24.01.2021 04:20
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  “Tunelin sonundakı” sülh
 
23.01.2021
Lenta.Ru, Rusiya
 

  Azərbaycan Türkiyə və Pakistanla əməkdaşlığı dərinləşdirməyə çalışır
 
22.01.2021
Eurasia Review, ABŞ
 

  Azərbaycanın “qara gün”ü
 
22.01.2021
Əl-Şuruq, Əlcəzair
 

  Azərbaycanlı nazir: “İndi Ermənistanla da əməkdaşlıq mümkündür”
 
21.01.2021
Bloomberg, ABŞ
 

  Cənubi Qafqaz üçün ümid və əməkdaşlıq
 
21.01.2021
Foreign Policy News, ABŞ
 

 
 
Ermənistanla Azərbaycanı Rusiyaya aparan yol barışdıracaq

 
 



Vzqlyad, Rusiya
12.01.2021


Müəllif: Gevorq Mirzayan (Maliyyə Universitetinin dosenti)

Bazar ertəsi Moskvada Rusiya lideri Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyev arasında görüş keçirilib. Tərəflər İkinci Qarabağ müharibəsini dayandırmış 9 noyabr razılaşmasının bəzi məqamlarını dəqiqləşdirməli, həmçinin Cənubi Qafqazın gələcəkdə necə yaşayacağını müəyyən etməli idi. Bu istiqamətdə bəzi işlər həqiqətən də görülüb.

Bağlı qapılar arxasında aparılmış dörd saatlıq müzakirənin nəticələri ilk baxışdan çox kasad görünür, çünki tərəflər son dərəcə vacib olan bir sıra məsələlərə hələ də aydınlıq gətirməyib.

Statussuz və heç nə qaytarmadan

Məsələn, tərəflər Qarabağın yekun statusu ilə bağlı razılığa gələ bilməyib. İndi tanınmamış respublikanın statusundan söhbət belə, getmir. Ermənistan bu əraziyə Azərbaycanın tərkibində “muxtariyyət” verilməsini istəyir. İkinci Qarabağ müharibəsində qələbə qazanmış və “Dağlıq Qarabağ Respublikası”nın (dırnaq işarəsi bizə aiddir - WM) çox hissəsini hərbi yolla geri qaytarmış Bakı isə bölgəyə heç bir muxtariyyət vermək fikrində deyil.

Böyük ehtimalla, bu məsələ gələcək danışıqlarda da həllini tapmayacaq. Bir tərəfdən Ermənistan hakimiyyəti daxili siyasi səbəblərdən bu tələbdən əl çəkilmək istəmir. Digər yandan isə onun əlində İlham Əliyevi buna məcbur edəcək heç bir alət yoxdur. Odur ki, problem çox güman, özü-özlüyündə, hadisələrin gedişində həllini tapacaq. Bəlkə də bu, beş il sonra, yəni Azərbaycanın Rusiya sülhməramlılarının bölgədən çıxarılmasını tələb etməsindən və “DQR”in qalan ərazisini də güc hesabına ələ keçirməsindən sonra baş verəcək...

Hərçənd, Qarabağın statusu məsələsi gözləyə də bilər. İndi Ermənistanın müharibədə məğlub olmasından sonra, status məsələsi daha çox rəmzi əhəmiyyət daşıyır. İndi təcili həllini tələb edən başqa bəndlər var.

Məsələn, İlham Əliyevin erməni hərbi əsirlərini qaytarması məsələsi. Söhbət azərbaycanlıların əlində olan və çoxsaylı videolardan göründüyü kimi, sadəcə ələ salınan əsirlərdən gedir. Atəşkəs razılaşmasının bəndlərindən birinə görə, Bakı onları qeyd-şərtsiz Ermənistana verməlidir. Lakin İlham Əliyevin bu bəndə öz yanaşması var. Onun fikrincə, ələ keçirdikləri ermənilərin bir qismi hərbi əsir yox, terrorçudur. Çünki onlar azərbaycanlıların əlinə atəşkəs razılaşmasından sonra keçib. Azərbaycan onların üzərində nümunəvi məhkəmə keçirmək niyyətindədir.

Moskva danışıqları zamanı Nikol Paşinyanın yalvarışları da İlham Əliyevi həmin insanları qaytarmağa razı sala bilməyib. “Bu gün biz ən həssas məsələ olan hərbi əsirlər problemini həll edə bilmədik. Razılaşdıq ki, bu istiqamətdə danışıqları davam etdirəcəyik”, - deyə Ermənistanın baş naziri bildirib.

İki istiqamətdə

Müəyyən irəliləyişə nail olunan yeganə bənd nəqliyyat əlaqələrinin açılması ilə bağlı olub. Tərəflər baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrupun yaradılması barədə razılığa gəlib. Qrup yanvarın 30-dək ilk görüşünü keçirməlidir. Görüləcək işlərin əsas istiqamətləri onun nəticələrinə əsasən müəyyən olunacaq.

