26.11.2020 07:40
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri
 
25.11.2020
The National Interest, ABŞ
 

  Ermənistan 120-dən artıq yaşayış məntəqəsini Azərbaycana təhvil verib
 
25.11.2020
DER SPIEGEL, Almaniya
 

  FOTOREPORTAJ| Müharibə köçkünləri evlərinə qayıtmaq istəyir - ev qalıbsa...
 
24.11.2020
The Associated Press, ABŞ
 

  Qarabağda idarəçilik sistemi – səfərbərlik başladı
 
24.11.2020
Milliyet, Türkiyə
 

  Azərbaycan azad etdiyi ərazilərin bərpasına başlayır
 
24.11.2020
Eurasianet.org, ABŞ
 

 
 
Azərbaycanın didərgin salınmış çempionu vətənə qayıtmaq arzusundadır

 
 



Reuters, Böyük Britaniya
03.11.2020


Müəlliflər: Oljas Auyezov, Nailə Bağırova

“Qarabağ” Futnol Klubu ardıcıl olaraq 7 mövsümdür ki, Azərbaycan çempionu olur. Bu gün isə o, tam fərqli qalibiyyətə ümid bəsləyir...

Regiona müharibə yenidən qayıdıb. “Qarabağ” klubu doğma meydanında düz 30 il əvvəl məhz bu münaqişə üzündən didərgin düşüb. “Qafqazın “Barselonası”” kimi tanınan klub, nəhayət, doğma Ağdam şəhərinə qayıtmaq istəyir. Ağdam cəbhə bölgəsinə lap yaxın yerləşir.

Bölgədə savaş bərpa olunanda “Qarabağ” klubu Azərbaycana dəstək məqsədilə bəzən hərbi ritorikadan istifadə edir. Bu isə bəzən digər ölkələrdə mübahisələrə səbəb olub. Məsələn, “Qarabağ”ın futbolçuları Polşa klubu ilə oyundan sonra hərbi salam vermişdi. Nəticədə UEFA kluba rəsmi xəbərdarlıq edib.

“Biz bu çətin dövrdə Azərbaycan xalqına, torpaqlarımızı azad edən əsgərlərimizə dəstək olmaq istəyirdik”, - deyə “Qarabağ”ın 31 yaşlı kapitanı Maksim Medvedev “Reuters”ə klubun paytaxt Bakıda yerləşən bazasında verdiyi açıqlamada bildirib.

Qeyd edək ki, savaşın getdiyi bölgə – Dağlıq Qarabağ və Ağdam da daxil olmaqla, regiona bitişik 7 rayon beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Lakin Dağlıq Qarabağ əhalisinin əksəriyyəti etnik ermənilərdir. Bu gün regiona nəzarət edən etnik ermənilər Dağlıq Qarabağın məhz onların vətəni olduğunu deyir.

Tərəflər arasında son hərbi qarşıdurma sentyabrın 27-də başlayıb. Bu, bölgədə təxminən 25 ildən sonra baş vermiş ən miqyaslı hərbi əməliyyatlardır.

“Qarabağ” klubu Ağdamı etnik azərbaycanlıların oradan qovulduğu 1993-cü ildə tərk edib. Tərəflər arasında 1991-1994-cü illərdə baş vermiş müharibə nəticəsində 30 min insan həyatını itirib. Onların arasında “Qarabağ”ın keçmiş baş məşqçisi Allahverdi Bağırov da var.

Klub 1951-ci ildə “Məhsul” adı altında yaradılıb. Daha sonra onun adı bir neçə dəfə dəyişdirilib. Klubun gerbində iki Qarabağ atı təsvir edilib. Odur ki, komanda “Atlılar” ləqəbilə də tanınır. Yeri gəlmişkən, bu gün Qarabağ atlarının nəsli demək olar ki, kəsilib.

Ağ-qara formada çıxış edən klub “Azersun Holding” şirkətinə məxsusdur. Sənaye maqnatı olan Abdulbari Gözəl tərəfindən təsis edilmiş şirkət Azərbaycanda fəaliyyət göstərir və qida sahəsilə məşğul olur. “Azersun Holding” həm də böyük idxalçı, həm də ixracatçıdır.

