Müəllif: Mahmud Səd Diyab
Azərbaycan hökuməti ümumdünya “Ekspo Dubay 2020” sərgisində təşkil etdiyi “Gələcəyin toxumları” adlı pavilyonda gələcək turizm sənayesinin qorunmasında, ölkənin koronavirus pandemiyasının təsirlərindən tam sağalmasında davamlı turizm siyasətinin əhəmiyyətini vurğulayır. O, “Gələcəyin toxumları” şüarı ilə gələcəyə baxışını, həmçinin “sabahın inkişafı bu gün verilən qərarlardan asılıdır” və “insan kapitalını inkişaf etdirmədən davamlı gələcəyə nail olmaq mümkün deyil” konsepsiyalarını dərk etdiyini daha da aydın şəkildə göstərir.
Azərbaycan hökumətinin məlumatına əsasən, milli pavilyonun çatdırmaq istədiyi əsas mesaj ziyarətçiləri ekoloji cəhətdən təmiz yeni səhifənin açılmasına ilhamlandırmaqdır. Pavilyonun dizaynı da bunu deməyə əsas verir. Pavilyonun konsepsiyası hazırlanan zaman məhz təbiətdən ilham alınıb. Odur ki, pavilyonun dizaynı ağac və onun budaqlarını xatırladır. Bununla Azərbaycan demək istəyir ki, xalqlar gələcəyə investisiya qoymaqla davamlı inkişafa nail ola, yaşayış və iş mühitini yaxşılaşdıra bilər. Üstəlik, pavilyonun konsepsiyası elə qurulub ki, o, ziyarətçilərini davamlı inkişafla bağlı əsas məsələlər barədə düşünməyə dəvət edən ideal bir guşə rolunu oynayır. Azərbaycan pavilyonunun əsas binasının sahəsi 2086 kvadratmetrdir. Onun 1300 kvadratmetri bağça və piyada hərəkət zolaqları ilə əhatələnib. Bağçada isə inkişafa işarə olaraq nar ağacları, həmçinin sülh, ədalət və müdriklik rəmzi olan zeytun ağacları var.
Sürprizlər
Azərbaycan pavilyonu ziyarətçilərini sürprizlərlə qarşılayır. Pavilyonun girişində nağıllardakına bənzər virtual meşə yerləşir. Burada texnologiyalar və interaktiv elektron vasitələrlə təqdimatlar həyata keçirilir. Bu da son deyil. Əsas bina rəngarəng çiçəklərlə bəzədilib. Orada 5 böyük interaktiv ağac var. Ölkənin əsas rəmzləri ilə rənglənmiş çay sərgi boyu “axır”. Bundan əlavə, əsas binanın foyesində qonaqların istirahəti, həmçinin pozitiv və motivasiyalı kəlamlarla tanış olmaları üçün məkan ayrılıb.
Pavilyonda sərgilənən bütün vizual effektlərin təcrübəli, məşhur italyan rəssam Andrea Menini tərəfindən hazırlanması diqqətəlayiqdir.
Park
Pavilyonda “möcüzələr parkı” yaradılıb. Bura bioloji rəngarəngliyə görə dünyanın 25 regionundan biri hesab edilən Azərbaycanın bioloji və təbii mənzərələrinin rəngarəngliyini nümayiş etdirmək üçün hazırlanmış məkandır. Parkda süni intellektlə işləyən “ağıllı” çiçəklər var. Güllərin yanından keçərkən onlar işıqlanır. Bu güllər də italiyalı sənətkarlar tərəfindən xüsusi olaraq milli pavilyon üçün hazırlanıb. “Möcüzələr parkı”nda elə güllər də var ki, onların yanından keçərkən çiçək açır və pavilyonun bölmələri ilə bağlı olan milli rəmzləri göstərirlər. Başqa çiçəklər Azərbaycan bayrağının rənglərində – mavi, qırmızı və yaşıl rənglərdə işıq saçır. Digər “ağıllı” güllər açılan zaman videoçarxlar vasitəsilə ölkənin təbii irsinin özəllikləri barədə informasiyalar verilir. Pavilyondan kənarda olan monitorlarda nümayiş etdirilən Azərbaycanın təbiət mənzərələri insanları sərgiyə cəlb edərək, onun kəşfinə həvəsləndirir.
