28.03.2023 23:07
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Əliyevdən Avropaya “Bayraktar TB2” etirazı
 
16.04.2022
Haber7, Türkiyə
 

  Xocalı qurbanları üçün ədalət, Azərbaycan və Ermənistan üçün isə yol axtarışı
 
09.03.2022
STARS AND STRIPES, ABŞ
 

  UNESCO Qarabağ münaqişəsinə birdəfəlik son qoya bilərmi?
 
03.03.2022
The National Interest, ABŞ
 

  Fars körfəzinin neft ölkələri Qafqaza bərpa olunan enerji ilə bağlı bacarıqlarını təklif edir
 
02.03.2022
Forbes, ABŞ
 

  Putin ilə Əliyev qarşılıqlı müttəfiqlik bəyannaməsi imzalayacaqlar
 
21.02.2022
RİA Novosti, Rusiya
 

 
 
FOTOREPORTAJ| Sovet nağılı. Rusiyalıları Azərbaycanda nə gözləyir?

 
 



Lenta.Ru, Rusiya
05.08.2021


Müəllif: Kseniya Arxipova

Bakı – Sinqapur və Dubay qədər şöhrət qazanmağa çalışan supermüasir şəhər. Burada göylərə ucalan hündurmərtəbəli binalar, ideal yollar, dadlı yeməklər, dəbdəbəli butiklər və dənizlə yanaşı, hər yanda Qafqaz qonaqpərvərliyi hiss olunur.

Azərbaycanlılar öz paytaxtları ilə fəxr edir, onu turistlərə sevə-sevə göstərirlər. Rusiya səyyahlarına isə burada xüsusi rəğbət bəsləyir, onları hər zaman sevinclə qarşılayırlar. “Lenta.ru”nun müxbiri buna şəxsən əmin olub.

Bizim Dubay

Cəmi 3 saatlıq uçuşdan sonra Bakıda, Azərbaycanın paytaxtındasan. Buranı haqlı olaraq Şərq nağıllarındakı şəhərlərə bənzədirlər. Amma bu, ərəb, türk nağılı yox, postsovet nağılıdır. Burada həm məşhur Sovet filmlərinin çəkildiyi yerlərə baş çəkmək, həm də rus dilində ünsiyyət qurmaq mümkündür.

Azərbaycan 1990-cı illərdə latın əlifbasına keçib. Odur ki, burada kiril əlifbası ilə yazılmış məlumat lövhəsi görmək mümkün deyil. Amma yerli sakinlər adama böyük məmnuniyyətlə rus dilində cavab verir. Bu, sadəcə ənənəvi Şərq qonaqpərvərliyi deyil. Sovet İttifaqının süqutundan sonra Azərbaycan Rusiyaya düşmən ölkəyə çevrilmədi. Ona rəhbərlik edən heç bir hökumət öz xarici siyasi məqsədinə çatmaq üçün Moskvanı tənqidə tutmadı. Yeni dövlət Rusiyaya inad deyil, özü üçün quruldu, heç kim nümayişkaranə şəkildə Moskva ilə münasibətləri pozmadı, Rusiyanı bütün bəlalarının günahkarı adlandırmadı. Azərbaycan rusiyalıların əvvəlki kimi sevinclə qarşılandığı azsaylı postsovet ölkələrindəndir.

Azərbaycan müsəlman ölkəsi olsa da, Bakı tam dünyəvi Avropa şəhəridir. Burada çadralı qadındlara rast gəlmək çətindir, alkoqol sərbəst satılır, siqaret çəkmək də öz yerində.  

Brendə çevrilmiş ifadə

Hər yandan qulağımıza “Çyort poberi! Çyort poberi!” (Lənət şeytana - WM) səsləri gəlir. Yaxınlıqdan keçən insanlar guya sürüşüb yıxılıblarmış kimi görkəm alaraq, gülərək şəkil çəkdirirlər. Bununla onlar özlərini Andrey Mironov və Yuri Nikulinin məşhur “Brilyant əl” filmindəki qəhrəmanlarına bənzətməyə çalışırlar. Kafedə oturan xaricilər nə baş verdiyini anlamasa da, onları sakitləşdirirdilər ki, narahat olmayın, bu rusiyalı turistlərdir – onlar bütün günü bu pəncərənin altında yıxılaraq filmdəki məşhur fraqmenti təkrarlamağa çalışırlar. Burada “yıxılaraq” şəkil çəkdirməyi hər kəs özünə borc bilir.

