Müəllif: Andrea Xiromi
Azərbaycanın qədim paytaxtı qədim mədəniyyət və tarixlə zəngindir. Bura Qafqaz ədəbiyyatının Nəsimi və Sabir kimi böyük adlarının doğulduğu yerdir. Bura Şirvanın tarixi mərkəzidir.
Təxminən 20 min əhalisi olan Şamaxı ölkənin paytaxtı Bakının yaxınlığında yerləşir. Ta qədimdən İpək yolunun üzərində yerləşən bu bölgənin sosial-iqtisadi rolu hər zaman böyük olub. Güclü zəlzələlərdən, işğal cəhdlərindən sonra belə, Şamaxı astrofizik rəsədxanası və əfsanəvi Cümə məscidi kimi tarixi irsini hələ də qoruyub saxlayır.
Burada əsas gəlir əkinçilik və heyvandarlıqdan əldə edilir. Həmçinin Şamaxı Qafqazda ən yaxşı şərab istehsal edilən yerlərdəndir. Turistlər burada tarixi yerləri ziyarət etməklə yanaşı, şərab zavodlarını da gəzə, rəsədxanadan gözəl səmaya tamaşa edə bilərlər.
Buradakı astrofizika rəsədxanası Sovet İttifaqının dövründə inşa olunub. O, kainatın sirlərini açmaq üçün nəzərdə tutulub. Bu gün burada kiçik muzey fəaliyyət göstərir. İndi insanlar buradan gecə saatlarında da səmaya baxa bilərlər.
Cümə məscidi Azərbaycanda ilk, Qafqazda isə ikinci inşa olunmuş məsciddir. O, 743-cü ildə tikilib və bu günədək əsrarəngizliyini, gözəlliyini qoruyub saxlayıb. Bu gözəllikdən həzz ala bilmək üçün müsəlman olmağa ehtiyac yoxdur. Təsəvvür edirsinizmi, bu məsciddən nə qədər nəsillər keçib, o neçə dahi şair və əfsanəvi insan görüb…
1859-cu ilin məşhur zəlzələsindən, istilalardan sonra məscid 1918-ci ildə təmir olunub. Ona yerli əhali də xüsusi qayğı göstərir.
“Az-Granata” şərab zavodu
Yaxınlıqdakı kiçik Ağsu şəhərində nəhəng və müasir “Az-Granata” şərab zavodu fəaliyyət göstərir. Zavodda müxtəlif meyvələrdən şərablar, likörlər və şirələr istehsal olunur. Adı “nar” sözündən götürülmüş (rusca nar “qranat” adlanır) şərab zavodunda bu regionda məşhur olan nardan da şərab çəkirlər. Burada müxtəlif Avropa və Qafqaz sortlarından hazırlanan spirtli içkilərin, yüngül süfrə şərablarının dadı və qiyməti çox cəlbedicidir. Bir qədəh nar şərabının dequstasiyası çox maraqlı təcrübədir. Bu, zavoda tur zamanı mümkündür. Çəlləklərin olduğu zalda yekunlaşan turda Azərbaycanda şərab istehsalçılığını əks etdirən maraqlı şəkillər də nümayiş olunur.
Burada “Azərbaycanın ilk rakısı”nı da dada bilərsiniz.
(Portuqal dilindən tərcümə - WorldMedia.Az)