıb”.

Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ regionunda sentyabrın 27-də başlamış döyüşlər davam edir. Beynəlxalq birliyin Azərbaycan ərazisi kimi tanıdığı bu region etnik ermənilərin nəzarətindədir.

Tərəflər arasında Rusiyanın vasitəçiliyilə keçirilmiş iki danışıqlardan sonra atəşkəsi bərpa etmək mümkün olmayıb. ABŞ-ın vasitəçiliyi ilə təşkil edilmiş danışıqlarda növbəti dəfə humanitar atəşkəsə dair razılıq əldə edilib. Razılaşma bu həftənin bazar ertəsi səhər saatlarında qüvvəyə minib. Lakin bu dəfə də atəşkəsin dərhal pozulduğu haqda xəbərlər yayılıb.

APA-nın məlumatına görə, Azərbaycan Baş Prokurorluğu 17 oktyabr terror aktı ilə bağlı Ermənistanın hərbi-siyasi rəhbərliyinə qarşı cinayət işi açıb.

Yeri gəlmişkən, bu ay Gəncəyə edilmiş 3 hücum nəticəsində 6 uşaq və 10 qadın daxil olmaqla, 26 mülki şəxs həyatını itirib. 41 yaşlı Ramin Qəhrəmanov oktyabrın 17-də 4 ailə üzvünü itirib: qızı Ləmanı, bacısını və onun iki övladını. Ləman universitetə getməyə hazırlaşırmış – o, ali məktəbə bu il qəbul olunubmuş. Lakin qızcığaz tələbə həyatı yaşaya bilmədi...

““SKAD” raketi düz bizim evin üzərinə düşüb”, - deyə Ramin Qəhrəmanov bildirir. Onun yaxınlarını dağıntıların altından yalnız hücumdan bir gün sonra çıxarmaq mümkün olub. Ramin deyir ki, “cəsədləri tanımaq mümkün deyildi”.

Dağıntılar altından sağ çıxmış insanların bəziləri özlərinə məxsus salamat əşyaları götürmək üçün hadisənin baş verdiyi əraziyə gəlir. Bu əşyalar onlar üçün həyatını itimiş yaxınlarının xatirəsidir...

45 yaşlı Ramiz Ağayev isə hadisə nəticəsində atasını itirib. “Atam ikinci mərtəbədən mənim üzərimə düşdü. Mən birinci mərtəbədə idim”, - deyə o, xatırlayır.

Ramiz artıq bir neçə gündür ki dağılmış evinə gəlib-gedir: “Dağıntıların arasından adətən uşaqlar üçün qış paltarlarını götürürük. Əlbəttə ki, tapa bilsək. Hər şey yararsız hala düşüb, hətta avtomobilim belə. Dağıntılar arasında qalmış salamat əşyaları daşımaq üçün qohumumun avtomobilindən istifadə edirəm”.

Azərbaycan hökuməti zərər çəkmiş şəxslərə yeni mənzillər verəcək. Bu, əlbəttə ki, təqdirəlayiq addımdır. Zərər çəkmiş şəxslər də yeni mənzillə təmin olunacaqlarına əmindirlər: “Həyatını itirmiş ailə üzvlərimizisə heç nə ilə əvəz etmək mümkün deyil”.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Cəzirə

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az