09.12.2021 16:55
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakı Naxçıvanla əlaqəni istənilən yolla bərpa etmək əzmindədir
 
09.12.2021
Nezavisimaya qazeta, Rusiya
 

  Azərbaycana “Nobel”li ziyarət
 
08.12.2021
Hürriyet, Türkiyə
 

  Azərbaycan 10 erməni hərbi əsiri azad edib
 
07.12.2021
L’Orient-Le Jour, Fransa
 

  İran və Azərbaycan prezidentlərinin görüşünə baxış
 
02.12.2021
Nournews, İran
 

  Yaxın Şərq və Avrasiyada sülh mümkündürmü?
 
02.12.2021
THE JERUSALEM POST, İsrail
 

 
 
MÜSAHİBƏ| Qarabağ: müharibədən bir il sonra vəziyyət necədir?

 
 



Revue Conflits, Fransa
25.10.2021


Müəllif: Jan-Batist Noe

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevlə müsahibə

Qarabağda ötən il baş vermis müharibədən bir il keçir. “Revue conflits” jurnalı bölgədəki mövcud vəziyyəti təhlil etmək üçün bir daha oraya qayıdır. Bir il əvvəl baş vermis və bölgənin bütün ölkələrini hərəkətə gətirmiş şiddətli müharibə, eyni zamanda, iki tərəf – Ermənistan və Azərbaycan üçün həm də çox güclü emosional münaqişə idi. “Revue conflits” jurnalı münaqişə tərəflərinin siyasi baxışlarını oxucularına çatdırmaq üçün hər iki tərəfin fikirlərini öyrənib.

Qarabağ müharibəsi xüsusilə Fransa ilə Ermənistan arasında mövcud olan qədim ənənələr səbəbindən Fransada güclü emosional dalğa yaratmışdı. “Revue conflits” jurnalı bu müharibə iştirakçılarının heç birinə qarşı qərəzli deyil. Biz nələrin baş verdiyini anlamaq, xüsusilə Fransa üçün onun nəticələrini qiymətləndirmək istəyirik. Odur ki, tərəflərin hər ikisinə söz imkanı veririk. Növbə Azərbaycanın Fransadakı səfirinindir. Sonra Ermənistan səfiri danışacaq.

- Qarabağ müharibəsindən bir il keçir. Regionda hərbi-siyasi vəziyyət necədir?

- Müharibə bitib, döyüş və düşmənçilik yoxdur, əldə edilmiş sülh davam edir. Münaqişəyə Rusiya, Ermənistan və Azərbaycan tərəfindən 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyannamə ilə son qoyulub. Hüquqi baxımdan, münaqişə beynəlxalq hüquq çərçivəsində həll olunub. Belə ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələrinin əsas müddəası – erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması təmin edilib. İndi biz yeni mərhələyə qədəm qoymuşuq. Bu, sülh quruculuğu, barışıq və regionun bərpası mərhələsidir.

Buraya terminologiyada bir dəyişiklik də daxildir. Artıq “Dağlıq Qarabağ” termini işlədilmir. Keçmiş münaqişə zonası Azərbaycanın 11 rayonundan (ölkənin 66 rayonu var) ibarətdir. Onlardan bəziləri Rusiya sülhməramlı qüvvələrinin nəzarətindədir. İndi bölgədə Qarabağ iqtisadi zonası və Şərqi Zəngəzur iqtisadi zonası mövcuddur. Bir sözlə, münaqişə həll edilib. Amma hələ də müzakirə və həll olunmalı məsələlər var. Bütün bunlar postmünaqişə mərhələsinin mövzuları, məsələləri və problemləridir.

Bu gün iki ölkə arasında sülh müqaviləsinin imzanması gündəmdədir. Bunun üçün birbaşa danışıqlara hazırlıq gedir.

