02.03.2021 17:01
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  MÜSAHİBƏ| “Azad olunmuş torpaqlarda bütün mədəniyyətlərə və dinlərə hörmətlə yanaşılacaq”
 
02.03.2021
KmetroO, İtaliya
 

  VİDEO| Azərbaycan Ermənistan üzərində qələbədən üç ay sonra Xocalı qətliamını anır
 
01.03.2021
France 24, Fransa
 

  Xocalı soyqırımından 29 il ötür: Yerevanla Bakı hələ də kompromisə gələ bilməyib
 
01.03.2021
NEWS.ru, Rusiya
 

  Andre Badalo Azərbaycan filmlərinə prodüserlik edib
 
27.02.2021
ALGARVE INFORMATIVO, Portuqaliya
 

  Xocalı 29 il sonra: Fransa 1992-ci il qətliamını tanıyaraq, mövqeyini balanslaşdırarsa…
 
26.02.2021
Atlantico, Fransa
 

 
 
Azərbaycan qazı Avropanın bərpa olunan enerjiyə keçidinə kömək edəcək

 
 



The National Interest, ABŞ
23.02.2021


Müəllif: Esmira Cəfərova, Şahmar Hacıyev

Bu gün Avropanın əsas problemlərindən biri də enerji təhlükəsizliyi, daha dəqiq desək, avropalı istehlakçıların enerji təhlükəsizliyinin təminidir. Bu gün qitənin istifadə etdiyi əsas enerji daşıyıcısı təbii qazdır. Başqa sözlə, Avropa İttifaqı (Aİ) ölkələrinin əksəriyyəti “mavi yanacaq” idxalından asılıdır.

Bu gün qazın ən yaxşı “keçid yanacağı” olduğu sirr deyil. Çünki kömürdən fərqli olaraq, təbii qaz atmosferi daha az çirkləndirir. Bu mənada daha bir vacib amil təbii qazın günəş və ya külək enerjisini bir anda kompensasiya edə bilməsidir. Artan təlabata məhz “mavi yanacaq”la anında reaksiya vermək mümkündür. Eyni zamanda o, hidroelektrik enerji ilə də “yaxşı tərəfdaş”dır. Başqa sözlə, yağıntıların az olduğu bölgələrin enerjisi ilə təchizində qazdan istifadə işə yarayır.

Bütün bunları nəzərə aldıqda, ölkələr “keçid yanacağı” dövründə cəmi bir neçə mənbədən asılı olmamalıdır. Əksinə, onlar enerji mənbələrini şaxələndirməlidir. Demək, Aİ-nin “Yaşıl saziş”i sayəsində yaxın gələcəkdə üzv ölkələrin enerji balansında qazın payı yüksək olaraq qalacaq.

Aİ “Yaşil saziş” layihəsini 2019-cu ildə təqdim edib. O, gələcək 5 ildə müxtəlif istiqamətlərdə 15 addımın atılmasını nəzərdə tutur. Bununla, Aİ 2050-ci ilə qədər iqlim neytrallığına hazırlaşmalıdır. Bu, o deməkdir ki, Aİ istixana qazının emissiyalarının azaldılması sayəsində dayanıqlı inkişafı planlaşdırır. Təşkilatın dekarbonlaşdırma siyasəti ilə yanaşı, qitənin qaza təlabatının artacağı da gözlənilir. Odur ki, Aİ enerji, xüsusən qaz mənbələrinin və marşrutlarının şaxələndirilməsində maraqlıdır. Avropa artıq elektrik sahəsində kömürdən qaza keçid prosesinə start verib. Proses gələcəkdə də davam etdiriləcək: sonda Aİ elektrik istehsalında bərpa olunan enerji mənbələrindən istifadə etmək niyyətindədir.

Sadalananlar göstərir ki, qaz və bərpa olunan enerji mənbələri Avropanın enerji istehlakında mühüm rol oynayacaq.

Aİ ölkələrində artıq “Yaşıl saziş”in icrasına başlanılıb. Avropa Komissiyası tullantıların azaldılması ilə bağlı hədəflərə çatmaq, bərpa olunan enerjinin yayılmasını sürətləndirmək, enerji sahəsində effektivliyi artırmaq, Enerji sahəsi üzrə vergiqoyma Direktivinə yenidən baxmaq üçün enerji və iqlim sahələrində qanunvericiliyi yenidən nəzərdən keçirəcəyini elan edib. Beləliklə, gələcəkdə elektrik enerjisi istehsalında kömürün, daha sonra atom enerjisinin payının azaldılması, daha sonra təmiz enerji mənbələrinə, yəni qaz və bərpa olunan enerjiyə keçid istixana qazının emissiyalarını azaldacaq. Bu, Aİ-nin strategiyasının mühüm hissəsidir.

