16.06.2021 12:14
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Almaniya ordusu Azərbaycanla müharibəni uduzardı
 
15.06.2021
THE TIMES, Böyük Britaniya
 

  “İran Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edəcək”
 
14.06.2021
TasnimNews, İran
 

  Bakı: “şərab dili”ndə danışan sirli ucqar şəhər
 
14.06.2021
La Repubblica, İtaliya
 

  Dünyanın ən çox minalanmış regionu: Qarabağda mülki əhali arasında qurbanlar artır
 
14.06.2021
BrusselsMorning, Belçika
 

  FOTOREPORTAJ| Uels yığmasının Bakıdakı düşərgəsində
 
11.06.2021
WalesOnline, Böyük Britaniya
 

 
 
FOTO| Bakının ən yaxşı turistik məkanları

 
 



ShiaNews, İran
14.12.2020


Bakı dünyanın ən müasir və möhtəşəm şəhərlərdən biridir. Bu yazıda Bakının çoxsaylı turizm məkanlarından bəziləri haqda danışacağıq.

Azərbaycanın paytaxtı, kifayət qədər gözəl olan Bakı ölkənin ən böyük şəhəri, eyni zamanda, liman şəhəridir. O, Xəzər dənizinin qərb sahilində, Abşeron yarımadasında yerləşir. Bura dünyanın neftlə zəngin bölgələrindən hesab olunur. Bundan başqa, Bakı həm də Qafqazda əhalinin ən sıx olduğu şəhəridir.

Çoxsaylı parkları, tez-tez müxtəlif incəsənət tədbirlərinin təşkili şəhəri daha da cəlbedici edir. Son illər Bakı dünyanın hər yanından çox sayda turistin üz tutduğu şəhərlərdəndir.

Bəs Bakının əsas görməli yerləri haradır?

Qız qalası

Qız qalası qədim Bakının ən görməli məkanlarından biridir. O, şəhərin tarixi rəmzidir. Qalanın içərisində sizi 29 metrlik qüllənin zirvəsinə aparacaq spiralvari pilləkənlər var. Onun zirvəsindən şəhərin tarixi mənzərəsini seyr edə bilərsiniz.

Təxminən 30 metrlik qalanın içərisində səkkiz ayrı mərtəbə inşa edilib. Hər mərtəbəyə qalxdığınızda, Qız qalası muzeyini təşkil edən bir sıra tarixi abidə və əşyalar görəcəksiniz.

Dramatik sənəti və ədəbiyyatı, eləcə də mifologiyanı sevənlər Qız qalasını ziyarət etməkdən zövq alacaqlar. Çünki bu məkan Azərbaycanın bir çox ədəbiyyat və mədəniyyət əsərlərinin ilham qaynağı olub.

Nizami küçəsi

Nizami küçəsi Bakının əsas küçələrindən sayılır. Yerli sakinlər buradakı təmtəraqlı brend mağazalarda alış-veriş etməyi, həmçinin küçə boyu düzülmüş “fast food” restoranlarında şam yeməyi çox sevir.

Nizami küçəsi gəzişmək, şəkil çəkdirmək üçün də uyğun yerdir. Hər halda, burada hər kəsi cəlb edə biləcək nəsə var.

“Kiçik Venesiya”

Bakı bulvarındakı “Kiçik Venesiya” şəhərciyi 1960-cı ildə salınıb. 2012-ci ildə onun ərazisi 10 min kvadrat metrədək genişləndirilib. “Kiçik Venesiya”da iki böyük və bir neçə kiçik ada var. Onlar bir-birinə dekorativ daş körpülərlə birləşir.

Şirvanşahlar sarayı

XV əsrin əvvəllərində Bakı Azərbaycan ərazisindəki Şirvanşahlar dövlətinin paytaxtı olub. Ölkə başçıları bu şəhərdə yaşayıb, Şirvanşahlar sarayında yerləşiblər. Bina orta əsrlərə aid mürəkkəb, eyni zamanda görkəmli memarlıq üslubuna malikdir.