- Bəs mülki əhalinin köçürülməsi ilə bağlı vəziyyət nə yerdədir? Bölgəni 1994-cü ildə tərk etmiş azərbaycanlılar oraya qayıdırmı? Qayıdış prosesinə mane olan çağırışlar və problemlər hansılardır? Bəs bu bölgədə yaşayan ermənilərin gələcəyi necə olacaq?

- Birinci Qarabağ müharibəsi (1992-1994) zamanı öz torpaqlarından qovulmuş 750 mindən çox insanın doğma yurdlarına qayıdışı əsas məsələdir. Bu insanlar öz kənd və şəhərlərinə qayıtmaq istəyirlər. Lakin bir vaxtlar onların yaşadıqları kənd və şəhərlər dağıdılıb. Bu üzdən proses çətindir. Onların geri dönməsini təmin etmək üçün zəmin hazırlamaq lazımdır. Bunun üçün isə kəndlər, şəhərlər, infrastruktur yenidən qurulmalıdır.

İnsanların qayıdışına mane olan ən böyük problem mina məsələsidir. Döyüş meydanı 30 il ərzində erməni silahlı qüvvələri tərəfindən minalanıb. Orada 100 mindən çox piyada əleyhinə mina basdırılıb. Üstəlik, Ermənistan minalanmış ərazilərin xəritələrini bizə verəkdən imtina edir. Onlardan yalnız bir neçəsini əldə edə bilmişik, bu xəritələrdə isə çoxlu səhvlər, qeyri-dəqiqliklər var.

Ərazilərin minalardan təmizlənməsi çox çətin prosesdir. Minatəmizləmə işində Azərbaycan Rusiya silahlı qüvvələrinin və türkiyəli mütəxəssislərin dəstəyindən də yararlanır. Fransa da bu işdə bizə kömək etmək istəyini bildirib və bu məqsədlə Fransa nümayəndə heyəti Azərbaycana səfər də edib.

Bir sözlə, işğaldan azad olunmuş torpaqlarımızda əsl fəlakətlə üzləşmişik. Biz çox zonalarda torpaqlar, çaylar çirkləndirilib, meşələr yandırılıb, mədəniyyət abidələrimiz, qəbiristanlıqlarımız dağıdılıb, şəhər və kəndlərimiz yer üzündən silinib.

İkinci əsas çağırış yenidənqurmadır. Şəhərləri, yaşayış binalarını, inzibati binaları, həmçinin infrastrukturu – elektrik xətlərini, dəmir yollarını, aeroportları və s. yenidən qurmaq lazımdır. Bu il yenidənqurma işləri üçün ayrılmış büdcə bir milyard dollardan artıqdır. Lakin 30 il ərzində hüquqları pozulmuş 750 min azərbaycanlı məcburi köçkünün qayıdışını təmin etmək üçün daha böyük işlər görülməlidir.

Bundan başqa, humanitar problem də var. Birinci Qarabağ müharibəsində itkin düşmüş 3900 azərbaycanlının taleyindən hələ də xəbər yoxdur. Ermənilərin beynəlxalq humanitar hüquq üzrə öhdəliklərə riayət etməsinin, itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirməsinin vaxtıdır.

Dördüncü mövzu hüquqi məsələsidir. İkinci Qarabağ müharibəsi zamanı çoxsaylı müharibə cinayətləri törədilib. Söhbət istər mülki şəxslərə, istər hərbçilərə qarşı törədilmiş cinayətlərdən gedir. Eyni zamanda, təbii resursların və sərvətlərin qeyri-qanuni istismarı məsələsi də var – Kəlbəcər rayonunda qızıl mədənləri, mis mədənləri, bəzi su resursları və s. Biz bu qeyri-qanuni işlərdə iştirak etməkdə şübhəli bilinən şəxsləri, həmçinin xarici şirkətləri məhkəməyə vermək üçün lazımi sənədləri hazırlayırıq.

