09.12.2021 16:54
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Bakı Naxçıvanla əlaqəni istənilən yolla bərpa etmək əzmindədir
 
09.12.2021
Nezavisimaya qazeta, Rusiya
 

  Azərbaycana “Nobel”li ziyarət
 
08.12.2021
Hürriyet, Türkiyə
 

  Azərbaycan 10 erməni hərbi əsiri azad edib
 
07.12.2021
L’Orient-Le Jour, Fransa
 

  İran və Azərbaycan prezidentlərinin görüşünə baxış
 
02.12.2021
Nournews, İran
 

  Yaxın Şərq və Avrasiyada sülh mümkündürmü?
 
02.12.2021
THE JERUSALEM POST, İsrail
 

 
 
Azərbaycanla Ermənistan təkbətək qalıblar

 
 



Kommersant, Rusiya
22.11.2021


Müəlliflər: Kirill Krivoşeyev, Arşaluys Mqdesyan

Yerevanla Bakı baş nazir Nikol Paşinyanla prezident İlham Əliyev arasında görüşün keçirilməsi barədə razılığa gəliblər. Görüş dekabrın 15- Brüsseldə baş tutacaq. Sonuncu dəfə liderlər bu il yanvarın 11- Moskvada, nəqliyyat dəhlizlərinin açılması haqda sazişin imzalanması zamanı görüşüblər ki, həmin saziş də indiyədək qismən belə, həyata keçirilməyib.

Noyabrın 9-da, tərəflər arasında müharibənin başa çatmasının bir illiyi münasibətilə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə liderlərin şəxsən olmasa da, videokonfrans formatında görüşü gözlənilirdi. Lakin o sammit qeyri-müəyyən vaxta təxirə salınıb, əvəzində isə başqası gündəmə gəlib – birləşmiş Avropanın paytaxtında, “Şərq Tərəfdaşlığı”nın meydançasında. Hərçənd Moskva, Yerevan və Bakıdan olan həmsöhbətlərimizin fikrincə, indiki halda formatların rəqabətindən danışmağa dəyməz, çünki bu məsələdə Rusiyanın vasitəçiliyinə alternativ sadəcə, yoxdur.

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini bu ölkənin Xarici İşlər Nazirliyi (XİN) ötən şənbə, noyabrın 20-də təsdiqləyib. Bu barədə nazirlikdən eyni vaxtda Rusiyanın iki informasiya agentliyinə – “İnterfaks” və RİA “Novosti”yə bildiriblər. Bundan bir neçə saat əvvəl isə Bakı da görüşə razılığını verib və Azərbaycan XİN-i bu bartədə məlumat yayıb.

Artıq qeyd etdiyimiz kimi, cəmi iki həftə əvvəl, müharibənin başa çatasının bir illiyi ərəfəsində Nikol Paşinyan və İlham Əliyevin başqa bir görüşü gündəmdə idi. O, Avropanın deyil, Rusiyanın vasitəçiliyi, Vladimir Putinin iştirakı ilə keçirilməli idi. Lakin Nikol Paşinyan son anda bildirib ki, “9 noyabr görüşü barədə razılıq əldə edilməyib”. Bundan sonra görüşün baş tutmayacağını Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da təsdiqləyib. “Sözsüz ki, hansısa mərhələdə belə əlaqələrə zərurət yaranacaq, lakin onların mümkün olması üçün üç tərəfin razılığı və hazırlığı lazımdır”, - deyə o, qeyd edib.

Bir çox ekspert hesab edir ki, bu görüşün pozulması və hazırlanmış sənədin imzalanmaması noyabrın 16-da Ermənistanla Azərbaycan arasında çoxsaylı itkilərlə nəticələnmiş gərginliyin yaranmasına səbəb olub. Ustəlik, gərginlik davam edir.

