16.06.2021 12:45
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ter-Petrosyan: “Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi sayır”
 
16.06.2021
NEWS.am, Ermənistan
 

  Almaniya ordusu Azərbaycanla müharibəni uduzardı
 
15.06.2021
THE TIMES, Böyük Britaniya
 

  “İran Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edəcək”
 
14.06.2021
TasnimNews, İran
 

  Bakı: “şərab dili”ndə danışan sirli ucqar şəhər
 
14.06.2021
La Repubblica, İtaliya
 

  Dünyanın ən çox minalanmış regionu: Qarabağda mülki əhali arasında qurbanlar artır
 
14.06.2021
BrusselsMorning, Belçika
 

 
 
FOTO| Müharibənin dağıtdığı Qarabağa səyahət

 
 



ISRAEL HAYOM, İsrail
02.06.2021


Müəllif: Din Şmuel Elmas

Qəm-qüssə sevincə qarışıb. İnsanlarda milli qürur hissi dərin matəmlə təlx olub. Nikbinliklə kədər eyni anda yaşanır. Onların itirdikləri geri qayıtmayacaq. Bu təkcə İsrailin deyil, həm də 28 mayda Respublika Gününü qeyd etmiş Azərbaycanın hekayəsidir.

Azərbaycan 27 ildir məcburi köçkünləri ilə bağlı dərin böhrandan əziyyət çəkir. Birinci Qarabağ müharibəsi zamanı 750 mindən çox azərbaycanlı, yəni ölkə əhalisinin təxminən 7,5%-i məcburi köçkünə çevrilib.

Mən Qarabağa səfərim zamanı Bakıətrafı ərazilərdən keçirdim. Bu yerlərdən keçərkən görürsən ki, Azərbaycan hökuməti məcburi köçkünlərin ev problemlərini həll edib. Bəli, Azərbaycan hökuməti Birinci Qarabağ müharibəsi zamanı evlərini itirmiş məcburi köçkünlərin əksəriyyətini mənzillə təmin edib. Amma bu, kifayət etmir...

İkinci Qarabağ müharibəsindən 6 ay keçsə də, insanlar arasındakı ümumi əhval-ruhiyyədə matəm ab-havası da hiss olunur. Burada hər şəhərin, hər kəndin girişində “şəhid lövhələri” var. Bu lövhələrə müharibədə həyatını itirmiş yerli sakinlərin adları yazılıb, şəkilləri həkk olunub. Onları müharibədə həyatı itirmiş şəsxlərin yaxınları quraşdırıb.

Qarabağa Ağdam rayonundan daxil oluram. Birinci Qarabağ müharibəsi nəticəsində bu rayonun əhalisinin əksəriyyəti – təxminən 100 mindən çox azərbaycanlı məcburi köçkünə çevrilib. 1994-cü ildən Ağdama Ermənistan nəzarət edirdi. Bu dövrdə burada əhali yaşamayıb. Odur ki, İkinci Qarabağ müharibəsindən sonra Ağdamda sürətlə inkişaf layihələrinin həyata keçiriləcəyi düşünülürdü. Amma reallıq fərqlidir. Burada çox qəribə, qeyri-adi vəziyyətlə rastlaşıram. Ermənistan Ağdamda terrorçu təşkilatların taktikasından istifadə edib: hər tərəf minalanıb, hərbi tunellər qazılıb və s. Ağdam sözün əsl mənasında “ruhlar şəhəri”nə və ya “ruhlar bölgəsi”nə çevrilib.

Yol boyu düzülən nişanlar sürücülərə xəbərdarlıq edir. Sürücülər minalara və partlamamış bombalara görə müəyyən edilmiş yoldan çıxmalı deyil. Görünən odur ki, azərbaycanlılar yol boyu düzülmüş çoxsaylı minaların öhdəsindən hələ də taç gələ bilməyib.

Hər yanda ermənilərin planlaşdırdığı tunel müharibələrinin izləri görünür. Lakin bu tunellər nəticə etibarı ilə onlar üçün əks-effekt verib. Onlar 26 il ərzində – düz yəni İkinci Qarabağ müharibəsinədək bu tərk edilmiş regionda böyük tunellər sistemi qurub. “Hizbullah” və ya HƏMAS belə tunellər sistemini yalnız arzulaya bilər...