Beşinci problem keçmiş münaqişə zonasında yaşayacaq ermənilərlə azərbaycanlılar arasında barışığın yaradılmasıdır. Söhbət Azərbaycan və erməni əsilli Azərbaycan vətəndaşlarından gedir. Bu, mədəni, humanitar və sosial əlaqələrin qurulmasını zəruri edir. Lakin, eyni zamanda, 1992-94-cü illərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən bölgədən qovulmuş digər mənşəli insanlar da var. Bizim məqsədimiz Qarabağı yenidən çoxmillətli və çoxkonfessiyalı bölgəyə çevirməkdir. Münaqişədən əvvəl bu bölgədə 48 etnik və dini azlıq mövcud olub.

Nəhayət, Azərbaycanla Ermənistan arasında həqiqi sülhə nail olmaq lazımdır. Müharibə bitib, münaqişə həll edilib. Lakin iki ölkə arasında hələ ki, diplomatic münasibətlər yoxdur. Regionda həqiqi sülhə və əməkdaşlığa nail olmaq üçün sülh müqaviləsi imzalanmalıdır.

Bütün bu maneələri aradan qaldırmaq üçün beynəlxalq ictimaiyyətin məsələyə realist yanaşmasına da ehtiyac var. O, yeni reallığı qəbul etməlidir. Həmsədrlər də daxil olmaqla, bütün ölkələr, beynəlxalq aktorlar yeni reallığı qəbul etməli, ona uyğun davranmalıdır.

Erməni əhaliyə gəlincə, hazırda keçmiş münaqişə zonasındakı rayonlarda yaşayan ermənilərin sayı təxminən 25 min nəfərdir. Bizim onlara münasibətimiz aydındır: bu insanlar Azərbaycana hüquqi, sosial, mədəni və siyasi inteqrasiya olunmalıdırlar. Onlar digər Azərbaycan vətəndaşları ilə eyni hüquqlara, eyni vəzifələrə sahib olacaqlar. Bunun üçün sadəcə, Azərbaycan Konstitusiyasına, Azərbaycan qanunlarına hörmət etməlidirlər. Bu halda onların Azərbaycanın sosial, iqtisadi və mədəni həyatında iştirak imkanları olacaq. Onlar öz deputatlarını seçə biləcək, onların da öz şirkətləri, təhsil müəssisələri və universitetləri, ölkəmizdəki bütün digər milli azlıqlarda olduğu kimi, öz təşkilatları olacaq. Məqsəd erməniləri Azərbaycanın həqiqi vətəndaşlarına çevirməkdir.

- 2020-ci ilin payızında iki ölkə arasında döyüşlərə son qoyulması, danışıqlara başlanılması üçün məsələyə Rusiya müdaxilə edib. Hazırda ölkənizlə Ermənistan arasında danışıqlarla bağlı vəziyyət necədir?

- Rusiya müharibənin başa çatmasında çox mühüm rol oynayıb və oynamaqda davam edir. Bu nəqliyyat kommunikasiyalarınn açılması işi ilə məşğul olacaq birgə komissiya yaratmışıq. Üç ölkənin baş nazir müavinlərinin iştirakı ilə yaradılmış komissiya da məhz Moskvanın vasitəçiliyi ilə təşkil olunub. Rusiya, həmçinin bizə dövlət sərhədlərinin delimitasiya və demarkasiyası problemini həll etmək üçün öz köməyini təklif edib. Bu baxımdan, rəsmi Moskva postmünaqişə dövründə konstruktiv rol oynayır. Əsas məqsədimiz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasıdır. Rusiya bu təşəbbüsü də dəstəkləyir.

Məqsəd, həmçinin bölgədə böyük və kiçik ölkələr arasında genişmiqyaslı əməkdaşlığın yaradılmasıdır. Bu məqsədlə Azərbaycan “3+3” – Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan arasında əməkdaşlıq platformasının yaradılması təşəbbüsünü dəstəkləyir. Təşəbbüs Rusiya tərəfindən də dəstəklənir.

