09.12.2021 16:34
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakı Naxçıvanla əlaqəni istənilən yolla bərpa etmək əzmindədir
 
09.12.2021
Nezavisimaya qazeta, Rusiya
 

  Azərbaycana “Nobel”li ziyarət
 
08.12.2021
Hürriyet, Türkiyə
 

  Azərbaycan 10 erməni hərbi əsiri azad edib
 
07.12.2021
L’Orient-Le Jour, Fransa
 

  İran və Azərbaycan prezidentlərinin görüşünə baxış
 
02.12.2021
Nournews, İran
 

  Yaxın Şərq və Avrasiyada sülh mümkündürmü?
 
02.12.2021
THE JERUSALEM POST, İsrail
 

 
 
Sərhədsiz vəziyyət

 
 



Kommersant, Rusiya
11.11.2021


Müəllif: Sergey Strokan

Qarabağ müharibəsinin başa çatmasına dair 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından bir il sonra Rusiya, Azərbaycan və Ermənistan liderləri yeni sammit keçirməyə hazırlaşırlar. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bazar ertəsi verdiyi məlumata görə, hələlik görüşün dəqiq tarixi bilinmir, lakin “işlər davam etdirilir”.

Ermənistanın baş naziri Nikol Paşinyan isə “görüş xatirinə görüş” keçirməməyə çağırır. Əslində, erməni liderin reaksiyası müzakirə olunan problemlərin kəskinliyindən xəbər verir: Bakı ilə Yerevan ikitərəfli gündəmin heç bir məsələsi, əsasən də sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin sülh müqaviləsinin imzalanması ilə bağlı razılıq əldə edə bilmir. Müharibənin dayandırılmasında həlledici rolu oynamış Moskva isə yaranmış vəziyyətdə sərhədlərlə bağlı danışıqların aparılması üçün öz dəstəyini təklif edir. Rusiyada heab edirlər ki, bu danışıqlar yeni gərginliyin yaranmasının qarşısını ala bilər.

Kiməsə sammit amnistiya, kiməsə yox

Rusiya prezidenti Vladimir Putin, Azərbaycanın dövlət başısı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın ildönümü Cənubi Qafqazda Moskva, Bakı və Yerevanın iştirakı ilə diplomatik fəallığın kəskin artmasına səbəb olub. 44 günlük Qarabağ müharibəsinin birinci ildönümü liderlərin yeni görüşü üçün yaxşı stimul ola bilər. Bu görüşdə onlar “yerində sayan” nizamlama prosesini irəli apara bilərdilər.

“Bəli, doğrudan da belə bir görüş planlaşdırılır” deyən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İnterfaks” agentliyinə müsahibəsində gözlənilən sammit barədə məlumatları təsdiqləyib. Bir gün sonra isə o, əlavə edib: “Belə videokonfransın nə vaxt baş tuta biləcəyi ilə bağlı hələlik dəqiq razılaşma və aydınlıq yoxdur. İşlər davam etdirilir”.

Azərbaycan prezidenti İlham Əliyev bu məlumatı şərh etməsə də, Ermənistanın baş naziri Nikol Paşinyan tələsik açıqlama verib. “Mən deyə bilərəm ki, hazırda görüşün keçirilməsi barədə hansısa razılaşma yoxdur. Biz görüşlərin keçirilməsinə qarşı deyilik. Lakin vacib olanı kontekst, simvolika, potensial nəticədir. Biz nəticə əldə edə biləcəyimiz görüşlərdən imtina etməyəcəyik, lakin bu görüşlər görüş xatirinə keçirilməməlidir”, - deyə Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.

Bölgədə təhlükəsizliyin təmin olunmasında Moskvanın və Rusiya sülhməramlılarının vacib rolunu qeyd edən erməni baş nazir Azərbaycana qarşı iddialar da səsləndirib. O, rəsmi Bakını erməni əhalinin Şuşa və Hadruta qayıtmaq hüququnu təmin etməməkdə günahlandırıb. Paşinyan bildirib ki, bu, 10 noyabr bəyanatına ziddir. Bundan başqa, atəşkəs rejiminin sistematik şəkildə pozulduğunu deyən Paşinyan hərtərəfli araşdırma aparılacağına və müvafiq tədbirlər görüləcəyinə ümid etdiyini bildirib: “Mən demişdim ki, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı Rusiyanın təklif etdiyi sənədi imzalamağa hazıram. Lakin sərhəddə hər gün atəşkəs rejiminin pozulduğu bir vaxtda bu prosesi təsəvvür etmək çox çətindir. Bunun üçün müvafiq şəraiti təmin etmək lazımdır”.

“Sülh təklifi Azərbaycanın inhisarında deyil və Bakının Yerevanın sülhə hazır olmadığı haqda bəyanatları təəcüb doğurur”, - deyə N.Paşinyan qeyd edib. Bununla o, yenidən İlham Əliyevlə söz yarışına girib. Ötən həftənin sonunda Azərbaycan prezidenti demişdi ki, sərhədlərin müəyyən edilməsi və sülh müqaviləsinin imzalanması məsələsində “top Ermənistan tərəfindədir”.

“Biz Ermənistana bir sıra təkliflər etmişik ki, sülh müqaviləsi üzərində işləməyə başlayaq, çünki biz müharibə deyil, sülh, gələcək haqqında danışmaq istəyirik. Əfsuslar olsun ki, bu təklifə hələ də cavab verilməyib. Eyni zamanda, biz hər iki ölkənin ərazi bütövlüyünü tanımaqla, dövlət sərhədlərimizin delimitasiyası və demarkasiyası üzərində işə başlamağı təklif etdik... Biz gələcəyə nəzər salmalıyıq. Biz regionun təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olmasını təmin etməliyik”, - deyə İlham Əliyev “COVID-19-dan sonrakı dünya” adlı Qlobal Bakı Forumunda bildirib.

