26.11.2020 08:55
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri
 
25.11.2020
The National Interest, ABŞ
 

  Ermənistan 120-dən artıq yaşayış məntəqəsini Azərbaycana təhvil verib
 
25.11.2020
DER SPIEGEL, Almaniya
 

  FOTOREPORTAJ| Müharibə köçkünləri evlərinə qayıtmaq istəyir - ev qalıbsa...
 
24.11.2020
The Associated Press, ABŞ
 

  Qarabağda idarəçilik sistemi – səfərbərlik başladı
 
24.11.2020
Milliyet, Türkiyə
 

  Azərbaycan azad etdiyi ərazilərin bərpasına başlayır
 
24.11.2020
Eurasianet.org, ABŞ
 

 
 
İkinci Qarabağ müharibəsi Ermənistanla Azərbaycanı necə dəyişdi?

 
 



EURACTIV, Aİ
20.11.2020


Müəllif: Vasif Hüseynov

Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ və ona bitişik 7 rayon uğrunda sentyabrın 27-dən noyabrın 10-dək ikinci böyük müharibə olub. Bu ərazilər 1990-cı illərin əvvəlində baş vermiş birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmişdi.

İkinci Qarabağ müharibəsi Ermənistanın sarsıdıcı məğlubiyyətilə nəticələnib. Ermənistan və Azərbaycan liderlərinin Rusiyanın vasitəçiliyilə imzaladıqları sazişə əsasən, Ermənistan silahlı qüvvələri dekabrın 1-dək Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmalıdır.

Saziş Azərbaycan prezidenti İlham Əliyevlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında noyabrın 10-da təşkil olunmuş videokonfrans formatlı görüşdə imzalanıb. Bunun ardınca İlham Əliyev Azərbaycanın qələbə qazandığını bəyan edib, ölkənin ərazi bütövlüyünün bərpa olunması münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırıb.

Müharibə Azərbaycanda sosial-siyasi mühiti xeyli dəyişib. Bu gün Azərbaycan cəmiyyəti hökuməti və onun münaqişə ilə bağlı siyasətini yekdilliklə dəstəkləyir. Hökumətə müharibədən əvvəl onu tənqid edən müxalif qüvvələr belə, dəstək verir. Beləliklə, 44 günlük müharibə Azərbaycana həm beynəlxalq birlik tərəfindən tanınan, lakin işğal altında olan ərazilərə nəzarəti bərpa etmək imkanı verib, həm də ölkədə möhtəşəm həmrəyliyin yaranması ilə nəticələnib. Bu, gələcək iqtisadi-siyasi islahatlar üçün təməl ola bilər.

Ermənistanda isə vəziyyət tam əksinədir. Ermənistanın müzəffər orduya malik olduğuna inanan, onun hərbi nöqteyi-nəzərdən Azərbaycandan üstün olduğunu düşünən erməni cəmiyyəti şokdadır. Rusiyanın vasitəçiliyilə imzalanmış saziş isə əslində, milyonlarla erməni üçün “soyuq duş” rolu oynayır. Onlar mühribə dövründə Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən davamlı olaraq aldadıldıqlarını anlayıblar. Bu, erməni cəmiyyətinin hakim qüvvələrə inamsızlığına səbəb olub. Nəticədə Ermənistan ciddi siyasi böhranla üzləşib. Tərəflər arasında sazişinin imzalanmasından cəmi bir neçə saat sonra ermənilər Yerevanda parlamentin binasına daxil olub, spikeri linç ediblər. Son günlər ərzində digər rəsmilərə qarşı da hücumların olduğu bildirilir.

Beləliklə, siyasətçilər, ekspertlər, diaspor nümayəndələri daxil olmaqla, minlərlə erməni baş nazir Nikol Paşinyanı dərhal istefa verməyə çağırır. Lakin onların əksəriyyəti artıq sülh sazişindən imtina etməyin mümkünsüzlüyünü anlayır.

Vəziyyət o yerə çatıb ki, Ermənistan prezidenti Armen Sarqsyan erməni xalqına müraciəti zamanı sülh sazişinin onunla razılaşdırılmadığını bildirib. Bununla yanaşı, o, siyasi böhranın aradan qaldırılması üçün növbədənkənar parlament seçkisinin keçirilməsinə çağırış edib.

2018-ci ilin aprelindən Ermənistan prezidenti olan Sarqsyan məhdud səlahiyyətlərə malikdir. Prezidentin sözlərinə görə, onun təklifləri əslində, məsləhətləşdiyi əksər siyasi partiya liderlərinin və ictimai xadimlərin fikirlərini əks etdirir.

Nikol Paşinyanın istefa çağırışlarına necə cavab verəcəyi aydın deyil. Digər tərəfdən, sazişin imzalanmasından sonra artıq onun hökumətinin bir neçə üzvü istefa verib. Məsələn, xarici işlər naziri Zöhrab Mnatsakanyan. Məlumata görə, baş nazirlə onun arasında Azərbaycanla müharibəyədək aparılmış danışıqlar prosesinin məzmunu ilə bağlı fikir ayrılığı yaranıbmış. Zöhrab Mnatsakanyan məhz bundan sonra istefa verib.

