26.11.2020 08:02
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri
 
25.11.2020
The National Interest, ABŞ
 

  Ermənistan 120-dən artıq yaşayış məntəqəsini Azərbaycana təhvil verib
 
25.11.2020
DER SPIEGEL, Almaniya
 

  FOTOREPORTAJ| Müharibə köçkünləri evlərinə qayıtmaq istəyir - ev qalıbsa...
 
24.11.2020
The Associated Press, ABŞ
 

  Qarabağda idarəçilik sistemi – səfərbərlik başladı
 
24.11.2020
Milliyet, Türkiyə
 

  Azərbaycan azad etdiyi ərazilərin bərpasına başlayır
 
24.11.2020
Eurasianet.org, ABŞ
 

 
 
MÜSAHİBƏ| Azərbaycanlı səfir: “Dağlıq Qarabağın azad olunması regiona inkişaf gətirəcək”

 
 



Scenari Internazionali, İtaliya
05.11.2020


Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş bölgəsində yeni müharibənin başlamasından bir aydan artıq vaxt keçir. Belə bir vaxtda Azərbaycanın İtaliyadakı səfiri cənab Məmməd Əhmədzadə ilə görüşmək qərarına gəldik.

Məqsədimiz təkcə Bakının 30 illik münaqişə ilə bağlı mövqeyini öyrənmək deyildi. Həm də muxtariyyət, birgəyaşayış vədi verilən Dağlıq Qarabağın ölkəyə yenidən necə inteqrasiya olunacağı ilə bağlı suallarımız var idi. Yeri gəlmişkən, M.Əhmədzadə hesab edir ki, bir çox sahədə Azərbaycanla strateji tərəfdaş olan İtaliya bu məsələyə də öz töhfəsini verə bilər.

Baş verənlər fonunda Roma enerji təchizatına yaranacaq mümkün risklərə qarşı tədbir görməlidir. Məsələ ondadır ki, erməni silahlı qüvvələrinin hələ iyulda Tovuz istiqamətindəki hücumu zamanı belə təhlükə yaranmışdı.

- Cənab Əhmədzadə, “Scenari Internazionali”yə təkrar xoş gəlmisiniz. İyulda baş vermiş Tovuz hadisələrindən sonra bu dəfə sentyabrın 27-dən etibarən erməni separatçıları ilə Azərbaycan arasında müharibə Dağlıq Qarabağda başlayıb. Bir aydan artıqdır davam edən döyüş meydanında tam olaraq nə baş verir?

- Məsələyə göstərdiyi marağa görə rəhbərliyinizə təşəkkür edirəm. Ondan başlayım ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisidir. Müharibə isə Ermənistanla Azərbaycan arasında gedir.

Erməni hərbi birləşmələri otuz ildir ki, təkcə Dağlıq Qarabağı deyil, eyni zamanda ona bitişik 7 rayonu da işğalda saxlayırdı. Münaqişədən öncə həmin rayonların əhalisi istisnasız olaraq, azərbaycanlılar idi. Dağlıq Qarabağa gəldikdə, işğaladək orada ermənilərlə azərbaycanlılar birgə yaşayıblar. Amma Dağlıq Qarabağın da bəzi ərazilərində azərbaycanlılar çoxluq təşkil edib. Misal kimi, Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşanı göstərmək olar. Orada əhalinin 98%-i azərbaycanlı olub. Təsadüf deyil ki, Şuşadan son dərəcə məşhur azərbaycanlılar çıxıb: şair Vaqif, şairə Natavan, öz köklərini məhz Şuşadan götürmüş, UNESCO-nun Ümumdünya İrsi siyahısına salınmış Azərbaycan xalq musiqi janrı – muğamın böyük ifaçısı Xan Şuşinski və sair. Şuşa əbəs yerə Azərbaycanın konservatoriyası adlandırılmır.

Dağlıq Qarabağın Azərbaycana məxsusluğunun daha bir sübutu bölgənin ermənilərin Stepanakert adlandırdığı əsas şəhəridir. Bu şəhərin əsl adı Xankəndidir. Onun əsası XVIII əsrdə qoyulub və o, Qarabağ xanlarının yaşayış yeri olub. Yeri gəlmişkən, xanı bir növ Azərbaycansayağı “hersoq” da saya bilərik. Fikir verin, Xankəndinin adı yalnız 1923-cü ildə, yəni Sovet dönəmində dəyişdirilib və şəhər erməni bolşeviki Stepan Şaumyanın şərəfinə adlandırılıb.

İşğal nəticəsində həm Dağlıq Qarabağdan, həm də ətraf rayonlardan bütün azərbaycanlılar qovulub. Ermənilərin bu torpaqlarda həyata keçirdikləri etnik təmizləmə nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.

