10.06.2023 02:16
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Əliyevdən Avropaya “Bayraktar TB2” etirazı
 
16.04.2022
Haber7, Türkiyə
 

  Xocalı qurbanları üçün ədalət, Azərbaycan və Ermənistan üçün isə yol axtarışı
 
09.03.2022
STARS AND STRIPES, ABŞ
 

  UNESCO Qarabağ münaqişəsinə birdəfəlik son qoya bilərmi?
 
03.03.2022
The National Interest, ABŞ
 

  Fars körfəzinin neft ölkələri Qafqaza bərpa olunan enerji ilə bağlı bacarıqlarını təklif edir
 
02.03.2022
Forbes, ABŞ
 

  Putin ilə Əliyev qarşılıqlı müttəfiqlik bəyannaməsi imzalayacaqlar
 
21.02.2022
RİA Novosti, Rusiya
 

 
 
VİDEO| Ağdamın dirçəlişi: Azərbaycan hökuməti bu şəhəri kökündən dəyişir

 
 



Əl-Cəzirə, Qətər
06.07.2021


Müəllif: Rəsul Sərdar

Region xarabalığa çevrilib. Halbuki, Ağdam bir zamanlar çiçəklənən şəhər olub. Bu gün isə onu tanımaq çox çətindir. Bu gün Ağdam ərazisi xarabalığı xatırladır.

Rövşən Şükürov (ağdamlı): “Ağdam bir zamanlar Azərbaycanın ən inkişaf etmiş bölgələrindən olub. O, əsl yaşıl şəhər, şəhəri əhatə edən dağlar isə təmiz su mənbəyi idi. Ümumiyyətlə, Ağdamın özünəməxsus həyat tərzi var idi. Şəhərdə tarixi 1930-cu illərə uzanan dram teatrı belə, fəaliyyət göstərirdi. Ağdam dünyaca məşhur alimlərin vətənidir. Burada səs-küylü bazar, azərbaycanlı və erməni müəllimlərin birgə çalışdığı 10 böyük məktəb də var idi. Sonra müharibə başladı...”.

Ermənistan ordusu Ağdamı təxminən 30 il əvvəl işğal etmişdi. O zaman yerli əhali ağır döyüşlər üzündən bölgəni tərk etmək, Azərbaycanın şərq hissələrinə köçmək məcburiyyətində qalmışdı.

Ermənistan silahlı qüvvələri burada yolları, tikililəri dağıdıb. Onlar bu Azərbaycan şəhərinə nəzarəti ötən ilin noyabrında itiriblər. O vaxtadək ermənilər Ağdamdan bufer zona kimi istifadə edib. Şəhəri tərk edən zaman isə onlar buraya yüz mindən çox mina basdırıb.

Azərbaycan Ağdama nəzarəti bərpa etdikdən qısa müddət sonra genişmiqyaslı minatəmizləmə işlərinə başlayıb. Məqsəd buranı yenidən yaşayış üçün yararlı məkana çevirməkdir. Amma buna uzun illər lazım olacaq.

Dəyanət Ağakişiyev (inşaat mühəndisi): “Biz Bərdə şəhərindən Ağdama yol çəkirik. Yolun uzunluğu 45 kilometrdir. Yol üzərində 4 körpü tikiləcək, Ağdamı su ilə təmin edəcək kəmər çəkiləcək. Hazırda yolun düzləşdirilməsi ilə məşğuluq. Bu yaxınlarda yola beton tökməyə başlayacağıq. Bütün səylərimizə baxmayaraq, işlər ləng gedir. Səbəb bölgədə çox sayda minanın basdırılmasıdır”.

Bu, bölgənin iqtisadi bərpası üçün uzun və çətin yoldur. Lakin Azərbaycan hökuməti Ağdam daxil olmaqla, azad edilmiş əraziləri “yaşıl şəhər” konsepsiyası əsasında yüksək texnologiyalara əsaslanacaq bölgəyə çevirmək niyyətindədir.

Ağacavid Ramazanov (layihə meneceri): “Baş planı qəbul etmişik. Çoxsaylı layihələr məhz həmin plan əsasında həyata keçirilir. Məsələn, yol tikintisi, kommunal xidmətlərlə bağlı layihələrin həyata keçirilməsi kimi. Üstəlik, burada “yaşıl enerji”dən, innovativ texnologiyalar kimi dünyaca məşhur texnologiyalardan istifadə edirik”.

Əlbəttə, danışmaq iş görməkdən asandır. Hökumətin insanları əsas xidmət sahələrinin olmadığı regiona qaytarması çətin olacaq.

Rəsul Sərdar (Ağdam): “Şəhər boş ola bilər. Amma o, unudulmayıb. Burada insanlar yaşamasa da, Ağdamda onilliklər sonra ilk dəfə ümid yaranıb”.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Cəzirə

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2023, WorldMedia.az