Müəllif: Məzahir Əfəndiyev (Azərbaycan Milli Məclisinin deputatı)
2020-ci il noyabrında 10-da əksər xəbərlər başlıqları belə idi: “Ermənistanla Azərbaycan arasında altı həftə davam edən döyüşlərdən sonra münaqişə tərəfləri arasında atəşkəs müqaviləsi imzalanıb. Azərbaycan böyük qələbə qazanıb”.
Bəli, Ermənistanın 30 illik işğalına son qoyulması, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi əsl qələbə idi. Azərbaycan Respublikası, nəhayət, öz ərazilərini geri qaytarmış, suverenliyini, ərazi bütövlüyünü bərpa etmişdi...
Tərəflər arasında atəşkəs müqaviləsi Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ regionunun ikinci böyük şəhəri olan tarixi Şuşanı azad etməsindən sonra imzaşanıb və noyabrın 10-nu gecə saat 01:00-da qüvvəyə minib.
Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd etdiyimi kimi, Yerevanın məğlubiyyəti qəbul etməkdən başqa yolu yox idi. Odur ki, Ermənistan hökuməti məğlubiyyətini etiraf edib və bununla da müharibə dayandırılıb.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası hələ 1993-cü ildə Azərbaycana qarşı güc tətbiqini, onun ərazilərinin işğalını pisləyən, Azəraycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiqləyən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Həmin qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiqlənib, işğalçı qüvvələrin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub. Digər beynəlxalq təşkilatlar da eyni mövqedən çıxış etsələr də, uzun illər ərzində Ermənistan beynəlxalq birliyin bu mövqeyinə məhəl qoymayıb. Əksinə, 2019-cu ildə bu ölkənin o zamankı müdafiə naziri “yeni ərazilər üçün yeni müharibə” adlı yeni təcavüzkar hərbi doktrina belə, irəli sürmüşdü.
Bütün bu illər ərzində ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll yollarını axtarmaqla məşgul olub. Quruma Rusiya, Fransa və ABŞ həmsədrlik edir. Lakin onların sülh səyləri köhnəlmiş və səmərəsiz idi. Son illərdə aydın olmuşdu ki, iki ölkə arasında real barışıq və əlaqələrin bərpası mümkün deyil. Azərbaycan Ordusunun son qələbəsi, erməni işğalının baş çatmasından sonra isə artıq bu qurumun edə biləcəyi heç nə qalmayıb.
İkinci Qarabağ müharibəsində qalibiyyət Azərbaycan üçün tarixi əhəmiyyətə malikdir. Bu savaşla o, münaqişəni təkbaşına həll edib. Azərbaycan torpaqlarının 30 illik işğalı 2020-ci ilin dekabr ayının ilk günündə sona çatıb və ədalət bərqərar olub. Rusiya prezidenti Vladimir Putin tərəfindən elan edilmiş üçtərəfli bəyanatın da tarixi əhəmiyyəti var. Bu sənəd Ermənistan üçün kapitulyasiya aktı idi.
Qeyd edək ki, 44 günlük müharibə zamanı Ermənistan hərbi birləşmələri beynəlxalq humanitar hüququ açıq şəkildə pozub. Söhbət əhalinin sıx yaşadığı, hərbi əməliyyatların keçirildiyi ərazidən uzaqda yerləşən bölgələrə qəsdlə zərbələrin endirilməsindən gedir. Bu zaman ballistik raketlərdən, həmçinin kassetli və fosfor bombaları kimi qadağan olunmuş hərbi sursatlardan da istifadə edilib. Bütün bunlar hərbi və insanlığa qarşı cinayətdir. İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın birbaşa, seçim etmədən həyata keçirdiyi zərbələr nəticəsində 12 uşaq daxil olmaqla, 101 mülki azərbaycanlı həyatını itirib, 423 nəfər isə yaralanıb. Bu zaman mülki infrastruktura, dövlət və özəl müəssisələrə ciddi ziyan dəyib.
