09.12.2021 17:20
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakı Naxçıvanla əlaqəni istənilən yolla bərpa etmək əzmindədir
 
09.12.2021
Nezavisimaya qazeta, Rusiya
 

  Azərbaycana “Nobel”li ziyarət
 
08.12.2021
Hürriyet, Türkiyə
 

  Azərbaycan 10 erməni hərbi əsiri azad edib
 
07.12.2021
L’Orient-Le Jour, Fransa
 

  İran və Azərbaycan prezidentlərinin görüşünə baxış
 
02.12.2021
Nournews, İran
 

  Yaxın Şərq və Avrasiyada sülh mümkündürmü?
 
02.12.2021
THE JERUSALEM POST, İsrail
 

 
 
FOTO| Zəngilandan Türkiyə və Avropaya yol açılacaq

 
 



Haber7, Türkiyə
22.10.2021


Azərbaycan Prezidenti İlham Əliyev Zəngilanın erməni işğalından azad olunmasının birinci ildönümündə bu rayona səfər edib. “Buradan Naxçıvana yol açılacaq. Oradan da Türkiyəyə, oradan da Avropaya”, - deyə dövlət başçısı bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə erməni işğalından 20 oktyabr 2020-ci ildə azad olunmuş Zəngilan rayonuna səfər edib. Orada həyata keçirilməkdə olan layihələrin vəziyyəti ilə tanış olan Əliyev təməlqoyma mərasiminə də qatılıb; Zəngilan Beynəlxalq Hava Limanında aparılan işlərlə tanış olub, bu rayonda tikiləcək elektrik stansiyasının təməlini qoyub.

İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Zəngilandakı hərbi hissəsini də ziyarət edib, burada yaradılmış vəziyyətlə bağlı məlumat alıb. Dövlət başçısı və xanımı Zəngilanın Ağalı kəndində reallaşdırılmaqda olan “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə də tanış olublar.

Çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq”

Prezident səfəri çərçivəsində vaxtilə Zəngilanda yaşamış azərbaycanlılarla da görüşüb. Bu rayonda yeni dönəmin başladığını vurğulayan Əliyev deyib: “Şəhərin baş planı artıq hazırlanır. Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək. Bütün bu təbii gözəllik nəzərə alınaraq müasir, çox gözəl bir şəhər qurulacaq, həmçinin də kəndlər. Siz də bilirsiniz ki, azad edilmiş bütün torpaqlarda birinci “Ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirildi. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq”.

“27 il erməni işğalından sonra Zəngilan Vətənə qayıtdı”

Azərbaycan Ordusunun düz bir il əvvəl Zəngilan şəhərini və onun bir neçə kəndini qəhrəmanlıqla işğaldan azad etdiyini xatırladan prezident çıxışını belə davam etdirib: “27 illik işğala son qoyuldu. İndi mən “Xoş gəlmisiniz” deyirəm, çünki mən sizi dəvət etmişəm ki, bu gözəl tarixi birlikdə burada qeyd edək. Amma bundan sonra mən Zəngilana gələndə zəngilanlılar “Xoş gəlmisiniz” deyəcəklər”.

“Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq”

İlham Əliyev xatırladıb ki, Sovet İttifaqı dövründə Zəngilanda hava limanı olmayıb. “Amma indi nəinki hava limanı, beynəlxalq hava limanı olacaq və Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək. Çünki Zəngəzur dəhlizi buradan keçir, dəmir yolu, Horadiz-Ağbənd avtomobil yolu tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq. Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, yük təyyarələri, sərnişin təyyarələri, dəmir yolu qovşağı, avtomobil yolları - bütün infrastruktur qurulacaq”.

“Vejnəli qızıl yatağını qanunsuz istismar etmiş xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə başlamışıq”

Ermənilərin Oxçuçayı təbii fəlakət zonasına çevirdiklərini xatırladan Əliyev deyib: “Oradan götürülən analizlər göstərir ki, zəhərli maddələrin həcmi normadan bəlkə də 10 dəfə, 20 dəfə artıqdır. Vejnəli qızıl yatağını ermənilər xarici şirkətlərlə birlikdə qanunsuz olaraq istismar edirdilər. O xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verdik”.

“Zəngilandan Türkiyə və Avropaya yol açılacaq”

Prezident bildirib ki, artıq turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika, ətraf mühitin qorunması və əlbəttə ki, insanlar üçün şəraitin yaradılması istiqamətində işlər görülür. “İndi Ağalı kəndi inşa edilir, Zəngilan şəhərinin baş planı təsdiq olunandan sonra burada da inşaat işlərinə start verəcəyik. Zəngilan ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcəkdir. Şübhəm yoxdur, bunu sizinlə birlikdə edəcəyik və sizin də məsləhətinizə ehtiyac olacaq. Ona görə ki, baş plan təqdim olunandan sonra gərək ictimaiyyət də öz fikrini desin. Çünki siz - burada yaşamış insanlar yaxşı bilirsiniz, harada nə olub. Yəqin ki, siz də bu dağıntıları görüb yadınıza salırsınız ki, burada nə olub. Buradan Naxçıvana yol açılacaq. Oradan da Türkiyəyə, oradan da Avropaya”, - deyə İlham Əliyev qeyd edib.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Haber7

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az