Bəli, söhbət ilk növbədə Azərbaycanın əsas hissəsini Ermənistanın o tayında yerləşən Naxçıvan eksklavı ilə birləşdirəcək nəqliyyat dəhlizindən gedir. Bu dəhlizin yaradılması ilə bağlı şərtlərsə hələ razılaşdırılmayıb. Məsələn, yolun (həm avtomobil, həm də dəmir yolunun) keçəcəyi ərazi kimə məxsus olacaq? Bunun müəyyən olunmaması Ermənistan əhalisi arasında narahatlıq doğuran çoxsaylı ehtimallara yol açır. Qarabağın təhvil verilməsindən narazı olan insanlar hesab edirlər ki, artıq Paşinyan Ermənistan ərazisinin də bir hissəsini Əliyevə verməyə hazırdır.

Lakin komissiya həm də Ermənistanla Rusiya arasında Azərbaycan ərazisindən keçməklə dəmir yolu əlaqəsinin (nəqliyyat dəhlizi yox, məhz dəmir yolu əlaqəsinin) yaradılması ilə məşğul olacaq. Demək olar ki, Moskva danışıqlarının Yerevan üçün yeganə müsbət nəticəsi budur. Nikol Paşinyanın Ermənistandakı kütləvi etirazlar fonunda Rusiya paytaxtından gətirməsi həyati vacib olan yaxşı xəbər bu idi. Bu üzdəndir ki, hazırda Ermənistanın baş naziri həmin nəticəni fəal şəkildə təbliğ edir. “Əldə edilmiş razılaşmaların reallaşması bizim regionun iqtisadi obrazını və görkəmini dəyişə bilər və bu iqtisadi yeniliklər yeni təhlükəsizlik təminatlarına aparıb çıxaracaq”, - deyə o, bildirib.

İlk baxışdan Paşinyan tam haqlıdır. Malların daşınması üçün ən ucuz yol dəmir yoludur. Lakin bu gün Ermənistanın ən vacib iqtisadi-ticari tərəfdaşı olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Gürcüstan üzərindən dəmir yolunun çəkilməsi planlarını reallaşdırmaq mümkün deyil, çünki Moskva və Tbilisi yolun Abxaziyadan keçən hissəsinin statusu ilə bağlı razılığa gələ bilmir.

Azərbaycan vasitəsilə əqalənin yaradılması isə əlbəttə ki, Ermənistan iqtisadiyyatının inkişafına təkan verəcək və bu da öz növbəsində, onun təhlükəsizliklə bağlı imkanlarını artıracaq.

Bu yol Rusiyaya da sərf edir, çünki Rusiyadan Ermənistana gedən yol Bakıdan Naxçıvana gedən yolla birləşərsə, Rusiya Türkiyəyə birbaşa çıxış əldə edəcək.

Lakin burada iki “əmma” var və yeni yaradılan “üçtərəfli qrup” bu “əmma”lara aydınlıq gətirməlidir. Birincisi, böyük hissəsi sökülmüş və ya yararsız halda olun bu yolu kim və kimin pulu ilə tikəcək? İkincisi, Azərbaycan onun toxunulmazlığını necə təmin edəcək? Nəhayət, o, yolu bağlamayacağına dair öhdəlik götürəcəkmi?

Hər kəsə lazımdır?

Əlbəttə, prezident İlham Əliyev əmin edir ki, bu yol təkcə Ermənistan və Rusiyaya sərf etmir. “Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar”, - deyə Azərbaycan prezidenti bildirib.

Yəqin ki, “qonşu ölkələr” dedikdə o, İran və Türkiyəni nəzərdə tutur. “Üçtərəfli qrup”a daxil olmayan bu iki ölkə də qrupun fəaliyyətinin nəticələrinə böyük maraq göstərir. Məsələn, İkinci Qarabağ müharibəsinin nəticəsindən son dərəcə qayğılanan Tehran “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində əlavə imkanlar əldə edəcək. Qarabağla bağlı danışıqlar formatına daxil ola bilmədiyindən narahat olan Ankara isə Rusiya bazarına və Xəzər dənizinə qədər uzanan dəmir yoluna çıxış əldə edir.

Lakin çox vaxt siyasi məqsədəuyğunluq ölkələrin həm özünün, həm də qonşularının maraqlarına üstün gəlir. Məhz bu səbəbdən Ermənistan-Azərbaycan işbirliyi ilə bağlı bütün məsələlər sözügedən “üstərəfli qrup”da dəqiq işlənməlidir.

Bu, təkcə respublikalara yox, həm də Rusiyaya lazımdır. Moskva istəmir ki, Dağlıq Qarabağ münaqişəsini həll etdikdən sonra kənar oyunçuların onu yenidən alovlandırmaq imkanı olsun. Nə ABŞ, nə Avropa, nə də Türkiyənin. Demək, Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan (və ya onun xələfi) hələ çox görüşməli olacaqlar.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Vzqlyad

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az