09.12.2021 15:55
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycana “Nobel”li ziyarət
 
08.12.2021
Hürriyet, Türkiyə
 

  Azərbaycan 10 erməni hərbi əsiri azad edib
 
07.12.2021
L’Orient-Le Jour, Fransa
 

  İran və Azərbaycan prezidentlərinin görüşünə baxış
 
02.12.2021
Nournews, İran
 

  Yaxın Şərq və Avrasiyada sülh mümkündürmü?
 
02.12.2021
THE JERUSALEM POST, İsrail
 

  Rusiya Ermənistanla Azərbaycan arasında sülhə töhfə verməyə çalışır
 
01.12.2021
Eureporter, Aİ
 

 
 
Qarabağdan, Şuşadan verilən əsas mesaj nə idi?

 
 



HABERTÜRK, Türkiyə
19.06.2021


Müəllif: Prof. Dr. Kürşad Zorlu

Prezident Ərdoğan NATO zirvə toplantısının ardından Azərbaycana səfər etdi. Tarixi əhəmiyyətli bu ziyarətin təfərrüatlarına keçməzdən əvvəl qeyd etmək istərdim ki, ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” qərarına qarşı heç bir təşəbbüsün irəli sürülməməsi üzücüdür. Ümid edirəm ki, bu, digər ölkələri “soyqırım” məsələsində cəsarətləndirməyəcək.

Azərbaycana gəlincə, həqiqətən də bu ölkəyə tarixi səfərin baş tutduğunu vurğulamaq lazımdır. Səfərin əsas nəticələrini sadalamaq istərdim:

- Qarabağ müharibəsində qələbə Azərbaycanın işğal altındakı ərazilərinin azad olunmasını təmin etdi. Məhz belə nəticədən sonra bir dövlət başçısı ilk dəfə olaraq həmin torpaqlara ayaq basdı. Prezident İlham Əliyevin də çıxışında qeyd etdiyi kimi, bu qələbə Azərbaycan Ordusunun qəhrəmanlığı və Türkiyənin hərbi, texniki və mənəvi dəstəyi nəticəsində tarixə düşüb. İndi Türkiyə ilk dəfə olaraq Azərbaycan ərazisində üçüncü konsulluğunu açacaq – Şuşada!

- Birgə bəyanatın məhz Şuşada imzalanması Qarabağın yalnız geostrateji baxımdan deyil, həm də geomədəni mənada unikal əhəmiyyətini nümayiş etdirir. Burada çoxəsrlik əsərlərin ortaya qoyulması ilə ortaq şüur Türkiyə ilə Azərbaycanda və bütünlükdə türk dünyası miqyasında anlam qazanacaq. Xatırladım ki, TÜRKSOY Şuşa şəhərini  2022-ci il üçün türk dünyasının paytaxtı elan edib.

- Yaxın gələcəkdə beynəlxalq hava limanına sahib olacaq Füzuli şəhərindən yeni inşa edilən avtomobil yolu vasitəsilə Şuşaya səfərin mümkünlüyü Zəngəzur dəhlizinin həyati əhəmiyyətini vurğulamaq məqsədi daşıyır. Çünki məhz bu dəhliz Azərbaycanın əsas hissəsini Naxçıvanla, beləliklə, həm də Türkiyə ilə birləşdirəcək.

- Şuşa Bəyannaməsi sənədin mətnində də istinad edilən, yüz il əvvəl bağlanmış Qars müqaviləsinin əksidir. Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan arasında 1921-ci ildə imzalanmış Qars müqaviləsi Türkiyənin şərq sərhədlərini müəyyən edib və Naxçıvanı muxtar bölgəyə çevirib. 1992-ci ildə Qarabağın ermənilər tərəfindən işğal edilməsinin səbəblərindən biri də onların Qars müqaviləsini tanımamasıdır. Bu baxımdan, Şuşa Bəyannaməsinin imzalanması keçmişdəki işğalı və ardından baş vermiş hadisələri etibarsızlaşdıran sənəd kimi də tarixə düşdü.

