Müəllif: Kvon Mi-yu
Azərbaycan Cənubi Koreyada o qədər də tanınmaya bilər. Amma son illərdə burada onun nüfuzunun artdığı dəqiqdir.
Cənubi Qafqazda, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan bu gün postmüharibə dövrünü yaşayır. Bu kontekstdə o, işğaldan azad etdiyi Qarabağ regionunun bərpası çərçivəsində Koreya ilə ikitərəfli əlaqələri genişləndirməyə çalışır.
“Avrasiyanın qəlbində yerləşən Azərbaycan həm Avropa, həm də Şərq ölkələrinə pəncərədir. Azərbaycan zəngin neft-qaz resurslarına görə “Odlar yurdu” kimi tanınır”, - deyə Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurov “The Korea Times” nəşrinə müsahibəsində bildirib.
Azərbaycan Sovet İttifaqının dağılmasından sonra 1991-ci il avqustun 30-da müstəqilliyini bərpa edib.
“Təəssüf ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çətin keçib. Biz iqtisadi çətinliklərlə üzləşmişdik. Üstəlik, qonşu Ermənistanla müharibə vəziyyətində idik. Nəticədə Ermənistan Azərbaycan ərazisinin 20%-ni işğal etmişdi. Ötən il iki ölkə arasında müharibə yenidən başladı. Nəticədə Azərbaycan tarixi qələbə qazanaraq, uzun illər işğal altında olmuş ərazilərini geri qaytardı. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Diplomat olaraq, bu problemi diplomatik yolla həll edə bilmədiyimizə təəssüflənirəm. Lakin ümid edirik ki, bu, ölkəmizin və bütün regionun inkişafı üçün yeni imkanlar açacaq”, - deyə səfir qeyd edib.
Koreyada Azərbaycanın daha çox tanınması
Etimadnaməsini 2014-cü ilin avqustunda təqdim etmiş R.Teymurovun sözlərinə görə, o, Cənubi Koreyada fəaliyyətə başlayan zaman artıq iki ölkə arasında əlaqələrin inkişafının birinci dalğası başa çatırmış: “2006-cı ildə Azərbaycan-Koreya münasibətləri dinamik olmuşdu. Həmin il Koreyanın o zamankı prezidenti, mərhum No Mu-Hyon tikinti bumu yaşayan Azərbaycana səfər də etmişdi. Artıq Koreya şirkətləri və hökuməti Azərbaycanla əlaqələr qurmaqda maraqlı idi”.
Səfirin sözlərinə görə, növbət illərdə ölkəsində böyük infrastruktur layihələrinin inşasının başa çatması ilə tikinti layihələrinin sayı azalıb: “Üstəlik, qlobal neft böhranı da bizə mənfi təsir göstərdi. Burada səfir kimi fəaliyyət göstərdiyim dövrdə isə xalqların bir-biri haqda o qədər də məlumatlı olmadığını gördüm”.
“Biz Koreya cəmiyyətində Azərbaycanın daha çox tanınması üçün çalışırıq. Çünki burada xüsusilə Ermənistanla Azərbaycan arasındakı son müharibə dövründə ölkəmizlə bağlı yanlış fikirlər var idi. Müşahidələrimizə əsasən deyə bilərəm ki, həmin vaxt Koreya cəmiyyəti Azərbaycana mühafizəkar islam dövləti kimi baxırdı. Halbuki, Azərbaycan çoxmədəniyyətli ölkədir. Dövlətimizin dini tolerantlıqla bağlı siyasəti Roma Papası Fransisk daxil olmaqla, çox sayda dünya lideri və ölkələri tərəfindən yüksək qiymətləndirilib”.
Rəmzi Teymurov hesab edir ki, Azərbaycanla bağlı yanlış təsəvvürün aradan qaldırılması, Azərbaycandakı müxtəlif fəaliyyət sahələrinin tanıdılması üçün təşviqat işlərinin aparılması vacibdir: “Mən Azərbaycanın Koreyada yalnız neft-qaz ölkəsi kimi tanınmasını istəmirəm. Burada ölkəmizin digər xüsusiyyətləri haqda məlumat az idi. Biz son 8 ildə bu vəziyyətin dəyişməsi üçün çox iş görmüşük. Nəticədə indi 10 koreyalıdan 5-6-sı Azərbaycanın harada yerləşdiyini bilir. İnanıram ki, insanlar arasında mübadilə artarsa, bu, ikitərəfli iqtisadi əlaqələrdə də yeni imkanlar açacaq”.
