16.06.2021 12:06
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Almaniya ordusu Azərbaycanla müharibəni uduzardı
 
15.06.2021
THE TIMES, Böyük Britaniya
 

  “İran Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edəcək”
 
14.06.2021
TasnimNews, İran
 

  Bakı: “şərab dili”ndə danışan sirli ucqar şəhər
 
14.06.2021
La Repubblica, İtaliya
 

  Dünyanın ən çox minalanmış regionu: Qarabağda mülki əhali arasında qurbanlar artır
 
14.06.2021
BrusselsMorning, Belçika
 

  FOTOREPORTAJ| Uels yığmasının Bakıdakı düşərgəsində
 
11.06.2021
WalesOnline, Böyük Britaniya
 

 
 
FOTOREPORTAJ| “Odlar yurdu” Azərbaycana virtual səyahət

 
 



USA TODAY 10Best, ABŞ
07.03.2021


Müəllif: Lidiya Şrandt

“Odlar yurdu” Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşir. O, səyahətçilər üçün UNESCO-nun Ümumdünya İrsi siyahısına salınmış tarixi abidələri, təbiət mənzərələri, valehedici müasir paytaxtı ilə çox maraqlıdır. Az tanınan Azərbaycanı təqdim etdiyimiz möhtəşəm fotolar sayəsində kəşf edəcəksiniz.  

Qədimiliklə yenilik Bakıda qovuşur

Azərbaycanın paytaxtı Bakı şəhəri qədimliklə yeniliyin qarışığıdır. Müasir “Alov qüllələri” UNESCO-nun Ümumdünya İrsi siyahısına salınmış İçərişəhərlə (Qədim şəhər) maraqlı təzad yaradır. İçərişəhərdə insanlar paleolit dövründən məskunlaşıbmış. Qədim şəhərin ən görməli yerlərindən biri Şirvanşahlar sarayıdır. Qumdaşından tikilmiş bu saray orta əsrlərdə hökmranlıq etmiş sülalənin iqamətgahı olub.

Azərbaycanın ən qədim məscidi

Azərbaycan əhalisinin əksəriyyəti müsəlmandır. Amma burada Rus Pravoslav kilsəsi və Erməni Qriqorian kilsəsinin nümayəndələri də var.

Cümə məscidi Azərbaycanda tikilmiş ilk məscid hesab olunur. 743-cü ildə inşa olunmuş məscid ölkənin ən böyük məscidlərindəndir. 2013-cü ildə onu bərpa ediblər.

Qız qalasının sirri

Daşdan tikilmiş Qız qalasının hündürlüyü 95 futdur. İçərişəhərin küçələri üzərində ucalan qalanın sirli tarixi var. Tarixçilər onun yaşı ətrafında mübahisə edirlər. Qalasının vaxilə alov məbədi, mayak, yaxud müdafiə qalası kimi istifadə edildiyi güman olunur.

Qubada piyada ekskursiya

Azərbaycanın şimal-şərqində yerləşən Quba regionu əzəmətli Qafqaz dağlarının “qapı”sı hesab olunur. Bu, turistləri cəlb edən əsas regionlardandır. Qubaya səfər edən turistlər oradakı balaca kəndləri, təbiət mənzərəsini piyada gəzməkə kəşf edir.

Azərbaycanın “Maçu-Pikçus””

Əlincə qalasını bəzən Azərbaycanın “Maçu-Pikçus”u adlandırırlar. Tarixi orta əsrlərə uzanan bu qala yaxın keçmişdə bərpa olunub. O, alınmaz qala olması ilə şöhrət qazanıb. Qalanı tarix ərzində yalnız bir dəfə – 14 illik mübarizədən sonra ələ keçirmək mümkün olub.

İstər qalanın, istərsə də ümumilikdə Naxçıvanın möhtəşəm mənzərəsini seyr etmək üçün 1500 pilləkənlə sıldırım qayaya qalxmaq lazmdır.

Qaranohur gölü

Dağlıq region olan İsmayıllı hər şeydən öncə füsunkar mənzərəyə malik gölləri ilə tanınır. Meşələrlə əhatə olunmuş Qaranohur gölü Qafqaz dağlarının ətəyində yerləşir. Bura piyada ekskursiya üçün ən məşhur istiqamətlərdən biridir.