Azərbaycanlılar etiraf edirlər ki, İsrail istehsalı olan “Harop” kamikadze dronları Ağdam rayonunda aparılmış hərbi əməliyyatlarda böyük uğurlar qazanıb. Amma bu dronlarla belə, Ermənistan silahlı qüvvələrinin postlarını birləşdirən tunellər sisteminə qarşı mübarizə aparmaq asan deyilmiş. Həmin tunellər sistemi bu gün də qalmaqdadır. Lakin azərbaycanlılar minalanmış ərazilər üzündən fiziki olaraq, onlara gedib çata bilmir.

Bu gün Qarabağ təbii güllərlə yanaşı, həm də süni “gül”lər, yəni minaların olduğuna dair qırmızı xəbərdarlıq dirəkləri ilə “bəzənib”. Onların sayı-hesabı yoxdur...

Amma həqiqət anı çatan zaman – İkinci Qarabağ müharibəsində ermənilərin uzun illərdən gələn hazırlığı onları məhv olmaqdan xilas etməyib. Bunun sadə səbəbi var: ermənilər azərbaycanlıların var gücü ilə məhz Ağdam istiqamətindən hücuma keçəcəklərini gözləyirlərmiş. Onlar azərbaycanlıların Şuşaya hücuma cəsarət etməyəcəklərindən də əmin imişlər...

Strateji əhəmiyyət kəsb edən tarixi Şuşa şəhərini hər iki tərəf mədəni paytaxt sayır. Azərbaycan prezidenti İlham Əliyev son Novruz bayramını məhz bu üzdən Şuşada qeyd edib, bayram tonqalını məhz bu şəhərdə qalayıb. Bununla o, Azərbaycanın qələbəsini vurğulayıb.

Beynəlxalq ictimaiyyətin Azərbaycanın “Harop” və “Bayraktar” kimi hərbi silahlardan istifadə etməsi haqda damışdığı bir vaxtda, Bakı xüsusi təyinatlı qüvvələrinə dağlara çıxmağı əmr edibmiş. Bəli, belə də olub. Ağdam şəhəri elə azərbaycanlı xüsusi təyinatlıların uğurundan sonra qaytarılıb. Məhz bu uğurdan sonra tərəflər arasında xüsusi bəyannamə imzalanıb və Ağdam da Azərbaycana təhvil verilib.

Lakin Ağdam ötən illər ərzində təkcə sakinlərindən deyil, hər şeyindən məhrum olub. Burada binalar, müxtəlif tikililər, dövlət müəssisələri və muzeylər yerlə-yeksan edilib.

“Onlar binaları dağıdararaq tikinti materiallarını iranlılara satıblar”, - deyə yüksək rütbəli Azərbaycan rəsmisi bildirir. Burada evlər, ayrı-ayrı tikililər bir-birinin ardınca sanki “estetik” şəkildə dağıdılıb. Bir binada bir, digərində üç divar yox olub. Bu, atəş nəticəsində dəymiş ziyana bənzəmir.

Ağdamda dağıdıdılmış məscidlərdən birində iki detal xüsusilə gözə çarpır: məscidin girişi boyu heyvan ekskrementləri və məscidin içərisində saxlanılmış və daha sonra yandırılmış samanlar. İsrail müsəlman dövlətləri ilə apardığı müharibələrin heç birində taktiki və ya strateji səbəb olmadan məscidlərə ziyan vurmayıb. Qarabağda 70 məsciddən yalnız biri qalıb. Məscidin yaxınlığında yerləşən qəbirstanlıqda da iyrənc mənzərənin şahidi oluram: müsəlmanların qəbir daşları dağıdılıb, məzarlar açılıb...

Dağıdılmamış məscidi fərqləndirən yeganə xüsusi cəhət onun memarlığında başqa müsəlmanlara xas xüsusiyyətin olmamasıdır. Görünən odur ki, Ermənistan müharibə zamanı məscidin minarələrindən hərbi mövqe kimi istifadə edib.