- İki ölkə başçısının imzaladığı 14 səhifəlik bəyannamədə iqtisadiyyat, enerji, təhsil, təhlükəsizlik kimi bir çox sahələrdə müəyyən olunmuş hədəflər diqqət çəkir. Mətnin əsas məğzi “yüksək səviyyəli ittifaq” konsepsiyasıdır. Orada ittifaqın iki ölkənin suverenliyi, ərazi bütövlüyünə hörmət, daxili işlərinə qarışmamaq prinsipi əsasında inkişafının vacibliyi vurğulanır.

- İqtisadi baxımdan iki ölkə arasında malların sərbəst dövriyyəsi məsələsinin bir hədəf kimi önə çıxarılması türk dünyasının 1992-ci ildə müəyyən etdiyi hədəfləri xatırladır. Hətta iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi olmadan qarşılıqlı səyahət edə biləcəkləri, orada rezident kimi qalmaq imkanı qazanacaqları deyilir.

- Ən önəmlisi, təhlükəsizlik və hərbi müstəvidə əməkdaşlıqdır. Bu baxımdan Azərbaycanda birgə dron istehsalına başlanması da ciddi qərardır.

Tərəflərdən hər hansının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid yaranarsa, yaxud tərəflərdən hər hansı üçüncü dövlətin hücumuna məruz qalarsa, ilk növbədə məsləhətləşmələrə başlanacaq, zəruri olduqda BMT Nizamnaməsi çərçivəsində həmin tərəfə lazımi yardım göstəriləcək. Bundan başqa, hücumun qarşısını almaq üçün Silahlı qüvvələrə birgə rəhbərlik də mümkün olacaq. Bu prosesinin davamlılığını təmin etmək məqsədilə iki ölkənin Milli Təhlükəsizlik Şuraları vaxtaşırı görüşlər keçirəcək.

Başqa sözlə, iki ölkədən hər hansının ərazi bütövlüyünə (xüsusən də razılaşmanın xarakterinə uyğun olaraq, Qarabağ bölgəsinə) hücuma yol verilməyəcək və belə halların qarşısının alınması üçün bütün lazımi tədbirlər görüləcək.

Bəyannamənin mətnində BMT Nizamnaməsinə istinad olunmas, sənədin 51 və 52-ci maddələrinə müvafiq olaraq “özünümüdafiə” prinsipinin rəhbər tutulacağını vurğulamaqdır. Lakin müvafiq maddələrə uyğun olaraq, tək və ya birgə güc tətbiqi yalnız BMT Təhlükəsizlik Şurasının toplanıb qərar qəbul etməsinə qədər etibarlıdır.

Beləliklə, bu yanaşma qəti inteqrasiya hədəfinin tərkib hissəsi kimi görünsə də, qısa və orta perspektivdə hədəf üçüncü tərəflərin çəkindirilməsidir, Qarabağda atəşkəsi təmin edəcək beşillik razılaşmanın maddələrinin qüsursuz icra ediləcəyinə və bu yolda geri addım atılmayacağına dair əzm və qətiyyət nümayişidir...

Əlbəttə, sənəddə yer almış əsas məsələlərdən biri də Naxçıvan dəhlizinin açılmasıdır.

“Üçüncü ölkələr” ifadəsi isə yalnız Ermənistana deyil, 6 dövləti birləşdirən (Ermənistan, Gürcüstan, Rusiya, İran) platformaya, hətta ATƏT-in Minsk qrupuna (ABŞ, Fransa) ünvanlanmış qətiyyət mesajıdır. Təhlükəsizlik sahəsindəki bu yanaşmanın yaxın gələcəkdə tətbiq olunması nəzərdə tutulmasa da, o, türk dünyası üçün nümunə ola bilər.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: HABERTÜRK

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az