Virtual meşə
Virtual meşə 5 interaktiv ağacdan ibarətdir. Bütün bunlar Azərbaycanın təbii və mədəni rəngarəngliyinə, gözəlliyinə, həmçinin işıqlı gələcəyə baxışına işarədir. Bu interaktiv ağaclardan dördündə monitorlar quraşdırılıb. Onlarda nümayiş etdirilən videolarda Azərbaycanın çətinliklərlə üzləşməsinə baxmayaraq, öz istəklərini həyata keçirə bildiyi göstərilir. Beşinci interaktiv ağac isə həmin dörd monitorla əlaqələndirilmiş şəkildə artırılmış gerçəklik texnologiyası ilə işləyir. Bu ağaclar “icazə verin böyüyüm” şüarını sərgi iştirakçılarına çatdıraraq pavilyonun əsas konsepsiyasını bir daha vurğulayır: “Sabahın inkişafı bu gün verilən qərarlardan asılıdır”.
Hər bir interaktiv ağac özünəməxsus mövzu nümayiş etdirir. Birinci ağac “qoy istedadlar inkişaf etsin” konsepsiyasına əsaslanır, bununla da Azərbaycanda gənclərə, xüsusilə ölkənin davamlı dirçəlişinin əsas hərəkətverici qüvvəsi hesab edilən istedadlı və bacarıqlı gənclərə dəstək, onlara investisiya yatırılması fikri çatdırılır. Bu zaman ziyarətçilərə rəssam Faiq Əhməd, pianoçu və bəstəkar, 2009-cu il Montrö Beynəlxalq musiqi festivalının qalibi İsfar Sarabski kimi, Azərbaycan gənclərinin ilhamverici nümayəndələri ilə tanışlıq imkanı yaradılır.
Sıçrayış
İkinci interaktiv ağac isə, “qoy rifah inkişaf etsin” adlanır. O, ötən illər ərzində keyfiyyətcə sıçrayışa nail olmuş, dünyada texnoloji və iqtisadi tərəqqinin nümunəsinə çevrilmiş paytaxt Bakının hekayəsini danışır. Burada Azərbaycanın dəyərli tarixi irsini özündə ehtiva edən İçərişəhərin tarixi göstərilir.
Üçüncü ağac isə, “qoy bioloji rəngarənglik inkişaf etsin” adlanır. O Azərbaycanda bioloji müxtəlifliyin olduğunu göstərir. Yeri gəlmişkən, Azərbaycan dünyada mövcud olan 11 iqlim tipindən doqquzuna sahibdir. Bu, əslində, zənginlik və təbiətin xəzinəsidir. Ziyarətçilər bu xəzinələrlə foto çəkdirərək onları yaddaşlara əbədi həkk edə bilərlər.
“Qoy irs inkişaf etsin” adlanan dördüncü interaktiv ağac isə, sərginin “düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” konsepsiyası ilə səsləşir.
Milli kimlik kökləri
Azərbaycanın “Dubay Ekspo 2020” pavilyonunda alt mərtəbədə “Milli kimlik kökləri” adlı sərgisi də keçirilir. Bura böyük memarlıq ağacının köklərinə bənzəyir. Sərgidə ənənəvi sənətkarlıq nümunələri, Azərbaycan mədəniyyətinə və tarixinə aid ekspozisiya nümayiş olunur. Hər bir ekspozisiya müəyyən mədəni irsi ifadə edən instalyasiya kimi hazırlanıb. Bundan başqa, ziyarətçilər alt mərtəbədə yerləşən “Pavilyon” restoranında milli Azərbaycan təamlarının dadına da baxa bilərlər. Günortadan sonra isə burada şirniyyat və quru meyvələrlə Azərbaycan çayının dadına baxmaq imkanı da var.
(Ərəb dilindən tərcümə - WorldMedia.Az)