20.01.2022 07:48
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qarabağın bərpası: 2021-ci ilin nəticələri
 
19.01.2022
Moderndiplomacy, Aİ
 

  Azərbaycan – Təbriz üçün prioritet
 
18.01.2022
TabrizeMan, İran
 

  2022-ci il Azərbaycanda “Şuşa İli” olacaq: bu, nə deməkdir?
 
18.01.2022
Eureporter, Aİ
 

  FOTOREPORTAJ| Azərbaycanın şimalında ucqar kənd: dəyişiklik astanasında
 
17.01.2022
The Washington Post, ABŞ
 

  Azərbaycan ötən ildə
 
16.01.2022
IRNA, İran
 

 
 
Tehran-Bakı əlaqələrinin pozulmasına hesablanmış ssenarinin uğursuzluğu

 
 



Nournews, İran
23.11.2021


Azərbaycanın baş nazir müavininin Tehrana səfəri iki ölkə münasibətlərindəki gərginliyin aradan qaldırılması üçün mühüm və əlamətdar başlanğıc, eyni zamanda, Tehran-Bakı münasibətlərini pozmaq üçün səylərini əsirgəməyən iblislər üçün həyəcan təbili ola bilər.

Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev noyabrın 21-də yüksək səviyyəli iqtisadi nümayəndə heyətinin müşayiəti ilə Tehrana səfər edib. Bu, iki ölkə münasibətlərindəki son anlaşılmazlıqlardan sonra Azərbaycan rəsmisinin İrana ilk səfəridir.

“Nournews.ir” saytının əldə etdiyi məlumata görə, noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi planlaşdırılan İƏT sammiti çərçivəsində iki ölkə prezidentləri arasında görüşə hazırlıq gedir.

İki ölkə arasında qarşılıqlı və faydalı əməkdaşlığın perspektivlərinin müzakirə olunduğu bu səfərdən əvvəl isə İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi ilə Şahin Mustafayev arasında Bakıda görüş keçirilib, tərəflər İranla Azərbaycan arasında siyasi və iqtisadi əlaqələri müzakirə edib.

Musəvi həmin görüşdən sonra özünün “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb: “Görüşdə ikitərəfli siyasi və iqtisadi münasibətlərdə baş verən son proseslər, birgə layihələr müzakirə olunub, müştərək iqtisadi komissiyanın iclaslarının keçirilməsinin, maneələrin aradan qaldırılmasının, ticarət mübadiləsinin artırılmasının vacibliyi vurğulanıb, regional əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb”.

Şahin Mustafayevin İrana səfəri bir neçə cəhətdən əhəmiyyətlidir. Birincisi, Qarabağda ötən il baş vermiş müharibədən sonra bəzi regional və transregional oyunçuların dağıdıcı rolu nəticəsində iki ölkə arasında müəyyən anlaşılmazlıq yaranmış, bəzi açıqlamalar gərginliyi bir qədər də artırmışdı. Lakin yaşananlar göstərir ki, iki ölkənin, iki xalqın düşmənlərinin fitnəsi boşa çıxıb. İndi iki ölkə əvvəlki yola qayıdır – Tehranla Bakı tarixi isti münasibətləri inkişaf etdirmək istəyir.

İkincisi, İranla Azərbaycan arasında son anlaşılmazlıqların yaranmasında rolu olan İsrail bu səfərdən narahatdır. Çünki o, iki qonşunu bir-birindən ayırmaq üçün etdiyi cəhdlərin boşa çıxdığını görür.

Üçüncüsü, bu səfər göstərir ki, İranın xüsusi geosiyasi nüfuzunu, mövqeyini, regional və qlobal məsələlərdə iştirakını inkar etmək olmaz. Xarici ölkələrin bu vəziyyətə meydan oxumaq, qonşuları İrana qarşı qaldırmaq gücü və potensialı yoxdur.

Dördüncüsü, İran İslam Respublikası ötən illər ərzində Qərbin, xüsusilə ABŞ və İsrailin regionda yaratdığı bütün böhranlara, onların apardıqları geniş psixoloji müharibəyə baxmayaraq, aydın göstərdi ki, nəinki hər hansı bir ölkənin torpağında gözü yoxdur, əksinə, bütün gücü ilə bölgədə daimi, hərtərəfli sülh və əmin-amanlığın hökm sürməsində maraqlıdır.

Beləliklə, görünən odur ki, cənab Şahin Mustafayevin Tehrana səfəri iki ölkə münasibətlərindəki gərginliyin aradan qaldırılması üçün mühüm və əlamətdar başlanğıc, eyni zamanda, Tehran-Bakı münasibətlərini pozmaq üçün səylərini əsirgəməyən iblislər üçün həyəcan təbili ola bilər.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Nournews

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2022, WorldMedia.az