09.12.2021 16:57
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakı Naxçıvanla əlaqəni istənilən yolla bərpa etmək əzmindədir
 
09.12.2021
Nezavisimaya qazeta, Rusiya
 

  Azərbaycana “Nobel”li ziyarət
 
08.12.2021
Hürriyet, Türkiyə
 

  Azərbaycan 10 erməni hərbi əsiri azad edib
 
07.12.2021
L’Orient-Le Jour, Fransa
 

  İran və Azərbaycan prezidentlərinin görüşünə baxış
 
02.12.2021
Nournews, İran
 

  Yaxın Şərq və Avrasiyada sülh mümkündürmü?
 
02.12.2021
THE JERUSALEM POST, İsrail
 

 
 
MÜSAHİBƏ| İranın Qarabağ müharibəsinə yanaşması və Azərbaycanla fikir ayrılıqları

 
 



Anadolu Ajansı, Türkiyə
07.10.2021


Azərbaycan və Qafqaz siyasəti üzrə ekspert Əlirəza Ərdəbili “Anadolu” agentliyinə müsahibəsində İranla Azərbaycan arasındakı fikir ayrılıqlarının səbəblərindən danışıb, Tehranın Qarabağ münaqişəsi ilə bağlı mövqeyindən bəhs edib.

“Tribun” analitik saytının baş redaktoru olan Əlirəza Ərdəbili Zəngəzur dəhlizinin açılması imkanlarından da danışıb.

- İranın Birinci və İkinci Qarabağ müharibələrinə yanaşmasını necə qiymətləndirirsiniz?

- İran İslam Respublikası Birinci və İkinci Qarabağ müharibələrində Rusiya-Ermənistan-İran üçbucağının bucaqlarından biri idi. Lakin üçbucağın digər bucaqları ilə müqayisədə, onun rolu daha zəif olub. Tehranın bu məsələdə tam olaraq hansı rolu oynadığı mübahisəlidir. Onun öz versiyası budur ki, Birinci Qarabağ müharibəsində Azərbaycana yardım edib. Ancaq “WikiLeaks”də qeyd olunanlar, Ermənistan liderlərinin söylədikləri, Qarabağ ermənilərinin etirafları bunun əksini deyir. Onlar Qarabağ savaşında İranın Ermənistanın yanında olduğunu göstərir.

- Azərbaycanla İran arasında mövcud gərginliyin əsas səbəbi nədir?

- Gərginliyin səbəblərindən biri İran İslam Respublikasının Azərbaycanı heç cür qəbul etmək istəməməsidir. İrandakı azərbaycanlıların potensialını, tarixi keçmişini nəzərə alsaq, cazibədar, müstəqil, dünyəvi Azərbaycanın mövcudluğu Tehran üçün qəbuledilməzdir.

Amma daha vacib səbəb də var. İran daxili və xarici məsələlərdə mənfəət və zərərini düz hesablaya bilmir. O, ölkələrlə münasibətlərdə ümumi mədəniyyətə, birgə maraqlara əsaslanmaqdansa, fikir ayrılıqlarına fokuslanır. Azərbaycanla münasibətdə də belədir.

Digər bir önəmli məqam: sanksiyalar dövründə İran bəzi malların, o cümlədən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olur, ehtiyaclarını bu cür qarşılamağa çalışırdı. Bu işdə Azərbaycan əraziləri onun üçün əhəmiyyətli idi. Rus, erməni və azərbaycanlı şərhçilərin bu haqda məlumatları var. İran uzun illər Azərbaycanın işğal altındakı ərazilərindən narkotik maddələrin qaçaqmalçılığı ilə yanaşı, sanksiyalar altında olan malların ixdalı üçün istifadə edib. İndi Azərbaycanın həmin əraziləri geri qaytarması, üstəlik, Zəngəzur dəhlizinin açılması məsələsinin aktuallıq qazanması ilə Tehran çətin vəziyyətə düşüb. Bu marşrut (Ermənistanla sərhəd) təkcə Qərbə deyil, həm də Rusiya və Şərqi Avropaya narkotik daşınması üçün əlverişli yol idi. Görünür, Rusiyada da bundan narahat olduğu üçün Tehrana etirazını bildirib. Moskvanın Zəngəzur dəhlizinin açılmasında Bakını dəstəkləməsi bu prizmadan şərh edilməlidir.