Bir sözlə, Aİ-nin enerji təhlükəsizliyi üçün etibarlı qaz mənbələri mühüm əhəmiyyət kəsb edir. Yaxın gələcəkdə, yəni “keçid yanacağı” dövründə Aİ-yə üzv dövlətlərdə elektrik enerjisinin istehsalı prioritet olacaq. Bu zaman isə məhz qazdan və bərpa olunan enerji mənbələrindən istifadə ediləcək. Demək, qitənin qaz tədarükü ilə bağlı təhlükəsizliyi bundan sonra daha çox elektrik enerjisi sahəsi ilə bağlı təhlükəsizliyinə bağlı olacaq. Məsələ ondadır ki, bəzi Aİ ölkələri kömürdən istifadənin azaldılması fonunda atom enerjisindən ümumiyyətlə imtinanı planlaşdırır.

Beləliklə, qaz faktiki olaraq, enerji sahəsində keçiddə “bağlayıcı” rol oynayır və bu mənada, öz əhəmiyyətini qoruyur. Aİ həm də bu üzdən bir mənbədən aılılığın azaldılmasında, qaz mənbələrinin şaxələndirilməsində maraqlıdır.

Bu arada, enerji sahəsində dəyişikliyə gedən daha bir bölgə Qərbi Balkan regionudur. Bu bölgənin ölkələri də dekarbonlaşdırma siyasəti həyata keçirir və kömürü bərpa olunan enerji ilə əvəzləməyə çalışır. Odur ki, məlum “Cənubi Qaz Dəhlizi” layihəsindən Qərbi Balkan ölkələri də faydalana bilərlər.

Yeri gəlmişkən, “Cənub Qaz Dəhlizi” layihəsi vasitəsilə ilkin olaraq 16 milyard kubmetr qaz nəql ediləcək. Bunun 6 milyard kubmetri Türkiyənin, 10 milyard kubmetri Avropanın payına düşür. Amma boru xəttinin daşıma qabiliyyətini genişləndirmək də mümkündür. Cənubu Qafqaz Boru Kəməri və TANAP-ın daşıma potensialı 31 milyard kubmetrdir. TAP vasitəsilə isə 20 milyard kubmetr qaz nəqli mümkündür. Bu, o deməkdir ki, Azərbaycanın Xəzər dənizindəki yataqlarından (“Abşeron” – 350 milyard kubmetr, “Ümid” – 200 milyard kubmetr, “Babək” – 400 milyard kubmetr), həmçinin  “Qarabağ”, “Dan Ulduzu” və “Əşrəfi” yataqlarından mövcud infrastruktur vasitəsilə əlavə qaz nəql edilə bilər. Bu isə Avropa ölkələrinə qaz tədarükünün artırılmasını mümkün edir.

Bu arada, Türkiyənin “Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmək yerinə düşər. Layihənin əsas seqmentlərindən olan TANAP məhz Türkiyənin qaz şəbəkəsinin şaxələndirilməsində mühüm rol oynayır. “Cənub Qaz Dəhlizi” layihəsinin sonuncu seqmenti isə TAP kəməridir. Bu kəmər Yunanıstan ərazisindən başlayır. O, TANAP-a Türkiyə-Yunanıstan sərhədində birləşir və ümumilikdə Yunanıstan, Albaniya və Adriatik dənizindən keçir. TAP-ın sonuncu nöqtəsi İtaliyadır. TAP vasitəsilə ilk Azərbaycan qazı Avropaya 2020-ci il dekabrın 31-də çatdırılıb. Xəzər dənizindən avropalı istehlakçılara qazın çatdırılması həm də geosiyasi nöqteyi-nəzərdən tarixi an idi. Bu, Azərbaycanın uğurlu enerji strategiyasının nəticəsidir. Bakının strategiyası isə ölkənin milli maraqlarının qorunmasına xidmət edir.

“Cənub Qaz Dəhlizi” seqmentləri arasında məhz TAP daha vacib birləşdirici xüsusiyyətə malikdir. Onun Avropanın BRUA layihəsi, “Yunanıstan-Bolqarıstan interkonnektoru” (IGB) və “İon-Adriaktik” kimi qaz kəmərlərilə birləşmək potensialı var. Bu, yeni enerji mənbələrindən faydalanmaq nöqteyi-nəzərdən, digər ölkələr üçün yeni perspektivlər açacaq.

Avropanın “Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyi reallıqdır. Hətta “Yaşıl saziş” çərçivəsində Aİ-nin enerji siyasətinin potensial olaraq dəyişməsi belə, onu Avropanın prioritet layihələr siyahısından kənarda qoymayacaq. Qeyd etdiyimiz kimi, Aİ “Yaşıl saziş” çərçivəsində 2050-ci ilə qədər “karbon neytrallığı”na nail olmaq niyyətindədir.

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson 2021-ci il fevralın 11-də Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən 7-ci iclasında bildirmişdi ki, “Yaşıl saziş” “Cənub Qaz Dəhlizi” kimi layihələrə təsir göstərməyəcək. Onun sözlərinə görə, “karbon neytrallığı”na keçid Aİ-nin qaza təlabatını ciddi şəkildə azaltmayacaq.