“Allahın köməkliyilə “Qarabağ” klubunun bazası doğma torpaqlara köçürüləcək. Buna çox ümidliyəm”, - deyə Bakıda böyüyüb-başa çatmış, rus mənşəli Medvedev qeyd edib. Azərbaycan millisinin də kapitanı olan Maksim Medvedev həm Azərbaycan, həm də rus dilində danışır.

“Siz həmin oyuna nə qədər insanın gələcəyini, onların necə həyəcanlı olacaqlarını təsəvvür edə bilməzsiniz”, - deyə Maksim Ağdamda keçiriləcək futbol qarşılaşmasını nəzərdə tutaraq bildirir: “İnsanlar oyunu hasarların üstündə oturaraq da izləyəcəklər”.

Nəhəng bilbord

Hazırda “Qarabağ” klubu ev oyunlarını paytaxt Bakıda yerləşən “Azərsun Arena”da keçirir. Lakin son zamanlar COVID-19 pandemiyası üzündən stadiona tərəfdar buraxılmır.

Stadiounun daxili rəqiblərin təqdim etdiyi bayraqlarla bəzədilib. Burada digər postsovet klubu olan “Şaxtyor”un (Donetsk) (Ukrayna) da bayrağı asılıb. Maraqlıdır ki, Ukrayna çempionu olan “Şaxtyor” da 2014-cü ildən ev oyunlarını doğma meydanında keçirə bilmir.

“Qarabağ”ın futbolçuları təlim-məşq bazasında nəhəng reklam bilbordlarının kölgəsində məşq edir. Bu bilbordlarda Azərbaycan prezidenti İlham Əliyevin azad edilmiş ərazilərlə bağlı yazdığı son tvitlər yer alır.

Əlbəttə ki, bütün bunlar Yerevanın gözündən qaçmır...

Ermənistan Futbol Federasiyası oktyabrın 31-də “Qarabağ” klubunun Avrokuboklardan xaric edilməsi tələbilə çıxış edib. Federasiyanın bəyanatında deyilir ki, Azərbaycan futbolunu təmsil edən müxtəlif şəxslər hərbi ritorikadan istifadə edir, antierməni mövqeyi sərgiləyir. Məhz bu üzdən, ermənilər UEFA və FIFA-ya şikayət etməyi lazım bilib.

Qeyd edək ki, Avropa futboluna rəhbərlik edən UEFA son zamanlar müharibə üzündən bu iki ölkə klublarının qitə miqyaslı qarşılaşmalarda ev oyunlarını doğma meydanlarda keçirilməsinə icazə vermir. Bu, iki ölkə millisinə da aiddir.

Yeri gəlmişkən, “Qarabağ” klubu oktyabrın 29-da Avropa Liqasının qrup mərhələsi çərçivəsində ev oyununu İstanbulda keçirib. O, İspaniyanın “Villareal” klubu ilə qarşılaşıb və 1:3 hesabı ilə məğlub olub.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdur. O, Azərbaycan milli komandasında ən çox qol vurmuş futbolçu kimi tarixə düşüb. Məhz Qurbanovun başçılıq etdiyi “Qarabağ” son illərdə Azərbaycan çempionatında hökmranlıq edir.

Medvedev deyir ki, “Qarabağ”a hər kəs azarkeşlik edir: “Səbəb klubun qazandığı uğurlarla yanaşı (“Qarabağ” Çempionlar Liqasında qrupa düşə bilmiş ilk yerli klubdur), həm də onun Azərbaycanın çoxdandır azad etmək istədiyi bölgəni təmsil etməsidir”.

“Ağdam bizim şəhərimizdir, Azərbaycan şəhəridir və “Qarabağ” doğma evinə qayıtmalıdır”, - deyə “Qarabağ”ln tərəfdarlarından olan Bakı sakini Həmid Həmidov bildirib: “Klub bazasının harada yerləşməsindən asılı olmayaraq, bütün Azərbaycan onu dəstəkləməyə davam edəcək”.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Reuters

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az