“Bəs siz bilirsinizmi ki, həmin o məşhur ifadə filmdə əvvəldən nəzərdə tutulmayıbmış?”, - deyə 35 yaşlı Bakı sakini Yusif bizdən soruşur. “Əslində o ifadəni çəkilişləri izləyən azərbaycanlı fəhlələrdən biri səsləndirib. Çəkiliş zamanı hansısa səhnə heç cür alınmırmış və bu zaman həmin fəhlə xarakterik Bakı ləhcəsi ilə həmin sözləri işlədib. Nəticədə “Şyort poberi” kimi bir şey alınıb və rejisor Leonid Qayday ifadəni lentdə saxlamağa qərar verib. Düz də edib”, - deyə Yusif bildirir. Beləliklə, “lənət şeytana” ifadəsi brendə çevrilib.

Filmdəki “Sürüşüb yıxıldım, ayıldım ki, gips” səhnəsi 1968-ci ilin payızında lentə alınıb. Ssenariyə görə, hadisə İstanbulda baş verir, lakin çəkilişi Sovet Azərbaycanında etmək xeyli ucuz başa gəldiyi üçün onu Bakıda çəkiblər. Yusifdən bütün bunları haradan bildiyini soruşuram. “Filmin necə çəkildiyini özüm görmüşəm! Daha doğrusu babam görüb”, - deyə həmsöhbətim tələsik səhvini düzəldir.

Hadisə Kiçik Qala küçəsində, Bakının lap qəlbində baş verib – o vaxtdan bu yerlər heç dəyişilməyib. Bakılılar böyük məmnuniyyətlə Yuri Nikulinin qəhrəmanı Semyon Semyonoviç Qorbunkovun qarpız qabığını tapdalayaraq sürüşüb yıxıldığı yerlə yanaşı, filmdə məşhurlaşmış digər küçəni də göstərirlər. Bu, yüngül əxlaqlı qızın “sigel-sigel ay lü-lü” deyərək rus turisti içəri çağırdığı və “russo turisto obliko morale” cavabını aldığı küçədir.

Burada indiyədək məşhur Sovet aktyorlarını canlı gördükləri, kütləvi səhnələrə çəkilməkləri haqda fəxrlə danışan yerli sakinlərə rast gəlmək olar. Filmdə qaçaqmalçıların Nikulinin qəhrəmanının qoluna qiymətli daş-qaşla dolu gips sarıdıqları aptek həmin bu yerdə yerləşirdi. İndi bura “Brilyant əl” kafesidir. İçəridə filmin qəhrəmanlarının fiqurlarına rast gələ bilərsiniz. Hərçənd, bir çox qonaqlar fiqurların obrazlara oxşamadıqlarını deyirlər.

Bu da elə həmin kino əsərindən tanıdığımız Şirvanşahlar sarayı. Andrey Mironovun qəhrəmanının qaçdığı ərazi. Böyük pilləkənlər, incə oymalı ağaclar. Bütün bunlar İçərişəhərdə yerləşir. Bura XII əsrdə Bakı Şirvanşahlar dövlətinin paytaxtı olan zaman tikilmiş qala divarlarının arasında yerləşən kiçik ərazidir. Burada adama elə gəlir ki, orta əsrlərin Avropasına düşmüsən. Elə köhnə Bakıdan geri qalan da qədimilik ruhunun hopduğu bu kiçik və sakit dalanlardır. Şəhərin digər yerlərindən fərqli olaraq, burada insan heç yerə tələsmək istəmir. Köhnə kafelərin yaratdığı rahat atmosferi qab-qacaq, xalça və müxtəlif xırdavatın satıldığı çoxsaylı suvenir köşkləri tamamlayır.

Hər şey xırdalığına kimi düşünülüb

İdeal yollar, çoxsaylı bahalı dükanlar və elit butiklər, dəbdəbəli binalar, ahəngi pozmayan qədim tikililərlə ultramüasir göydələnlər. Yaxın keçmişədək burada adi Sovet “xruşovka”ları yerləşirdi, lakin onları da sökməyiblər. Köhnə binalar Bakı üçün ənənəvi olan daş örtüklə üzlənib, Paris mansardaları və oymalı Şərq tağları ilə bəzədilib.

