09.12.2021 16:31
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakı Naxçıvanla əlaqəni istənilən yolla bərpa etmək əzmindədir
 
09.12.2021
Nezavisimaya qazeta, Rusiya
 

  Azərbaycana “Nobel”li ziyarət
 
08.12.2021
Hürriyet, Türkiyə
 

  Azərbaycan 10 erməni hərbi əsiri azad edib
 
07.12.2021
L’Orient-Le Jour, Fransa
 

  İran və Azərbaycan prezidentlərinin görüşünə baxış
 
02.12.2021
Nournews, İran
 

  Yaxın Şərq və Avrasiyada sülh mümkündürmü?
 
02.12.2021
THE JERUSALEM POST, İsrail
 

 
 
Xarici investorlar Azərbaycanda: Aİ ilə münasibətlər yaxşılaşır

 
 



KmetroO, İtaliya
29.10.2021


Müəllif: Alessandro Luonqo

Noyabrın 14-dən 17-dək Azərbaycanın paytaxtı Bakıda 500-ü Türkiyə sərmayədarı olmaqla, 1000-dən artıq iş adamı qlobal ticarətlə bağlı tədbirdə bir araya gələcək. Türkiyə Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) 25-ci dəfə təşkil edəcəyi Beynəlxalq Biznes Forumunda (IBF) Azərbaycanın kənd təsərrüfatı, enerji və səhiyyə kimi sahələrinin perspektivləri müzakirə olunacaq.

Tədbirə Kanada, Avropa, ABŞ, Yaxın Şərq, Rusiya və Şimali Afrikadan önəmli iş adamları da qatılacaqlar. İştirakçıların görülən işləri yerindəcə müşahidə etmələri üçün təqdimatlar, həmçinin zavodlara səfərlərin təşkili də planlaşdırılır.

IBF-un rəhbəri Erol Yarar deyir ki, Azərbaycanın ötən il erməni işğalından azad edilmiş Qarabağ bölgəsinin iqtisadi inkişafı bu gün Bakı üçün əsas prioritetdir. “Türkiyəli iş adamları bu ölkədə kənd təsərrüfatı, qida, səhiyyə, turizm və infrastruktur kimi çox mühüm investisiya sahələrinin mövcudluğunu nəzərə alaraq, həm sərmayə yatırmaq, həm də ticarəti inkişaf etdirmək məqsədilə Azərbaycana üz tuturlar”, - deyə o, bildirib.

Təkcə Qarabağın milyardlarla dollarlıq infrastruktur sərmayəsinə ehtiyacı olduğunu deyən Yararın sözlərinə görə, “Azərbaycanın əhəmiyyətli turizm, səhiyyə və kənd təsərrüfatı potensialı var. Söhbət ölkələr arasında xarici ticarət həcminin 4-5 milyard dollar artımından gedə bilər”.

Yeri gəlmişkən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən inşa edilmiş ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanına enmiş ilk dövlət başçısıdır. Bu, ötən il bölgənin işğaldan azad edilməsindən sonra Türkiyə prezidentinin Qarabağa üçüncü səfəridir.

“Bu gün burada, Zəngilanda olarkən təbii ki, biz Zəngəzur dəhlizi haqqında danışmasaq düzgün olmaz. Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcək”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev Ərdoğanın bölgəyə son səfəri zamanı bildirib.

Bu aralar Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə münasibətləri də müsbət istiqamətdə irəliləyir. Bu, iqtisadi baxımdan da olduqca vacibdir. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən az sonra Avropa İttifaqı doğurdan da onunla tez bir zamanda əlaqələr qurub. 1996-cı ildə Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏM) belə, imzalanıb. Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin etdikdən sonra Azərbaycanı Avropa Qonşuluq Siyasətinə, daha sonra isə “Şərq Tərəfdaşlığı” təşəbbüsünə daxil edib. 1996-cı ildən başlayaraq qurulan möhkəm əlaqələr nəticəsində Azərbaycan Xəzərin qaz ehtiyatlarını Avropa bazarına çıxarmaqla Avropa İttifaqının mühüm enerji tərəfdaşına çevrilməyi bacarıb. Bu sahədə ən iddialı təşəbbüs kimi qiymətləndirilən “Cənub Qaz Dəhlizi” çərçivəsində imzalanmış Birgə Bəyannamə isə bu tərəfdaşlığın ən mühüm hissəsidir.

