09.12.2021 17:28
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakı Naxçıvanla əlaqəni istənilən yolla bərpa etmək əzmindədir
 
09.12.2021
Nezavisimaya qazeta, Rusiya
 

  Azərbaycana “Nobel”li ziyarət
 
08.12.2021
Hürriyet, Türkiyə
 

  Azərbaycan 10 erməni hərbi əsiri azad edib
 
07.12.2021
L’Orient-Le Jour, Fransa
 

  İran və Azərbaycan prezidentlərinin görüşünə baxış
 
02.12.2021
Nournews, İran
 

  Yaxın Şərq və Avrasiyada sülh mümkündürmü?
 
02.12.2021
THE JERUSALEM POST, İsrail
 

 
 
MÜSAHİBƏ| Müharibədən keçən bir il

 
 



NovaNews, İtaliya
29.09.2021


Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Qarabağ müharibəsindən keçən bir ilin təfərrüatlarından danışıb.

Senytabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur. Həmin gün ölkə ötən ilin payızında baş vermiş Vətən müharibəsinin qurbanlarını yad edir. Bu gün, eyni zamanda Ermənistanla 30 ilə yaxın davam etmiş münaqişənin həlli prosesinin başladığı gündür.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə “NovaNews”a müsahibəsində son müharibənin başlamasından keçən bir ilin təfərrüatları haqda danışıb. “İlk növbədə vurğulamaq istərdim ki, bu gün Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi yoxdur. Ölkə prezidentinin 7 iyul tarixli sərəncamı ilə həmin regionda iki iqtisadi zona yaradılıb: Qarabağ və Şərqi Zəngəzur. Odur ki, beynəlxalq birlik mövcud olmayan, manipulyativ terminlərdən istifadə etməməlidir”, - deyə Əhmədzadə bildirib.

Diplomat bildirib ki, bir il əvvəl Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq, özünümüdafiə hüququndan istifadə edib, Ermənistan Silahlı Qüvvələrinin ardı-arası kəsilməyən hücumlarına, nəhayət, cavab verməklə, təxminən 30 il idi işğal altına olan torpaqlarını geri qaytarıb. “Bununla da ədalət bərqərar olub”, - deyə səfir vurğulayıb. Əhmədzadə BMT TŞ-nin hələ 1993-cü ildə Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdiyini xatırladıb: “Azərbaycan əslində, BMT Təhlükəsizlik Şurasının bu qətnamələrini icra edib”.

Səfir Anım Günündən də danışıb: “Bu gün biz həm Ermənistanın hərbi təcavüzünün qurbanlarını, həm də ərazilərimizin işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizi yad edirik. Bu münaqişə nəticəsində Xocalı soyqırımı qurbanları da daxil olmaqla, on minlərlə azərbaycanlı qətlə yetirilib, 4000 insan itkin düşüb. Bu gün bizim bir milyondan artıq qaçqın və məcburi köçkünümüz var. 2021-ci ilin aprelində Kəlbəcər rayonunun işğaldan azad edilmiş Başlıbel kəndindəki kütləvi məzarlıqda erməni hərbi təcavüzkarları tərəfindən qətlə yetirilmiş 12 azərbaycanlı mülki şəxsin qalıqları aşkarlanıb”. Bununla yanaşı, diplomat ermənilərin İkinci Qarabağ müharibəsi zamanı da dəhşətli hərbi cinayətlər törətdiyini deyib. “İkinci Qarabağ savaşında 12-si azyaşlı uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs qətlə yetirilib. Belə cinayətlərdən danışarkən Azərbaycanın döyüş bölgəsindən uzaqda yerləşən Naftalan rayonu, Tərtər rayonu, Gəncə şəhəri və dəfələrlə silahlı hücuma məruz qalmış Bərdə rayonunun atəşə tutulduğunu da yada salmaq lazımdır. Bu müharibədə Ermənistan “Skud” və “İsgəndər-M” kimi ballistik raketlərdən, həmçinin qadağan olunmuş ağ fosforlu bombalardan da istifadə edib. Bütün bunlar uşaqlar da daxil olmaqla, mülki şəxslərin ölümü ilə nəticələnib. Azərbaycan isə heç zaman dinc əhalini hədəfə almayıb, Ermənistanın cinayətlərini təkrarlamayıb”, - deyə diplomat bildirib.

