16.06.2021 12:07
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Almaniya ordusu Azərbaycanla müharibəni uduzardı
 
15.06.2021
THE TIMES, Böyük Britaniya
 

  “İran Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edəcək”
 
14.06.2021
TasnimNews, İran
 

  Bakı: “şərab dili”ndə danışan sirli ucqar şəhər
 
14.06.2021
La Repubblica, İtaliya
 

  Dünyanın ən çox minalanmış regionu: Qarabağda mülki əhali arasında qurbanlar artır
 
14.06.2021
BrusselsMorning, Belçika
 

  FOTOREPORTAJ| Uels yığmasının Bakıdakı düşərgəsində
 
11.06.2021
WalesOnline, Böyük Britaniya
 

 
 
FOTO| “Mən istənilən halda qayıtmaq istəyirəm”

 
 



İzvestiya, Rusiya
04.05.2021


Müəllif: Elnar Baynazarov

Rusiya, Azərbaycan Ermənistan liderləri arasında üçtərəfli razılaşmanın əldə olunmasından yarım il ötür. Bu razılaşmaya görə, Dağlıq Qarabağın “təhlükəsizlik zonası” adlandırılan yeddi rayonu Bakının nəzarətinə keçib. “İzvestiya”nın əməkdaşları 2020-ci ilin oktyabrında ətraf yüksəkliklər uğrunda şiddətli döyüşlərin getdiyi cənub istiqamətindəki Füzuli rayonunda olublar.

Azərbaycan rəhbərliyinin Füzuli ilə bağlı çox böyük planları olsa da (artıq orada hava limanı tikilir), hələlik şəhər sadəcə kol-kos basmış daş xarabalıqları xatırladır. Demək olar ki, bütün rayon minalanıb və bu səbəbdən hərbi patrul yoldan kənara addım atılmasına icazə vermir.

Yoldan bir addım kənara çıxmaq olmazmina var

Füzuli Azərbaycanın cənubunda, Bakıdan 5 saatlıq məsafədə yerləşir. Şəhərə aparan yol, daha doğrusu yolun iki Qarabağ müharibəsindən çıxmış qalıqları İranla sərhəddən keçir. Bu səbəbdən telefonlar “Irancell” operatorunun dalğasın tutur. Lakin azad edilmiş rayonların çox hissəsində onun Azərbaycan analoqları da çalışır. Elə ilk diqqət çəkən də budur: noyabr razılaşmasının üstündən cəmi altı ay keçsə də, bütün bu ərazilərdə artıq telefonlar yaxşı tutur. Yolboyu yeni elektrik xəttləri və mobil rabitə qüllələri sıralanır – yeddi rayonu qaytardıqdan sonra Azərbaycan hökumətinin gördüyü ilk iş bu ərazilərin elektrikləşdirilməsi və rəqəmsallaşdırılması olub.

Buraya səfər etməyin əsas şərti budur – bir addım da kənara atmaq olmaz. Yol boyu üzərində insan kəlləsinin şəkli olan qırmızı üçbucaq lövhələr düzülüb – bu, ərazinin minalandığı barədə xəbərdarlıqdır. Hər 10 dəqiqədən bir “Mina və sursatlardan qorunun” yazılmış lövhələrin yanından keçirik. Son yarım ildə bu yolda 50-dən çox adam minaya düşüb. Sonuncu hadisə bu yaxınlarda baş verib – aprelin sonunda üç nəfərdən ibarət ailə doğmalarının məzarlarını ziyarət etmək istəyərkən məhv olub. Aprelin 27-də isə burada Rusiya sülhməramlılarının maşını minaya düşərək partlayıb. Amma onların həyatına təhlükə yoxdur.

Bir sözlə, bu gün sadə azərbaycanlılara üzürlü səbəb olmadan azad edilmiş rayonlara getmək qadağandır.

“Azərbaycan Ermənistandan mina sahələrinin xəritələrini almaq istəyir ki, bu yerlərdə dinc həyatın bərpasını tezləşdirsin. Lakin Yerevan xəritələri vermir. Bu səbəbdən biz ərazilərimizi öz tərəfdaşlarımızın köməyi ilə təmizləyəcəyik”, -deyə Azərbaycanın Xarici İşlər Nazirliyindən “İzvestiya”ya bildiriblər.