Hər yanda neft səltənətinin dəbdəbəsi hiss olunur. Şəhər çox zəngindir – hara baxsan, hər yerdə mərmər və qızılı rəngə rast gəlirsən. Bakı Dubayı xatırladır, lakin onun öz koloriti var. O, tipik postsovet şəhəri deyil, böyük, müasir və dəblə ayaqlaşan, gündən-günə ucalan və genişlənən meqapolisdir. Üstəlik, Fars körfəzi şəhərlərindən fərqli olaraq, Bakını sıfırdan tikməyə ehtiyac olmayıb – şəhərin özünün zəngin tarixi var.

Azərbaycan paytaxtı Dubay kimi xammal əlavəsindən turistik mərkəzə çevrilməyə çalışır və bu, onda çox gözəl alınır. Burada “Eurovision” müsabiqəsi, “Jara” kimi musiqi festivalları, Formula 1 Qran-prisi və bir çox digər möhtəşəm tədbirlər keçirilir.

Bakı bir qədər Böyük Britaniya paytaxtını da xatırladır – məsələn, burada “London gözü”nə bənzəyən “Şeytan çarxı”na və ya ingilislərin keb adlandırdığı taksilərə rast gəlmək olar. Sadəcə, Bakıda bu taksilər bənövşəyi rəngdədir və onlarda gedişhaqqı Londondakından xeyli ucuzdur. Yerli sakinlər bu taksiləri “badımcan” adlandırır.

Ümumiyyətlə, Bakı çox harmonik şəhərdir. Yadplanetlilərin gəmisini xatırladan Heydər Əliyev Mərkəzinin binası şəhərə xüsusi gözəllik verir. Muzey, konsert zalı və kitabxanadan ibarət bu kompleksin memarı britaniyalı Zaha Hadiddir. Xaricində və daxilində bir düz xətt və perpendikulyara rast gəlinməyən bu cəsarətli və mürəkkəb memarlıq əsəri öz miqyası və gözəlliyi ilə adamı valeh edir. Müasir Bakının rəmzinə çevrilmiş bu binanı tez-tez yeni evlənən cütlüklərin fotolarında görmək olar. Onlar mütləq toyqabağı şəkil çəkdirmək üçün buraya gəlirlər.

Azərbaycan paytaxtı təkcə öz gözəlliyi ilə deyil, həm də təmizliyi ilə heyran edir. Burada daim yeni parklar, bağçalar salınır. Bakıda ağac çoxdur və bu, yerli sakinləri və turistləri istidən qoruyur. Sanki hər şey xırdalıqlarına kimi düşünülüb. Məsələn, məşhur dənizkənarı bulvarda oturacaqlar günəş altında qızmayan materiallardan hazırlanıb.

Bakının daha bir vizit kartı “Alov qüllələri”dir. Ta qədim zamanlardan Azərbaycan ərazisində alova sitaiş edilib. Elə bu səbəbdən də şəhərdə alov dillərini xatırladan göydələnin ucaldılmasına qərar verilib. Binalarda dəbdəbəli mənzillər, ofislər və otel yerləşir. Buradan bütün şəhərə və Xəzər dənizə gözəl mənzərə açılır.

Bir çoxları Azərbaycana dəniz kurortu kimi baxmır. Halbuki, burada dəniz də var, çimərliklər də. Doğrudur, hər yerdə çimmək olmaz. Xəzər dənizində neft çıxarıldığından, bəzi yerlərdə su çirkli olur. Bakının özündə çimmək mümkün olmasa da, şəhər ətrafında həm pullu, həm də pulsuz çimərliklər var. Dənizin suyu kifayət qədər isti olur və çox da duzlu deyil.

Bakının dadı

Azərbaycanın əsas şirniyyatı Bakı paxlavasıdır. On iki qat xəmiri əridilmiş kərə yağı ilə yağlayıb, qoz ləpəsi ilə bəzəyib, üzərinə hil və zəfəranlı şirə süzürlər. Şirniyyat süfrəyə ənənəvi armudu stəkana süzülmüş çayla verilir.