Son bir ayda baş verənlərə gəlincə, Ermənistan silahlı qüvvələri cəbhəboyu yaşayış məntəqələrimizi atəşə tuturdu. Nəticədə Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək, Ermənistanı sülhə məcbur etmək üçün hərbi əməliyyatlara başlamaq məcburiyyətində qalıb. Bu əməliyyat hazırda da davam etdirilir.

Oktyabrın 10-da tərəflər arasında son döyüşlərin başlamasından sonra ilk humanitar atəşkəs qüvvəyə minməli idi. Azərbaycan tərəfi hesab edirdi ki, bu, həlak olmuş hərbçilərin meyidlərinin, əsir və girovların qaytarılması üçün vacibdir. Lakin razılaşmanən əldə olunmasından heç bir gün keçməmiş, Ermənistan onu açıq şəkildə pozdu – gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan, üstəlik cəbhədən 100 kilometr aralıda yerləşən Gəncəyə raket zərbəsi endirildi.

Buna baxmayaraq, oktyabrın 17-də tərəflər yenidən atəşkəs razılaşması əldə etmişdi. Amma erməni tərəfi ona da əməl etmədi. Yenə də Gəncə şəhəri erməni silahlı qüvvələri tərəfindən, yenə də gecə saatlarında kasetli raketlərlə vuruldu.

Oktyabrın 26-da atəşkəslə bağlı son təşəbbüs də ermənilərin Bərdə şəhərimizə hücumu ilə baş tutbadı. Halbuki, Bərdə də münaqişə zonasından uzaqda yerləşir. Təsəvvür edin, bu mülki şəhərə iki dəfə kasetli raketlərin atılması nəticəsndə körpə uşaqlar da daxil olmaqla, 25-dək mükli şəxs həlak olub, 100-dən artıq insan yaralanıb. Ümumiyyətlə, son hərbi əməliyyatların başlamasından bu yana Azərbaycanın 91 mülki vətəndaşı öldürülüb, 392 nəfərsə yaralanıb. Eyni zamanda, çox sayda mülki tikili dağılıb. Bir daha təkrar edirəm ki, Ermənistan tərəfindən hücuma məruz qalmış bu şəhərlər münaqişə zonasından çox uzaqda yerləşir.

Artıq Ermənistanın Bərdəyə hücum zamanı “Smerç” raketlərindən, 9N235 sursatlarından istifadə etdiyinin “Amnesty International” təşkilatı da təsdiqləyib. Raketlər şəhər xəstəxanasının yaxınlığına, yaşayış məntəqəsinə düşüb. Bu, bir daha göstərir ki, Ermənistan qəddar, amansız hərbi cinayətlərini davam etdirir. Azərbaycan xalqı soyqırım təhlükəsilə üz-üzə qalıb. Ermənistanın bu əməlləri dövlət səviyyəsində terrordur. Daha nə qədər günahsız mülki şəxsin qanı axıdılmalıdır ki, buna son qoyulsun? Biz beynəlxalq birlikdən baş verənlərə reaksiya gözləyirik.

- Qondarma “Dağlıq Qarabağ Respublikası” (dırnaq işarəsi bizə aiddir - WM) beynəlxalq hüquq tərəfindən tanınmasa da, artıq onun Ermənistan tərəfindən tanınması ehtimalı var. Yerevanın bu qərarı nəyi dəyişəcək? Bu halda münaqişənin miqyasının böyüməsi riski varmı?

- Bunu özünü yazıq kimi qələmə verən, “Dağlıq Qarabağ Respublikası” və ya “Artsax Respublikası” adlı qeyri-qanuni, kukla rejimin tanınması üçün dünyaya yalvaran Ermənistan rəhbərliyindən soruşmaq lazımdır. Bu günədək Yerevanın özü belə, qondarma rejimi tanımağa risk etməyib. Bu rejimin Azərbaycana qarşı həyata keçirilmiş təcüvüzün, işğalın ört-basdır edilməsi məqsədilə yaradıldığı hər kəsə bəllidir. Odur ki, Ermənistan beynəlxalq ictimaiyyətə hansı təzyiqi göstərir-göstərsin, hansı yalanı danışır-danışsın, bizim torpaqlarımızda qanunsuz, beynəlxalq hüquqa zidd olaraq qurulmuş rejimin gerçək siması dəyişməyəcək.

Dağlıq Qarabağı bütün dünya Azərbaycanın bir parçası kimi tanıyır. Bunu BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən, lakin indiyədək yerinə yetirilməmiş qətnamələri də təsdiqləyir.

30 il davam etmiş danışıqlardan sonra, nəhayət, status-kvo dəyişib. İndi atəşkəs üçün yeganə şərtimiz Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılması planının bizə təqdim olunmasıdır. Bu olmadan ədavətə son qoymaq mümkün deyil.