- Bəs İranla Azərbaycan arasındakı fikir ayrılıqlarında İsrail amilinin rolu nə qədərdir?

- İsraillə Azərbaycanın dərin mədəni və tarixi köklər bağlayır. Eyni zamanda, son yüzilliklər boyu Azərbaycanda on minlərlə yəhudi yaşayıb. Sovet İttifaqı dağılmazdan əvvəl Azərbaycanda 80 mindən çox yəhudi yaşayırdı. Doğrudur, onların çoxu İsrailə köçüb. Amma onlar Qərbdə belə, Azərbaycan lobbisi kimi fəaliyyət göstərirlər.

Əslində, İkinci Qarabağ müharibəsinin gedişində dünya mediasında İsrail-Azərbaycan münasibətləri haqda daha geniş bəhs olunsa da, bu münasibətlər hər hansı hərbi əməkdaşlıqdan daha geniş və daha qədimdir. Yəhudilərin tarixən Azərbaycan ərazisində yaşaması bir tərəfə, İsrail hökumətinin bir çox səbəblərə görə Bakı ilə xüsusi münasibətləri var.

- İran rəsmilərinin bölgədə sərhədlərin dəyişdirilməsinə, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmalarını necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycanla Ermənistan arasındakı mübahisə həm də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı yolun hüquqi statusu ilə bağlıdır. Azərbaycan onu “dəhliz” adlandırır, Ermənistan isə “yol” terminindən istifadə edir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamədə Ermənistanın Bakıya Naxçıvana çıxış üçün dəhliz verməsi nəzərdə tutulur. Azərbaycan isə öz növbəsində, etnik ermənilərin Laçın dəhlizi vasitəsi ilə Qarabağ bölgəsinə çıxışını təmin etməlidir. Lakin tərəflər arasında bu işlərin icrası və hüquqi aspektləri ilə bağlı fikir ayrılıqları var. İran isə bu məsələni ümumiyyətlə qəbul etmir – nə Yerevanın mövqeyini, nə də Bakının.

İran Avropaya çıxış üçün vacib saydığı 42 kilometrlik Ermənistan sərhədini qoruyub saxlamağa çalışır. Amma qeyd olunan dəhliz bu yolu bağlamayacaq. Çox güman ki, Tehranı narahat edən bir amil də var: Rusiyanın nəzarətində olacaq həmin marşrut İranın yük daşımalarına məhdudiyyətlər yarada bilər. Çünki İran İslam Respublikasının bu məsələdə Rusiya ilə də fikir ayrılıqları olub.

- Bakı-Tehran münasibətlərində İranda yaşayan türklər amili nə qədər əhəmiyyətlidir?

- Mən Azərbaycan və ya Türkiyənin İranda azərbaycançılıq, türkçülük hərəkatını maliyyə və ya başqa vasitələrlə gücləndirdiklərini düşünmürəm. Azərbaycan Respublikasının siyasəti Qərbdə yaşayan azərbaycanlılarla bağlıdır. Üstəlik, Bakı onların potensialından İrana qarşı deyil, Qərbdə erməni lobbisinə qarşı istifadə etməyə çalışır. Belə uğurlu nümunələrdən biri İsveçdir.

Hər halda, bu gün Türkiyə ilə Azərbaycanın İrandakı türk milli hərəkatını dəstəklədiklərinə, ondan istifadə etdiklərinə dair heç bir fakt yoxdur. İran vətəndaşları olan azərbaycanlılara məxsus telekanalların “Türksat” və Azərbaycan peykləri vasitəsi ilə yayımı da qadağan edilib. İran vətəndaşları olan bəzi azərbaycanlı fəallar Türkiyə və Azərbaycana buraxılmır, bəziləri isə bu ölkələrdən deportasiya edilib.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Anadolu Ajansı

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az