Müəllif: Aleksey Qryazev
(Bakı-Qarabağ-Moskva)
Müharibədən bir il sonra Qarabağda nələr baş verir?
Artıq bir ildir ki, Qarabağda yeni status-kvo mövcuddur. 28 il əvvəl itirdiyi torpaqları geri qaytarmış Azərbaycan bu ərazilərin bərpasına hazırlaşır. “Qazeta.ru”nun əməkdaşı bir vaxtlar qaynar nöqtə olmuş bu bölgəyə səfər edib, Qarabağın yeni sahiblərinin nəzarəti altında necə yaşadığını, azərbaycanlıların rusiyalı sülhməramlılar haqda nə düşündüklərini və Bakının tanınmamış “Dağlıq Qarabağ Respublikası”na (dırnaq işarəsi bizə aiddir -WM) hansı gələcəyi hazırladığını öyrənib.
Qarabağ Azərbaycandır!
Bakıdan Şuşaya beş saatlıq yoldur. Burada sürcülər naviqatorsuz da hərəkət edə bilər, çünki paytaxtdan çıxan kimi hər yolayrıcında “Qarabağın qəlbi”nə aparan yolu göstərən məlumat lövhələri var. Bu lövhələr hətta azərbaycanlıların qayalar üzərindəki şəhərə gedə bilmədiyi vaxtlarda belə, yollardan yığışdırılmayıb. Necə ki, hava haqqında məlumatlardan da Şuşanın adı çıxarılmamışdı. Bu məlumat və yol nişanları 28 il ərzində azərbaycanlılar üçün bir xatırlatma rolunu oynayıb: bu şəhər ölkəmizin bir parçasıdır.
“Yoxsa insanlar unudardılar”, - deyə bizi müşayiət edən Riad bildirir.
Bəlkə 90-cı illərin əvvəllərində itirilmiş bu ərazilər barədə xatırlatmalar olmasaydı, insanlar doğrudan da oraları unuda bilərdi. Hər halda, 30 il az müddət deyil. Bu müddətdə Azərbaycan paytaxtında keçmiş Sovet görkəmindən demək olar ki, heç nə qalmayıb – bu gün Bakı keçmiş SSRİ şəhərlərindən daha çox Cənubi Avropa şəhərlərinə bənzəyir. Doğrudur, paytaxtın bəzi rayonlarında hələ də məşhur və doğma beşmərtəbəli “xruşşovka”lara, Brejnev dövrünün tikililərinə və hətta qaraj kooperativlərinə rast gəlmək mümkündür. Lakin yeniləşən şəhərin baş planında onlara artıq yer yoxdur. Hərçənd, bu tikililərin sökülməsi də sonraya saxlanılıb, çünki hazırda respublika bütün resurslarını tanınmamış azad edilmiş ərazilərin bərpasına yönəldib.
Sovet tikililərindən fərqli olaraq, Azərbaycan paytaxtında rus dilində danışanlara daha çox rast gəlmək olar. Amma həmsöhbətiniz nə qədər gəncdirsə, onunla “ümumi dil” tapa bilmək ehtimalınız o qədər azdır.
Hərçənd, indi Bakıda ən çox yayılmış bu yazını oxumağa heç bir dil baryeri mane ola bilməz: “Qarabağ Azərbaycandır!”. Üzərində bu şüar yazılmış çoxsaylı bilbordlar Bakının hava limanında təyyarənin trapından düşən hər kəsi mənzil başınadək müşayiət edir.
Millətin dirçəlişi
Paytaxtdan çıxan kimi, yenə postsovet məkanına qayıdırsan. Yolboyu qarşımıza Sovet avtomobilləri çıxır, özü də bəziləri yerli koloritə uyğun. Bir neçə yerdə pikapa çevrilmiş klassik “Volqa” gördük – yük yerində heyvan aparırdılar.
Yolboyu rast gəldiyimiz kəndlər və kiçik şəhərlər Rusiyadakılara çox bənzəyir. Azərbaycanda olduğunuzu yalnız addımbaşı Qarabağı və bitmiş müharibəni xatırladan lövhələr yada salır. Sanki paytaxtla əyaləti birləşdirən yeganə əlamət də elə bu xatırlatmalardır.
