Müəllif: Patrik Anqler
Keçmiş sovet ölkələri olan Azərbaycan və Rusiya 2020-ci ilin Formula 1 yarışlarını gec də olsa, tamaşaçıların iştirakı ilə keçirəcəklərinə ümid edirlər.
Bakıda şəhər trasında keçirilməli olan yarış artıq təxirə salınıb. İndi isə promouter tədbirin proqrama tamaşaçısız yarış kimi salınmasından imtina edir. “Biz tamaşaçısız yarış təşkil etməyi məqsədəuyğun saymırıq”, - deyə promouterin açıqlamasında bildirilir: “Ümid edirik ki, iyunun sonunadək Bakının Formula 1 komandalarını və azarkeşlərini qəbul etmək imkanı yaranacaq”.
Promouterlər deyirlər ki, hava şəraiti ilə əlaqədar olaraq, yarışı oktyabrın ortalarından gec olmayaraq da keçirə bilərlər.
Rusiya Qran Prisinin promouterisə sentyabrın sonuna planlaşdırılan yarışın keçirilməsi üçün hazırlıq işlərini davam etdirir.
“Biz yarışı Formula 1 tərəfindən təsdiq olunmuş tarixlərdə tamaşaçıların iştirakı ilə keçirəcəyik. Odur ki, Rusiya tarixinin yeddinci yarışına hazırlığı davam etdiririk”, - deyə Rusiya çempionatının promouteri bildirib: “Əgər şərait hər hansı əlavə tədbirləri zəruri edərsə, texniki cəhətdən alternativ varianta da hazırıq. Sadəcə bu zaman müqavilə öhdəlikləri bir az fərqli ola bilər”.
“Formula 1 tərəfindən Rusiya Qran Prisinin tarixinin dəyişdirilməsilə bağlı hər hansı təklif yoxdur. Şübhəsiz ki, biz də yarışın əvvəldən müəyyən edilmiş tarixdə keçirilməsini istərdik”, - deyə açıqlamada bildirilir.
(Fransız dilindən tərcümə - WorldMedia.Az)