16.06.2021 11:52
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Almaniya ordusu Azərbaycanla müharibəni uduzardı
 
15.06.2021
THE TIMES, Böyük Britaniya
 

  “İran Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edəcək”
 
14.06.2021
TasnimNews, İran
 

  Bakı: “şərab dili”ndə danışan sirli ucqar şəhər
 
14.06.2021
La Repubblica, İtaliya
 

  Dünyanın ən çox minalanmış regionu: Qarabağda mülki əhali arasında qurbanlar artır
 
14.06.2021
BrusselsMorning, Belçika
 

  FOTOREPORTAJ| Uels yığmasının Bakıdakı düşərgəsində
 
11.06.2021
WalesOnline, Böyük Britaniya
 

 
 
FOTOREPORTAJ| Qarabağın “kabus şəhər”i Ağdam dirçəlişini gözləyir

 
 



Atlantico, Fransa
06.02.2021


Müəllif: Sebastyan Bussua

Sebastyan Bussua Ermənistan-Azərbaycan münaqişənin rəmzlərindən sayılan Ağdama səfər edib. Qarabağın böyük mədəniyyət mərkəzi olmuş Ağdamın əvvəlki ruhundan heç nə qalmayıb...

Bakıdan 360 kilometr məsafədə – Qarabağda yerləşən Ağdam. Ermənistanla Azərbaycan arasında noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə imzalanmış, iki düşmən ölkə arasında 44 gün davam edən şiddətli döyüşlərə son qoymuş atəşkəs sazişilə başa çatmış 30 illik müharibənin rəmzi.

1993-cü ildə – Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanın digər rayonları kimi, bu şəhər də “böyük Ermənistan” arzusunu reallaşdırmaq istəyən ermənipərəst separatçıların nəzarətinə keçmişdi. Həmin müharibə nəticəsində 800 min azərbaycanlı doğma yurdundan didərgin düşərək, məcburi köçkünə çevrilmişdi. Amma Ağdamın işğalı şəhərin inkişafına, oraya erməni əhalinin köçürülməsinə deyil, azərbaycanlıların vaxtındakı qaynar həyatın tədricən yox olmasına aparıb çıxarmışdı.

SSRİ dövründə azərbaycanlılarla ermənilər bu bölgədə onilliklər boyu harmoniya içində yaşayıblar. Lakin Sovet imperiyasının süqutundan sonra meydana yeni millətçilər çıxmışdı. O zaman Stepanakert (azərbaycanlılar üçün Xankəndi) kimi, Ağdam da ənənəvi çoxmədəniyyətli şəhərlərdən idi. Ağdam çox böyükdür. 1990-cı illərin əvvəllərində rayonda təxminən 180 min, bu gün “kabus şəhər”ə çevrilmiş Ağdam şəhərində isə 25 min əhali yaşayıb.

Birinci Qarabağ müharibəsinədək Ağdam rayonunda yaşamış 52 yaşlı Tərlan İsgəndərova bu münaqişə nəticəsində ən əziz iki şeyini itirib – ailə qurmasından cəmi 3 ay sonra 26 yaşlı ərini və qızına hamilə olduğu vəziyyətdə qaçmağa məcbur qaldığı evini. “Həyat yoldaşımdan qalan yeganə yadigarım qızımdır. Bütün əşyalarımızı, o cümlədən toy hədiyyələrimizi qoyub çıxmağa məcbur olduq”, - deyə o bildirir. Tərlan deyir ki, onlar Xocalıdakı kimi qətliamın baş verəcəyindən qorxduqları üçün 1993-cü ilin iyununda ev-eşiklərini tərk etməli olublar. Hər halda, həyatı itirməkdənsə, hər şeyi itirmək yaxşıdır.

Beləliklə, ağır durumda işləmək məcburiyyətində qalmış Tərlan qızını doğma evindən çox uzaqda dünyaya gətirib. Vəziyyət bir qədər sakitləşdikdən sonra onlar döyüş əməliyyatlarının getdiyi ərazidən təxminən 200 kilometrlik məsafədə məskunlaşıblar. Bir neçə il müvəqqəti çadır şəhərciyində, daha sonra isə dövlətin verdiyi mənzildə yaşayan Tərlan o vaxtdan ölkədəki orta aylıq əmək haqqının məbləğindən də yüksək təqaüd alır.

