Müəllif: Prof. Dr. Kürşad Zorlu
Azərbaycanla Ermənistan arasında onsuz da mövcud olan gərginlik bir müddətdir ki, qarşıdurmalar vasitəsi ilə daha da artmaqdadır. Bunun yaxşı tədqiq edilməyən bir sıra səbəbləri var. Həftənin əvvəlində Naxçıvan sərhədində atəşkəsi pozan Ermənistan ordusu dünən Kəlbəcərə hücuma keçib.
Kəlbəcər Azərbaycanın işğaldan azad etdiyi, zəngin qızıl mədənləri ilə tanınan rayonlarından biridir. Buraya hücum nəticəsində bir Azərbaycan əsgəri şəhid olub. Azərbaycan Ordusu hücuma dərhal cavab verib və tərəflər arasında atışma gecə boyu davam edib.
Baş verənlərin fonunda ermənilər ənənələrinə sadiq qalaraq, guya bir Azərbaycan PUA-sının onların ərazisinə keçdiyini, hətta guya onu vurduqlarını iddia ediblər. Ancaq bu iddia əlbəttə ki, əsassızdır!
Bu atışmalar (mənim fikrimcə, təxribatlar) yaxın günlərdə də davam edə bilər. Xatırlayırsınızsa, 44 günlük müharibədən əvvəl, ötən ilin iyulunda əsas döyüşlərin getdiyi yer Tovuz idi...
Yaxşı, bəs indi Ermənistan vəziyyəti niyə gərginləşdirir?
Bir-biri ilə əlaqəli iki səbəb var.
Birincisi, Azərbaycan prezidenti İlham Əliyev bir neçə həftədir ki, qarşı tərəfi “yekun sülh müqaviləsi” imzalamağa çağırır. Bununla yanaşı, o, Azərbaycanın qədim torpağı olan Zəngəzurdan danışır, “haqqımız olanı verməsəniz, oranı da itirərsiniz” formasında fikir səsləndirərək, mövqeyini üstü örtülü də olsa, ortaya qoyur.
İkinci səbəb Dağlıq Qarabağın statusunu “müqəddəratı təyin etmə” prinsipi əsasında müəyyənləşdirməyə çağıran Avropa İttifaqı və ATƏT-in Minsk qrupunun prosesə müdaxiləsi ilə əlaqəli ssenarilərdir.
Bir qədər də dərinə getsək, hazırda Azərbaycan Xankəndi daxil olmaqla, Dağlıq Qarabağ kimi tanınan regionun idarəçiliyini öz əlinə almağa çalışırsa, Ermənistan, istənilən sülh müqaviləsində orda yaşayan əhalinin muxtar status almasının vacibliyini iddia edir.
Əlbətdə, Ermənistan və tərəfdarları Əliyevin qələbə ilə bitmiş müharibədən sonra “status olmayacaq” ifadəsi ilə ermənilərin bu gözləntisini rədd etdiyinin fərqindədirlər. Onlar anlayırlar ki, indi Əliyev bu məsələnin ən qısa zamanda sülh müqaviləsi ilə rəsmiləşməsinə çalışır…
Bu əsas fikir ayrılığı Ermənistana əlavə vaxt qazandırır. Onlar bu vaxtdan istifadə edərək, ötən ilin noyabrında imzalanmış atəşkəs razılaşmasının legitimliyinin sual altına düşəcəyi mərhələyə keçid edə bilərlər.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqaza bu yaxınlarda etdiyi səfər isə sanki “odun üzərinə yağ töküb”. Mişel Ermənistanın baş naziri Paşinyanla birgə mətbuat konfransında deyib: “Sülh danışıqlarının aparılması və status məsələsinə baxılması ehtimalı olmalıdır”.
Başqa sözlə, o, Azərbaycanın rədd etdiyi statusdan danışır.
Ermənistan xarici işlər nazirinin müavini Armen Qriqoryan isə xarici səfirlərlə söhbətində bildirib ki, “Ermənistan ATƏT-in Minsk qrupunun təklif etdiyi yanaşmanı (müqəddərat məsələsi) əsas götürərək, Dağlıq Qarabağda sülh prosesində iştiraka hazırdır”.
Mişelin səfərindən iki gün sonra İlham Əliyev Moskvaya yollanıb, orada həmkarı Vladimir Putin ilə görüşüb. Məlumata görə, görüşdə gələcək sülh razılaşması ilə yanaşı, Aİ və ATƏT-in Minsk qrupunun son təşəbbüsləri də müzakirə olunub. Rusiyanın “Kommersant” qəzetinin yazdığına görə, Əliyev Aİ-nin münaqişənin həllində vasitəçilik cəhdlərini rədd edir. O, hesab edir ki, bu qapının açılması mövcud atəşkəs razılaşmasına yenidən baxılması riskini yarada bilər.
Nəhayət, son cəhdlərin arxasında Fransanın durduğunu da istisna etmək olmaz.
(Türk dilindən tərcümə - WorldMedia.Az)