Azərbaycanın dadı

Azərbaycan Avropa ilə Asiyanın arasındakı qədim İpək Yolunun üzərində yerləşir. Odur ki, onun coğrafi mövqeyi mətbəxinə də təsir göstərib. Ölkənin şimal-qərbində yerləşən kəndlər milli mətbəxinin ən yaxşı yeməkləri, həmçinin sürhüllü ilə tanınır. Bu doyumlu yemək əllə hazırlanan xəmir parçalarından və qış aylarında qaxac edilmiş ətdən hazırlanır.   

Dünyanın zirvəsi

Bazardüzü Azərbaycanda ən hündür dağdır. Onun hündürlüyü 14,652 futdur. Alpinistlər Rusiya ilə sərhəddə yerləşən bu dağa qalxmaq üçün xüsusi icazə almalıdır.

Gəncə – memarlıq şəhəri

Azərbaycanın möhtəşəm memarlıq ənənələri ilə tanış olmaq üçün ən yaxşı istiqamətlərdən biri Gəncə şəhəridir. Onun mərkəzində Sovet dövrünün klassik tikililəri, qədim məscidlər, hamamlar, həmçinin 19-cu əsrdə qırmızı kərpicdən tikilmiş binalara rast gələcəksiniz.

İslam memarlığının şedevri

Azərbaycanda islam memarlığının ən valehedici nümunələrindən biri İmamzadə türbəsidir. Bəzən “Göy məscid” adlandırılan bu türbə Gəncədə yerləşir. O, ilk öncə Məhəmməd əl-Baqirinin övladlarından birinin məzarı ətrafında tikilib. Bu gün bu dini memarlıq kompleksində məqbərə, türbə, məscid, dini məktəb yerləşir. İmamzadə türbəsi kaşı ilə işlənmiş möhtəşəm memarlıq xüsusiyyətinə görə də tanınır.

“Odlar yurdu”

Azərbaycan özünü “Odlar yurdu” adı ilə təqdim edir. Bu, əsasən, Yanardağ kimi nadir təbiət hadisələri ilə bağlıdır. O qədər də hündür olmayan bu təpənin ətəyi daim alovlanır. Səbəb yerin altından səthə sızan qazdır.

“Azərbaycan” sözü də “odun mühafizəçisi” anlamını verir. Bu ölkə uzun əsrlər boyu atəşə ibadət edən zərdüştlər və hinduslar üçün əsas mərkəz olub.

Milli idman növü – çovqan

Azərbaycanın milli atı – Qarabağ atları qədim dövrdən bəri sürəti və cəldliyi ilə seçilib. 1956-cı ildə Qarabağ atlarından biri Böyük Britaniya kraliçası II Yelizavetaya hədiyyə olunub. Bu at cinsi Azərbaycan mədəniyyətin mühüm rəmzi hesab edilir. Odur ki, Qarabağ atları ölkənin milli idman növündə mühüm rol oynayır. Söhbət çovqandan gedir. Çovqan bu gün Azərbaycan, İran, Özbəkistan və Tacikistanda məşhur idman növlərinədən biridir. Onun tarixi 2 min əvvələ qədər uzanır. Bu yarış “cəngi” adlı ilə tanınan xalq musiqisi sədaları altında keçirilir.

Gədəbəyin “alman tarixi”

Kiçik Qafqaz dağlarında yerləşən bir rayonun Almaniya ilə maraqlı tarixi əlaqələri var. 19-cu əsrin sonlarında Simens qardaşları mis istehsalı müəssisələrini Gədəbəy şəhərinə köçürmüşdü. Onlar buranı bir də Birinci Dünya müharibəsində sonra tərk edib.

Simens qardaşları Gədəbəydə alman memarlığına xas üslubda kərpic evlər, valehedici dəmir yolu və körpülər tikdiriblər. 17 mil uzunluğunda olan dəmir yolu şaxtalarla misəritmə zavodunu birləşdirirmiş.

Kəlağayı sənəti

Qədim İpək Yolunun üzərində yerləşən qədim Basqal kəndi kəlağayı sənəti ilə məşhurdur. Kəlağayı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib. Kəlağayı ipəkdən hazırlanır. İpək boyanmamışdan əvvəl onun üzərinə isti mum vurulur. Qədim zamanlarda kənddə yaşayan əhalinin əksəriyyəti kəlağayının toxunması və boyanması sənəti ilə məşğul olub. Amma Sovet dönəmində bu sənət tədricən yox olmağa başlamışdı. Xoşbəxtlikdən, o, təxminən son 10 ildə yenidən dirçəlməyə başlayıb. 2000-ci illərin əvvəllərində isə ölkədə kəlağayı istehsal edən müəssisə açılıb.