Yerevanda yerləşən Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan isə “İzvestiya”ya açıqlamasında qeyd edib ki, həm mina sahələri, həm də “Azərbaycanda saxlanılan erməni hərbi əsirlər” Bakı, Yerevan və Moskva rəsmilərinin hər görüşündə müzakirə olunur. “Lakin, məncə məsələ “xəritələrin qarşılığında hərbi əsirlər” şəklində qoyulmur. Hər halda, Azərbaycan tərəfdən belə bir təklif daxil olmayıb. Düşünürəm ki, bu, gələcək razılaşmaların mövzusu ola bilər”, - deyə ekspert bildirib.

Füzuli istiqamətində quraşdırılmış nəzarət-buraxılış məntəqəsində (NBM) tikinti texnikası cəmləşib – çınqılla yüklənmiş “Tatra”lar ötən ilin noyabrından bəri Azərbaycan üçün artıq şərti sayılan sərhədi keçməyə hazırlaşır. Çala-çuxurlu “yeni” yolla gedirik. Halbuki, noyabra qədər bu yol dalana dirənirdi...

“Növbəti hərbi məntəqəyə qədər dayanmayın”, - deyə ilk NBM-dəki hərbçi bizi təlimatlandırır. Lakin biz dayanırıq, çünki mina sahələrinin şəkilərini çəkməliyik. Bununla belə, ilk əsas qaydaya əməl edirik – yoldan kənara çıxmırıq ki, partlamayaq. Bizdən 50-60 metr aralıda mavi geyimli minaaxtaranların var-gəl etməsi ehtimalımızı təsdiqləyir.

Yolun sağı və solunda paslanmış tankəleyhinə “kirpi”lər, köhnə, qırıq elektrik xətlərinin sallandığı yanmış dirəklər gözə dəyir. Bələdçimiz Nicat Nəcmiyev deyir ki, bu kirpilər də, tanklar da döyüş meydanında qalmış erməni hərbi texnikasıdır. 40 dəqiqə sonra avtobus sürətini lap azaldır. “Qarşınızda Füzuli şəhərinin mərkəzidir”, - deyə bələdçi jurnalistlərə müraciət edir. Ətrafda isə yalnız quru divarlar və onların arasından boy atmış ağaclar gözə dəyir.

Birinci Qarabağ müharibəsinə qədər Füzulidə 17 mindən çox insan yaşayıb. 1989-1993-cü illərdə şəhərin bütün əhalisi buranı təkr edib. Son 30 ildə burada heç kim yaşamayıb.

“Şəhərin qaytarılmasına Azərbaycan ordusu 17 gün vaxt sərf edib. Oktyabrda ən şiddətli döyüşlər burada gedib. O vaxtadək bütün yüksəkliklər ermənilərin əlində olub və bu, Azərbaycan Ordusunun irəliləməsini çətinləşdirirdi. Biz Cəbrayılı Füzulidən əvvəl götürmüşük”, - deyə Nicat Nəcmiyev bildirir.

Daha bir NBM-ə çatırıq. Bura son 30 ildə yanacaqdoldurma stansiyası olub. Dəhlizdə hələ də qırıq kofe aparatı var. Yaşı 22-24-dən çox olmayan hərbi geyimli gənclər iti tumarlayır.

“Burada ermənilərin tikdiyi şərab zavodu qalıb. Müharibə zamanı ona demək olar ki, zərər dəyməyib, hətta içəridə şərab da var. Emal üçün üzümü də elə buralardan yığırmışlar”, - deyə hərbçilərin biri ətraf sahələri göstərərək bildirir.