“Brüssel görüşü barədə xəbər müəyyən mənada sürpriz oldu. Məlumat var ki, bu təşəbbüs Ermənistan tərəfdən gəlib. Üstəlik onu da vurğulamaq lazımdır ki, Moskvanın vasitəçiliyi ilə keçiriləcək görüşdən də, nəqliyyat dəhlizləri və sərhədlərlə bağlı sazişlərin imzalanmasından da Ermənistan imtina edib. Azərbaycanın mövqeyi aydındır: əgər Brüsseldəki görüş bu məsələlərə dair qərarların qəbuluna səbəb olacaqsa, biz ondan imtina etməyəcəyik”, - deyə azərbaycanlı politoloq, “Valday” beynəlxalq diskussiya klubunun eksperti Fərhad Məmmədov bildirib. Lakin ekspert əmindir ki, bütün hallarda Rusiya-Ermənistan-Azərbaycan formatı əsas olaraq qalacaq və ona alternativ yoxdur: “İstənilən halda, sonda bütün qərarlar Bakı-Moskva-Yerevan formatında qəbul olunacaq, çünki Brüssel Ermənistanla Azərbaycan arasındakı danışıqlarda legitim vasitəçi statusuna malik deyil”.

Maraqlıdır ki, azərbaycanlı ekspertin bu fikrini onun erməni həmkarları da bölüşür. “Məsələ ondadır ki, dekabrın 15-də Nikol Paşinyan və İlham Əliyev istənilən halda “Şərq Tərəfdaşlığı” sammitində iştirak üçün Brüsselə getməli idilər. Sammitlər zamanı belə görüşlərin keçirilməsi isə qəbul edilmiş təcrübədir. Lakin Brüssel görüşündə tərəflərin Moskva ilə razılaşdırılmamış hansısa sənədə imza atacağını düşünmürəm”, - deyə erməni politoloq Benyamin Poqosyan bildirib.

Digər erməni ekspert Qrant Mikaelyan isə etiraf edib ki, Rusiya ilə münaqişənin hər iki tərəfi arasında müəyyən narazılıqlar var ki, bu da onları yeni formatlar axtarmağa vadar edir. “Rusiya öz mövqeyini bildirmir və üstüörtülü davranmağa çalışır, Türkiyə isə, əksinə, Azərbaycanı açıq şəkildə dəstəkləyir. Üstəlik, Rusiya erməni trərəfi üçün yaxşı heç nə vəd etməyən danışıqlarda vasitəçi qismində çıxış edir”, - deyə Mikaelyan Yerevanln narazılığının səbəblərini açıqlayıb. Lakin, onun fikrincə, Brüssel bu neqatif tendensiyanı düzəltmək iqtidarında deyil: “Bir tərəfdən Bakının diplomatik çəkisi çox olduğu halda, Yerevanın dəqiq strategiyası yoxdur. Digər tərəfdən isə Avropa İttifaqının yumşaq güc siyasəti daha yaxşı işlədiyi üçün Avropa ilə danışıqlarda iştirak Yerevan üçün müəyyən mənada daha cəlbedici görünür. Bununla erməni tərəfi hansısa yolla manevr imkanlarını genişləndirməyə çalışır”.

Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin böyük elmi işçisi Stanislav Pritçin də hesab edir ki, danışıq formatları arasında rəqabətin getdiyini düşünməyə dəyməz: “Avropa İttifaqı görüş üçün meydançadan başqa nə təklif edə bilər ki? Onlar yerində vəziyyətlə ətraflı tanış deyil və məsələlərin həlli üçün alətləri yoxdur. Problem daha çox başqadır: tərəflərdən hər biri hesab edir ki, Avropa İttifaqının prosesdə iştirakı qüvvələr nisbətini dəyişə və qarşı tərəfə təzyiqi artırmağa imkan verə bilər. Bu mənada Ermənistanın ümidi özünün köhnə və etibarlı müttəfiqi olan Fransayadır. Azərbaycan isə ümid edir ki, o Avropanı enerji resursları ilə təmin etdiyi üçün Avropa İttifaqı onun tərəfini tutacaq. Kimin ümidlərinin daha çox doğrulacağını danışıqlar göstərəcək”.

Ekspertlərin Moskvanın vasitəçi kimi həlledici əhəmiyyəti barədə dediklərini Nikol Paşinyanın bazar günü Vladimir Putinə zəng etməsi də təsdiqləyir. Danışıq zamanı erməni baş nazir “fəal vasitəçilik səylərinə görə” Rusiyaya minnətdarlığını bildirib, həmçinin bölgədəki vəziyyəti və onun sabitləşməsi üçün görülən tədbirləri müzakirə edib.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Kommersant

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2021, WorldMedia.az