26.11.2020 08:44
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri
 
25.11.2020
The National Interest, ABŞ
 

  Ermənistan 120-dən artıq yaşayış məntəqəsini Azərbaycana təhvil verib
 
25.11.2020
DER SPIEGEL, Almaniya
 

  FOTOREPORTAJ| Müharibə köçkünləri evlərinə qayıtmaq istəyir - ev qalıbsa...
 
24.11.2020
The Associated Press, ABŞ
 

  Qarabağda idarəçilik sistemi – səfərbərlik başladı
 
24.11.2020
Milliyet, Türkiyə
 

  Azərbaycan azad etdiyi ərazilərin bərpasına başlayır
 
24.11.2020
Eurasianet.org, ABŞ
 

 
 
MÜSAHİBƏ| Hikmət Hacıyev: “Bu, bizi bir qədər ləngidir”

 
 



Il Sole 24 ORE, İtaliya
28.10.2020


Müəllif: Roberto Boncorni

Ermənistanla Azərbaycan arasında münaqişə 30 ildir səngimək bilmir. Bu, dünyanın neft və qaz yataqları ilə zəngin bölgəsində riskləri artırır.

Donald Tramp özünü aldatdı. O, rusların iki həftə əvvəl müvəffəqiyyətsizliyə düçar olduğu bu regionda uğur qazana biləcəyini düşünürdü. İndi Amerikada gündəm seçki olsa da, bazar günü Yerevanla Bakı arasında atəşkəs razılaşması məhz Birləşmiş Ştatların vasitəçiliyilə əldə edilmişdi. Bunu Tramp hər zamankı kimi, böyük həvəslə öz “Twitter” səhifəsində də yazmışdı.

Lakin atəşkəs demək olar ki, başlamadan bitib. Onun qüvvəyə minməsindən heç bir neçə dəqiqə keçməmiş, yenidən silah səsləri eşidilməyə başlayıb. Xatırladaq ki, bu, son 1 ayda Dağlıq Qarabağdakı qarşıdurmaya son qoyulmasına hesablanmış sayca üçüncü atəşkəs razılaşması idi. Tərəflər hər dəfə atəşkəsin pozulmasına görə bir-birini ittiham edir.

Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev hesab edir ki, hələ danışıqlar mərhələsinə keçmək tezidir. Çünki danışıqlar nəticə versəydi, münaqişə 30 ildir davam etməzdi.

Bu vəziyyət dünyanın strateji bölgələrindən sayılan, neft-qaz yataqları ilə zəngin olan regionda riskləri artırır.

- Cənab Hacıyev, atəşkəs yenidən pozuldu. Bilirik ki, 1992-1994-cü illərdəki müharibədən sonra başlamış və son illərədək davam etmiş danışıqlar heç bir nəticə verməyib. Görünən o idi ki, problemin həllinə vasitəçilik etməli olan xarici qüvvələr status-kvonun saxlanmasında maraqlı idilər. Üstəlik, Avropa da münaqişəyə son qoyulması üçün hər hansı təşəbbüslə çıxış etmirdi...

- Əvvəla onu deyim ki, biz Avropa İttifaqının bu məsələyə yanaşmasını yüksək qiymətləndiririk. Çünki o, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Amma dəstək təkcə sözdə olmamalıdır. Biz bilirik ki, Avropa İttifaqı keçmiş Sovet İttifaqı ərazisindəki digər münaqişələrlə, böhranlı vəziyyətlərlə bağlı daha sərt mövqedən çıxış edib və edir. Avropa isə siyasi və iqtisadi güc deməkdir. Odur ki, o, Ermənistana da təzyiq göstərməlidir. Əks təqdirdə erməni tərəfi cəzasız qalır və nəticədə düşünür ki, onun üçün heç bir risk yoxdur.

Biz az qala 30 ildir ki, danışıqlar prosesini izləyirik. Lakin ortada heç bir nəticə yoxdur. Bu yerdə qeyd edim ki, Avropadan çox bizi münaqişənin həllində birbaşa vasitəçilik etmək mandatına sahib Minsk qrupunun (ona ABŞ, Fransa və Rusiya həmsədrlik edir) yanaşması məyus edir. Onlar məsələnin həll olunması üçün ortaya qəti mövqe qoymurlar. Minsk qrupunun qəti təşəbbüslərinin olmaması əlbəttə ki, məyusluq yaradır.

