09.12.2021 16:00
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycana “Nobel”li ziyarət
 
08.12.2021
Hürriyet, Türkiyə
 

  Azərbaycan 10 erməni hərbi əsiri azad edib
 
07.12.2021
L’Orient-Le Jour, Fransa
 

  İran və Azərbaycan prezidentlərinin görüşünə baxış
 
02.12.2021
Nournews, İran
 

  Yaxın Şərq və Avrasiyada sülh mümkündürmü?
 
02.12.2021
THE JERUSALEM POST, İsrail
 

  Rusiya Ermənistanla Azərbaycan arasında sülhə töhfə verməyə çalışır
 
01.12.2021
Eureporter, Aİ
 

 
 
Qarabağın inkişafı Cənubi Qafqazın dəyişməsinə hesablanıb

 
 



Geopolitical Monitor, Kanada
12.11.2021


Müəllif: Robert M.Katler

Bu gün Cənubi Qafqazda sosial-iqtisadi proseslər sürətlə inkişaf edir. Bunu bölgədə cərəyan edən son hadisələr də göstərir. Qarabağ regionunun bərpası mahiyyət etibarı ilə Cənubi Qafqazın inkişafı nöqteyi-nəzərdən hərəkətverici qüvvədir. Xatırladaq ki, Ermənistanın işğalçı hərbi birləşmələri bölgədən qovulduqdan sonra Qarabağın bərpasına başlanılıb. Ermənistan bu əraziləri təxminən 30 il idi ki, işğalda saxlayırdı.

Bölgədə cərəyan edən son hadisələrin ciddi regional geosiyasi nəticələri var. Hazırda Rusiya sülhməramlıların yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-nizami erməni hərbi birləşmələri bölgə üçün təhdiddir. Üstəlik, Ermənistanın xüsusi təyinatlı qüvvələri müntəzəm olaraq Azərbaycanın azad edilmiş ərazilərinə daxil olmağa çalışır.  

Amma bütün bunların fonunda son günlərdə Qarabağdan quruculuq işləri ilə bağlı xəbərlər gəlməkdədir. Məsələn, Füzuli Beynəlxalq Hava Limanının açılması kimi. Bu şəhər Ermənistan tərəfindən 1993-cü ilin avqustunda işğal olunmuş, azərbaycanlı əhali oradan didərgin salınmışdı. O vaxtdan Füzuli “ruhlar şəhəri”nə çevrilmişdi. Doğrudur, Azərbaycan Ordusu hələ 1994-cü ildə Füzuli rayonunun mühüm əhəmiyyətli ərazilərini azad etmişdi. Amma o vaxt şəhəri tam azad etmək mümkün olmamışdı. Bununla yanaşı, Füzuli rayonunun işğalda olmayan ərazilərinin 1994-cü ildən bəri keçdiyi inkişaf yolu əslində, həm Füzuli şəhəri, həm də azad edilmiş digər ərazilərin necə bərpa ediləcəyini göstərən yaxşı nümunədir. Amma bunadək ərazi Ermənistanın yerləşdirdiyi çoxsaylı minalardan təmizlənməlidir. Yerevanın minalı ərazilərin xəritələrini Bakıya verməməsi bu prosesi bir qədər də qəlizləşdirir. Doğrudur, Ermənistan Ağdam şəhərinin mina xəritələrini Azərbaycana təhvil verib. Amma onların dəqiqliyi cəmi 25% imiş.

1979-cu ildə Füzuli şəhərinin əhalisi 13 min 91 nəfər olub. Həmin vaxt ümumilikdə rayonda 76 min 13 nəfər yaşayıb. Onların 97%-i azərbaycanlılar olub. 1989-cu ildə Füzuli şəhərinin əhalisi 17 min 90 nəfərə çatıb. Bu, 23% artım deməkdir. Əgər əhalinin artım tempini nəzərə alsaq, həmin vaxt Füzuli rayonunda 93 min 450 insanın yaşadığını söyləyə bilərik. Onların 90 mini etnik azərbaycanlılar olub. Başqa sözlə, Ermənistan Birinci Qarabağ müharibəsi zamanı təkcə Füzulidə məhz bu sayda azərbaycanlını etnik təmizləməyə məruz qoyub.

Son 30 ildə Azərbaycan əhalisi 42% artıb. 1989-cu ildə ölkə əhalisi 7,02 milyon nəfər idisə, 2019-cu ildə onların sayı 9,98 milyonadək artıb. Bu rəqəmlər göstərir ki, bu gün Füzuli rayonunda 128 mindən çox azərbaycanlı yaşaya bilər. Bu məqamda rayonun iqtisadi inkişafı da nəzərə alınır. Hesablamalara əsasən, 1990-cı illərin ortalarında Füzuli rayonunun Ermənistanın işğalı altında olmamış ərazilərinə 40 min azərbaycanlı qayıdıb. Onların həyat şəraiti məhz bu rayonda çiçəklənib. Bu dayanıqlı iqtisadi və demoqrafik baza Füzuli rayonu üçün üstünlükdür. Amma Azərbaycanın azad edilmiş ərazilərinin çoxu belə üstünlüyə malik deyil. Odur ki, bu, Füzuli şəhəri və rayonunun gələcək inkişafına töhfə verəcək.