Saray əsas bina, divanxana, məqbərə, məscid kimi əsas bölmələrdən ibarətdir.

“Alov qüllələri”

Alovdan ilhamlanaraq layihələndirilmiş 3 qüllə bu gün müasir Bakının rəmzinə çevrilib. Hündürlüyü 190 metrə çatan qüllələr ölkənin ən hündür binalarıdır. “Alov qüllələri”ndən birində ofislər, birində yaşayış mənzilləri, digərində isə otel yerləşir.

Səyahət üçün büdcəniz böyükdürsə, buradakı 5 ulduzlu “Fairmont” oteldə qala bilərsiniz. Buradan Bakının, həmçinin Xəzər dənizinin gözəlliyini tam görə biləcəksiniz.

Həydər Əliyev Mərkəzi

Mərkəzin daxilindən əvvəl xüsusi memarlığına heyran qalacaqsınız. Heydər Əliyev Mərkəzinin binasının demək olar ki, küncləri yoxdur. Binanın memarlığı insanda rəvan, axıcı bir təəssürat yaradır.

Möhtəşəm binanın içərisində konfrans zalı, incəsənət qalereyası və muzey yerləşir. Amma turistlərin əksəriyyəti buraya onun məhz memarlığına baxmaq üçün üz tutur, binanın qarşısında şəkil çəkdirir.

Fəvvarələr meydanı

Meydan adı buraya rəngarənglik, ruh qatan çoxsaylı fəvvarədən götürülüb. Əfrafda gözoxşayan heykəllər də görünür.

Fəvvarələr meydanı yerli sakinlər və turistlərin daim toplaşdığı əsas məkanlardan biridir. Burada tez-tez müxtəlif festivallar da keçirilir.

Bir çox yüksək səviyyəli restoran və kafe məhz bu meydandadır.

“Amburan Beach Club”

“Amburan Beach Club” istirahətinə dəyər verənlər üçün ideal məkandır. Klub öz sakit atmosferilə fərqlənir. Buranın aşpazları sizə yerli, milli və beynəlxalq mətbəxdən ən yaxşı təamları təklif edirlər

Heydər məscidi

Heydər məscidinin açılış mərasimi 26 dekabr 2014-cü ildə keçirilib. O, 12 min kvadrat metrdən çox ərazini əhatə edir. Məscidin daxili sahəsisə 4200 kvadrat metrdir.

Binanın fasadı Şirvan-Abşeron memarlıq üslubunda və xüsusi daşlarla bəzədilib. Əsas günbəzi 55 metr, kiçik günbəzləri 35 metr hündürlüyə malikdir.

Azərbaycanın ən yeni məscidi olan Heydər məscidi çoxsaylı turistin diqqətini çəkir.

Bakı bulvarı

Axşamlar Tehranın “Keşavərz” bulvarında gəzişənlər, yay gecələrini bulvardakı ağacların sərinliyində keçirənlərin Bakıda məhz bulvara üz tutduqlarını eşitmək heç də qəribə deyil. Onlar üçün Bakının ən populyar yeri məhz buradır. Bakı bulvarı Xəzər dənizinin sahili boyunca uzanır. O, xüsusilə gecələr gəzmək üçün ən gözəl yerlərdəndir. Bu saatlarda işıqların dənizin üzərində əks olunması məkanın gözəlliyini ikiqat artırır.

Bulvarda müxtəlif kafe və restoranlarda Xəzər dənizinə açılan mənzərədə çay içə, yemək yeyə bilərsiniz. Bakı bulvarı turistlərlə yanaşı, yerli əhali, xüsusən də gənclərin sevimli məkanıdır.

(Fars dilindən tərcümə - WorldMeda.Az)

Mənbə: ShiaNews

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az