16.06.2021 10:38
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Almaniya ordusu Azərbaycanla müharibəni uduzardı
 
15.06.2021
THE TIMES, Böyük Britaniya
 

  “İran Azərbaycanın azad olunmuş ərazilərinin bərpasında iştirak edəcək”
 
14.06.2021
TasnimNews, İran
 

  Bakı: “şərab dili”ndə danışan sirli ucqar şəhər
 
14.06.2021
La Repubblica, İtaliya
 

  Dünyanın ən çox minalanmış regionu: Qarabağda mülki əhali arasında qurbanlar artır
 
14.06.2021
BrusselsMorning, Belçika
 

  FOTOREPORTAJ| Uels yığmasının Bakıdakı düşərgəsində
 
11.06.2021
WalesOnline, Böyük Britaniya
 

 
 
Mina partlayışı azərbaycanlı jurnalistlərin həyatına son qoyub

 
 



Əl-Cəzirə, Qətər
06.06.2021


Azərbaycan hökumətinin məlumatına görə, ölkənin Dağlıq Qarabağ bölgəsinin qərbində yerləşən Kəlbəcər rayonunda mina partlaması nəticəsində iki yerli jurnalist və 1 rəsmi şəxs həyatını itirib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, iyunun 4-də yerli vaxtla 11:00 radələrində baş vermiş hadisə – tank əleyhinə minanın yük maşınını partlatması nəticəsində 4 nəfər yaralanıb. Hadisə nəticəsində yerli məmur Arif Əliyev, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov həlak olublar.

Hadisə ötən il Dağlıq Qarabağ regionu üzündən 6 həftə müharibə aparmış Ermənistanla Azərbaycan arasında son sərhəd mübahisələri fonunda baş verib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu hadisədən dərindən kədərləndiyini bildirib, Ermənistanı növbəti dəfə minalanmış ərazilərin xəritələrini Bakıya təhvil verməyə çağırıb.

Azərbaycan hökuməti Yerevanı bu xəritələri onlara təqdimetməməkdə günahlandırır.

“Ermənistan hər dəfə bu tələbi rədd edir, bu isə daha çox insanın təhlükə altında olması deməkdir!”, - deyə C.Bayramov “Twitter” hesabında yazıb.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də düşünür ki, azərbaycanlı jurnalistlərin minalanmış ərazilərin xəritələrinə çıxışı olmalı idi: “Mən beynəlxalq ictimaiyyəti və təşkilatları ittiham edirəm. Müharibənin başa çatmasından aylar keçməsinə baxmayaraq, biz hələ də minalanmış ərazilərin xəritələrini ala bilmirik”.

Kəlbəcər ötən il baş vermiş müharibədən sonra Azərbaycana döyüşsüz qaytarılmış rayonlardandır.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı da Ermənistanı beynəxalq hüququ pozmaqda günahlandırıb. “Kəlbəcər rayonunun bu hissəsinə minalar bu yaxınlarda basdırılıb”, deyə Elçin Şıxlı “Əl-Cəzirə”yə: “Bu, o deməkdir ki, Ermənistan dövlət səviyyəsində terrorçuluq və diversiya ilə məşğuldur. Beynəlxalq ictimaiyyət bu məsələyə dərhal reaksiya verməlidir”.

Bu məqalə dərc olunan zaman Ermənistan rəsmiləri tank əleyhinə minanın partlamasını şərh etməmişdi.

Sərhəd mübahisəsi

Ermənistanla Azərbaycan aralarında 30 ildir davam edən münaqişə fonunda bir-birilərinə qarşı davamlı ittihamlar səsləndirir və ittihamları rədd edirlər. Rəsmi Bakı bu hadisədən təxminən bir həftə əvvəl bildirmişdi ki, Ermənistan Silahlı Qüvvələri dövlət sərhədi istiqamətində atəş açaraq azərbaycanlı əsgəri yaralayıb. Yerevan bu ittihamları rədd edib. Bu hadisə Azərbaycanın Kəlbəcər rayonunda 6 erməni hərbçisini saxlamasından bir gün sonra baş verib.

Rəsmi Yerevan Silahlı qüvvələrinin həmin ərazidə mühəndis işlər apardığını bildirir, Bakı isə onların kəşfiyyat-diversiya qrupunun üzvləri olduqlarını deyir.

Bundan başqa, Ermənistan ötən həftə bir əsgərinin Azərbaycan Silahlı Qüvvələrinin atəşi nəticəsində həlak olduğunu bəyan edib. Bakı isə öz növbəsində, ittihamı rədd edir.

Ermənistanın daha bir ittihamına görə, bu il mayın əvvəllində Azərbaycan Ordusu onun cənub sərhədini keçib və iki dövləti ayıran gölü mühasirəyə alıb.

Dağlıq Qarabağ münaqişəsi

Ermənistanla Azərbaycan arasında son müharibə ötən ilin noyabrında sona çatıb. Azərbaycan müharibədə qalib gəlib. Nəticədə 1990-cı illərin əvvəllərindən Dağlıq Qarabağ və ətraf rayonlara nəzarət edən etnik erməni silahlı birləşmələrini oradan çıxarılıb.

Etnik ermənilərin yaşadığı Dağlıq Qarabağ regionu beynəlxalq birlik, hətta Ermənistan tərəfindən belə, Azərbaycan ərazisi kimi tanınır.

Ermənistanla Azərbaycan arasında ötən ilin sonunda Rusiyanın vasitəçiliyi ilə atəşkəs müqaviləsi imzalanıb. Bununla da hərbi əməliyyatlara son qoyulub. Nəticədə Azərbaycan əldə etdiyi ərazilərdə möhkəmlənib.

Tərəflər arasında son müharibə nəticəsində ümumilikdə 6 mindən çox insan həlak olub, Ermənistan isə siyasi böhranla üzləşib. Bu ölkənin baş naziri Nikol Paşinyan Ermənistan əhalisinin əksəriyyətinin təhqidedici məğlubiyyət kimi qəbul etdiyi müharibədən sonra ciddi tənqidlərlə üzləşib. 45 yaşlı Paşinyan bildirir ki, onun güzəştə getməkdən başqa yolu olmayıb, çünki əks təqdirdə Ermənistan Ordusu daha böyük itkilər verəcəkdi.

Paşinyan ötən ilki müharibədən sonra etiraz aksiyaları keçirən müxalifətin təzyiqləri qarşısında növbədənkənar parlament seçkisi təyin edib. Seçki iyunun 20-nə təyin olunub.

Ermənistan bu region uğrunda Azərbaycanla 1990-cı illərin əvvəllərində də müharibə etmişdi. O zaman hər iki tərəfdən ən azı 30 min insan həlak olmuşdu.

2016-cı ilin aprelində baş vermiş müharibə 4 gün davam etmişdi. Son savaş isə 1990-cı illərin ortalarından sonra baş vermiş ən böyük hərbi toqquşma idi.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Cəzirə

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az