Hazırda Azərbaycan azad edilmiş Zəngilan və Laçın rayonlarında da hava limanları tikir. Zəngilan Beynəlxalq Hava Limanında işlərə 2021-ci ilin mayında start verilib. Onun tikintisinin 2022-ci ildə başa çatdırılması planlaşdırılır.

Bu üç hava limanı Qarabağ regionunun reinteqrasiyası nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Hava limanlarının ətrafında sənaye zonalarının yaradılması planlaşdırılır. Məsələn, Türkiyə şirkətləri artıq Zəngilanda aqroparkın tikintisinə başlayıb.

Beləliklə, Azərbaycanın azad etdyi ərazilərdəki hava limanlarının müasir logistika və nəqliyyat mərkəzinə çevrilməsi nəzərdə tutulur. Bu hava limanları və onlara bağlı infrastruktur bölgənin təhlükəsizliyini və regional əlaqələri gücləndirəcək. Üstəlik, həmin aeroportlar artıq tikintisinə başlanılan avtomobil magistrallarını birləşdirəcək. Artıq Qarabağın şəhərlərini birləşdirən bəzi yeni avtomobil magistralları istifadəyə verilib.

Azərbaycanın azad etdiyi ərazilərin minalarla çirkləndirilməsi böyük fəlakət kimi qəbul edilir. 1998-ci ilin hesabatlarına əsasən, bir zamanlar işğal altında olmuş Azərbaycan ərazilərində təxminən 100 min mina basdırılıb. Amma 2021-ci il iyunun 12-də Bakıya təhvil verilən mina xəritələrinə əsasən, təkcə Ağdamda azı 97 min mina varmış. Azərbaycanlı rəsmilər hesab edir ki, Ermənistan 30 illik işğal dönəmində ötən il azad edilmiş ərazilərdə ən azı bir milyon mina yerləşdirib. Yeri gəlmişkən, Böyük Britaniya BMT-nin İnkişaf proqramı çərçivəsində Azərbaycana ərazilərin minalardan təmizlənməsi məqsədilə 677 min dollar vəsait ayırıb. Fransa bu məqsədlə ona 473 min, ABŞ isə 500 min dollarlıq maliyyə yardımı göstərib. Bu işdə bəzi digər ölkələr də fəallıq göstərir: Azərbaycana maliyə yardımı ayrılır, təlim keçmiş şəxsi heyyət göndərilir və s.

Təəssüf ki, Kanada bu ölkələr sırasında deyil. Halbuki, bu ölkənin rəsmiləri bir zamanlar 1997-ci ildə qəbul edilmiş və 1999-cu ildən qüvvəyə minən “Ottava müqaviləsi”nin imzalanmasına töhfə verdikləri ilə qürrələnirdilər.

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində bildirib ki, Ermənistanın hərbi birləşmələri Qarabağa minaların basdırılmasını bu gün də davam etdirir. Onun sözlərinə görə, Ermənistan bunu azərbaycanlılara qarşı etnik təmizləmə və zorakılığa təşviq kampaniyaları çərçivəsində icra edir. Nazir müavini deyib ki, son bir il ərzində minaların partlaması nəticəsində 65 mülki vətəndaş daxil olmaqla, 106 azərbaycanlı həyatını itirib.

Xatırladaq ki, Azərbaycan azad edilmiş ərazilərin mina xəritələrini əldə etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət ünvanlayıb.

Amma minaların təmizlənməsinə onilliklər lazım olsa belə, bu, azad edilmiş ərazilərin iqtisadi inkişafını ləngitməyəcək. Bakı artıq 2021-ci ildə bərpa işlərinə 1,5 milyard dollar vəsait ayırıb. Gələcəkdə də təxminən bu qədər vəsaitin ayrılacağını proqnozlaşdırmaq olar. Bu rəqəm neftin bir barelinin 45 dollardan hesablandığı Azərbaycan büdcəsi üçün böyük yük deyil. Son günlərdə neftin bir barelinin qiyməti 80 dolları ötüb. Qiymətin daha da artacağı gözlənilir.

Bir sözlə, Azərbaycanın azad edilmiş bölgəyə yatırdığı investisiyalar təkcə bu əraziləri dəyişdirməyəcək. İnfrastrukturun, beynəlxalq əlaqələrin bərpası əslində, Cənubi Qafqazın və onun hüdudlarından kənarda yerləşən regionların geostrateji xəritəsinin dəyişməsinə səbəb olacaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Geopolitical Monitor

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az