Azərbaycanın paytaxtı Bakı şəhəri memarlıq həvəskarlarına çox sayda qədim və müasir möcüzələr təklif edir. Bakının şəhər kimi formalaşmasına həm Şərq, həm də Qərb memarlıq üslubu öz təsirini göstərib. Başqa sözlə burada həmin memarlıq üslublarının vəhdətini görmək mümkündür.
Bakıda qədim memarlıq tarixinə hörmətlə yanaşılır. Amma eyni zamanda son 20 ildə bu şəhərdə dünyanın ən iddialı, möhtəşəm tikililəri sırasında olan memarlıq nümunələri inşa olunub. Bu, gələcək inkişafa işarədir.
Divarlarla əhatə olunmuş İçərişəhər UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib. Şəhərin ən qədim və tarixi iki memarlıq nümunəsi məhz buradadır. Onlardan birincisi Qız qalasıdır. Qalanın inşasının 12-ci əsrdə başa çatdığı güman edilir. Lakin bəzi tarixçilər düşünür ki, hündürlüyü təxminən 97 fut olan Qız qalasının ilk 3 mərtəbəsinin tarixi eramızdan əvvəl 600-cü ilə gedib çıxır. Bu sirli qala Bakının əsas rəmzlərindən biridir. O, Azərbaycanın milli valyutası üzərində belə, əks olunub.
Qız qalasının yaxınlığında yerləşən Şirvanşahlar sarayının isə tarixi 15-ci əsrə uzanır. O, Azərbaycan memarlığının şah əsərlərindəndir. Şirvanşahlar sarayı onu ziyarət edənləri sanki qədim dövrə aparır. Bu sarayın həyətindən şəhərin memarlıq nümunələri arasındakı təzad aydın şəkildə görünür. Söhbət Bakının müasir memarlıq möcüzələrindən olan “Alov qüllələri”ndən gedir...
Alov və gələcək
Şübhəsiz, müasir Bakının ən parlaq memarlıq nümunələrindən biri “Alov qüllələri”dir. Kompleks alov formasında olan üç ultramüasir göydələndən ibarətdir. Buradan Xəzər dənizinə və şəhərin böyük hissəsinə mənzərə açılır. “Alov qüllələri”nin tikintisinə 2007-ci ilin oktyabrında başlanılıb. Tikinti işləri 6 il davam edib. Kompleksə daxil olan göydələnlər müxtəlif məqsədlərlə istifadə edilir: 39 mərtəbəli birinci göydələndə mənzillər, 36 mərtəbəli ikinci göydələndə otel yerləşir. Üçüncü göydələndə isə 350 min kvadratfutluq yüksək səviyyəli ofislər təklif edilir. Birinci mərtəbədəki ticarət-əyləncə mərkəzi üç göydələni bir-birinə birləşdirir.
Bu göydələnlərin alov formasında dizayn edilməsinin səbəbi var. Azərbaycanda atəşə ibadətlə bağlı qədim ənənələrə ehtiram göstərilir. Üstəlik, ölkə zəngin qaz mənbələrinə malikdir. Eyni zamanda, bu binalar Azərbaycanın müasir texnologiyalar, ticarət mərkəzi kimi də önəmli rola malik olduğunu göstərir.
Axşam saatlarında “Alov qüllələri”nin fasadı 10000-dən çox LED lampa ilə işıqlandırılır. Bu zaman onun üzərində alov effekti yaranır.
Bakını müasir memarlığın mərkəzinə çevirməklə bağlı iddialar Azərbaycan 1991-ci ildə Sovet İttifaqından müstəqillik qazanmasından sonra yaranıb. Nəticədə paytaxtın Sovet dönəminin funksional, modernist memarlığından qurtulması istiqamətində işlərə başlanılıb. Bu təşəbbüsün nəticəsi kimi yaradılmış ən möhtəşəm memarlıq nümunələrindən biri də Heydər Əliyev Mərkəzidir. Mərkəz dünyanın ən nüfuzlu memarlarından olmuş Zaha Hadid tərəfindən dizayn edilib. Təməli 2007-cı ildə qoyulan Heydər Əliyev Mərkəzinin dalğavari forması əslində, Bakıda yeni dönəmin başladığına işarə idi. Bu gün binada konfrans zalı, qalereya və muzey fəaliyyət göstərir.
Bakıda ən mühüm memarlıq nümunələrindən biri də möhtəşəm Heydər məscididir. Hündür minarə və gümbəzlərə malik məscid Azərbaycanın qədim memarlıq üslubunda tikilib.
Bundan başqa, Azərbaycanın paytaxtında tarixi 13-cü əsrə uzanan Bibiheybət məscidi də var. O, 1936-cı ildə Sovet İttifaqı tərəfindən dağıdılmışdı. Azərbaycan dövləti məscidi 1990-cı illərin əvvəllərində bərpa edib.
Keçmişə ehtiramla gələcəyin qurulması
Memar tələbələr Bakıda çox sayda memarlıq inciləri tapa, surprizlərlə qarşılaşa bilərlər: “Kiçik Venesiya” şəhərciyindən (süni kanallar sistemi) tutmuş, qeyri-adi Azərbaycan Milli Xalça Muzeyinə qədər. Bu muzeydə ölkənin qədim xalçaçılıq ənənələrinə ehtiram göstərilir. Bina xalça formasında dizayn edilib. O, 2014-cü ildən Azərbaycan Milli Xalça Muzeyi adı ilə fəaliyyət göstərir. Muzeydə Azərbaycanın ən məşhur xalçaçısı Lətif Kərimovun işləri sərgilənir.
Bakıda XX əsrin Sovet dönəminə aid memarlıq nümunəsi kimi, Zorge parkındakı Rixard Zorge abidəsini göstərmək olar. Rixard Zorge Sovet komandanlığına “Barbarossa əməliyyatı” haqda (1941-ci ildə almanların SSRİ-nin işğalı ilə bağlı planı) məlumat verməklə məşhurlaşıb.
Barokko üslubunda tikilmiş Hökumət Evindən Bakı bulvarına mənzərə açılır. Məşhur sovet memarı Lev Rudnev tərəfindən dizayn edilmiş Hökumət Evinin tikintisi 1952-ci ildə başa çatıb. Bu gün azərbaycanlı nazirlər məhz burada çalışır.
Azərbaycan paytaxtının növbəti müasir memarlıq nümunələrindən biri “SOCAR Tower”dir. O, bir-birinin qarşısında “əyilən” iki qüllədən ibarətdir. Hündürlüyü 209 metr olan “SOCAR Tower” 42 mərtəbədən ibarətdir. Ofislərin, konfrans zalların yerləşdiyi göydələn 9 ballıq zəlzələ və sürəti saatda 190 kilometrə çatan küləyə davamlıdır.
Paytaxtın mərkəzində yerləşən “Park Bulvar” isə Şərq hissiyatı ilə Qərb modernizminin vəhdətidir. Burada insanlar üçün 21-ci əsr ticarətinin ab-havası yaradılıb.
“Kristal Zal” da var. O, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi məqsədilə inşa edilib. Bu gün bu binada konsert zalı və 25 min tutumlu idman zalı yerləşir. Kristal Zal ultramüasir üslubda dizayn edilib.
Beləliklə, Azərbaycan qabaqcıl və dünya səviyyəli memarlıq üslublarını dəstəkləməklə tanınıb. Görünən odur ki, önümüzdəki illərdə burada dünyanın ən maraqlı və innovativ memarlıq layihələrinə rast gələcəyik.
(İngilis dilindən tərcümə - WorldMedia.Az)