09.12.2021 15:52
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycana “Nobel”li ziyarət
 
08.12.2021
Hürriyet, Türkiyə
 

  Azərbaycan 10 erməni hərbi əsiri azad edib
 
07.12.2021
L’Orient-Le Jour, Fransa
 

  İran və Azərbaycan prezidentlərinin görüşünə baxış
 
02.12.2021
Nournews, İran
 

  Yaxın Şərq və Avrasiyada sülh mümkündürmü?
 
02.12.2021
THE JERUSALEM POST, İsrail
 

  Rusiya Ermənistanla Azərbaycan arasında sülhə töhfə verməyə çalışır
 
01.12.2021
Eureporter, Aİ
 

 
 
Bakıda hansı turistik məkanlar var?

 
 



JAVANONLINE.IR, İran
06.07.2021


Xəzər dənizinin sahilində yerləşən gözəl, möhtəşəm Bakı şəhəri mülayim iqlimi, ecazkar təbiəti ilə iranlı turistlər üçün ideal məkana çevrilib. Xüsusilə Novruz bayramı tətilində və yay mövsümündə İrandan bu şəhərə uçuşlar artır. Azərbaycanın paytaxtı Bakı enişli-yoxuşlu, qədim tarixə malikdir. O, Qafqazın turistlərin diqqətini cəlb edən ən gözəl şəhərlərindən biridir.

Son 20 ildə Bakının turizm sənayesi infrastrukturu çox inkişaf edib. İndi bu şəhərdə qalmaq üçün qüsursuz şərait, mükəmməl tətil üçün bütün lazımi imkanlar yaradılıb.

Bakıda qədim mədəniyyətini, tarixini qoruya bilmiş müasir və çağdaş şəhər görəcəksiniz. Bildiyiniz kimi, Azərbaycan İranın şimal-qərb qonşusudur, onunla ümumi sərhədi var. Keçmişdə onlar bir dövlətin tərkibində belə, olublar. Bu üzdən, bu iki ölkənin bir çox ortaq tarixi və mədəni cəhətləri var. Bəlkə də Bakıya səyahət iranlılar üçün həm də bu üzdən xoşdur.

Oxucularımızı Bakının görməli yerləri ilə tanış etmək istərdik.

Bakı bulvarı

Bakıya gəlmiş turistlərin əksəriyyəti istirahət və əyləncəyə buradan başlayır. Gözəl Bakı bulvarında yaradılmış imkanlar, əyləncə hər bir turistə zövq verir. Bulvar Xəzər dənizi sahili ilə uzanır. O, şəhərin ən populyar gəzinti yerlərindəndir. Bakı Bulvarı təxminən 3,5 kilometr uzunluğundadır. Burada kaktus bağına, kiçik Venesiya kanalına, Şeytan çarxına, eləcə də müxtəlif kafe və restoranlara rast gələcəksiniz. Bulvar əyləncə məkanları ilə zəngindir.

Bakı bulvarı Dövlət Bayrağı Meydanından başlayaraq Azadlıq meydanına qədər davam edir. Burada gecələr də xoş ab-hava hökm sürür. Bulvar gecə saatlarında çox işıqlı olduğundan, bu saatlarda da gəzinti üçün ideal yer sayılır.

Fəvvarələr meydanı və Nizami küçəsi

Daş döşəməli Fəvvarələr meydanı şəhərin ən cəlbedici küçələrindən biridir. Buradakı mağazalar suvenir almaq üçün ideal yer sayılır. Meydan İçərişəhərin qala divarlarınadək davam edir. Burada insanlar xüsusilə günortadan sonra daha sıx olur. Ətrafdakı kafelər içki içmək, şam etmək üçün uyğundur.

“Alov qüllələri”

“Alov qüllələri” kompleksi özündə alov görüntüsünü təcəssüm etdirən üç binadan ibarətdir. Onlar heyrətamiz memarlıq üslubunda tikilib və bir növ Bakının rəmzinə çevrilib. Qüllələrin hündürlüyü təxminən 182 metrdir.

Bayraq meydanı

Bayraq meydanı 2007-ci ildə tikilib və o vaxtdan Azərbaycanın milli qürur rəmzinə çevrilib. Ölkənin milli şənliklərinin əksəriyyətinin keçirildiyi bu məşhur və populyar meydan Bakı bulvarının sonunda yerləşir. Onun tən ortasında şəhərin demək olar ki, hər yerindən görünən nəhəng bayraq dalğalanır. Bayraq 162 metr hündürlüyü olan dirəkdən asılıb. O, ölçüsünə görə “Ginnesin Rekordlar Kitabı”na düşüb.

“Kiçik Venesiya”

Bakı bulvarının ən popular hissələrindən biri “Kiçik Venesiya” şəhərciyidir. Buradakı kiçik kanal vaxı ilə şəhər əhalisini su ilə təmin etmək üçün tikilibmiş. Bu gün o, şəhərin turizm məkanına çevrilib. Bu süni kanalda qayıqla gəzintiyə çıxa bilərsiniz.

Təzəpir məscidi

Bu möhtəşəm məscid gözəl memarlıq üslubuna malikdir. Onun qızılı minarələri diqqəti uzaqdan cəlb edir. Məscid 1914-cü ildə tikilib. Lakin onun inşasının başa çatmasından cəmi üç il sonra – 1917-ci il Oktyabr inqilabı baş verib. Nəticədə məscid əvvəlcə kinoteatra, daha sonra anbara çevrilib.

1943-cü ildə o, məscid statusunu qaytarıb.

Bilgəh çimərliyi

Bu gözəl çimərlik həm gəzinti, həm də əyləncə üçün çox uyğun yerdir. Bakının çoxsaylı çimərliklərindən olan Bilgəh çimərliyi şəhərin şimal-şərqində yerləşir. O, həm də neft çirklənməsindən uzaq olan nadir yerlərdəndir. Burada su zülal rəngindədir.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: JAVANONLINE.IR

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az