- Bəs bu gün Azərbaycanın strategiyası nədən ibarətdir? Müharibə davam etməlidir, yoxsa danışıqlar prosesi bərpa olunmalıdır?

- Biz “Madrid prinsipləri”nin müzakirəsinə, münaqişənin danışıqlar yolu ilə həllinə hazırıq. Lakin erməni tərəfi “Madrid prinsipləri”ni tanımadığını deyir, “Qarabağ Ermənistandır” kimi bəyanatlar səsləndirir.

“Madrid prinsipləri”nin işlənib hazırlanmasına 15 ildən çox vaxt sərf olunmuşdu (sənəd ATƏT-in 2007-ci ilin noyabrında Madriddə hazırlanıb). Lakin Ermənistan tərəfi öz bəyanatları ilə onu bir anda yerlə bir etdi.

- Razıyam. Amma bir var mərhələli həll, bir də var Dağlıq Qarabağ və 1992-1994-cü illər müharibəsində işğal edilmiş 7 rayonun bir anda boşaldılması tələbi. Bu məsələdə strategiyanız nədən ibarətdir?

- Birinci addım Azərbaycanın Dağlıq Qarabağ ətrafında yerləşən, ermənilər tərəfindən 1992-1994-cü illərdə işğal olunmuş ərazilərinin azad edilməsi olmalı idi. Təəssüf ki, erməni tərəfindən bu istiqamətdə heç bir addım görmədik. Məhz bu üzdən hesab edirik ki, Minsk qrupu Yerevanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsi üçün ona təzyiq göstərməlidir.

Hamımız anlayırıq ki, bu münaqişəni sadəcə, “danışıqlar paketi” ilə həll etmək mümkün deyil. Bizim mövqeyimiz belədir: erməni silahlı qüvvələri ilkin olaraq Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı rayonlarından, daha sonra isə beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınan, müharibə boyu işğalda saxlanılmış Dağlıq Qarabağdan çıxmalıdır. Bu, “Madrid prinsipləri”ndə də öz əksini tapıb. Həmin sənəddə 7 maddə yer alır. İkinci mərhələ azərbaycanlı qaçqınların Dağlıq Qarabağa qaytarılmasını nəzərdə tutur. Əgər bu şərtlərə əməl olunarsa, biz digər maddələrə keçə bilərik.

- Amma Dağlıq Qarabağda yaşayan ermənilərin belə bir qorxusu var ki, region Azərbaycanın suverenliyi altına qayıdarsa, onlar bu ərazilərdə təqiblərə məruz qalacaqlar.

- Biz heç vaxt Dağlıq Qarabağda yaşayan erməni sakinlərin hüquqlarını inkar etməmişik. İşğaldan öncə Dağlıq Qarabağ əhalisinin 70%-i erməni, 30%-i azərbaycanlı olub. Demək, sübhəsiz ki, oranın azərbaycanlı sakinlərinin, bu gün məcburi köçkün həyatı yaşayan həmin şəxslərin öz evlərinə qayıtmaq hüququ var.

Biz bölgəyə eynilə Cənubi Tiroldakı muxtariyyəti tətbiq etməyə, oradakı erməni sakinlərin təhlükəsizliyinə zəmanət verməyə hazırıq.

- Azərbaycan İtaliyanın əsas xam neft təchizatçısıdır. Bir müddət əvvəl “Cənub Qaz Dəhlizi” də istifadəyə verilib və Xəzər dənizindən hasil olunan təbii qaz onun vasitəsilə Apuliya sahillərinədək gəlib çıxır. İndiki vəziyyətdə Azərbaycanın enerji infrastrukturu nə dərəcədə təhlükə altındadır?

- Biz strateji obyektlərimizin təhlükəsizliyinin təmini üçün əlimizdən gələni edirik. Amma onu da yaxşı bilirik ki, müharibənin intensivləşməsi halında enerji infrastrukturumuz da ermənilərin hədəfinə çevrilə bilər. Onlar artıq neft kəmərlərimizin yaxınlığına raketlər atıblar. Odur ki, enerji infrastrukturumuza yeni hücumların edilə biləcəyi istisna deyil.

- Enerji daşıyıcılarının qiyməti düşür. Əvvəl COVID-19, indi müharibə. Bütün bunlar Azərbaycanı ağır iqtisadi böhrana tərəf aparmır ki?