Azərbaycan prezidenti İlham Əliyev buraya Quran gətirməsindən sonra məscid daxilində və ətrafındakı böyük dağıntılara rəğmən, yenidən ibadət yerinə çevrilib. Quran bu məqsədlə Səudiyyə Ərəbistanından göndərilibmiş...

Bir zamanlar Ağdamın çiçəklənən mədəni həyatı olub. Bu gün burada təbii ki, mədəni həyatdan da danışmaq mümkün deyil. Çörək Muzeyinin xarabalığı gözə dəyən ən böyük dağıntıdır. Bu muzey hələ Sovet dövründə ciddi vəsait hesabına tikilibmiş. İndi onun binasından yalnız Sovet motivləri ilə bəzədilmiş bir divar qalıb.

İsrailin bu rayonla əlaqəsi haqda nəsə bilmək istəyirsinizsə, bir məqamı qeyd edə bilərəm. Ötən il Təl-Əvivin “Makkabi” klubu Avropa Liqasında Azərbaycanın “Qarabağ” komandası ilə qarşılaşıb. “Qarabağ” Birinci Qarabağ müharibəsinə qədər ev oyunlarını məhz Ağdam şəhərində oynayıb. O, Bakıya müharibədən sonra köçüb. Ermənistanın işğalı dövründə Ağdam şəhərinin futbol stadionu da dağıdılıb və bu gün o, tanınmaz haldadır.

Mən iki gün ərzində bu yad torpaqlarda 1350 kilometr yol qət etdim: Bakıdan Qarabağadək. Bu, Eylatdan Metula qədər olan yoldan 2,59 dəfə çoxdur. Əslində, bu məsafə Bakının Qarabağı mümkün qədər tez bərpa etmək cəhdlərində də əsas maneələrdəndir. Üstəlik, Qarabağda yolların vəziyyəti də pisdir. Bu, xüsusilə betonun və digər infrastruktur materiallarının daşınmasını çətinləşdirir.

Qarabağın digər regionuna – Füzuliyə yollanırıq. Yük maşınlarının yanından keçərək demək olar ki, müharibədən zərər görməmiş, bir zamanlar ermənilərin yerləşdikləri forposta çatırıq. Təpəyə qalxıram və buradan müharibədən əvvələ aid həyat izləri görürəm. Bir zamanlar bura ermənilər üçün strateji post imiş. Ətrafa səpələnmiş qaşıqlar, bükülmüş hərbi formalar, hərbi texnika qalıqları, hərbi hissəyə məxsus silah dolu yeşiklər...

“Burada ağır döyüşlər gedib. Hər iki tərəf çox sayda itki verib”, - deyə yerli sakinlərdən biri bildirir.

Hərbi hissənin otaqlarında döşəklər, şkaflar, stullar ətrafa səpələnib. Hərbi hissə üçün adi şərait. İsrail Müdafiə Ordusunun hərbi hissələrində də vəziyyət məhz belədir. Yerə enerji içkisinə aid çoxsaylı bankalar səpələnib. Görünür, uzun zaman kəsiyində yatmayan yaraqlılar enerji içkisi də içirmiş.

Və... İsrail silahlarının keyfiyyətini, onların Azərbaycanın qələbəsindəki payını təsdiqləyən səhnəyə şahid oluram: erməni tankına “Spike” raketi ilə zərbə endirilib. Raket tankın qülləsi ilə korpusunun arasına dəyib. Nəticədə qüllə qoparaq tankdan xeyli aralıda yerə düşüb.

Bu postdan çoğrafi nöqteyi-nəzərdən uzaqda olmasa da, getmək üçün vaxt baxımından uzaq olan bir yerdə prezident Əliyevin Qarabağın bərpası ilə bağlı iddialı layihələrindən biri yerləşir. Söhbət Füzulidə salınmaqda olan yeni beynəlxalq hava limanından gedir. Hazırda onun tikintisi davam edir. Yeni aerportun yük daşımaları üçün bu ilin sentyabrında açılacağı gözlənilir. İndi ərazidə yerli və xarici işçilər ərazilərin minalardan təmizlənməsi ilə paralel, infrastrukturun qurulması ilə məşğuldur. Mən hava limanına çatan zaman artıq uçuş-enmə zolağı asfatlanmışdı. Üstəlik, gələcək terminalın yerini də aydın şəkildə görmək mümkündür.