““Cənub Qaz Dəhlizi” vətəndaşlarımıza daha çox seçim verir. O, Aİ-nin enerji bazarında rəqabəti təmin etməsinə kömək edir”, - deyə Kadri Simson bildirib.

O, tamamilə haqlıdır və bu amil özünü xüsusən İtaliyada göstərib. 2021-ci ilin əvvəllində İtaliyada qaz ucuzlaşıb. Bununla yanaşı, TAP-da tikinti işlərinin başa çatması ilə və “İon-Adriaktik” kəmərində müvafiq tikinti işlərinin həyata keçirilməsindən sonra “Cənub Qaz Dəhlizi”nin Qərbi Balkan ölkələrinin enerji təhlükəsizliyinə və dekarbonlaşdırma siyasətinin sürətləndirilməsinə töhfəsi daha da artacaq.

Azərbaycan prezidenti İlham Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən 7-ci iclasında Qərbi Balkan ölkələri ilə anlaşma memorandumlarının imzalandığını elan edib.

Nəzərə almaq lazımdır ki, koranavirus pandemiyası 2020-ci ildə qlobal təcridlə nəticələnib, iqtisadi fəallığa zərbə vurub. Bütün bunlar qeyri-müəyyənliyə səbəb olub. Nəticədə çox sayda layihə və iqtisadi təşəbbüs müvəqqəti olaraq təxirə salınıb. Bütün bunların fonunda “Cənub Qaz Dəhlizi” layihəsilə bağlı son tamamlama işlərinin başa çatdırılması həqiqətən ümidvericidir.

2021-ci ildə Azərbaycan Gürcüstana 1 milyard, Türkiyəyə təxminən 8 milyard, Avropaya isə 5 milyard kubmetrdən çox qaz tədarük etməyi planlaşdırır. 2023-cü ildə isə artıq TANAP ilə TAP kəmərlərinin tam gücü ilə işləyəcəyi planlaşdırılır.

Qeyd edək ki, “Şahdəniz” yatağının işlənməsinin 2-ci fazası çərçivəsində bu günədək 137 milyard kubmetr qaz hasil edilib. O, “Cənub Qaz Dəhlizi”ni qazla təmin edən əsas mənbədir. “Cənub Qaz Dəhlizi”nin ikinci mərhələsi çərçivəsində yeni qaz yataqları tədqiq olunur və gələcək perspektivlər öyrənilir. Bu, tədarükçü ölkə, layihənin keçdiyi tranzit dövlətlər və istehlakçılar üçün yeni imkanlar açacaq.

Beləliklə, qaz layihələrinin enerji bazarında mühüm rol oynayacağına heç bir şübhə yoxdur. Xəzər qazı isə enerji mənbələri və marşrutlarının şaxələndirilməsində mühüm əhəmiyyətə malikdir. Bundan başqa, “Cənub Qaz Dəhlizi” Mərkəzi Asiyada qaz hasil edən dövlətlər, xüsusən Türkmənistan üçün də yeni pəncərə açır. Türkmənistan öz qazını Transxəzər kəməri vasitəsilə nəql edə bilər.

“Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi ardıcıl və müəyyən məqsədə yönəldilmiş beynəlxalq əməkdaşlıq, tərəfdaşlıq, siyasi iradə və ümumi maraqlar sayəsində mümkün olub. Odur ki, mövcud infrastrukturdan istifadə etmək istəyən digər ölkələr bu əməkdaşlıqdan faydalana bilər. Bu, bir daha onu göstərir ki, “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə vermək üçün böyük potensiala malikdir. Amma bu, birgə fəaliyyətdən keçir. Odur ki, Aİ-nin layihəyə dəyişməz dəstəyi də mühüm əhəmiyyət kəsb edir.

Artıq qeyd etdiyimiz kimi, təbii qazdan istifadə yaxın gələcəkdə də mühüm əhəmiyyətə malik olacaq. Doğrudur, Avropanın dayanıqlı inkişafına və dekarbonlaşdırma siyasətinə yardım göstərəcək “Yaşık saziş” enerji sahəsində dəyişikliyə aparacaq. Amma qeyd etdiyimiz kimi, qaz Aİ-nin təmiz enerjiyə keçid səylərinə kömək edəcək. Odur ki, etibarlı qaz mənbələri və infrastrukturu vacib mexanizm, hətta dönüş nöqtəsidir. Avropanın milli enerji strategiyası çərçivəsində elektrik enerjisinin istehsalında kömürlə atom enerjisinin payı azalacaqsa, etibarlı tədarükün təmini üçün bərpa olunan enerji ilə qazın payı artacaq.

Bir sözlə, Azərbaycan Avropa üçün “Cənub Qaz Dəhlizi” vasitəsilə qaz mənbələrinin və marşrutlarının şaxələndirilməsini təmin edir, eyni zamanda, qitənin dekarbonlaşdırma siyasətinə töhfə verir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The National Interest

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az