Əhmədzadə deyir ki, 1990-cı illərdə hər iki ölkə müstəqillik əldə edər-etməz, Ermənistan Azərbaycan ərazilərini ələ keçirmişdi və məhz bu üzdən iki ölkə sərhədlərinin delimitasiyası və demarkasiyası mümkün olmayıb: “Ərazilərimizi işğaldan azad etdikdən sonra sərhədlərin delimitasiyası və demarkasiyasına hazır olduğumuzu bəyan etmişik. Biz iki ölkənin qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanıması ilə sülh müqaviləsi ətrafında danışıqlara hazırıq. Bu müqavilə bölgəmizi sülh və əməkdaşlıq regionuna çevirəcək. Lakin erməni tərəfi bu təklifimizə hələ də müsbət cavab verməyib”.

Əhmədzadə ölkəsinin məcburi köçkün probleminə də diqqət çəkib. “Mənim ölkəm uzun illərdir ki, dünyanın ən çox qaçqın və məcburi köçkünə sahib ölkəsi kimi tanınır. Söhbət bir milyondan artıq insandan gedir”, - deyə o, vurğulayıb. Səfir bildirib ki, işğal illərində Azərbaycan şəhər və kəndləri, oradakı tarixi və memarlıq abidələri, eləcə də bütün mədəni və dini məkanlar qəsdən məhv edilib. Bu üzdən məcburi köçkünlərin öz yurdlarına qaytarılması prosesi ləngiyir. “İşğal olunmuş ərazilərdəki 67 məsciddən 65-i yerlə yeksan edilib, digər ikisi isə ciddi zərər görüb”, - deyə Əhmədzadə bildirib. Onun sözlərinə görə, ermənilər bütün bunları əsrlər boyu bu ərazilərdə yaşamış Azərbaycan xalqının izlərini silmək məqsədi ilə ediblər: “Ermənistan işğal zamanı bu ərazilərdə ciddi eko-cinayətlər də törədib: 60 min hektaradək meşə məhv edilib, yerin torpaq qatına zərər dəyib, çaylar çirklənməyə məruz qalıb. Bundan başqa, indi buralar dünyanın ən çox minalanmış bölgələrindən biridir. Üstəlik, Ermənistanın minalanmış ərazilərin xəritələrini bizə təqdim etmir. Nəticədə minatəmizləmə prosesi də çətinləşir və uzanır. Ermənistan indiyədək bizə cəmi 3 rayon üzrə mina xəritələrini təqdim edib. Bu, minalı ərazilərin cəmi 25%-i deməkdir. Demək, Ermənistan azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesinə və məcburi köçkünlərin evlərinə qayıtmasına mane olmağa çalışır”. Diplomat bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan arasında 10 noyabr 2020-ci ildə üçtərəfli bəyannamənin imzalanmasından bu günədək aralarında iki jurnalist də olmaqla, 30-a yaxın Azərbaycan vətəndaşı minaya düşərək həlak olub, 130-a yaxın insan yaralanıb: “Buna baxmayaraq, indiyədək 15 min hektardan çox ərazi 46466 piyada əleyhinə mina və partlayıcı qurğudan təmizlənib. Ermənilərin qalan ərazilərin mina xəritələrini bizə təqdim etməsi üçün məsələyə beynəlxalq ictimaiyyət müdaxilə etməli, Ermənistana təzyiq göstərilməlidir”.