Azərbycan ərazilərinin ermənilər tərəfindən 27 il ərzində işğal altında saxlanılması əsrlər boyu qoruyub saxladığımız dini obyektlərin, muzeylərin, teatrların, kilsələrin, məktəblərin, qədim mağaraların və hətta şəxsi evlərin dağıdılması ilə nəticələnib. Ağdam, Qubadlı, Füzuli, Zəngilan, Cəbrayıl kimi şəhərlər Hiroşima tipli xarabalıqlara, kənd təsərrüfatı torpaqları isə mina ərazilərinə çevrilib. Ermənilərin meşələri kütləvi məhv etməsi ekoloji terrordur. Onlar bu ərazilərdəki tarixi mağaraları, arxeoloji qazıntı məkanlarını da məhv ediblər.
Bu savaşdan sonra Ermənistanın baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” fikirlərinin necə çirkin yalan olduğu da öz təsdiqini tapıb. İndi təkcə Azərbaycan Ordusu deyil, bütün dünya Ermənistanın Qarabağın ən zəngin, çiçəklənən rayonlarını necə məhv etdiyinin şahidi olub. Halbuki, Yerevan bu ərazilərə iddia edirdi. Azərbaycan hökumətinin rəsmiləri, beynəlxalq media nümayəndələri, həmçinin Bakıda yerləşən 40-dan çox səfirliyin diplomatları Ermənistanın dəhşətli hərbi cinayətlərini öz gözləri ilə görüblər.
Ermənistanın işğalı təkcə Qarabağa deyil, həm də ətraf ərazilərə ziyan vurub, insanların əziyyət çəkməsinə səbəb olub. Məsələn, 2020-ci il oktyabrın 3-də Suqovuşan Azərbaycan Ordusu tərəfindən azad edildikdən sonra 30 ilə yaxın bir müddət ərzində susuz qalmış Tərtər çayı yenidən bölgəyə həyat bəxş etməyə başlayıb.
Lakin Azərbaycanın Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmlənməsinə yönəlmiş yeni regional əməkdaşlıq qurmaq səylərinə baxmayaraq, Ermənistan beynəlxalq humanitar hüquqdan və üçtərəfli bəyanatdan irəli gələn öhdəlikləri də yerinə yetirmir. Xüsusi narahatlıq doğuran məsələ Yerevanın azad edilmiş torpaqlardakı minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən boyun qaçırmasıdır. BMT-nin Ərazilərin Minalardan Təmizlənməsi Xidməti bölgənin minalardan təmizlənməsinin postmünaqişə dövründə bərpa işlərinə töhfə olduğunu, sülhün və dayanıqlı inkişafın bərqərar olmasına yardım göstərdiyini deyir. Qurum qeyd edir ki, münaqişə ilə bağlı son tendensiyalar və resursların azlığı yeni problemlər yaradır.
Amma Bakı Yerevanın mina xərtilərini təqdim etməkdən boyun qaçıracağını gözlədiyidən, azad edilmiş ərazilərin minalardan təmizlənməsi işlərinə çoxdan start verib. Minatəmizləmə işlərinin təxminən 2,5 il davam edəcəyi gözlənilir. Bölgəyə insanların köçürülməsinə bundan sonra start veriləcək.
Yeri gəlmişkən, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel regiona son səfəri zamanı qeyd etmişdi ki, “Aİ-yə üzv dövlətlərin üçdə biri Azərbaycanı strateji tərəfdaş kimi qəbul edir. Hesab edirəm ki, bu, bizim üçün ən böyük uğurlardan biridir”. Bu, onu göstərir ki, Aİ-yə üzv dövlətlər bu gün həll olunmamış məsələlərin həllinə yardıma hazırdır. Beləliklə, Aİ regional əməkdaşlıqda mühüm rol oynaya bilər.
Bu gün Azərbaycan Qarabağ regionunu bərpa edir. Bölgədə quruculuq dönəmidir. Orada böyük tikinti işləri həyata keçirilir. Bu işlərə dost dövlətlərin şirkətləri də dəvət olunub. Bölgənin bərpası zamanı innovasiyalardan geniş şəkildə istifadə olunur. “Ağıllı kəndlər” layihəsi çərçivəsində günəş panellərinin qurulması, külək elektrik stansiyalarının inşası nəzərdə tutulur. İndi işğal nəticəsində dağıdılmış əsas yollar da bərpa olunur. Azad edilmiş ərazilərdə xəstəxanalar, məktəblər, otellər tikiləcək.