İki dövlət arasında münasibətlər Cənubi Koreya Milli Assambleyasının sədri Park Byonq-Soqun bu ilin avqustanda Cənubi Qafqaz ölkəsinə səfər edərək Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən sonra daha da inkişaf edib. Onlar xüsusilə Qarabağ regionu ilə bağlı infrastruktur layihələrinin həyata keçirilməsinə dair əməkdaşlıq haqda müzakirələr aparıblar. Prezident İlham Əliyev səfir Rəmzi Teymurova Azərbaycan və Koreyanın müxtəlif şirkətlərinin və iki ölkə rəsmilərinin iştirak edəcəyi biznes forum təşkil etməyi tapşırıb.
“Park Byonq-Soq Azərbaycan prezidenti ilə məhsuldar görüş keçirib. Dövlət başçımız Koreya şirkətlərini Qarabağ regionundakı bərpa işlərinə dəvət edib. Əsas problem odur ki, bu region demək olar ki tamamilə dağıdılıb və orada infrastruktur qalmayıb. Azərbaycan dövlətinin 750 min məcburi köçkünü azad edilmiş ərazilərə qaytarmaqla bağlı öhdəliyi var. Amma bunun üçün evlər, məktəblər, xəstəxanalar və sair infrastruktur lazımdır”, - deyə səfir qeyd edib: “Şübhəsiz, Azərbaycanın bu işləri görmək potensialı var. Lakin münaqişənin təsir göstərdiyi ərazilərin miqyası böyük olduğundan, Koreya kimi dost ölkələrin yardımına ehtiyac duyuruq. Odur ki, Koreya şirkətlərinin bərpa işlərində fəal iştirakını gözləyirik”, - deyə Rəmzi Teymurov vurğulayıb.
Qarabağ regionunun bərpası
Azərbaycan bu əraziləri “yaşıl” və bərpa olunan enerji, həmçinin intellektual şəbəkələr əsasında inkişaf etdirməyi planlaşdırır. Rəmzi Teymurov Koreya şirkətlərinin “yaşıl enerji” və şəhərsalma planlaşdırması ilə bağlı quruculuq işlərində fəal iştirak edəcəyinə böyük ümid bəsləyir: “Azad edilmiş ərazilərdə “ağıllı kənd”lərlə bağlı pilot layihələrdən birinə start vermişik. Biz insanların “ağıllı kənd”lərdəki yeni evlərinə gələn ilin birinci yarasında köçəcəyini gözləyirik. Bu layihəyə avtomobil magistralı, hava limanı və dəmir yolu kimi infrastruktur, həmçinin telekommunikasiya layihələri daxildir. Bundan başqa, Azərbaycan Koreya ilə minaların təmizlənməsi işində də əməkdaşlıq edə bilər. Azərbaycanın azad edilmiş ərazilərində yerüstü minaların sayı Koreyanın silahsızlaşdırılmış zonasındakı minaların sayından iki dəfə çoxdur”.
İndi səfirlik Seulda keçiriləcək Azərbaycan-Koreya biznes foromuna hazırlaşır. Bu forum infrastruktur və nəqliyyat sahəsindən tutmuş, kənd təsərrüfatı və turizmə qədər müxtəlif sahələri əhatə edəcək.
“Biz Azərbaycandan olan müvafiq qurumları Koreyaya səfərə dəvət etmişik. Qoy onlar Koreya şirkətlərinə Qarabağ regionunun bərpası layihələri, investisiya imkanları haqda məlumat versin”, - deyə səfir əlavə edib: “Hazırda bisnes forumun təşkili ilə bağlı bir neçə Koreya şirkəti ilə danışıqlar aparırıq. Əmin olmaq istəyirik ki, bu sahələrdə ixtisaslaşmış Koreya şirkətləri biznes forumda iştirak etmək imkanına malikdirlər”.
Səfir Teymurov hesab edir ki, Qarabağın bərpası ilə bağlı layihələr Azərbaycanla Koreya arasında ikitərəfli əlaqələrin inkişafında ikinci dalğanın başlamasına səbəb ola bilər: “Hökumətimiz Koreya şirkətlərinin təkcə podratçı deyil, həm də investor olmasını istərdi. İnvestisiya qoyuluşları olmadan ikitərəfli iqtisadi əlaqələr dayanıqlı ola bilməz. 2006, 2010 və 2012-ci illərdə Koreya şirkətləri müxtəlif müqavilələrə əsasən Azərbaycanda ofislər açmışdı. Müqavilə bitdikdən sonra onlar ölkəmizi tərk edirlər. Bu, dayanıqlı deyil. Odur ki, biz iki ölkə arasında əlaqələrin dayanıqlı inkişafı üçün Azərbaycanda Koreya investisiyalarının və Koreyada Azərbaycan sərmayələrinin olmasını istərdik”.
(İngilis dilindən tərcümə - WorldMedia.Az)