Füzuli şəhəri bu beynəlxalq hava limanına çox yaxın yerləşir. Bu şəhərdə də vəziyyət kədərlidir. Hətta burada vəziyyətin daha acınacaqlı olduğunu deyə bilərəm. Bura da “ruhlar şəhəri”nə çevrilib. Füzuli də darmadağındır. Amma onun gözəl memarlıq nümunələri arasından yaşıl, möcüzəvi qoxusu olan jasmin kolları “boylanır”. Buradakı memarlıq nümunələri hələ də zövq verir...

Əsas yoldan kənarda şəhərə aid nələrsə qalıb. Amma burada minaatanların atəş mövqeləri də var. Bombaların bəziləri atılıb, bəziləri isə elə yerində qalıb. Ətrafda hər an partlaya biləcək bombaların olmadığına əmin deyiləm...

Füzulinin əsas yolunun normal olmasının, minalanmamasının əsas səbəbi məlumdur: müharibə zamanı ermənilər böyük binanın həyətindəki nəhəng forpostda mövqelənirlərmiş. Bu binadan, həmçinin ətraf ərazilərdən bu forposta tunellər vasitəsilə çıxışlar var. Amma ermənilər bəlkə bu tunelləri də minalayıblar. Bəlkə də yox... Buranın “səssiz şahidi” də var: suyu olmayan fəvvarə. Onun gözəlliyindən başqa heç nəyi qalmayıb.

Növbəti “ruhlar şəhəri”nə – Cəbrayıla keçir, buradan isə Qarabağa səfərimin son dayanacağı olacaq Zəngilana çatıram. Bura onsuz da qeyri-sabit olan regionun ən qaynar nöqtələrindən biridir. Qarabağın rayonlarından olan Zəngilan Ermənistan və İranla sərhəddir. Bura Naxçıvan dəhlizinin başlanğıc nöqtəsidir. Tərəflər arasında imzalanmış bəyanatda göstərilən dəhliz buradan başlayaraq, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirəcək.

Azərbaycan polisi jurnalist kimi, buraya səfər edəcəyimdən xəbərdar idi. Onlar məni İran sərhədinə qədər müşayiət edirlər. Amma mənə “oraya getmə”, “buranı çəkmə” demirlər. Əlbəttə ki, mən “Israel Hayom” nəşrində İran sərhədi ilə bağlı təəssüratlarımı da qələmə aldım. Bu zaman İranın qəzəbli reaksiyasını gözləyirdim. Ermənistan mətbuatının mənə qəzəbinin isə heç gözləmirdim. Ermənistanın media orqanlarından biri hətta mənim “Mossad”la əlaqələrimin olduğunu iddia edir. Amma mənim bu qurumla ən azı bu gün heç bir əlaqəm yoxdur.

Maraqlıdır ki, mənim Zəngilana səfərimdən bir gün sonra ermənilər bu istiqamətdə atəş də açıb. Görəsən, bu iki hadisə arasında əlaqə varmı? Buna Yerevan cavab verməlidir.

Beləliklə, Bakı bölgədə bərpa işlərini tam güc ilə davam etdirir. Azərbaycan rəsmiləri bu işlərdə xarici şirkətlərin də iştirakından məmnun olacaqlarını deyirlər. Sirr deyil ki, Qarabağın bərpası işinə İsrail şirkətləri də öz yardımlarını təklif ediblər. Azərbaycanla İsrail arasında diplomatik əlaqələrin qurulmasından 30 il sonra əzablar nəticəsində haldan düşmüş bu regionun ağır vəziyyəti bəlkə də yeni birgə nailiyyətlərə yol aça bilər. Zaman göstərəcək...

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ISRAEL HAYOM

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az