Azərbaycan üçün ən mühüm nailiyyətlərdən biri Dağlıq Qarabağın incisi kimi tanınan və bölgənin mədəniyyət mərkəzi olan Şuşanın azad edilməsidir. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra prezident İlham Əliyev Şuşanı bütün regionun “mədəniyyət paytaxtı” elan edib. Xatırladaq ki, Ermənistan Şuşa şəhərini 1992-ci il mayın 8-də işğal etmişdi. Şuşa ağrılı-acılı illərdə azərbaycanlıların müqavimətinin, saflığın, ləyaqətin, mədəni müxtəlifliyin və sülh yolu ilə mübarizənin rəmzinə çevrilib.
Postmüharibə dövründə Azərbaycanın həyata keçirəcəyi layihələrdə Ermənistan tərəfindən dağıdılmış, təhqir edilmiş mədəni, dini abidələrin bərpası xüsusi yer tutur. Son 30 ildə Qarabağın tarixi məscidləri donuz damına çevrilmişdi. Bu, Azərbaycanı qəzəbləndirən əsas məqamlardan idi. Bakı bu məsələdə Fransa, Rusiya və ABŞ kim beynəlxalq vasitəçilərin fəaliyyətindən də narazı idi. Çünki çoxsaylı tələblərə baxmayaraq, Minsk qrupunun faktaraşdırıcı missiyaları dini abidələrin vəziyyəti ilə bağlı məsələni qaldırmırdı.
Çoxkonfessiyalı ölkə olan Azərbaycan azad edilmiş ərazilərdə təkcə islam abidələrini deyil, həm də xristian və digər dinlərə aid abidələri bərpa etməyi planlaşdırır. Azərbaycan UNESCO və digər beynəlxalq təşkilatları Ermənistanın azad edilmiş ərazilərə vurduğu maddi ziyanın qiymətləndirilməsinə, regionun mədəni irsi ilə bağlı bərpa işlərində iştiraka dəvət edib. Təəssüf ki, bu dəvət qəbul edilməyib. Azərbaycanın dövlət başçısı İlham Əliyevin dediyi kimi, biz UNESCO-nu 30 ildir gözləyirik. Bu, Azərbaycan qarşı dezinformasiya kampaniyasının aparıldığı dövrdə baş verir. İddia olunur ki, guya Azərbaycanın Qarabağ üzərində suverenliyi regiondakı xristian irsinə təhdid yaradır.
Bir sözlə, təkcə Şuşanın deyil, bütün Qarabağın təbiəti, muzeyləri, qalaları, yolları, istirahət mərkəzləri, kitabxanaları, tədris, elm, incəsənət mərkəzləri bərpa ediləcək. Yaxın gələcəkdə azad edilmiş şəhərlər insanların, turistlərin diqqət mərkəzində olacaq. Çünki mədəniyyət əbədidir. Münaqişə, fikir ayrılığı uzun müddət davam etmir. Bu şəhərlər yenidən öz qapılarını ziyarətçilərə açacaq və mədəniyyətin, multikulturalizmin mərkəzinə çevriləcək.
Uzun illərdən sonra Şuşada Vaqif Poeziya Günlərinin və Qarabağ dağlarında musiqinin səsi olan “Xarıbülbül” musiqi festivalının keçirilməsi bütün dünyaya bizim vətənimiz üçün sülh, incəsənət və mədəniyyətin necə mühüm əhəmiyyətə malik olduğunu göstərib.
Sentyabrın 27-də 44 günlük müharibənin başlamasının 1 ili tamam olub. Bölgədəki son hadisələr qalib Azərbaycanın regionda yeni reallıqlar yaratdığını göstərir. İndi bu reallıqları Yerevan da qəbul etməli olacaq.
Sülh və təhlükəsizliyi qorumağın yeganə yolu region dövlətlərinin əlaqələrini normallaşdırmasından və əməkdaşlıqdan keçir.
(İngilis dilindən tərcümə - WorldMedia.Az)