Bakıda vegetarian mətbəxini sevənlər üçün də gözəl seçimlər var. Məsələn, boranı və ya göy qutabı, turşulu yay plovu, Moskva supermarketlərində qiyməti od tutub yanan azərbaycan pomidoru və bostandan yenicə dərilmiş digər tərəvəzlər.

Ət yeməyi xoşlayanlar isə burada nə istəsə tapa bilər. Azərbaycanlılar əti çox yeyir: dana, toyuq və qoyun ətindən kabablar, yuxa arasında lülə kabab, düşbərə. Üstəlik, əlbəttə ki, nərə balığı və neftdən geri qalmayan digər qara qızıl – qara kürü. Bütün bunlar Bakının əsl dənizkənarı şəhər olduğundan xəbər verir.

Yerlilər bizə İçərişəhərdəki restoranlara baş çəkməyi tövsiyə etdilər, çünki orada həm çox dadlı yeməklər yemək, həm də Şərq rəngarəngliyinin bütün çalarlarını hiss etmək mümkündür. Burada yeməklər doğrudan da çox dadlıdır, üstəlik əsl qonaqpərvər şəhərlərdə olduğu kimi, boşqaba bol çəkilir. İndi bütün yediklərimizi həzm etmək üçün ya fitnes klublarına getməli, ya da dənizkənarı bulvarda uzun-uzadı gəzintiyə çıxmalıyıq. Bura Bakının əsas gəzməli yerlərindən biridir. Onun uzunluğu onlarla kilometrdir. Mən ikinci variantı seçirəm və rahat olsun deyə velosipedə minirəm. Burada onları kirayə götürmək mümkündür.  

Şərq koloriti axtarışında

Tamamilə fərqli bir dünyaya qərq olmaq, gücünü bərpa etmək və təmiz hava udmaq üçün ən yaxşısı dağlara yollanmaqdır. Bunun üçün Qusar rayonunda yerləşən “Şahdağ” dağ-xizək kurortuna getmək olar. Lakin biz müasir şəhər atmosferindən həzz aldıqdan sonra əsl Azərbaycan koloriti hiss etmək üçün Lahıc qəsəbəsinə yollanmağa qərar verdik.

Uca dağların qoynunda yerləşən bu kəndə getməyin özü ayrıca macəradır. Kəndə dağ aşırımları ilə uzanan yalnız bir yol aparır. Yol boyu bizi dərin dərələr, sıldırım qayalıqlar, buz şəlalələr və valeh edən mənzərələr müşayiət edir. Cəmi bir saat əvvəl müasir Avropa şəhərində olmuş insan bu dağların arasına necə gəlib çıxdığına inana bilmir.

Lahıcda insanlar 1500 il əvvəl məskən salıb. Bu gün bu kənd qədim bir Avropa şəhərinə bənzəyir: daşla döşənmiş küçələr, oymalı ağac eyvanların bəzədiyi daş evlər. Özünü tarixi kinodakı kimi hiss edirsən.

Kəndin mərkəzində sənətkarlar məhəlləsi yerləşir. Ta qədimdən Lahıc “qırx sənət şəhəri” adlandırılıb. Hərçənd, tarixçilər burada yüzə qədər sənət növünün olduğunu bildirir. Bu sırada miskarlıq, dulusçuluq, dəri sənəti və silah istehsalı da var. Yerli sakinlərin danışdığı əfsanəyə görə, hətta Rusiya imperiyasının rəmzi sayılan məşhur Monomax papağı da Lahıcda hazırlanıb.

Küçə boyu yerləşən köşklərdə qoyun dərisindən papaqlar, qab-qacaq və zərgərlik əşyaları, xalça və süfrələr, xərncər və qılınclar satılır. Hər yandan ədviyyat və otların ətri gəlir.

Bakıya qayıdırıq. Gecə Azərbaycan paytaxtı işıqlar içərisində alışıb-yanır – binalar, heykəllər, hətta ot örtüyü belə, al-əlvan işıqlanır. Bu şəhərin daha çox Asiya, yoxsa Avropa şəhəri olduğunu demək çətin olsa da, bir şey dəqiqdir: əsl Şərq koloritini Bakıda tampaq asan deyil. Onun üçün ən yaxşısı paytaxtdan kənara çıxmaqdır.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Lenta.Ru

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2023, WorldMedia.az