Azərbaycanın hər yaşayış məntəqəsində burada doğulmuş şəhidlərin fotoları olan xatirə dövhələri quraşdırılıb. Ötənilki müharibədə həlak olmuş əsgərlərin portretlərinə yol kənarında işləyən mağazaların üzərində və evlərin eyvanlarında da rast gəlmək olar. Dərhal başa düşürsən ki, bu ailədə oğul itiriblər. Lakin bu lövhələrdə kədərdən daha çox valideynlərin və həmkəndlilərin öz şəhid oğulları ilə qürur duyduqları hiss olunur. “Bu oğullar ölkəmizin fəxridir. Torpaqlarımızın azadlığı uğrunda vuruşmuş hər bir əsgər, bu amal üçün canından keçmiş hər bir şəhid öz ölkəsinin, öz ailəsinin qəhrəmanı və fəxridir”, - deyə yol yoldaşlarım bildirirlər.
Rusiyalı jurnalist olduğumu eşidən demək olar hər kəs Bakıdakı Şəhidlər Xiyabanında ehtiramla dəfn edilmiş rus əsilli iki şəhid barədə danışır: “Türklər, ruslar, yəhudilər, ləzgilər və digər xalqlar – burada biz hamımız azərbaycanlıyıq. Biz bir millətik və hədəfimiz də birdir”.
Azərbaycanlılarla ünsiyyətdə olduqca başa düşürsən ki, Qarabağ onlar üçün sadəcə ərazi deyil. Bu torpaqların azad edilməsi və bərpası 10 milyon insanı bir amal uğrunda birləşdirmiş milli ideyadır.
Xarabalıqlar üzərində tikinti
Dörd saatdan çox yol getdikdən sonra ilk nəzarət-buraxılış məntəqəsinə çatırıq – bura Füzuli rayonunun girişidir. Bundan sonra ancaq buraxılış vərəqəsi ilə hərəkət edəcəyik. Azad edilmiş ərazilər minalanıb və əhalinin üzünə yalnız tam təhlükəsiz hala gətirildikdən sonra açılacaq.
İlk dayanacağımız “Qarabağın hava qapısı” – Füzuli Beynəlxalq Aeroportudur. Bu müasir bina səhranın ortasında yerləşib. “Səliqəsiz yerləri çəkməyin! Onlar tezliklə olmayacaq” deyən ciddi səs eşidilir. Bu, “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərovdur. Obyekti qəbul etməyə gəlib.
Məndən səfərimin məqsədin soruşanda, vurğunu düz qoymuram. “ŞUşa yox, ŞuşA! Siz Azərbaycandasınız, Ermənistanda yox!” - deyə Əsgərov əsəbi halda səhvimi düzəldir. Lakin bəxtim gətirir. O, səhvimdən narazı qalsa da, mənə kiçik bir ekskursiya təşkil edir. “Bu aeroportu biz cəmi səkkiz aya tikmişik. Yanvarda bünövrəsin qoymuşuq, sonra iki ay havalar tikintiyə başlamağa imkan verməyib. Sentyabrda isə ilk təyyarəmizi qəbul etmişik. Bu, dünya rekordudur. Lakin… başqa cür ola da bilməzdi” - deyə Əsgərov gülümsəyir.
Aeroportdan bir qədər sonra hərbçilər maşınları saxlayır, kiçik bir tıxac əmələ gəlir. Buradan bir neçə kilometr məsafədə istehkamçılar mina tapıblar və indi onu partlatmağa hazırlaşırlar. Öz-özümə fikirləşirəm ki, axı biz hələ birinci nəzarət-buraxılış məntəqəsindən o qədər də uzaqlaşmamışıq. Azad edilmiş ərazilərin ümumi sahəsi isə 7,5 min kvadrat kilometrdən çoxdur. Bütün bu torpaqları minalardan tam təmizləmək üçün nə qədər vaxt lazım olacaq?! Məni əmin edirlər ki, problem 3-5 ilə həll ediləcək.
Daha bir dayanacaq xarabalığın ortasındadır. “Burada Füzuli şəhəri yerləşirdi. Sovet vaxtı burada 50 min insan yaşayıb. İşğal illərində şəhərdən heç nə qalmayıb. Lakin biz onu yenidən tikəcəyik”, - deyə bələdçimiz Ziya bildirir.
Azərbaycan Ordusunun Şuşaya doğru irəlilədiyi marşrut üzrə çəkilən yeni yolla gedirik. Əvvəllər heç nəyin olmadığı bu mürəkkəb relyefli ərazidə bir neçə ay ərzində 100 kilometrdən bir qədər uzun yol çəkilib. Düz Şuşaya çatana qədər “Zəfər yolu”nu yalnız xarabalıqlar, atılmış kiçik kəndlər, üzümlüklər, inşaat texnikası və təbiət əhatə edir. Özüm üçün bu qənaətə gəlirəm ki, bu yol Azərbaycanın zəfərinin əsas rəmzidir.