Bu yerdə bir məqama da toxunmaq istərdim. Müharibə Ermənistanla Azərbaycan arasında gedir və döyüşlərdə hər hansı üçüncü tərəfin iştirakı haqda iddiaların heç bir əsası yoxdur. Bu ittihamlara həftələrdir cavab verməkdən yorulmuşuq. Guya Azərbaycan tərəfdən döyüşlərə Türkiyə və ya hansısa digər qüvvələr cəlb olunub. Bunların hamısı yalandır! Türkiyə bizə yalnız mənəvi dəstək verir. Bu cür yalan məlumatlar yayan Ermənistanın məqsədi münaqişəyə üçüncü tərəfləri cəlb etmək, müharibənin miqyasını böyütməkdir.

Amma Dağlıq Qarabağ münaqişəsi onsuz da bütün regionda qeyri-sabitliyə səbəb olub. Ermənistan Azərbaycanın strateji infrastrukturasını, o cümlədən beynəlxalq bazara neft və qaz nəql edən boru xətlərini hədəfə alır. Bu cür məsuliyyətsiz hərəkətlər Azərbaycandan neft-qaz idxal edən ölkələrin enerji təhlükəsizliyini də risk altına qoyur. Bu, İtaliyaya da aiddir.

- İtaliyanın özündə də bəzi mətbu orqanlar, siyasətçilər baş verənlərlə bağlı ortaya düzgün olmayan, ziddiyyətli fikirlər atır. Bu, Avropanın baş verənlər haqda məlumatsızlığını göstərir. Nəticədə Dağlıq Qarabağdakı döyüşlərə Türkiyənin, yaxud suriyalı döyüşçülərin iştirakı ilə bağlı şaiyələri şəxsən prezident İlham Əliyev belə, təkzib etməli olur. Bununla yanaşı, Bakının Ankara ilə güclü əlaqələrə malik olduğu məlumdur. Eyni zamanda, Azərbaycanla Rusiya arasında da sıx münasibətlər var. Necə düşünürsünüz, bu iki dövlət böhranın həllinə hər hansı dəstəyi göstərə bilərmi?

- Biz münaqişənin həllinə əlbəttə ki, beynəlxalq dəstək gözləyirik. Amma bu dəstək Ermənistanın qınanmasından, işğalçı qoşunlarını geri çəkməsi üçün ona təzyiqlərin göstərilməsindən ibarət olmalıdır. Bundan başqa, Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayət pislənməli, Yerevan buna görə mühakimə edilməlidir.

Döyüşlərdə hansısa qüvvələrin iştirakına gəlincə, Azərbaycanın yüksək səviyyədə təchiz olunmuş nizami ordusu var. Bu, iqtisadiyyatımızın illərdir davamlı inkişafının nəticəsidir. Bundan başqa, Azərbaycan beynəlxalq terrorçuluqla mübarizə aparan dövlətlərdəndir.

Bəs Ermənistandan soruşan varmı ki, onlar bizə qarşı istifadə etdikləri silahları haradan alırlar? Son günlərdə Azərbaycan ordusu işğalçı erməni qüvvələrinə məxsus milyardlarla dəyəri olan hərbi avadanlıqları sıradan çıxarıb. Borcu başından aşan, müflis vəziyyətdə olan Ermənistan onları haradan alır? Bu silahlar üçün pul ödəyirmi? Bu silahları istehsal edən ölkələrin əhalisi, vergi ödəyiciləri bilirlərmi ki, Ermənistan bu silah-sursatı almaq iqtidarında deyil? Beynəlxalq media niyə bu faktlar qarşısında susur? Ermənilərin sıralarında ASALA, PKK kimi beynəlxalq terror təşkilatlarının üzvlərinin, ayrı-ayrı muzdluların döyüşməsindən niyə bəhs olunmur? Halbuki, Yerevanın özü etiraf edir ki, döyüşlərdə başqa ölkələrdən gətirilmiş erməni mənşəli şəxslər də iştirak edir. Amma buna görə Ermənistanı mühakimə edən yoxdur.

Beynəlxalq ictimaiyyət problemlərin həllinə yekdil dəstək verməli, bu, bir neçə dövlətlə məhdudlaşmamalıdır. Üstəlik, dəstək ədalətə, beynəlxalq hüquqa, ərazi bütövlüyü prinsipinə əsaslanmalıdır. Bütün bunlar olmadan regionda sülhə, təhlükəsizliyə nail olmaq çətindir.

- Sizin də qeyd etdiyiniz kimi, münaqişəyə səbəb olan ərazilər beynəlxalq hüquq tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Lakin 1994-cü ildə imzalanmış atəşkəs sazişindən bu yana problem hələ də həllini tapmayıb. Azərbaycan Dağlıq Qarabağın yenidən ölkəyə inteqrasiyası üçün hansı yolu təklif edir?