“Meyvələrin şahı”

Azərbaycan narın bütün növlərinin yetişdiyi yeganə ölkədir. Göyçay şəhərində hər il “Nar bayramı”nın keçirilməsi təsadüf deyil. Bu şəhəri ziyarət edən şəxslər noyabrda keçirilən bayramda nar şirələri, cemləri, şərabları və nardan hazırlanmış şirniyyatları dada bilər. Burada nar toxumlarından istifadə edərək gələcəkdən xəbər verən falçıları da görə bilərsiniz.

Şahdağın ətəyində xizək sürün

Şahdağ Azərbaycanın şimal-şərqində yerləşir. O, Azərbaycanın “qış paytaxtı”dır. Şahdağda iki möhtəşəm dağ kurortu yerləşir və orada 14 dağ xizək enişi var. Onların zirvəsinə kanatlar və liftlərlə qalxmaq mümkündür.

Azərbaycanda safari

Şirvan Milli Parkı vəhşi təbiəti görmək üçün Azərbaycanın ən yaxşı istiqamətlərindən biri hesab olunur. Regionun ən böyük ceyran sürüsü burada yaşayır. Şirvan Milli Parkında çox sayda quş növləri də var. Onlar parkın ərazində yerləşən bataqlıqlarda məskunlaşıb.

Şəki pəncərələri

Şəki əfsanəvi İpək Yolu üzərində yerləşən şəhərlərdən daha biridir. O, müxtəlif sənət növləri ilə məşhurdur. Məsələn, şəbəkə sənəti. Bu sənətin ustaları taxta parçaların arasına mıx və ya yapışqandan istifadə etmədən rəngli şüşələr yığır. Bu sənətin ən yaxşı nümunələrini Şəki Xan Sarayında görə bilərsiniz. Bu saray Şəki xanlarının yay iqamətgahı olub.

Heydər Əliyev Mərkəzi

Heydər Əliyev Mərkəzinin xarici görünüşü daxili qədər valehedicidir. Bakıda yerləşən bu dalğavari tikili məşhur iraq əsilli britaniyalı memar Zaha Hadid tərəfindən dizayn edilib. Mərkəzdə müvəqqəti və daimi sərgilər, kolleksiyalar var.

Sənətkarlar kəndi

Lahıc kəndində sənətkarlar bir zamanlar 40-dan çox peşə növü ilə məşğul olurmuş. Bu gün isə Lahıc daş döşənmiş küçələri, daş evləri, fərqli dili ilə tanınır. Bu kənd Azərbaycanın ən yaxşı mis sənətkarlarının olduğu bölgələrdən biri kimi məşhurdur.

Sim kəndinə piyada ekskursiya

Sim kəndi və ətraf ərazilərdəki meşələr açıq havada dincəlməyi sevənləri cəlb edir. Bu kənd Talış dağlarının mərkəzində yerləşir.

Şəkər əsası dağları

Şəkər əsası dağları adı ilə tanınan çəhrayı-ağ zolaqlı təpələr Bakı-Quba avtomagistralı boyu yerləşən ən mənzərəli məkanlardan biridir. Buranın rəngi dəmir birləşmələrinin oksidləşmə vəziyyətini dəyişdirmiş qrunt sularının nəticəsində meydana gəlib.

Palçıq vulkanlarının “paytaxtı”

Azərbaycan palçıq vulkanları ilə də tanınır. Burada təxminən 400 palçıq vulkanı var. Onların əksəriyyəti paytaxtdan kənar kiçik ərazidə, Xəzər dənizinin yaxınlığında yerləşir. Bu təbiət möcüzəsinə tektonik hərəkətlər səbəb olub. Tektonik hərəkətlər nəticəsində yerin altındakı qaz səthə çıxır və bununla da palçıq vulkanı yaranır.

Azərbaycanın ən böyük milli parkı

Azərbaycanın ən valehedici dağlıq mənzərəsinin böyük qismi Şahdağ Milli Parkının payına düşür. Ölkənin ən böyük milli parkının ərazisi 130 min hektardır. Bura nadir Şərqi Qafqaz turunun evidir. Dağ keçisi cinsinə aid olan Şərqi Qafqaz turu endemik heyvandır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: USA TODAY 10Best

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az