Şuşa. Şəhərin bərpası
Şuşa Qarabağın gözüdür. Qayaların üzərində yerləşən bu şəhər təbii qaladır. Onu canlı gördükdə bu şəhər uğrunda döyüşlərin nə üçün hər iki Qarabağ savaşının əsas epizoduna çevrildiyini anlayırsan. Şəhərdən tanınmamış “DQR”in nəzarəti altında qalmış bütün əraziyə, o cümlədən onun paytaxtı Stepanakertə (azərbaycanlılar onu Xankəndi adlandırır) mənzərə açılır – Şuşadadan bir neçə atəş açılarsa, Qarabağ məsələsi yerli-dibli həll edilər.
Şəhərin girişində daha bir nəzarət-buraxılış məntəqəsi var – çoxlu hərbçi toplaşıb. Postun üzərində Azərbaycan və Türkiyənin bayraqları dalğalanır. Onların 10 metrliyindən “DQR”i Ermənistanla birləşdirən Laçın dəhlizi keçir. Burada Rusiya sülhməramlılarının bayrağı tək asılıb.
Şəhərdən müharibənin keçdiyi bilinir, amma vəziyyət kritik deyil. Məni əmin edirlər ki, ikinci müharibə vaxtı Şuşa demək olar ki, zərər görməyib və bütün dağıntılar 90-cı illərin döyüşlərindən qalıb. Ətrafda isə qızğın inşaat işləri gedir.
Şəhər “DQR”in nəzarəti altında olanda burada 4 min nəfər yaşayıb. İndi isə 3 min nəfər var. Sakinlərin üçdə biri hərbçilərdir. Qalanları inşaatçılar, xidmət personalı, ilk köçmüş sakinlər, yerli administrasiya və şəhərin bərpasına cəlb edilmiş digər insanlardır.
Elektrik Nicat o qədər də əminliklə danışmadığı rus dilində deyir ki, ailəsi Şuşanı tərk edəndə o, cəmi altı aylıq imiş. “Şəhər qaytarılandan dərhal sonra bura necə qayıdacağımı düşünməyə başladım. Bir də buradan heç yerə gedən deyiləm. Bu da mənim evim”, - deyə o, bildirir.
Artıq şəhərdə mehmanxana, bir-iki restoran, mağaza və Şuşada doğulmuş Sovet opera müğənnisi Bülbülün ev muzeyi fəaliyyət göstərir. Azərbaycanın müstəqillik əldə etdikdən sonra quraşdırdığı və ermənilərin sökdüyü bəzi abidələr artıq bərpa edilib. Mərkəzdəki məsciddə dindarlar namaz qılır. Ermənilərn tikdiyi binaları, məsələn “DQR prezidenti”nin (dırnaq işarəsi bizə aiddir WM) andiçmə mərasiminin keçirildiyi mədəniyyət mərkəzini yer üzündən siliblər. Məni əmin edirlər ki, bu, sırf şəhərin tarixi görkəminin bərpası niyyətilə edilib: “O bina sonradan tikilmişdi, biz isə Şuşaya tarixi görkəmin qaytarmaq istəyirik”.
Şəhər administrasiyasında mənə izah edirlər ki, bərpadan sonra Şuşa Azərbaycanın mədəniyyət paytaxtına, turistlərin axın yerinə çevriləcək: “Şəhərin bütün irsi bizim üçün çox vacibdir, o cümlədən xristian abidələri”.
Müharibə vaxtı Azərbaycan mərmisinin düşdüyü Qazançı erməni kilsəsi inşaat toruna bürünsə də, tikinti işləri aparılmır. Səbəbini soruşuram. “İşlərə başlanılıb, lakin divarın uçacağından ehtiyat edirik. Bərpa üçün italyanları dəvət etmişik. Onların gəlməsin gözləyirik” deyirlər.
Yerli obyektlərdən birində nahara gəlmiş bir qrup Azərbaycan əsgəri ilə söhbət edirik. Görünüşcə yaşları 25-dən artıq olmayan bu gənclər şəhərin alınmasında iştirak ediblər. Onlardan heç biri rus dilində danışmır. Mənə kənardan tərcümə edirlər.
- Müharibə olacağı ağlımıza da gəlmirdi. Elə bilirdik ki, bizi təlimə çağırırlar.
- Biz axı bu şəhəri, bu torpaqları heç vaxt görməmişdik. Ancaq inanın ki, biz hamımız burada ölməyi arzulayırdıq!
- Atəşkəs elan olunan zaman nə hissləri keçirdiniz?