İndi Paşinyan parlamenti əmin etməyə çalışır ki, Ermənistan Azərbaycana Dağlıq Qarabağ ətrafındakı 7 rayonu və Şuşa şəhərini vaxtında qaytarsaydı, müharibə olmayacaqdı. Ermənistanın Xarici İşlər Nazirliyisə bu iddiaları təkzib edir. Nazirlik bildirir ki, müharibəyədək aparılmış müzakirələrdə Ermənistan silahlı qüvvələrinin Şuşadan çıxarılması məsələsi müzakirə olunmayıb.

Amma Ermənistanın müharibədə məğlubiyyəti təkcə siyasi proseslərə təsir göstərməyib. Bu, həm də iqtisadi böhranla nəticələnib. Xatırladaq ki, Ermənistan iqtisadiyyatı ilin əvvəlindən koronavirus pandemiyası üzündən onsuz da problemlərlə üzləşmişdi.

Ermənistanın dövlət borcu artıq ümumdaxili məhsulun 70%-nə çatıb. Bu, iqtisadiyyatı zəif olan ölkə üçün qorxunc göstəricidir. Bundan başqa, müharibə nəticəsində Ermənistan humanitar böhranla da üzləşib. Belə ki, Azərbaycanın işğaldan azad etdiyi ərazilərində qeyri-qanuni məskunlaşmış insanlar Ermənistana qayıtmağa məcbur olub.

Sülh sazişindən sonra Azərbaycan ərazilərini tərk etməli olan ermənilərin əməllərisə dünyada şok yaradır. Onlar Azərbaycan ərazilərində 1990-cı illərin əvvəlində, yəni azərbaycanlıların bölgəni tərk etməsindən sonra qeyri-qanuni məskunlaşmışdılar. Azərbaycan prezidenti İlham Əliyevin də dediyi kimi, həmin ərazilərdə xəstəxanalar, evlər, abidələr daxil olmaqla, infrastrukturun 99%-i ermənilər tərəfindən dağıdılıb. Əliyevin sözlərinə görə, Azərbaycan buna görə Ermənistandan kompensasiya tələb edəcək. Bu məqsədlə beynəlxalq məhkəmələrə müraciət olunacaq.

Bunu real təhdid sayan Ermənistanın sabiq baş prokuroru və Avropa İnsan Haqları Məhkəməsindəki sabiq nümayəndəsi Qevork Kostanyan deyir ki, Yerevan sonda Azərbaycana 50 milyard dollardan çox kompensasiya ödəməyə məcbur olacaq: “Vaxtında mükəmməl hüquqi əks-həmləmiz olmazsa, Nikol Paşinyanın imzaladığı təhqiredici saziş Ermənistanı ciddi maliyyə problemlərilə qarşı-qarşıya qoyacaq. Onu gələcək nəsillər belə, ödəyə bilməyəcək”.

Bu gün Azərbaycan ərazilərini tərk edən ermənilər təkcə yaşadıqları evləri yandırmır, həm də ağacları kəsir, meşələrə od vurur. Onlar bununla azərbaycanlılara dəyərli heç nə saxlamaq istəmədiklərini göstərirlər. Halbuki, Ermənistan təxminən 30 ildir işğal altında saxladığı ərazilərı onsuz da darmadağın edib.

Bu azmış kimi, bəzi ermənilər işğal atındakı əraziləri Azərbaycana təhvil verməzdən öncə oranın flora və faunasını məhv etməyə çağırışlar edir. Bu, təkcə Azərbaycan əraziləri üçün deyil, həm də region ölkələri üçün mənfi nəticələrə səbəb olacaq. Məsələn, “Demokratiya naminə əməkdaşlıq” mərkəzinin sədri Stepan Danielyan Sərsəng su anbarının partladılmasını, Azərbaycana axan çaylara zəhərli maddələrin axıdılmasını, meşələrin yandırılmasını, ən pis halda isə atom elektrik stansiyası tullantılarının regiona yayılmasını təklif edib. Təəssüf ki, onun ekoloji terror təklifi bir çox erməni tərəfindən də dəstəklənir.

Bir sözlə, Qarabağ müharibəsində məğlubiyyət Ermənistanda siyasi böhrana səbəb olub. Onlar öz ölkələrində bir-birlərinə qarşı zorakılıq etməklə yanaşı, həm də ekoloji terrorla məşğuldurlar.

Azərbaycan isə tarixi qələbəni bayram edir. İndi bir milyondan çox azərbaycanlı məcburi köçkün təxminən 30 il əvvəl didərgin düşdükləri doğma evlərinə qayıdacağı günü gözləyir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: EURACTIV

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az