Azərbaycanın qalan hissəsini Hadrut və Şuşa ilə birləşdirəcək səkkiz zolaqlı avtomobil yolu bu gün meşə basmış quru divarlardan ibarət Füzulidən keçəcək. Gələcəkdə Bakı bu yolu Zəngəzur dəhlizi ilə birləşdirmək fikrindədir. Bundan başqa, Azərbaycan prezidenti İlham Əliyevin yanvarda verdiyi tapşırığa əsasən, Füzulidə beynəlxalq hava limanı da tikəcəklər. O, azad edilmiş ərazilərdə qurulacaq üç aerovağzaldan biri olacaq – daha ikisini Zəngilan və Laçın rayonlarında inşa edəcəklər. Zəngilanda uçuş-enmə zolağının bünövrəsini prezident aprelin 26-da qoyub. Füzuli aeroportunun isə artıq bu ilin sentyabrında istismara verilməsi planlaşdırılır.

Ora qayıtmamaq olarmı?

Sevinc 1973-cü ildə Füzulidə anadan olub. Şəhər erməni hərbçilərinin nəzarətinə keçdikdə və tanınmamış “Dağlıq Qarabağ Respublikasının təhlükəsizlik zonası”na (dırnaq işarəsi bizə aiddir - WM)  daxil edilərkən o, ali məktəbin ikinci kursunda oxuyurmuş. Son 28 ili Sevinc məcburi köçkün statusu ilə yaşayıb – bu yeddi rayondan olan şəxslərə “qaçqın” deyilmir, çünki bu ifadə başqa ölkədən gələnlərə aiddir.

“Məni Füzuliyə bağlayan çox şey var. Biz əsasən üzümçülüklə məşğul idik. Həyətimizdə qoz ağacı var idi – gövdəsinin eni 70 santimetr idi. Bağda iki cərgə üzüm bitirdi – biri ağ, digəri qara. Rayonda şərab zavodu da var idi”, - deyə həmsöhbətimiz xatırlayır və davam edir: “Bəs bizim günahımız nə idi? 1993-cü ildə mənim 20 yaşım var idi. Ad günüm avqustun 24-dür və birdən ayın 23-də… Göydən “Qrad” raketləri yağırdı… Sözlə ifadə etmək mümkün deyil. Biz möcüzə nəticəsində salamat qaldıq. Atamın maşını var idi, minib getdik. Uşaq vaxtı “Onu bağışlamaq olarmı?” filminə baxmışdım. Orada personaj pioner düşərgəsində qarmon çaldığı yerdə Böyük Vətən müharibəsi başlayır. Hər dəfə bu film gedəndə məni ağlamaq tutur. Uşaqarım soruşur ki, “ana, ürəyin niyə belə sıxılır?””.

Füzulidən məcburi köçkün düşdükdən sonra Sevinc ailəsi ilə birlikdə Bakının kənarında, yataqxana üçün inşa edilmiş yarımçıq tikilidə məskunlaşıb.

“Pəncərəsiz, suvaqsız, quruca betondan olan bir otağa yerləşdik. Uzun müddət orada yaşadıq və tədricən özümüzə gəldik, evi təmir etdik. Sonra bizə dövlət proqramına əsasən böyük üçotaqlı mənzil ayırdılar, yaxşı yaşayırıq. Lakin mən yenə də Füzuliyə qayıtmaq istəyirəm. Anam həyatdan oraya qayıtmaq arzusu ilə köçdü. Bəli, bilirəm ki, şəhərdən heç nə qalmayıb. Lakin heç olmazsa, onun havasın udaram – bu, mənim gəncliyimin havasıdır. Mən Bakıdakı abad mənzilimi qoyub oraya qayıtmağa hazıram. Soruşa bilərsiniz ki, orada nə ilə məşğul olacam? Mən rus dili müəlliməsiyən, dərs deyəcəyəm. Başa düşürsünüz, bu, bizim evimizdir. Oraya qayıtmamaq olarmı?”.

Eşidəndə ki, mən Füzuliyə gedəcəm (söhbətimiz səfərdən əvvəl olub) Sevinc xəyala dalıb gülümsədi: “Tezliklə mən də oraya gedəcəyəm. Evimizə salam deyin. Deyin ki, mən tezliklə qayıdacağam”.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: İzvestiya

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az