- Heç nə. Biz o hayda deyildik. Bizə Şuşanı götürmək əmri verilmişdi, biz də buna nail olduq. Əmri yerinə yetirib sağ qaldığımıza görə xoşbəxt idik.
- Mənim üçün bu torpaqda olmaq xoşbəxtlikdir.
- Bəs rusiyalı sülhməramlılara münasibətiniz necədir?
- Yaxşı. Normal uşaqlardır. Hərdən hasarın üzərindən söhbət də edirik.
- Onlara necə yanaşa bilərik? Onlar bizim torpağımızda qonaqdırlar. Biz isə qonaqlara həmişə yaxşı münasibət bəsləyirik! Qalan şeylər sonrakı məsələdir. Əsas odur ki, biz öz evimizdəyik. Öz ürəyimizi qaytarmışıq. Şuşa Azərbaycanın ürəyidir.
- Siz şuşalısınız?
- Yox, mən Bakıdanam. Əslində bütün azərbaycanlılar şuşalıdır.
Ermənilər və Rusiya haqqında
Qarabağa səfərdən sonra adamı maraqlandıran əsas sual: bəs sonra? “Yeni müharibə olacaqmı?” sualına azərbaycanlı əsgərlərdən biri cavab verir: “Bilmirəm, heç bilə də bilmərəm. Lakin biz prezidentimizin istənilən əmrini yerinə yetirməyə hazırıq”.
Azərbaycanlıların əksəriyyəti hesab edir ki, müharibənin olub-olmayacağı yalnız Ermənistandan asılıdır: “Azərbycan hər şeyi həll edib. Biz irəli hərəkət etməyə hazırıq”. Burada tanınmamış “DQR”in taleyi də həll olunmuş sayılır: bu ərazilər Azərbaycana aiddir və rusiyalı sülhməramlılar getdikdən sonra oraya da Bakı nəzarət edəcək.
“Oradan heç kimi qovmaq lazım deyil. Ermənilər Azərbaycan ərazisində yaşayırlar və biz onların bu hüququn tanıyırıq. Qoy Azərbaycan pasportun alıb yaşasınlar, onda hər şey yaxşı olacaq. Bizim ölkəmiz çoxmillətlidir”, - deyə həmsöhbətlərimdən biri vurğulayır.
Azərbaycanlılardan eşitdiyim ən radikal təklif “Dağlıq Qarabağ ermənilərinin 10-15 il müddətinə seçki hüququndan məhrum edilməsi” ilə bağlıdır Lakin əksəriyyət bu təklifi də həddindən artıq radikal hesab edir.
Azərbaycanın Xarici İşlər Nazirliyindən olan həmsöhbətimiz deyir ki, bölgənin gələcəyi xeyli dərəcədə Rusiyadan və Moskvanın yaxın illərdə hansı rolu oynamaq istəyəcəyindən asılıdır. “Görünən odur ki, közərən münaqişəyə bəslənən ümidlər özünü doğrultmadı – nə Ermənistan Rusiyapərəst oldu, nə də Azərbaycan. Bəlkə də münaqişənin həllindən bəhrələnmək daha yaxşı olar. Biz Moskvanın oynadığı rolu qiymətləndiririk və ümid edirik ki, o, yaxın vaxtlarda sülhün dəstəklənməsini öz üzərinə götürəcək”, - deyə o, bildirir.
Sadə azərbaycanlılar Rusiyaya daha soyuq yanaşırlar: hiss olunur ki, Birinci Qarabağ müharibəsi zamanı Moskva neytral qalmağa yox, Ermənistanı dəstəkləməyə meylli olub və onlar bundan inciyiblər.
Rusiyanın ikinci müharibədəki rolu da birmənalı qəbul edilmir. Burada daha çox “Moskva Azərbaycanı tam qələbənin bir addımlığında dayandırdı” fikri populyardır.
“Bizim Rusiyapərəst olmamız üçün səbəb yoxdur. Siz özünüz bizi Türkiyəyə doğru itələyirsiniz. Biz Rusiyaya qəzəbli yox, daha çox ondan məyusuq”, - deyə Bakı sakinlərindən biri bildirir.
Azərbaycanlılar məni əmin edirlər ki, onlar kinli xalq deyil: “Olan olub, keçən keçib. Əsas gələcəkdir”.
Öz gələcəklərin isə onlar aydın görürlər: “Kişi səhv edə bilər, lakin o, səhvini təkrarlamamalıdır. Bu, ailəyə, ölkəyə, əcdadların xatirəsinə xəyanət olar. Biz bir də öz torpaqlarımızı heç kimə vermərik”.
(Rus dilindən tərcümə - WorldMedia.Az)