- Biz hesab edirik ki, bütün işğal olunmuş ərazilərimiz boşaldılmalı, qaçqın və məcburi köçkünlərimiz öz torpaqlarına, o cümlədən Azərbaycana məxsus Dağlıq Qarabağa qayıtmalıdır. Siz bilirsinizmi ki, bütün bu illər ərzində bizim qaçqın və məcburi köçkünlərimiz həmin ərazilərdə dəfn olunmuş doğmalarının məzarlarını belə, ziyarət edə bilməyiblər? Valideynlərinin işğal altındakı torpaqlarda qalmış məzarlarını ziyarət etmək üçün oraya yollanarkən girov götürülmüş Azərbaycan vətəndaşları belə, var.

Azərbaycanın ədavəti erməni xalqı ilə deyil, işğalçı erməni ordusu ilədir. Ermənilər bizim torpaqlara, o cümlədən Dağlıq Qarabağa 1828-ci ildə, Rusiya-İran müharibəsindən sonra köçürülüblər. Onlar bu torpaqlarda cəmi 200 yüz ildir yaşayırlar. Amma gələcək də də burada yaşaya bilərlər. Bunun üçün ölkəmizin ərazi bütövlüyünü qəbul etməlidirlər.

Siz bilirsinizmi ki, bu günün özündə Dağlıq Qarabağı kənara qoysaq, Azərbaycanda 30 min erməni yaşayır? Bu gün Bakının mərkəzində erməni kilsəsi belə, var. Dağlıq Qarabağda yaşamaqsa təkcə ermənilərin yox, eyni zamanda oradan qovulmuş, 30 ildir geri qayıda bilməyən azərbaycanlıların da haqqıdır.

Odur ki, torpaqlarımızın erməni işğalçılarından azad olunmasından sonra Dağlıq Qarabağda ermənilərlə azırbaycanlılar yenə də birgə yaşaya bilər. Bu mənada, İtaliyanın Trentino-Alto Adige modelinin tətbiqi problemin həllinə töhfə ola bilər.

- Fransız iqtisadçısı və filosofu Frederik Bastiatın məşhur sözü var: “sərhədləri mallar keçmirsə, əsgərlər keçəcək”. Bunu bir qədər dəyişərək, “malların keçdiyi sərhədləri əsgərlər keçməyəcək” kimi də ifadə edə bilərik. Ermənistan Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyarsa, erməni mənşəli əhalinin, erməni dilinin təhlükəsizliyinə zəmanət, onlara muxtariyyət verilə bilərmi? Cənubi Qafqazın qəlbində yerləşən bu strateji regionun xüsusi iqtisadi zona statusu qazanması mümkündürmü?

- Azərbaycanın ərazi bütövlüyünün bərpası işğalçı qüvvələrdən azad olunmuş torpaqlarda əhəmiyyəli iqtisadi dirçəlişə imkan verəcək. Başqa sözlə, Azərbaycanın müstəqilliyini bərpa etdikdən dərhal sonra həyata keçirilməyə başladığı quruculuq işləri, iqtisadi inkişaf bu bölgəni də əhatə edəcək. Bu halda regional geostrateji layihələrdən Ermənistan da faydalanacaq.

Lakin təəssüf ki, Ermənistan rəhbərliyi sülh istəmir. Onlar Azərbaycan xalqına qarşı vəhşilik edirlər. Bunu Gəncə, Bərdə və Tərtərdə mülki əhaliyə qarşı törədilmiş cinayətlər də təsdiqləyir. Odur ki, Ermənistanın indiki rəhbərliyindən hansısa müsbət addım gözləmək mümkün deyil. Onları heç erməni xalqı da maraqlandırmır. Ermənistan rəhbərliyi müharibəni uduzacağını yaxşı bilsə də, öz gənclərini başqasının torpağında ölümə göndərir. Yerevan sentyabrın 27-dən bu yana problemin həlli istiqamətində heç bir addım atmayıb. İşğalçı dövlətin baş naziri sülh çağırışları etməkdənsə, münaqişənin yenidən alovlanmasının əsas səbəblərini xalqından gizlətməklə məşğuldur. Halbuki, o, uydurduğu yalanların bir gün ortaya çıxacağından narahat olmalıdır.

Nəhayət, erməni xalqı anlamalıdır ki, Ermənistanda rifahın yaxşılaşması yalnız Azərbaycanla sülhdən, münasibətlərin normallaşdırılmasından keçir. Onlar səhv yolda olduqlarını başa düşməli, özlərini bu səhvə qurban verməməli, qonşuları ilə əmin-amanlıq şəraitində yaşamalı, dünyaya inteqrasiya etməlidirlər.

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Scenari Internazionali

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az