Lakin Aİ-Azərbaycan münasibətləri heç də hər zaman yolunda getməyib. Məsələn, Bakı Aİ ilə assosiasiya sazişini imzalamaqdan imtina edib. Ölkə başçısı İlham Əliyev hələ 2016-cı ildə Münxen Təhlükəsizlik Konfransındakı çıxışında bunu iki amillə əlaqələndirmişdi. Birincisi, saziş Aİ-nin birtərəfli təlimatı təəssüratı yaratdığından, siyasi assosiasiya və iqtisadi inteqrasiya təklifi Bakını qane etmirmiş. İkincisi və daha önəmlisi, Gürcüstan və Moldova ilə imzalanmış müqavilələrdə onların ərazi bütövlüyünə dəstək ifadə olunurdusa, Bakıya təklif olunan sənəddə Ermənistanla Azərbaycan arasındakı münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu konkret göstərilməyibmiş.

Bundan başqa, Aİ heç zaman bu münaqişənin həlli ilə bağlı təşəbbüsü üzərinə götürməyib, məsələnin ATƏT-in Minsk qrupu çərçivəsində çözülməli olduğunu bildirib. Bununla da o, Azərbaycan ictimaiyyəti tərəfindən ədalətdən uzaq, siyasi aciz qurum kimi qəbul edilib.

Bütün bunlar azmış kimi, Aİ-nin aparıcı ölkələrindən olan Fransanın Minsk qrupunun həmsədri olmasına rəğmən, ölkənin ali qanunverici orqanında qondarma, tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinə dəstək qətnaməsi belə, qəbul edilib. Heç bir əsası olmayan bu sənəd təbii ki, uyğunsuzluqlarla, hüquqi baxımdan səhvlərlə dolu idi. Fransa hökuməti bunun sadəcə Senatın mövqeyi olduğunu dəfələrlə bəyan etsə də, fakt Fransanın ədalətli vasitəçi statusuna ciddi zərbə vurub, Parisin problemin həllində maraqlı olmadığını göstərib.

İndi isə münasibətlərin perspektivləri prezident Əliyevin də dəfələrlə dediyi kimi, Dağlıq Qarabağ münaqişəsinin həllindən asılı deyil, çünki bu problem artıq başa çatıb. İndi gələcək münasibətlər daha çox iqtisadi əlaqələrdən, Aİ-nin bu regiona davamlı sülhün gətirilməsi üçün atacağı addımlardan asılıdır. Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu yaxınlarda regiona səfəri son bir ildə bu bölgəyə baş tutmuş yüksək səviyyəli bir neçə səfərdən yalnız biri idi.

Avropa İttifaqının qonşuluq və genişlənmə siyasəti üzrə rəsmisi Oliver Varhelyi 2021-ci ilin yayında Bakıya səfər edən zaman bir çox müşahidəçilər tərəflər arasında əməkdaşlığın yeni perspektivlərin yarandığını bildirirdilər. Varhelyi özü Azərbaycandan qayıdarkən “Şərq Tərəfdaşlığı” ölkələri ilə imzalanmış yeni sazişi “çox güclü siqnal” kimi qiymətləndirmişdi. O, demişdi ki, “Azərbaycan pandemiya ilə mübarizədə uğur qazanmaqla yanaşı, bu böhrandan çıxar-çıxmaz, COVID-in yaratdığı böyük iqtisadi çətinliklərdən qurtulmağı bacarmış dövlət, regionun ən inkişaf edən ölkəsidir”.

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: KmetroO

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az