09.12.2021 17:20
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakı Naxçıvanla əlaqəni istənilən yolla bərpa etmək əzmindədir
 
09.12.2021
Nezavisimaya qazeta, Rusiya
 

  Azərbaycana “Nobel”li ziyarət
 
08.12.2021
Hürriyet, Türkiyə
 

  Azərbaycan 10 erməni hərbi əsiri azad edib
 
07.12.2021
L’Orient-Le Jour, Fransa
 

  İran və Azərbaycan prezidentlərinin görüşünə baxış
 
02.12.2021
Nournews, İran
 

  Yaxın Şərq və Avrasiyada sülh mümkündürmü?
 
02.12.2021
THE JERUSALEM POST, İsrail
 

 
 
Son zorakılıqlar Azərbaycanla Ermənistan arasında sülhün nə qədər zəruri olduğunu göstərir

 
 



ARAB NEWS, Səudiyyə Ərəbistanı
22.11.2021


Müəllif: Lük Koffi

Ermənistanla Azərbaycan arasında baş vermiş İkinci Qarabağ müharibəsindən 1 il keçir. İki ölkə arasındakı bu problemə beynəlxalq ictimaiyyət uzun illər etinasız yanaşıb, onun həllinə ciddi cəhdlər göstərməyib. Son müharibə də yalnız Rusiyanın vasitəçiliyi sayəsində 2020-ci ilin noyabrında tərəflər arasında üçtərəfli bəyanatın imzalanması ilə bitib. Hərbi əməliyyatlar bu sənədlə dayandırılıb.

Üçtərəfli sənədə əsasən, Bakı uzun illər Ermənistanın işğalı altında olmuş ərazilərini azad edib, bölgəyə rusiyalı sülhməramlılar yerləşdirilib. Lakin son zamanlar Ermənistan-Azərbaycan sərhədində yenidən kövrək vəziyyət yaranıb. Səbəb üçtərəfli bəyanatda əks olunmasına rəğmən, iki dövlət arasında sərhədlərin böyük hissəsinin demarkasiyasının hələ də həyata keçirilməməsidir.

Tərəflər arasında bir neçə gün əvvəl yenidən silahlı qarşıdurma baş verib. Doğrudur, bu haqda rəsmi məlumat azdır. Amma mətbuatda yayılan xəbərlərə əsasən, son qanlı hərbi toqquşma nəticəsində hər iki tərəfdən bir neçə nəfər həyatını itirib, çox sayda hərbçi yaralanıb. Son insidenti hansı tərəfin başlatdığı hələ də aydın deyil. Görünən odur ki, döyüşlərin başlaması əslində, rusiyalı sülhməramlıların regionda iştirakını gücləndirə bilər. Bu isə Ermənistanın maraqlarına uyğundur.

Yeri gəlmişkən, Ermənistan ötənilki müharibə zamanı olduğu kimi, son hərbi əməliyyatlara da Rusiyanının müdaxiləsinə çalışıb. Əlbəttə, öz tərəfindən. Ermənilərin əksəriyyəti İkinci Qarabağ müharibəsi zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) münaqişəyə müdaxilə etməməsindən məyus olub. KTMT Rusiyanın başçılıq etdiyi hökumətlərarası təhlükəsizlik təşkilatıdır. Yerevanın təzyiqlərinə baxmayaraq, hərbi blok İkinci Qarabağ müharibəsinə müdaxilə etməyib. Səbəb hərbi əməliyyatların Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərində aparılması olub. Bu, KTMT-nin məsələyə müdaxiləsini mümkünsüz edirdi. İndi isə Yerevan iddia edir ki, son hərbi toqquşmalar zamanı onun əraziləri hücuma məruz qalıb. Ermənistan bu üzdən növbəti dəfə yardım üçün hərbi bloka müraciət ünvanlasa da, bu dəfə də istəyinə nail ola bilməyib.

Digər tərəfdən, Azərbaycanı son döyüşlərə başlamağı nəyin motivasiya etdiyi aydın deyil, çünki Bakı rusiyalı sülhməramlıların onun ərazisində lazım olduğundan artıq qalmasını istəmir. Müəyyən edilməmiş sərhəd boyu yeni toqquşmaların baş verməsi isə Moskvaya sülhməramlı qüvvələrini Azərbaycan ərazisində saxlamaq üçün əlavə bəhanə verir. Amma Bakı İkinci Qarabağ müharibəsi nəticəsində hərbi hədəflərinin əksəriyyətinə nail olub. Söhbət bir zamanlar işğal altında olmuş ərazilərdə nəzarətin bərpa edilməsindən gedir.