- Xam neftin ucuzlaşması və pandemiya əlbəttə ki, istiqadiyyatımıza təsir göstərib. Lakin istənilən halda onu stabit hesab etmək olar. Bizim ehtiyatlarımız var və hərbi əməliyyatlar başa çatar-çatmaz, qəbul etdiyimiz islahatlar proqramının tətbiqilə iqtisadiyyatımızı daha da sabitləşdirəcəyik.

- Son illərdə İtaliya ilə Azərbaycan arasında ticarət əlaqələri nəzərəçarpacaq dərəcədə güclənib. Nümunə kimi bir neçə həftə sonra işə salınacaq TAP qaz kəmərini də göstərmək olar.

- İtaliya ilə strateji tərəfdaşıq. Prezdentimiz fevralda Romaya rəsmi səfər də etmişdi. O zaman iki ölkə arasında müxtəlif sahələrə dair 20-dən çox sənəd imzalanmışdı. Onların arasında müdafiə və hərbi əməkdaşlığa dair müqavilələr də var. Azırbaycan “Finmeccanica”dan qırıcı təyyarələr almağı da planlaşdırır.

İtaliya ilə Azərbaycan arasındakı əməkdaşlıq enerji sektorundan tutmuş, təhlükəsizlik, mədəniyyət və sair sahələri əhatə edir. Roma bizim mühim strateji tərəfdaşımızdır və əminəm ki, bu, hər zaman da belə olacaq.

- Qayıdaq sentyabrın 27-dən yenidən qızışmış münaqişəyə. Ermənistan tərəfi ilk günlərdən iddia edir ki, Azərbaycan savaşda Türkiyənin hərbi vasitələrindən, hətta qırıcılarından da istifadə edir. Üstəlik, iddialar bununla bitmir. Erməni tərəfinin dediyinə görə, Türkiyə Qarabağa Suriyadan muzdlular da göndərir.

- Türkiyənin Azərbaycana dəstəyi yalnız siyasi və mənəvi dəstəkdir. Başqa heç nə. Döyüşlərdə tərəfimizdə üçüncü qüvvələrin iştirakı ilə bağlı iddialar tamamilə yalandır. Biz suriyalı muzdlularla bağlı iddiaları birmənalı olaraq rədd edirik. Onlara ehtyacımız da yoxdur. Bizim müasir nizami ordumuz var.

- Amma Türkiyənin yeni nəsil PUA-larından istifadə edirsiniz. Bu, müharibədə həqiqətən effektiv silahlardan istifadə olunduğunu göstərir. Erməni tərəfi bu silahlarla mülki obyektlərin də hədəfə alındığını deyir.

- İstər Türkiyə istehsalı, istərsə də digər ölkələrdən aldığımız PUA-lardan mümkün hücumlardan qorunmaq, konkret hədəfləri vurmaq üçün istifadə edirik. Bu işdə digər yüksək dəqiqlikli silahlardan da istifadə olunur. Bunu inkar etmirik ki... Bəli, bu məqsədlərlə PUA-lardan istifadə edirik. Sadəcə, müharibə gedirsə, digər obyektlərə də zərər dəyməsi qaçınılmazdır. Amma biz bunun qarşısını almaq üçün əlimizdən gələni əsirgəmirik.

Qeyri-dəqiq silahlardan istifadə edənlərsə ermənilərdir. Onlar bilərəkdən bizim mülki şəhərlərimizi bombalayırlar.

- İstənilən halda, sizin ordunuz Ermənistan ordusundan daha müasir və daha təkmildir. Lakin görünən odur ki, çətinliklə irəiləyirsiniz. Bunu necə izah edərdiniz?

- Hər şeydən öncə biz əsgərlərimizin həyatına qarşı olduqca diqqətliyik. Eyni zamanda, mülki ermənilərə də zərər verməmək üçün əlimizdən gələni edirik. Bu, bizi bir qədər ləngidir.

İkincisi, Dağlıq Qarabağın relyefi də əməliyyatları çətinləşdirir. Orada saysız-hesabsız təbii maneə – çaylar, dağlar, meşələr var. Ermənilər İkinci Dünya müharibəsi zamanı istifadə olunmuş səngərlər formasında səngərlər qazıblar.

Onu da qeyd edim ki, ermənilərin əlində bahalı və təkmil tanklar çoxdur və bu, bizdə təəccüb doğurur. Ermənistan kasıb ölkədir və belə silahlar almaq iqtidarında deyil. Bu silahlar onlara üçüncü ölkələr tərəfindən bağışlanıb.

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Il Sole 24 ORE

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az