Simvolik haldır ki, İkinci Qarabağ müharibəsinin başa çatmasının ildönümünü Bakı ilə Yerevan bir-birinə əks olan iki fərqli ssenari ilə qeyd edib. Azərbaycanda 8 noyabr Zəfər Günü ilə bağı bayram əhval-ruhiyyəsi hökm sürüb, ölkədə 17 min nəfərədək insanı əhatə edəcək amnistiya elan olunub, Ermənistanda isə vəziyyət yenidən gərginləşib. Yeni üçtərəfli görüşün keçiriləcəyi və bu görüşdə guya nəqliyyat kommunikasiyalarının açılması, həmçinin sərhədinin demarkasiyası və delimitasiyası haqqında sənədlərin imzalanacağı barədə məlumatlar cəmiyyətə sızan kimi, Ermənistan müxalifəti hadisələri qabaqlamağa çalışıb. Hələ ötən həftənin sonunda Nikol Paşinyanın opponentləri onu Bakı ilə “növbəti kapitulyasiya aktı”na imza atmaqdan çəkinməyə çağırıb.

““Məğlubiyyət partiyası” sülh və inkişaf gətirə bilməz. Məğlubiyyətin rəmzi olan adam ölkəmizin maraqlarını təmsil edə, ölkəni idarə edə bilməz”, - deyə Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” blokunun bəyanatında bildirilir.

Ermənistan müxalifəti “ölkədə hakimiyyəti dəyişmək, layiqli sülhü təmin etmək, sosial-iqtisadi böhrandan çıxmaq və ölkənin təhlükəsizliyini təmin etmək üçün milli müqavimət hərəkatı formalaşdırmağa” çağırış edib. Bazar ertəsi axşam Ermənistan üçün kədərli olan ildönümü qeyd olunarkən, müxalifət Yerevanda “Müqavimət göstər!” şüarı altında çoxminlik mitinq keçirib.

Qarabağ sülhünün xəritələri

“Paşinyanın sərt ritorikası və nizamlama ilə bağlı əsas məsələlərə, o cümlədən komunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, yeni gərginliyin yaranmasını istisna edən dayanıqlı regional əməkdaşlıq formatının yaradılması haqda suallara aydınlıq gətirmək istəməməsi onun düşdüyü çətin vəziyyətlə izah oluna bilər”. Bunu “Kommersant”a açıqlamasında Azərbaycanda fəaliyyət göstərən Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov bildirib. “Bir il əvvəl sülhün xeyrinə seçim etmiş Paşinyan Koçəryanın başçılıq etdiyi müxalifətin, həmçinin Zəngəzur dəhlizinin açılmasında maraqlı olmayan İranın güclü təzyiqi altındadır”, - deyə ekspert əlavə edib. Onun sözlərinə görə, bu vəziyyətdə üçtərəfli sammitin əsas nəticəsi heç bir yeni saziş imzalamadan ötənilki sülh razılaşmalarına sadiqliyin təsdiqi ola bilər.

Ölkələrin heç bir məsələdə razılıq əldə edə bilmədiyi bir şəraitdə müharibənin dayandırılmasında həlledici rolu oynamış Moskva yeni gərginliyin qarşısını almaq üçün sərhədlərlə bağlı danışıqların aparılmasında öz dəstəyini təklif edir.

“2020-ci il 10 noyabr tarixli bəyanatda bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılmasını nəzərdə tutan vacib müddəa var. Hesab edirik ki, problemin uzunmüddətli həlli Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sonrakı demarkasiyası ilə bağlı prosesin başlamasından asılıdır. Rusiya bu işdə zəruri konsultativ dəstək verə, tərəflərin istəyilə lazımi kartoqrafik materiallar təqdim edə, digər ölkələrlə olan zəngin demarkasiya təcrübəsini bölüşə bilər”, - deyə Rusiya Xarici İşlər Nazirliyinir bəyanatında bildirilir.

“Delimitasiya köhnə Sovet hərbi xəritələri əsasında aparılmalıdır. Özü də yalnız ona görə yox ki, bu xəritələr nisbətən daha dəqiqdir. Bu, sadəcə texniki məsələ deyil. Bu iş uğurla başa çatdırılsa, Moskvanın vasitəçiliyi ilə əldə olunacaq və tərəflərin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımasını təmin edəcək Ermənistan-Azərbaycan sülh müqaviləsinin təməlini təşkil edə bilər”, - deyə Valday Klubunun eksperti, azərbaycanlı politoloq Fərhad Məmmədov bizimlə söhbətində bildirib.

“Müharibənin bitməsindən bir il keçsə də, vəziyyət son dərəcə gərgin olaraq qalır. Bir tərəfdən iqtisadi məsələlərin həlli, o cümlədən kommunikasiyaların və dəhlizlərin açılması tərəflərin uzunmüddətli yaxınlaşmasına müəyyən ümidlər yaradır. Lakin bunun özü-özlüyündə sülhü təmin edə bilməsi mübahisəli məsələdir, xüsusən ona görə ki, istənilən dəhlizin tək iqtisadi deyil, həm də siyasi əhəmiyyəti var. Belə bir vəziyyətdə status-kvo və onun gələcəyi əvvəlki kimi Rusiyadan asılıdır. Onun üçün isə Qarabağ münaqişəsi postsovet məkanındakı ən ciddi çağırışlardan biri olaraq qalır”. Bunu isə “Kommersant”a Rusiyanın Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksandr Quşşin bildirib.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Kommersant

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az