Bundan başqa, Ermənistanla ötənilki müharibə başa çatdıqdan sonra, Azərbaycan dövləti fikrini azad edilmiş ərazilərin bərpasına və insanların buraya köçürülməsinə yönəldib. İndi o, bölgəyə beynəlxalq investorların cəlbinə də çalışır. Aydındır ki, hər hansı hərbi əməliyyatların başlaması bu səylərin reallaşdırılmasını çətinləşdirə, hətta bununla bağlı planları poza bilər.

Azərbaycanın qarşısında cənub, yəni İranla sərhədin təhlükəsizliyi ilə bağlı da ciddi dilemma dayanır. Bu da onun Ermənistanla hərbi gərginlik istəməsi ehtimalı azaldır. Bu arada, Bakı ilə Tehran arasında münasibətlər son dövrlərdə xeyli gərginləşib. Bunun fonunda Ermənistanla İran arasındakı sıx münasibətlər Azərbaycan üçün daimi narahatlıq mənbəyidir. Ötən ay İran Azərbaycanla sərhəddə təxribat xarakterli genişmiqyaslı hərbi təlimlər belə, keçirib. Hərbi təlimlərin keçirildiyi istiqamət ötən ilə qədər Ermənistanın işğalı altında olub. Bu hərbi təlimlər azərbaycanlı siyasətçilərin narahatlığına səbəb olub.

Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi ilə yanaşı, daha iki mübahisəli məsələ var. Əgər bölgədə nə vaxtsa dayanıqlı sülhə nail olunacaqsa, bu problemlər dərhal həll edilməlidir. Birinci məsələ Zəngəzur dəhlizinin yaradılması ilə bağlıdır. Azərbaycan uzun illərdir ki, eksklavı olan Naxçıvanla birbaşa əlaqə qurmağa çalışır. Ermənistan iki ölkə arasındakı müharibə üzündən Azərbaycanın onun hava məkanı və ya ərazisindən istifadə imkanı vermir. Amma tərəflər arasında ötən il noyabrın 10-da imzalanmış bəyanatın 9-cü maddəsində deyilir ki, “bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılmalıdır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir”. Sənədin imzalanmasından bir il keçməsinə baxmayaraq, bu məsələdə irəliləyiş yoxdur. Prosesin uzanması Bakını təngə gətirib.

İkinci məsələyə gəlincə, bu, üçtərəfli bəyanatın 4-cü maddəsinə aiddir. Onun həll edilməməsi ən böyük problemlərdən biri olaraq qalır. Bəyanatın 4-cü maddəsində deyilir ki, “Rusiya Federasiyasının sülhməramlı kontingenti bölgəyə erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir”. Söhbət bu gün az sayda erməninin yaşadığı ərazidən gedir. Rusiyalı sülhməramlılar bölgədə yerləşdirilsə də, Ermənistanın dəstəklədiyi hərbi birləşmələrin hamısı regionu tərk etməyib. Bakı isə haqlı olaraq bəyanatda göstərilən bu tələbin yerinə yetirilməməsindən narahatdır.

Bir sözlə, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi növbəti geosiyasi problemdir. Bu gün Avropa regionu da böyük geosiyasi problemlərlə üz-üzədir. Gürcüstanda eks-prezident Mixeil Saakaşvilinin saxlanılması və onun müalicəsi ilə bağlı problem ciddi siyasi böhrana səbəb olub. Belarus isə Polşa, Litva və Latviya ilə sərhəddə miqrant böhranı yaradıb. Qış mövsümünün yaxınlaşdığı bir vaxtda Şərqi Avropa ölkələri ciddi enerji problemləri ilə üzləşir.

Bu da son deyil. Ötən həftə Avropa ölkələrində ümumilikdə təxminən 2 milyon insan koronavirusa yoluxub. Bu, inanılmaz göstəricidir. Ötən həftə pandemiyanın başladığı dövrdən bu tərəfə bir həftə ərzində ən çox yoluxma halı qeydə alınıb. Bütün bunlara görə deyə bilərik ki, Ermənistanla Azərbaycanda arasında yeni hərbi əməliyyatların başlaması regiona lazım deyil.

Bu gün regionda “xəbərdarlıq lampası” yanıb-sönür. Cənubi Qafqaz daha böyük, qanlı hadisələrin astanasındadır. Bunun qarşısı fəal diplomatik təşəbbüslərlə alına bilər. Bir vaxtlar ermənilərlə azərbaycanlılar sülh şəraitində birgə yaşayıb, bir yerə ticarətlə məşğul olub və s. Odur ki, beynəlxalq ictimaiyyətin onlar arasında dayanıqlı sülh yaratmasının zamanı çatıb.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ARAB NEWS

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az