Bütün bunlarla yanaşı, Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası üçün əhəmiyyətli büdcə ayırıb. “Bütün sadalananlara baxmayaraq, azad edilmiş ərazilərin yenidən qurulması prosesi sürətlə gedir və bu, təkcə Azərbaycan üçün deyil, nəhayət, sülh və inkişafın bərqərar olacağı bütün bölgə üçün olduqca vacibdir. Biz sıfırdan yeni şəhərlər qurur, müasir baş planlar hazırlayır, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarından istifadə edirik. Azərbaycan bütün bu işləri öz iqtisadi resursları hesabına görür. Bu işlərə təkcə bu il dövlət büdcəsindən 1,3 milyard dollar ayrılıb. Sentyabrın 5-də işğaldan azad edilmiş ərazidə cəmi 7 aya inşa edilmiş ilk hava limanı – Füzuli Beynəlxalq Hava Limanına ilk təyyarə enib. Hazırda özündə körpü və tunelləri də birləşdirən 2, 4 və 6 zolaqlı avtomobil yollarından ibarət geniş yol şəbəkənin tikintisi davam edir. Laçın və Zəngilanda daha iki aeroport inşa olunur. Burada bütün bölgəyə çıxış imkanı verəcək kompleks dəmir yolu şəbəkəsinin yaradılması da planlaşdırılır. Yerlə yeksan edilərək “ruhlar şəhəri”nə dönmüş, “Qafqazın Hiroşiması” adlandırılan Ağdam şəhərinin də bərpa planı hazırdır. Bundan başqa, xalqımız üçün böyük mənəvi dəyərə malik mədəniyyət paytaxtımız Şuşa şəhərində də ciddi yenidənqurma işləri gedir. Şuşada tarixi abidələrin bir hissəsi artıq bərpa olunub”, - deyə səfir bildirib: “Prezident İlham Əliyev işğaldan azad edilmiş Qarabağı və Şərqi Zəngəzuru “yaşıl enerji zonası” elan edib. Zəngəzurun şərqində 240 meqavat gücündə günəş elektrik stansiyası inşa olunacaq ki, bu da indiyədək azad edilmiş ərazilərdə başlıca xarici investisiya layihəsi hesab olunur. Ölkəmiz digər beynəlxalq enerji şirkətlərini də  azad edilmiş ərazilərdə “yaşıl enerji”yə investisiya yatırmağa dəvət edir. Burada günəş enerjisinin maksimal potensialı 7200 meqavat, külək enerjisinin maksimal postensialı isə 2000 meqavat təşkil edir”.

10 noyabr tarixli üçtərəfli bəyannamədə bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası da nəzərdə tutulur. “Bütün bu məsələləri həll etmək üçün Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 11 yanvar 2021-ci ildə imzaladıqları daha bir sənədə əsasən, üç ölkənin baş nazirlər müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrup yaradılıb. Amma erməni tərəfi bu qrup çərçivəsində də fəaliyyətinə bir müddətlik ara vermişdi. Amma avqustun ikinci yarısından etibarən qrup fəaliyyətini bərpa edib və indi çətinliklə də olsa, işləyir. Biz münasibətlərin normallaşması istiqamətində addımlar atmağa hazırıq. Ermənistan tərəfdən isə müsbət addım yoxdur. Əminik ki, nəqliyyat yollarının açılması sülhə və əməkdaşlığa xidmət edəcək. Bu mənada, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi bölgəmiz üçün yeni imkanlar aşacaq”, - deyə Əhmədzadə bildirib: “Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirəsindəki çıxışında qeyd etdiyi kimi, Azərbaycan Cənubi Qafqaz regionunda hər kəsin nəzərə almalı olduğu yeni reallıq yaradıb. İndi Ermənistan da regional əməkdaşlıqla qonşularına qarşı əsassız ərazi iddiaları arasında seçim etməlidir. Prezidentimizin dediyi kimi, bu işdə beynəlxalq birlik də öz rolunu oynamalı, Ermənistanı sülhün alternativsiz olduğuna inandırmalı, revanşizm ideyasından çəkindirməlidir. Dövlət başçımızın da qeyd etdiyi kimi, ümid edirik ki, nəhayət, Cənubi Qafqazda uzun zamandır gözlənilən sülh, təhlükəsizlik və sabitlik bərqərar olacaq. Azərbaycan regional sülh və inkişafa töhfə vermək, onu möhkəmləndirmək üçün ardıcıl səylərini davam etdirəcək”.

Diplomat fikrini belə tamamlayıb: “İtaliya bizim strateji tərəfdaşımızdır. O, 44 günlük müharibə zamanı beynəlxalq hüququn, ədalətin müdafiəsinə qalxmışdı. Bu gün İtaliya şirkətləri işğaldan azad edilmiş ərazilərdə xüsusilə enerji, kənd təsərrüfatı sektorlarında yenidənqurma layihələrində iştirak edir. Bu prosesdə İtaliyanın rolu böyük olacaq. Ərazilərin tamamilə yenidən qurulmasına ehtiyacı var. İtaliya bu mənada bizə çox şey təklif edə bilər”.

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: NovaNews

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az