Əsas mövzuya, yəni sülh müqaviləsinə gəlincə, bizim yanaşmamız kifayət qədər yumşaqdır. Sülh müqaviləsi mütləq imzalanmalıdır. Amma əgər hazırda bu mümkün deyilsə, əgər Ermənistan hələlik buna hazır deyilsə, bizim ikinci təklifimiz var: ölkələrimiz arasında nəqliyyat kommunikasiyaları açılsın, coğrafi baxımdan təcrid olunmuş bu ölkənin anklav vəziyyətindən çıxarılması üçün yeni nəqliyyat yolu inşa edilsin, onu regionun digər ölkələri ilə əlaqələri yaransın. Bu, Ermənistanın İran və Rusiya bazarlarına çıxışını asanlaşdıracaq, eyni zamanda, Ermənistanın Türkiyə ilə sərhədlərini açılması imkan yaradacaq.

Yox, əgər Ermənistan sülh sazişinin imzalanması ilə yanaşı, kommunikasiyaların açılması təklifini də qəbul etmirsə (halbuki, bu, onun özü üçün çox faydalı olacaq), biz başqa təklif də verə bilərik: qoy, iki ölkə arasında iqtisadi, sosial və humanitar əməkdaşlığın qurulması üçün fəaliyyətə başlanılsın.

Gördüyünüz kimi, bu məsələdə bizim mövqeyimiz çox yumşaqdır.

- Minsk qrupunun həmsədri olan Fransadan problemlərin həllində hansı rolu oynamasını gözləyirsiniz?

- Fransa qeyd etdiyim bütün məsələlərdə – minaların təmizlənməsi, yenidənqurma, itkin düşmüş insanların taleyi, iki ölkə arasında barışıq, sülh sazişi məsələlərində aparıcı rol oynaya bilər. Oaris minaların təmizlənməsi işimizə töhfə vermək üçün böyük büdcə ayırmağı planlaşdırır. Daha əvvəl qeyd etdiyim kimi, Fransanın nümayəndə heyəti bu prosesin necə aparılacağını, necə davam edəcəyini öyrənmək üçün Azərbaycana səfər edib.

Yenidənqurmaya gəlincə, Fransa şirkətlərinin bu sahədə böyük təcrübəsi var. Biz arzu edirik ki, onlar bölgə bərpaolunan enerji mənbələri, rəqəmsal iqtisadiyyat kimi sahələrdə görüləcək işlərdə ön sıralarda olsunlar. Fransa şirkətləri bu ərazilərdə çox iş görə bilərlər.

Fransa, biz itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi işində də kömək edə bilər. Onun Ermənistanla güclü və sıx əlaqələri var və o, erməniləri 1992-1994-cü illər müharibəsi zamanı itkin düşmüş insanların taleyi ilə bağlı suallarımızı cavablandırmağa məcbur edə bilər.

Nəhayət, Paris beynəlxalq hüququn prinsipləri əsasında sülh sazişinin hazırlanmasında öz sözünü deyə bilər. O, tərəflərə yol göstərə, ideyalar verə, həmçinin hazırlıq iclaslarında bizi dəstəkləyə bilər. Amma bütün bu işlərdə Fransa qərəzsiz olmalı, obyektivlik nümayiş etdirməlidir. Bu, bizim yeganə ilkin şərtimizdir.

- Bəs regiondakı zəngin mədəni və dini irlə bağlı vəziyyət necədir?

- Bu məsələdə bizim mövqeyimiz 1954-cü il tarixli “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasına əsaslanır. 1992-2020-ci illərdə Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın çox sayda mədəniyyət nümunələrinə ziyan vurulub. Biz UNESCO missiyasını bölgəyə dəvət etmiş, vurulmuş ziyanı onun dəyərləndirməsinə razılıq vermişik. Missiyanın tezliklə Azərbaycana gəlməsini istəyirik. Onun işinə bütün imkanlarımızla dəstək verməyə, lazımi əməkdaşlığı təmin etməyə hazırıq.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Revue Conflits

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az