Rayonu tərk edərkən Tərlanın ağlına da gəlməzdi ki, bu, sondur. O, inanmazdı ki, tərk etməli olduğu evindən əsər-əlamət qalmayacaq, ərinin cəsədi də tapılmayacaq və o, həyat yoldaşının məzarını ziyarət edə bilməyəcək.

Ağdam Ermənistanın Qarabağda etdiklərinin bariz nümunəsidir: azərbaycanlı əhali qovulub, bəzi hissələrdə ermənilər məskunlaşıb, kəndlərin böyük əksəriyyəti dağıdılıb, məhv edilib, talan olunub, binaların daşları belə, sökülüb aparılıb. Bir vaxtlar teatrı, saysız-hesabsız müəssisələri, hotelləri, bağçaları, üzüm bağları ilə Qarabağın böyük mədəniyyət mərkəzi olmuş Ağdamın ruhundan indi heç nə qalmayıb. Dünyada bənzəri olmayan Çörək Muzeyi ilə bütün ölkədə tanınan şəhərdə bir vaxtlar məşhur Milli Muğam Mərkəzi də fəaliyyət göstərirdi (muğam Azərbaycanın milli musiqisidir).

Bu gün Ağdamın mərkəzi yolunun üzərində tikili olaraq yalnız böyük məscid qalmaqdadır. O, işğal illərində ermənilər üçün nəzarət postu rolunu oynayırmış. Ərazidə xidmət aparan əsgərlər bu dini abidəni təmizləyib, onun tozlu döşəməsinə xalçalar da döşənib. Əslində, bu binanın salamat qalması möcüzədir. Çünki illər uzunu ermənilər ətraf ərazilərdəki bütün tikililəri dağıdıb, onların materiallarını daşıyıb aparıb.

Bu azmış kimi, son müharibə zamanı Azərbaycan Ordusunun zərbələrindən qaçan bəzi ermənilər buraları tərk edən zaman yaşadıqları evlərə od vurub, hər yeri minalayıblar. Odur ki, bu gün Ağdamda hərəkət edərkən asfaltdan kənara çıxmaq olmaz. Ziyarətçiləri müşayiət edən hərbçilər onların hər birinə bu haqda xəbərdarlıq edir. Ətrafda yeni quraşdırılmış lövhələr də demək olar ki, hər yerdə təhlükənin olduğunu bildirir: “Ərazi minalanıb”.

Bəli, hər tərəf minalanıb və görünür, onların təmizlənməsi uzun zaman alacaq. Öz torpağına mümkün qədər tez qayıtmaq üçün səbrsizlənən Tərlan eyni zamanda, həyatını təhlükəyə atmaq da istəmir: “Vətəninə bir oğul, bir ər qurban vermək olar. Amma torpağı heç kimə vermək olmaz. Torpaqdan pay olmaz!”. Qadın bildirir ki, ermənilər onların həyətindəki üzüm tənəklərini belə, çıxarıb aparıblar.

Bir sözlə, 2020-ci il noyabrın 20-də Azərbaycan təhvil verilmiş şəhər geniş xarabalıqdan başqa bir şey deyil. İndi burada Azərbaycan Ordusu xidmət aparır, ərazilər minalardan təmizlənir. Tərlan buraya qayıdaraq, evini yenidən tikməyi arzulayır. Amma buna yəqin ki, illər lazımdır. Azərbaycan hökuməti şəhəri əvvəlki formada bərpa edəcəyini bildirir. Lakin hələ ki, ortada bununla bağlı konkret proqram yoxdur.

Amma Tərlan əmindir ki, alternativ yoxdur. O, bunu yoxluğunun ağrısı azalmayan həyat yoldaşı və 23 yaşlı qızı Nişanənin xətrinə etməlidir. Qızın adı “nişan” və “irs” mənalarını verir. Nişanə atası Səməndəri heç vaxt görməyib. O, Ağdamı da heç zaman görməyib...

Rayondan olan köçkünlərinin çoxu deyir ki, onlar Ağdama hər şeydən əvvəl əcdadlarına qovuşmaq, öz torpaqlarında ölmək üçün qayıtmaq istəyirlər. Amma onlar onu da deyirlər ki, Qarabağda qalan ermənilərlə birgə yaşamaları çətin olacaq. Ümid isə yenə də var. Tərlan ümid edir ki, gələcək nəsillər sülhə əvvəlkilərdən daha çox can atacaq. Əks halda, daha pis olacaq.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Atlantico

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az